340 il öncə yaradılmış, 130 il mövcud olmuş Quba xanlığı – II HİSSƏ

50

Xanlığın yaranma şəraiti və Quba xanlarının Alpan bəylərilə qohumluğu barədə

17-ci əsrin 40-cı illərindən bəri şimali-şərqi Azərbaycanda və cənubi Dağıstanda baş verən bir çox ictimai-siyasi hadisələr Qaytaq usmilərindən gələn Quba xanlarının nəsli ilə əlaqədar olduğundan bu barədə ətraflı bəhs etmək lazım gəlir. XII əsrə aid ərəb mənbələrində Quba adı “Kuba” kimi göstərilirdisə, XIII əsr ərəb alimi Həməvinin Coğrafiya lüğətində Azərbaycan şəhərləri sırasında “Kubba” şəklində vardır. XVI əsrin Səfəvi qaynaqlarında isə Quba yaşayış məntəqəsi “Qübbə” yazılışında verilmişdir. Qubanın şəhər tipli yaşayış məntəqəsinə çevrilmə prosesinin XIV əsrin sonlarında başladığı təxmin edilir. 1582-ci ildən Osmanlı tərkibində ərazisi nahiyə (ülkə), 1593-cü ildən Səfəvi idarəçiliyində bəylərbəyliyi kimi mövcud olan Quba bölgəsi, Azərbaycanda (1680-ci ildə) yaradılan ilk yarımmüstəqil xanlıqlardan biri olub. Quba xanlığının yaranma dövrü və 130 illik tarixi barədə məlumatları əsasən A.A.Bakıxanovun “Gülüstani-İrəm” əsərindən, habelə İskəndər bəy Hacınskinin, professorlar Tofiq Mustafazadə, Şahin Fazil Fərzəlibəyli, tarixçilər Zabit Babayev, Salman İbişov, Ənvər Çingizoğlu və b. kitablarından ala bilirik.

 (Əvvəli bu linkdə: https://hurriyyet.org/xeber/340-il-onc%c9%99-yaradilmis-130-il-movcud-olmus-quba-xanligi/)

1721-ci ilin yazında Sultan Əhməd xanın öldürülməsindən sonra xanlığın ərazisinin çox hissəsi Hacı Davudun (formal olaraq Qazıqumuq usmisi Surxay xanın) hakimiyyəti altına keçmişdi. 1722-ci ildə rus qoşunlarının Xəzərboyu əyalətlərə yürüşü zamanı Quba xanlığının ilk növbədə dənizə yaxın hissəsi, o cümlədən Xudat qalası ruslar tərəfindən tutulmuşdu. Qubanın özü də daxil olmaqla dağlıq və dağətəyi ərazilər Hacı Davudun hakimiyyəti altında qalmışdı. Məhz buna görə də xanlıq tərəfdarları dağ kəndlərində gizlədilən azyaşlı Hüseynəlini 1725-cı ildə rusların nəzarəti altında olan Xudata gətirmiş, Rusiyanın himayəsinə keçmək yolu ilə xanlığı bərpa etmək istəmişdilər.

1726-cı ilin sonunda fərmanla, 1727-ci ilin sonunda isə mərasimlə Quba xanlığı Rusiyanın tərkibinə daxil oldu və öldürülmüş Sultan Əhməd xanın 10 yaşlı oğlu Hüseynəli bəy Quba xanı elan edildi. Belə ki, Rusiya İmperiyasının Xarici Siyasət Arxivində saxlananılan rəsmi sənəddə, 1726-cı ilin 20 oktyabrında Dərbəndə gəlmiş Hüseynəli bəyin Rusiya himayəsini qəbul edərək sədaqət andı içməsi bildirilir. Hüseynəli xan Rusiyanın açıq və ya gizli düşmənləri ilə heç bir əlaqə saxlamayacağına da söz vermişdi. 1726-cı il dekabrın 21-də Peterburqda Ali Məxfi şurada Hüseynəli bəyin Rusiya himayəsinə qəbul edilməsi və onun Quba xanı kimi təsdiq olunması məsələsi nəzərdən keçirildi. Hüseynəli bəyin torpaqları Osmanlılarla 1725-ci ildə bağlanmış müqaviləyə görə Rusiya zonasında qalıbsa himayəyə qəbul edib ona xan rütbəsi vermək haqqında Xəzərsahili əyalətlərdəki rus qoşunlarının komandanı feldmarşal Dolqorukiyə fərman göndərildi. Sərhədlərin müəyyənləşdirilməsi başa çatdığda Quba xanlığının böyük bir hissəsi Rusiya tərəfində qaldığından Hüseynəli xan 1727-ci ilin 12 dekabrında Quba xanı kimi təsdiq olundu və xan azyaşlı olduğuna görə müvəqqəti qəyyumlar təyin edildi: Əfrasiyab naib, Fəraməz isə nazir oldu. Eyni zamanda xanlığın kəndxuda, yüzbaşı və ağsaqqaları Hüseynəli xanla yanaşı Rusiya çarlarına da sədaqət andı qəbul edirdilər.

Amma Hüseynəli xan şah hakimiyyətinə də zahiri itaət göstərirdi. Məhz belə siyasət nəticəsində, Nadir şahın Azərbaycana ilk yürüşü zamanı – 1734-cü ildə, şah Hüseynəli xanın idarəçiliyinə əlavə olaraq Səlyanı da vermişdi və Səlyan ərazisi yenidən Qubaya birləşdirilmişdi. Amma bir il keçməmiş şah nədənsə Səlyanın idarəçiliyini Quba xanının səlahiyyətindən çıxardı. Nadir şah Əfşarın hakimiyyətinin son illərində Azərbaycan və Dağıstanda İran ağalığına qarşı azsaylı xalqların, sünni müslümanların narazılığı geniş vüsət almışdı. 1735-ci ildə qubalıların bir hissəsi də Nadir şaha qarşı çıxıb, Dağıstan üsyançılarına güvənərək Xudat qalasında Hüseynəli xanı mühasirəyə aldılar. Şamxal Xaspulad və Dərbənd qarnizonunun rəisi onun yardımına gələrək, üsyançıları dəf etdilər. Hüseynəli xanın anası (Sultan Əhməd xanın yoldaşı) Alpan bəyi Hacı Qaibin qız nəvəsi ( Qaytaq usmisi Əhməd xanın qızı) olsa da, Şeyxəli xanın zamanınadək və Hacı Qaibin nəvəsi Xanbaba bəy Fətəli xan Qubalının bacısı qızını alanadək onların qohumluq münasibətləri nisbətən soyuq olub…

Rəşt müqaviləsi (1732) və Gəncə müqaviləsinə (1735) görə, Rusiya imperiyası Kürdən cənuba Xəzəryanı ərazilərdən İranın xeyrinə vaz keçdi və şahın Dağıstan xalqları və Tarki şamxalı üzərində hakimiyətini tanıdı. Rus qoşunları əvvəlcə Sulak çayına, sonra isə Terek çayına çəkildilər. Nadir şah Əfşar əski qüdrətini bərpa etmək üçün Dağıstana yürüşlər təşkil edir. O, Osmanlı sultanı ilə də sülh sazişi bağlayaraq, öz yerli tərəfdarları ilə (şamxal Xaspolad xan və b.) Tabasaranda, Kürədə, Samurda, Qubada, Qazıqumuqda, Akkuşa mülkündə və Məcalis mahalında şah hakimiyəti əleydarlarına divan tutur. Azərbaycan və Dağıstan nümayəndələri, o cümlədən Tarkili şamxal sonrakı illərdə də Türkiyə-İran rəqabətinə cəlb olunurlar. Hətta Nadir şah Qaytaq usmisini sıxışdıraraq, azərbaycanlı tərəkəmələri (300 həyət) daha sakit yerlərə, xüsusi ilə qumuq sərdarı Əlişah Həmzənin, Əndərəy məlikləri Temir və Bamatın mülklərinə, onlara yaxın olan qumuqların yanına köçürür. Nadir şahın ölümündən sonra azərbaycanlı-tərəkəmələrdən bir hissəsi Qaytaq hakimi Əmir Həmzənin yanına – öz köhnə yerlərinə qayıdırlar, ancaq 100 həyət qumuqların arasında qalır.

Abbasqulu Ağa Bakıxanov yazırdı: “İndi də Nadir şahın ölümündən (1747) sonra Dağıstan və Şirvanın nə halda olduğunu nəzərdən keçirək. Nadir şahın vəfatından sonra qoşunu da bu ölkədən çıxıb getdi. Quba və Salyan hakimi Hüseynəli xan Sultan Əhməd xan oğlu Xudat qalasını köçürüb, indiki Quba şəhərinin Qudyal adlı yerində tikdirməyə başladı (əvvəllər də Quba xanları vəziyyətdən və mövsümdən asılı olaraq Quba şəhərində və ya Xudat qalasında oturardılar). İğtişaş zamanı bu ölkənin özbaşına qalan bir çox mahallarını itaətə məcbur etdi”. Quba xanlığı Azərbaycanda çox iri olmayan, lakin hərbi cəhətdən güclü siyasi birlik idi. Nadir şahın Azərbaycana yürüşləri zamanı və mülkədarlar arası mübarizənin gücləndiyi sonrakı illərdə xanlıq digər Azərbaycan torpaqlarına nisbətən az zərər çəkmişdi. Çünki, 1735-ci ildə Xəzərsahili vilayətlər Rusiya tərəfindən İrana güzəştə gedildikdən sonra, Hüseynəli xanla birgə digər bəylər də xanlığın qarət olunmasının qarşısını almaq və öz hakimiyyətlərini qorumaq üçün bir sıra tədbirlər görmüşdülər. Həmçinin xanlıqda qalalar olduğundan əhali lazım gəldiyi təqdirdə sığınacaq tapa bilirdi. 1747-ci ildə xanlığın mərkəzi iqamətgahının Xudat qalasından Quba şəhərinə köçürülməsi də xanlığın iqtisadi gücünün qismən artmasına şərait yaradırdı. 1757-ci ildə Dərbənd və Şamaxı ətrafından bir sıra ailələrin Quba xanlığına məxsusi köçürülməsi və Səlyan xanlığının ləğv edilərək Hüseynəli xanın idarəçiliyinə verilməsi xanlığın hərbi gücünün artmasına kömək etmişdi. Hüseynəli xan oğlu Fətəlini uşaqlıq vaxtından hərbi və siyasi işlərlə tanış etmək məqsədi ilə ona müxtəlif tapşırıqlar verərdi. 1756-cı ildə atası Fətəli bəyi Quba bəylərindən birinin rəhbərliyi altında, öz dövrünə görə güclü bir qoşunun baş komandanı təyin etmişdi. 1759-cu uldə Dərbənd xanlığının Quba xanlığına birləşdirilməsi ilə başlayan Fətəli xanın rəhbərliyi və zəfərləri dövrü bir çox siyasi-hərbi hadisələrlə zəngin olduğundan ayrıca geniş yazının mövzusudur…

Amma bu xülasənin sonunda, Quba xanlarının soyundan gələn Asəf xan Qubalının (politolog Asəf Kərimovun) 5 il öncə fb profilində paylaşdığı bəyanatı diqqətinizə yönəltməyi lazım bildim: “Mən Fətəli xan nəslinin hüquqi varisiyəm ve rəsmən bildirirəm ki bizim nəsilin ləzgilərlə qarışıqı olmayıb. Mənim ulu babam Fətəli xan Qubalının nəsli Məcalisin sahsevenlər tayfasındandır, Azerbaycan türküdür! Onu da bildirim ki, A.Bakixanovun “Gulistani-İrəm”ində belə bir şey yazılmayib. Bu uydurma “Lezgi tarixi”ni Zabit və Rizvan Rizvanovlara (ata-ogul) bəxş edən erməni-rus hiylesidir. Mən bu məsələyə coxdan nöqtə qoymuşam və ondan sonra hec bir yerde Fətəli xan Qubalını ləzgi kimi qələmə verə bilmirlər … Fətəli xan Qubalı hec zaman uydurma Ləzgistan dovləti yaratmayıb və tarixdə hec bir zaman belə dövlət mövcud olmayib. Bu uydurma “tarix” ermənilər tərəfindən hazırlanıb azerbaycanlılarla ləzgilər arasında minilliklərlə mövcud olan qardaşliqa nifaq salmaq ücündür. Bunu da edə bilmədilər. Fətəli xan Qubalı bütöv Azerbaycan uğrunda vuruşub, ətrafında 3 imperiya (Rusiya, Osmanlı ve Fars) mövcud olduğu halda. O, 30 il mücadilə edərək mustəqil dövləti qurub və qoruyub, mustəqillik siyasətilə Azerbaycan torpaqlarının bir hissəsini bir dövlətdə birləşdirib. Fətəli xan Qubalı azerbaycanlıdır, geniş arealda köklü qubalıdır ve qubalı kimi də yaddaşlarımızda qalacaqdır!!”

Hazırladı: C. Alpoğlu Albantürk