3 saylı Şəhər Klinik Xəstəxanasının tibb personalı ön cəbhədə xidmətdə…

234

Aylar boyunca koronavirusla mübarizədə aparan, bu gün isə hərbiçilərimizin və mülki vətəndaşlarımızın sağlamlığının keşiyində duran tibb işçilərinə eşq olsun!

Xəbər verdiyimiz kimi, sentyabrın 27-də səhər saatlarında Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub. Məhz bundan sonra Azərbaycan Ordusu əks-hücum əməliyyatına başlayıb. Beləliklə, artıq beşinci gündür ki, cəbhədə şiddətli döyüşlər gedir. Sevindirici haldır ki, bu qısa müddət ərzində şanlı ordumuz bir sıra yaşayış məntəqələrini işğaldan azad edib, o cümlədən müxtəlif istiqamətlərdə strateji yüksəklikləri düşməndən təmizləyib.

Onu da qeyd etmək lazımdır ki, ölkənin ayrı-ayrı xəstəxanalarından olan tibb işçilərimiz də hazırda cəbhə bölgəsində fəaliyyət göstərir və bu zaman əzmkarlıq, fədakarlıq nümayiş etdirirlər. Misal kimi, Bakının Sabunçu rayonunda yerləşən 3 saylı Şəhər Klinik Xəstəxanasının tibb personalını – Məmmədova Könül Sulduz qızı, Məmmədova Aytən Mətləb qızı, Məmmədov Ənar Namiq oğlu, Həsənova Sevinc Yusif qızı, Fərəcova Fərqanə Həsən qızı, Xəlilov Səbuhi Əlican oğlu, Əliyev Zamin İmran oğlu və Cavadova Ruqiyyə Yusif qızını göstərmək olar. Nəzərinizə çatdıraq ki, adıçəkilən tibb işçiləri koronavirus pandemiyası ilə mübarizədə də aktiv iştirak ediblər. Bu gün isə onlar cəbhə bölgəsində ordumuzun xəsarət almış hərbi qulluqçularına və mülki vətəndaşlara yüksək səviyyədə tibbi xidmətin göstərilməsində ön sıralarda yer alıblar. Odur ki, bu fədakar insanlara xalqımız adından təşəkkür edirik. Və demək istəyirik ki, həyatlarını təhlükəyə ataraq, aylar boyunca koronavirusla mübarizədə aparan, bu gün isə ön cəbhədə hərbiçilərimizin və mülki vətəndaşlarımızın sağlamlığının keşiyində duran tibb işçilərinə eşq olsun!

“Hürriyyet”