340 il öncə yaradılmış, 130 il mövcud olmuş Quba xanlığı

17

Xanlığın yaranma şəraiti və Quba xanlarının Alpan bəylərilə qohumluğu barədə

17-ci əsrin 40-cı illərindən bəri şimali-şərqi Azərbaycanda və cənubi Dağıstanda baş verən bir çox ictimai-siyasi hadisələr Qaytaq usmilərindən gələn Quba xanlarının nəsli ilə əlaqədar olduğundan bu barədə ətraflı bəhs etmək lazım gəlir. XII əsrə aid ərəb mənbələrində Quba adı “Kuba” kimi göstərilirdisə, XIII əsr ərəb alimi Həməvinin Coğrafiya lüğətində Azərbaycan şəhərləri sırasında “Kubba” şəklində vardır. XVI əsrin Səfəvi qaynaqlarında isə Quba yaşayış məntəqəsi “Qübbə” yazılışında verilmişdir. Qubanın şəhər tipli yaşayış məntəqəsinə çevrilmə prosesinin XIV əsrin sonlarında başladığı təxmin edilir. 1582-ci ildən Osmanlı tərkibində ərazisi nahiyə (ülkə), 1593-cü ildən Səfəvi idarəçiliyində bəylərbəyliyi kimi mövcud olan Quba bölgəsi, Azərbaycanda (1680-ci ildə) yaradılan ilk yarımmüstəqil xanlıqlardan biri olub. Quba xanlığının yaranma dövrü və 130 illik tarixi barədə məlumatları əsasən A.A.Bakıxanovun “Gülüstani-İrəm” əsərindən, habelə İskəndər bəy Hacınskinin, professorlar Tofiq Mustafazadə, Şahin Fazil Fərzəlibəyli, tarixçilər Zabit Babayev, Salman İbişov, Ənvər Çingizoğlu və b. kitablarından ala bilirik.

1642-ci ildə Səfəvi taxtına oturan II şah Abbas Dağıstanda Qumuq əmiri şamxal Aydəmirin yerinə öz namizədi Tərkili Surxayı dəstəklədi və ona şamxallıq yarlığı verdi. 1645-ci ildə isə o, Qaytaq usmisi Rüstəm xanın vəfatından sonra usmilərin Yəngikənd və Məcalis qollarının ziddiyətlərindən yararlanaraq, Qaytaqa gələn şah qoşunlarını qarşılayıb dəstəsiylə sıralarına qatılan usmi Əmirxan Sultanı Başlıda başa gətirdi. Şah hakimiyətinin idarəçiliyi Dərbəndi və Dağıstanın cənub hissəsini- Tabasaranı və Tarki şamxallığını əhatə edirdi. Şimali Azərbaycan və Dağıstan feodallarınin bir qismi şah qoşunları tərkibində rus qalası Sunjaya yürüşdə də (1652/53) iştirak etdilər. Onlardan Avar və Qazıqumuk hakimləri şahdan səlahiyyət yarlığları almışdı. 1659/60-cı ildə Dağıstanda Səfəvi əleyhinə növbəti üsyan zamanı Tarkili Surxay xan şaha qulluq etməkdən imtina etdi və üsyan başçısı Ulubəyi dəstəklədi. Üsyan yatırılarkən kürəlilər, qaytaqlılar və qumuklar məğlub oldular və onların hakimləri də şaha öz itaətlərini bildirdilər.

Abbasqulu ağa Bakıxanovun “Gülüstani-İrəm”də yazdığına görə, II şah Abbasın və onun oğlu Süleyman şahın dövründə Dağıstan hakimlərindən Qaytaq usmilərinə pullu məvaciblə yanaşı Şirvandakı bir sıra kəndlərin gəlirləri və idarəçiliyi də verilmişdi. Həmin vaxt Qaytaq usmisinin nəsli iki xəttə bölünürdü. Böyük xətt Məcalisdə, kiçiyi isə Yengikənddə yaşayırdı. Növbə ilə hər iki qolun nümayəndələri usmi vəzifəsini tuturdu. Nəhayət Qaytaq usmiliyindəki iki qolun arasında böyüyən ixtilaf silahlı toqquşmaya çevrilir. Yengikənddəki qol Məcalisə qəfil basqın edib azyaşlı Hüseyn bəy istisna olmaqla bu qolun bütün kişilərini məhv edir. Qohumlarından Ayda bəy adlı bir xeyirxah insan Hüseyn bəyi xilas edib Tarki Şamxalının yanına aparır. Yetkinlik yaşına çatanda Hüseyn bəyi İran Azərbaycanına apararkən, yolüstü bir müddət Səlyanın Rudbar kəndində qazı Məhəmmədin evində qalaraq onun qızı ilə evləndirirlər. Həmin qadından Hüseynin bir qızı olmuşdu və sonralar bu qızdan doğulan kişilər Səlyan və Rudbar sultanları nəslinin başlanğıcını qoymuşdu.

Hüseyn bəy İsfahana gəldikdən sonra Ayda bəy uzun müddət onu şaha təqdim edə bilmir. Burada zadəgan Qacar tayfası əyanının qızı Zöhrə xanım Hüseyn bəyi görüb onunla sevişməyə başlayır və tezliklə onlar evlənirlər. Bu nikahdan onun oğlu Əhməd ağa doğuldu. Nəhayət həyat yoldaşının vasitəsilə Hüseyn bəyi şah da tanıdı. İran şahı Hüseyn bəyin igidliyini və qabiliyyətini qiymətləndirərək onu fərmanla Quba və Gülhanın xanı təyin etdi. Səfəvi İranında olarkən Hüseyn xan şiə məzhəbini də qəbul etmişdi. Bu barədə A.A.Bakıxanov yazır: “İranda olanda Hüseyn xan Əli məzhəbinə daxil oldu. Və indiyə kimi Quba xanının nəsli şiəliyə etiqad edir”.

Şah Süleyman Səfəvinin fərmanı əsasında Quba xanlığı yarımmüstəqil inzibati vahid kimi XVII əsrin son rübündən -1678-ci ildən mövcud olub. O zamanlar Səlyan və Gülhan da mülk olaraq xanlıq ərazisinə daxil idi. Quba və ətraf mahallarda 1680-ci ilin əvvəlindən xanlığı tanınmağla 10 ildən çox hökmranlıq edən ilk Quba xanı Hüseyn xan 1689-cu ilin sonunda vəfat edənədək böyük hüquqlara sahib olub. A.A. Bakıxanov Xudat qalasını da Hüseyn xanın tikdirərək xanlığın iqamətgahına çevirdiyini yazır. 1689-cu ildə Hüseyn xan Qaytağa yürüş etmiş və irsi usmi mülkü olan Başlı şəhərini ələ keçirmişdi. Lakin o zamankı usmi Əli Sultan müxtəlif xalqlı dağlılardan 30 minə qədər döyüşçü toplayıb tezliklə Hüseyn xanı Qubaya tərəf sıxışdırmışdı. Ruhdan düşən Hüseyn xan bir neçə ay keçəndən sonra Qubada vəfat etmişdir.

Qaytaq usmisi Əli Sultandan sonra, 1696-cı ildən bəri 10 ildən çox usmi olan Əmir Həmzəni də, Hüseyn xanın oğlu Əhməd xan qubalılarla birgə Qaytaqdakı tərəfdarlarının köməyi ilə məğlub edərək Başlını tutur və özünü usmi elan edir. Dağlara çəkilmiş Əmir Həmzənin ətrafından Ulubəyin oğlu Əhməd xan bir müddət sonra qoşun toplayıb Başlını və Qaytağın bir hissəsini tutur. Qaytaq usmisi olmağı Quba xanlığından üstün bilən Əhməd xan Məcalisə çəkilib yeni qüvvələr toplamağa çalışsa da, burada düşmənlərinin sifarişi ilə öz nökərlərinin biri tərəfindən öldürülür. Az sonra Ulubəyin oğlu Əhməd xan usmi olaraq bütün Qaytağa yiyələndi. 1709-ci ildə orada öldürülən Əhməd xanı isə irsi hakimiyyətdə azyaşlı oğlu Sultan Əhməd xan əvəz etdi… Sonralar-1718-ci ilin sonu, Qaytaq usmisi Əhməd xanla Quba xanı Sultan Əhməd xan arasında Qubalı ağsaqqallar və usminin qaynatası Hacı Qaib Alpanlının vasitəsilə barışıq elan edilmiş və yenidən aralarında qohumluq əlaqələri qurulmuş, usmi Əhməd xanın qızı 15 yaşlı Sultan Əhməd xana nişanlanmışdı…

İrandan qayıdan tarixçi dvoryan A.Lopuxin Şamaxıdan quru yolu ilə şimala doğru hərəkət edərkən 1718-ci ilin mart ayında Quba şəhərinə də gəlmişdi. O, bu şəhərə böyük maraq göstərərək icmalının “Quba haqqında məlumat” adlı hissəsində yazırdı: “Xaçmaz daha çox Hacı Davudun nüfuzuna ram olsa da… İndiki Quba xanı Sultan Əhməd irsi olaraq hakimiyyətə yetişmişdir. Onun 14 yaşı vardır. Hakimiyyəti altında başqa şəhər yoxdur. Kəndlərin də sayı azdır. Yanında 500 əsgəri var, amma xalqın çoxu onun əmrlərinə məhəl qoymur…”.

Tarixi mənbələrdə, Hüseyn xanın Məcalisdə öldürülən oğlu Əhməd xanın qətli kimi, Xudat qalasında qətl edildiyi bildirilən nəvəsi Sultan Əhməd xanın ölümü də mübahisəlidir. A.Bakıxanov yazır ki, üsyan qaldıraraq Şirvanda “İran ağalığı”nı ləğv etmək istəyən Hacı Davud Xudatı zəbt etmiş və bu zaman onunla birgə olan bacısı oğlu Nəzirin təhriki ilə, mühasirəni yarıb qaladan qaçmağa çalışan Sultan Əhməd xanı öz yaxın adamları ilə bərabər öldürmüşdür. Digər məlumatlarda isə Sultan Əhməd xanın öz qayınatası – 1710-cu ildən Qaytaq usmisi olan Əhməd xan ibn Ulubəyin təhriki ilə öldürüldüyü versiyası irəli sürülür… Nəsil yaddaşı ilə ötürülən məlumatlarda, Hacı Qaib və qardaşı oğlu (özününmü, Soltan Əhməd xanınmı?!) 3 yaşlı qız nəvəsi Hüseynəlini xilas edərək Tahircal (və ya Düztahir) kəndinə apardığı və 1725-ci ilədək orada böyüdüb tərbiyə etdiyi bildirilir… A.A.Bakıxanovun yazdığına görə də, öldürülən xanın körpə oğlu Hüseynəlini tərəfdarlarından bir neçəsi uzaq Axtı kəndinə aparıb 5 ildən çox orada qoruyub saxladılar… Kökü və irsi mülkləri cənubi Dağıstanda -Qaytaq usmiliyində olan ilk Quba xanları oraları xanlığın ərazisinə qatmaqdan daha çox Qaytaq usmiliyini yenidən ələ keçirmək üçün Quba xanlığından hərbi güc kimi istifadə etməyə çalışırdı. Müşkürlü Hacı Davud isə, qazıqumuq əmiri Surxay xanın və Qaytaq usmisi Əhməd xanın yardımı və dəstəsinin iştirakı ilə Şamaxı və Şabranda yaşayan şiə müslümanları-azərbaycanlı türkləri, tatları qəddarlığla qırıb-qətl etməklə, yurdlarını talayıb viran qoymaqla güya İran ağalığına qarşı mübarizə aparırdı… Amma, bir qism qatı millətçi, sadvalçı ləzgilərin onu az qala dini rəbər, milli qəhrəman, dövlət qurucusu sayaraq ideal seçmələri başqa məqsədlərindən xəbər verir…

18-ci əsrin əvvəllərində Xəzərsahili məntəqəyə rus ekspansiyası ilə əlaqədar olaraq Qafqaz hakimləri bir sıra hərbi əməliyatlar keçirir, vergi yükü və məzhəb ziddiyətləri ilə qızışan şah əleyhinə çıxışlar da çoxalırdı. Üsyançı Hacı Davud bir il öncə Şabranı viran etmələrinin ardından, Qaytaq usmisinin, bəzi Quba və Qazıqumuk hakimləri Surxay xan, Əli sultan və b. dəstəyi ilə, eləcə də Şamaxının sünnü əhalisinin yardımı ilə, 1712-ci ilin avqustunda Şamaxıya yürüş edir və 15 günlük mühasirədən sonra oradakı şiəməzhəb əhali ilə yanaşı rus tacirlərinin də əmlakını qarət edib qətlə yetirirlər. Bu qanlı yürüş və 1721-ci ildə Quba xanlığının da onların əlinə keçməsi Azərbaycan ərazisinə Rusiya ekspansiyası üçün bir bəhanə olur. Rus çarı 1-ci Pyotr 1722-ci ilin iyununda Hacıtərxana (Astarxana) gələrək İran ölkəsinə bu məzmunda müracətnamə yazmışdı: “Ləzgilərin əmiri Davud bəy və Qazıqumuq əmiri Surxay öz padşahlarına yağı olub 1713-cü ildə Şamaxı şəhərini yürüşlə almış, rus tacirlərini qətl və qarət etmişlər. İran padşahı bu fitnəkarların öhdəsindən gələ bilmir. Buna görə, biz özümüz onları tənbih etmək və intiqam almaq fikrilə o tərəfə gəlirik…”. İşğalçı Rusiya hakimiyəti Səfəvi dövlətində baş qaldıran hərmərclikdən yararlanaraq və üsyançıların dəvət etdiyi Osmanlıların gəlişini qabaqlayaraq 1722-ci ildə Qafqaz mülklərinin bölüşdürlüməsində iştirak etməyə tələsirlər. 1723-cü il Peterburq müqaviləsinə görə Tarki Şamxallığı, Kostekov və Aksay mülkləri Rusiya imperiyasının ərazisi sayıldı. Şah II Təhmasib bu sənədi tanımasa da, 1724-cü ildə İstanbulda, Osmanlı Sultanı tərəfindən Rusiya Çarının Dərbəndə, Bakıya, Xəzər sahili şəhər və kəndlərə hakim olma hüququnu tanıyan, eyni zamanda osmanlıların Azərbaycanın əskər hissəsində ağalığını təmin edən osmanlı-rus müqaviləsi bağlandı. Şirvan vilayəti, sahil zolağından başqa, Osmanlı imperiyasının ali himayəsi altında müstəqil xanlıq elan edildi. Rusiya hakimiyətində qalmağı Utəmiş sultanı, Qaytaq usmisi, Qazıqumuklu Surxay xan və Səlyan naibi Həsən xan qəbul etməkdən imtina etdilər. Tərki şamxalı Adil Gəray öz adamları ilə rus qoşunlarının hərəkətlərindən və Müqəddəs Xaç qalasının tikilməsindən və onun ərazisində ermənilərin və kazakların yerləşdirilməsindən hiddətə gələrək yeni tikilmiş rus istehkamını mühasirəyə alır. Lakin şamxalın azsaylı qoşunları ilk döyüşdəcə məğlub oldular. Buna qarşılıq cəza tədbiri olaraq şamxallıq ləğv edildi, oranın idarəsi isə rus komandanlığına verildi. Rus qoşunlarının 1732-ci ildən başlayaraq buralardan tədricən uzaqlaşmasından sonra isə şah hakimiyəti şamxal vəzifəsini bərpa etdi və onu Adil Gərayın oğlu Xaspolada verdi.

(Ardı var)

Hazırladı: C. Alpoğlu Albantürk