3 BACININ YEGANƏ QARDAŞI OLAN ŞƏHİD ELGÜN QULİYEV… – Ailəsi çalışdığı məktəbin onun adını daşımasını arzu edir…

1926

Quliyev Elgün Vasif oğlu 17 sentyabr 1992-ci ildə Şamaxı rayonunun Göylər kəndində anadan olmuşdur. 1998-ci ildə Şamaxı rayon Göylər kənd T.Kərimov adına 2 saylı tam orta məktəbin 1-ci sinfinə getmişdir.

2005-cı ildə İsmayıllı rayon N.Behtiyev adına İsmayıllı kənd orta məktəbində təhsilini davam etdirmiş, eyni zamanda da İsmayıllı rayon hal-hazırkı “Nihal” hazırlıq kursunda dini təhsil almışdır.

2007-ci ildə Şəki İslam Hafizlik Kollecinə daxil olmuş, 1 il orada oxumuş, Hafiz olmuş, 2008-ci ildə Şəki İslam Hafizlik Kollecinin məzunu olmuşdur.

Yenidən 2009-cu ildə İsmayıllı rayon N.Behtiyev adına kənd orta məktəbində 11-ci sinfi bitirmişdir.

2010-cu ildə Sumqayıt Dövlət Universitetinin Tarix müəllimliyi ixtisasına qəbul olmuş, 2014-cü ildə həmin universiteti bitirmişdir.

2014-cü ildə  Füzuli rayonunun Şükürbəyli kəndində hərbi xidmətdə olmuşdur.

2016-cı ildə Aprel döyüşləri zamanı Müdafiə Nazirliyinə könüllü olaraq müraciət etmişdir. Bu müddət ərzində 2016-2020-ci illərdə Bakı şəhəri ÖZSÜT restoranında işləmişdir.

2020-ci il MİQ (Müəllimlərin İşə Qəbulu) imtahanında 52 balla Lerik rayon Sors kəndinə Tarix müəllimi təyin olunmuşdur.

2020-ci il 29 sentyabrda könüllü olaraq 2-ci Qarabağ müharibəsinə yollanmış, 8 noyabrda Şuşa uğrunda gedən döyüşlərdə fəal iştirak etmiş, qəhrəmancasına döyüşmüş, 9 noyabr tarixində Şuşaya olan hücum nəticəsində Şəhidlik zirvəsinə ucalmışdır.

Noyabr ayının 12-də böyüyüb, boya-başa çatdığı Şamaxı rayon Dağ Göylər kəndinin qəbirstanlığında dəfn olunmuşdur.

Şəhidimiz son sözləri bu olmuşdur: “Tarix müəllimi işləyə bilməsəm də, tarix yazdım”.

Atası Quliyev Vasif Osman oğlu 1956-cı ildə Şamaxı rayon Göylər kəndində anadan olmuşdur. Sürücüdür.

Anası Quliyeva Qənirə İsrəfil qızı 1961-ci ildə Şamaxı rayon Göylər kəndində anadan olmuşdur. İbtidai sinif müəlliməsidir.

Böyük bacısı Manafova Günel Vasif qızı 1983-cü ildə Şamaxı rayon Göylər kəndində anadan olmuşdur. İbtidai sinif müəlliməsidir.

Bacısı Məmmədova Günay Vasif qızı 1984-cü ildə Şamaxı rayon Göylər kəndində anadan olmuşdur. İbtidai sinif müəlliməsidir. İşləmir.

Kiçik bacısı Quliyeva Aysel 1989-cu ildə Şamaxı rayon Göylər kəndinə anadan olmuşdur. Dil-Ədəbiyyat müəlliməsidir.

3 bacının yeganə qardaş idi. İnşallah, yolunu davam etdirən iki bacısının oğlanları olacaq.

Hər gün anası ilə danışırdı. İmkan olanda bacısı, bacısının övladları ilə danışırdı. Harada olduğunu heç vaxt yaxınlarına belə, deməmişdi. Hətta könüllü olduğunu belə bilməyiblər.

Ailə üzvləri deyir: “Hər şeyin yaxşı olduğunu deyir və bizim həmişə narahat olmağımızı istəmirdi”. Axrıncı dəfə anası ilə noyabr ayının 5-də danışıb. Sonra deyib ki, “ver, atamla da danışım”.

“Bu danışıqdan sonra 5-6 gün xəbər olmadı, danışmadı. Bizə demişdi ki, orada işıq yoxdu, ola bilsin danışa bilmərəm. Heç cür rahatlıq tapa bilmədik. Nəhayət, bir neçə nəfərin köməyi ilə həmin hissə ilə qismən əlaqə qurdular, bizə dedilər ki, sağ-salamatdır.

Noyabrın 11-də bibisi oğlu Elgünü görməyə getdi. Çox yerlər axtarandan sonra məlum oldu ki, Şəhid olub”, – yaxınları deyir.

8 noyabrda könüllü olaraq Şuşa döyüşlərində qəhrəmancasına döyüşmüş, 9-da düşmənin artilleriya hücumu nəticəsində qəlpə yarası almış, Şəhid olmuşdur.

Mühasirədə olduğundan, yaralını götürə bilməyiblər, qan aparıb, Şəhid olmuşdur.

Həmin gün (11 noyabr) axşam saat 8-9-a işləmiş ailə üzvlərinə xəbər veriblər. Noyabrın 12-də səhər dəfn olunub.

Ailəsi onunla qürur duyduğunu bildirir. Özündən bir nişanə qalmadı, qardaşı yoxdur, anasının yeganə təsəllisidir ki, Lerik rayon Sors kəndində olan məktəb Elgün Quliyevin adını daşısın.

Hurriyyet.org