3-cü qrup fiziki məhdudiyyətli Gəncə sakini ölkə başçısına müraciət etdi – VİDEO

21

 “27 yaşım var, mən nə vaxt torpaq alası, ev tikəsi, ailə qurasıyam?”

Fiziki məhdudiyyətli şəxslərin cəmiyyətə inteqrasiyası baxımından onların işləməsi vacib olsa da, bəzən onların işlə təmin olunması ilə bağlı şikayətləri gündəmə gəlir. Halbuki, fiziki məhdudiyyətli, ancaq iş qabiliyyəti olan insanlar işlə mütləq təmin olunmalıdır. Amma təəssüf ki, belə vətəndaşlar da işlə təmin olunmurlar. Məhz bu səbəbdən Gəncə şəhəri, Kəpəz rayonu, Tbilisi küçəsi, bina 44, mənzil 11-də yaşayan 3-cü qrup fiziki məhdudiyyətli Abdulllayev Seymur Könül oğlu Hurriyyet.org-a şikayət edib.

“Mən bu halda necə ailə qurum?”

S. Abdullayev deyib ki, o, 3-cü qrup fiziki məhdudiyyətli vətəndaş kimi 110 manat pensiya alır: “Mənim 110 manatdan başqa heç bir gəlirim yoxdur, nə işim, gücüm var, nə də fərdi yaşayış üçün torpaq sahəm var, heç nəyim yoxdur. Mən işləmək istəyirəm, daş, ağac daşıya bilməsəm də, oturaq işlərdə işləyə bilərəm. Bizim nazirlərimiz dəfələrlə deyib ki, əlil insanlar üçün 50 faiz kvota var, onlar işləyə bilərlər. Əgər o kvota varsa, mən də o əlillərdən biriyəm. Mənim 27 yaşım var, bu gün subayam. Tutalım, valideynlərim kiminsə qapısını döydülər ki, qızını  oğluma ver, kim verər? Şəxsən mən bu gün cibimə siqaret almaq üçün atamdan pul alanda utanıram, mən bu halda necə ailə qurum?”

“Mənim istədiyim odur ki, mənə uyğun bir işlə təmin olunum”

S. Abdullayev bildirib ki, o, Ramanıda Əlillər evində təhsil alıb: “Keçmiş sosial müdafiə naziri Səlim Müslümov ora konfransa gələndə demişdi ki, “əlil o insandır ki, onun düşüncəsi xəstədir. Yəni ki, siz əlil olmağınızı əlinizdə bayraq etməyin. Yaxşı mənada seçilin, fərqlənin. Əliləm deyib, evdə passiv olmayın. Əlil özü cəmiyyətə inteqrasiya etsin, göstərsin ki, mən də lazımam. Əlil olanda nə olar ki?!” Mən əsadan istifadə etmirəm, əlil arabasında deyiləm, sadəcə olaraq ayaqlarımın altı düzdür, plastaskopiya xəstəsiyəm. Yəni fəhlə işləmək iqtidarında deyiləm, dizlərim əziyyət verir. Mənim istədiyim odur ki, mənə uyğun bir işlə təmin olunum”.

“Torpaq növbəsinə yazıblar, orada  5 min 337-ci adamam”

S. Adullayev qeyd edib ki, işlə əlaqədar Gəncə Şəhər Məşğulluq Mərkəzinə müraciət edib: “Ancaq müraciətimə diqqət yetirən olmadı. Ondan başqa,  torpaq növbəsinə durmaq üçün Kəpəz rayon  bələdiyyəsinə müraciət etdim. Torpaq növbəsinə yazıblar, orada  5 min 337-ci adamam. Kəpəz rayon bələdiyyəsində məni qeydə alan şəxsə sual verdim ki, bu adamlardan heç birinə torpaq veribsiniz? Dedi, yox.  Dediyim kimi, 27 yaşım var, mənə nə vaxt torpaq alası, ev tikəsi, ailə qurasıyam? Mən ölkə başçısından çox xahiş edirəm, mənim işlə təmin olunmağım və mənə torpaq verilməsi üçün tapşırıq versin”.

“Məcburam ki, mətbuat vasitəsilə ölkə başçısından mənə kömək etməsini xahiş edim”

“Mən bu barədə dəfələrlə prezidentin saytına yazmışam, cavab yoxdur. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Sabir Qocayevin qəbulunda olmuşam. Hara gedirəm, sözləri budur ki, “nəzərə alarıq”. Gəncə Şəhər İcra Hakimiyyətinə getmişəm, qəbula belə, yazmayıblar. Deyirəm ki, məni  icra başçısı Niyazi Bayramovun qəbuluna yazın. Orada cavab verən məsul şəxs deyir ki, “bəs, biz burada  nədən ötəriyik?”. Mən də deyirəm ki, problemim budur, mənə yardım edin. Mən də şəhərin başçısını narahat etməyim. Buna baxmayaraq, nə mənə yardım etdilər, nə də qəbula yazdılar. Artıq görürəm ki, müraciətlərin nəticəsi yoxdur. Ona görə, məcburam ki, mətbuat vasitəsilə ölkə başçısından mənə kömək etməsini xahiş edim”,-deyə S.Abdullayev əlavə edib.

“Mən də vətəndaş kimi cəmiyyətə inteqrasiya etmək istəyirəm”

S. Abdullayev onu da diqqətə çatdırıb ki, texniki peşə məktəbində oxuyub: “Mən “Asan” Xidmətdə könüllülər arasında birinci dərəcəli sertifkat almışam. 50 nəfər gəncin içində birinci yerə çıxmışam. O vaxtı əlillər təşkilatında qeyri-hökumət təşkilatlarının yaradılması haqqında tədbirlər keçirilirdi, o  təlimlərdə iştirak etmişəm. Özümün də kompyuter biliklərim var. Məsələn, Gəncədə təzə reablitasiya mərkəzi açılıb, oranın məlumat xidmətində yaxud “Asan” Xidmətdə oturub işləyə bilərəm. Mən də vətəndaş kimi cəmiyyətə inteqrasiya etmək, dövlətimə xidmət etmək istəyirəm. Nə olsun ki, hərbi xidmətdə olmamamışam. Mən də bu cür dövlətimə xidmət edə bilərəm”.

Şamo EMİN