Kimsəsizlərin başı üstdə şam yandırmasan, öləndən sonra qəbrin üstdə şam yandırmazlar
Sahib Təbriz
Ölüm haqqında hər dəfə düşünmək çətindir: –həm keçmiş, həm də sabah kino lenti kimi yaddaşını çevirir: gəl bu təbii halətə tab gətir, xüsusilə, yaşın səni aldada-aldada mənzilin sonuna qədər çatdırsın və qapının ağzında gözləsin! Sən isə xəbərsizsən, həyat eşqinə sadiqsən və sevgiylə yaşayırsan, iki nəsnə naminə, tarix üçünmü, yoxsa əbədiyyət üçünmü? Şöhrət üçün də iki şey var: öz təbii istedadınla, dahiliyinlə və qabiliyyətinlə, yoxsa, qucaqda, ağuşda, bir təkanda “bu üçlük”lərdə şöhrətin zirəvsinə ucalırsan!
(Əvvəli ötən sayımızda)
Pedaqoqlar (müəllimlər) çalışırlar bədii obrazların xislətindən nümunələr gətirsinlər, dövrləri və dövranları müqayisə etsinlər, bəlkə ibrət aldılar. Uzun illik şəxsi müşahidələrimə söykənib cəsarətlə deyərdim ki, xüsusilə, “seçilmişlərin”, elitarların, yaxud biznesdə əli gətirənlərin övladları (hamı üçün şamil etmirəm) üçün nə klassik, nə də çağdaş bədii obrazlar xarakterik deyil, çünki gərək oxuyasan ki, xəbərin ola. Onlar üçün “internet macəraları” daha münasibdir, indi baxanların sayı xeyli azalıb: ona görə ki, qeyri – halallıqda, korrupsiya oyunlarında, kasıb – kusubun dövlət yardımı yeyintisində, məişət qalmaqalında adları hallananlar ataları, dayıları, əmiləridir. Fikrimi o fakta yönəltmək istəyirəm ki, şagirdlər və tələbələr ədəbiyyatdan bixəbərdirlər, dünya görüşlərini yad istiqamətə bağlamışlar.
Bu məqamdan tutub valideynlərə çatdırmaq istərdim ki, özünüzü emosional zəhmətə qatıb V.Hüqonu, O.Balzakı, E.Hemenqueni, L.Tolstoyu, T.Drayzeri, Cek Londonu, İ.Qutqaşınlını, M.F.Axundzadəni, A.Bakıxanovu, Y.B.Çəmənzəminlini, Mehdi Hüseyni, Mirzə ibrahimovu, Mir Cəlalı, İlyas Əfəndiyevi, İsmayıl Şıxlını, Bayram Bayramovu, Əlibala Hacızadəni… oxuyun. Demirəm adları çəkilənlərin hamısını mütaliə edin, bu, şişirtmə olardı, lakin bu ədiblərdən istədiyinizi, nəticə çıxara biləcəyinizi seçin.
Mən tənhalığıma qayıdıram, insan ləyaqətinin hörmətdən düşdüyünü, bizi idarə edənlərin (insaflısı yox deyil): nəfsiqılınclının, mayası haramla yoğrulanların, sərvət “süfrəsi”nə şahmat fiqurları kimi villalarını düzənlərin, piyadısını irəli verib Şahını qoruyanların ixtiyarına tabe olmayaq, oxuduqlarımızdan bir parasını onlar oxusunlar, karantin vaxtından qaçmasınlar, barı, Viktor Hüqonun “Səfillər”ini oxuyub səfil məişətdən uzaqlaşsınlar, gənc balalarına nümunə görünsünlər. Bu arzumun xətrinə pedaqoqluğuma güvəndim, vaxtilə universitet həyatımda müəllimlərimin məsləhətilə oxuduğum “Səfillər” romanından bəzi epizodları “diriltmək” qərarına gəldim. Və görkəmli pedaqoq, Zaqafqaziyada və Orta Asiyada (eləcə də Ana Vətənimizdə) ilk pedaqoji elmlər doktoru, əməkdar elm xadiminin, adına bir dalan qoymağı rəva görməyənlər, professor Əhməd Yusif oğlu Seyidovun (görəsən, qəbri haradadır, hər halda fəxri xiyabanda deyil) məsləhətilə oxumuşdum. Bəzi epizodları qeyd etmişdim: “Bəli, səfalətə yol verən cəmiyyət, bəli, müharibəyə yol verən bəşəriyyət, bəli, cəhənnəmə yol verən din mənim fikrimcə alçaq dərəcəli cəmiyyət, alçaq dərəcəli bəşəriyyət, yüksək dərəcəli dinə, monarx olmayan bəşəriyyətə, yazılı ehkamlar olmayan dinə can atıram”. Dahi ədib davam edir: “Bəli, mən riyakarlıq alveri edən keşişə qarşı, ədaləti tapdalayan hakimə qarşı mübarizə aparıram. Mən səfaləti təqib edirəm, mən xəstləikləri sağaldıram, mən şərə nifrət edirəm”.
“Səfillər”in qeyri səfillərə daha bir messajı iri titullu, göstəriş səlahətli, öncə verdiyi sözün – vədin arxasında dayanmayan delitantların, masa arxasında böyük görünənlərin payına düşür. Yazıçı ilk kişilik nümunəsini özü göstərir: Viktor Hüqo Fransa Kralından təyin olunan beş min frank təqaüddən imtina edir, hətta ictimai işlər nazirliyinə məktub yazır, özü də izahlı: “Kralın təyin etdiyi bu təqaüd sərbəstliyin əl – qolunu bağlayan maddi yardımdan başqa bir şey deyildir. Reallıqda bu hədiyyəni qəbul etmək, müstəqil fəaliyyətdən imtina edib hökumət qarşısında öhdəlik götürmək deməkdir. Əslində, yazıçı hakimiyyətə müxalifətdə olmalıdır: belə halda namuslu yazıçı, gərək hər şeydən əvvəl hökumətlə pul haqq – hesabını kəssin. Ona görə də mən öz təqaüdümdən imtina edirəm”.
Bizimkilər naşükür olmamışlar: “Allah bərəkət versin” demiş və dizlərini qatlayıb əllərini tavana qaldırmışlar, qadınların çox sevdikləri nöqtəyə…
***
Azərbaycan pedaqoji elmi – professional baxımından qədim, ulu tarixə malikdir. Sasanilərdən başlamış II Şapur (309-379) dövründə Atrat Mehr Əspandanın məşhur “Nəsihətnamə” əsərində bir qeydi ibrətlidir: “Əgər kiçik yaşlı uşağın varsa onu dəbistana göndər, çünki elmin işığı ürəyi və gözü nurlandırır”. X-XI əsrlərdə ərəb xilafəti süquta yaxınlaşır, bu isə Azərbaycanda məktəblərin, mədrəsələrin artması zərurətini doğurdu, Lakin bir şəxs, dövlət xadimi kimi tanınan pedaqoq Xacə Nizamülmülkün (1018-1092) adı şərəflə çəkildi. Əxlaq nəzəriyyəçisi və maarifçisi, Orta əsrlər dövrünün görkəmli şəxsiyyətlərindən Məhəmməd Naxçıvaninin (XIII əsr) adını çəkməmək haqsızlıq olardı. “Mərtəbələrə çatmaq üçün düsturlar, qaydalar” əsəri daha çox pedaqoqu tanıtmışdır.
Dünyada hərtərəfli elmi kəşfləri, müxtəlif janrlarda əsərlər müəllifi Nəsrəddin Tusi (1201-1274) haqqında danışmağa ehtiyac duymadım. Eləcə də Ensiklopedik bilik sahəsinə malik, tədqiqatçı və müəllim – pedaqoq Mirzə Kazım bəy (1802-1870), Firudin bəy Köçərli (1863-1920), Əhməd Seyidov (1892-1977), Mehdi Mehdizadə (1903-1984), Nurəddin Kazımov (1926-2014), Hüseyn Əhmədov (1926-2020) fenomenləri… Bu pedaqoqlar Azərbaycan balalarının ilkin təhsil almasında, maarifçiliyimizin tərəqqisində, pedaqoji fikir tariximizin Orta əsr və müasir epoxasında müstəsna rol oynamışlar, nümunə olmuşlar, məqsədim o deyil, lakin bəzi nüanslara toxunmaq istərdim.
Pedaqoq – müəllim ana kök söz olan “pedaqogika”dan yaranmışdır, iki yunan sözünün: payda və loqos birləşməsini ifadə edir. Hərçənd, mənası sadə mətləbdir (uşaq ötürən). Qədim Yunanıstanda varlıların uşaqlarını məktəbə müşayət edən adamı “payda qoqos” adlandırırdılar. Zaman dəyişmiş, siyasi sistemlər mövcud olmuş, sosial proseslər yeni məzmun kəsb etmiş, payda qoqos yeni terminlə beynəlxalq məzmun kəsb etmişdir.
Məntiqlə yanaşaq: tərbiyə və təhsil tariximizin X əsrinə aparan bu elm (pedaqogika) formalaşdı təhsilli, dünya görüşlü ensiklopedik savadlı mütəxəssis – müəllimlərin səyi ilə. Onlar alimlər, ədəbiyyatçılar (şairlər, ədiblər, dramaturqlar), musiqiçillər və digər sənət sahibləri yetişdirdilər. Onlar Napoleon demişkən, “Böyük insanlar Dünyanı işıqlandırmaq üçün özlərini yandıran meteorlar” oldular. Onlar əsrlərlə yaşanan sosial – siyasi cəmiyyətlərin (sistemlərin), fərdlərin tərbiyəsini üzərlərinə götürdülər, bu şəxsiyyətlər quruluşun “rəqsləri”nə qol qaldırmadılar, ayrı-ayrı tiranların vurulduğu idarəetmə prinsiplərinə qəti etirazlarını gizlətmədilər. N.Tusi, İ.Qəzzali, M.Övhədi, A.Komenski, J.Russo, K.D.Uşinski və başqa pedaqoqların adı tarixiləşdi. Varisçilik prinsipi davam etdi. Ötən əsrin 30-cu illərində “Əhməd Seyidov məktəbi” formalaşdı və rus alimləri qəbul etdilər və böyük pedaqoqun Hüseyn Əhmədov, N.Kazımov, Ə.Həşimov, F.Seyidov kimi yetirmələri İttifaqda tanındı. Pedaqoq – müəllimlər auditoriyada istedadlıların inkişafına səy göstərdilər, onların bir şəxsiyyət kimi inkişaflarında böyük rol oynadılar. Yaşlı nəsildən olan M.Müşfiq, S.Vurğun, S.Rüstəm, R.Rza, M.Hüseyn, M.İbrahimov, M.Cəlal, İ.Şıxlı, B.Bayramov, B.Vahabzadə, N.Həsənzadə, .Araz və digərləri sevimli müəllimlərini unutmadılar. Maraqlı budur ki, onlar öz müəllimlərinin məzarına baş çəkmək istədilər, ustadlarının qəbri üstə güllər qoymaq üçün hazırlaşdılar. Lakin: – görəsən hansı məzarstanda uyuyurlar, bəlkə fəxri xiyabanda dəfn olunublar? – Suallar, suallar və ümidsizlik, ümidsizlik. Bəzi yetirmələri inadla axtardılar ki – fəxri xiyabanda uyuyarlar, – düşündülər. Müəllimləri Əhməd Seyidovu, Hüseyn Əhmədovu, Nurəddin Kazımovu, Qədriyyə Səlimovanı (o, Rusiyada fəaliyyət göstərirdi, akademik – pedaqoqdu), Ağamməd Abdullayevi, M.Muradxanovu, Feyzulla Qasımzadəni, Afad Qurbanovu… xatırladılar, əbəs yerə… Bu gün birinci fəxri xiyabanda keçmiş nazirlər, partiya funksionerləri, ortabab alimlər, elə ortabab artistlər və şairlər dəfn olunublar. Allahdan onlara rəhmət diləyirəm, qəbrləri nurla dolsun. Unudulmamalıdır ki, fəxri xiyabanda dahilərdən Üzeyir bəy, Məmməd Səid Ordubadi, Cəfər Cabbarlı, S.Vurğun, Bülbül, Qara Qarayev, Rəşid Behbudov, Rəsul Rza, Fikrət Əmirov, İlyas Əfəndiyev, İsmayıl Şıxlı, Xəlil Rza, B.Vahabzadə, M.Hüseyn, Ə.Vahid, M.İbrahimov kimi söz – sənət adamları ilə yanaşı alimlər, dövlət xadimlərindən Heydər Əliyev, Şıxəli Qurbanov, akademik Həsən Əliyev, Əziz Əliyev, Lütvi-zadə, Ziya Bünyadov da uyuyur, min-min rəhmət diləyirəm.
Hacət varmı təsadüfi vəzifəyə gələn, elmi titula yiyələnən, deputat seçilən görkəmli şəxsiyyətlərin bir qarışında uyusunlar.
Lakin bu simalara dərs demiş, pedaqoji fikrimizin dünəni və bu günü tarixində hətta dünya şöhrətli pedaqoqlarımız öz yetirmələri ilə yanaşı dəfn olunmağa layiq bilinməmişdir. Akademik – pedaqoqlardan tanıdığım Mehdi Mehdizadənin, Abasqulu Abbaszadənin, Mirzə Məmmədovun məzarını II fəxri xiyabanda tapdım, baş əydim, bir dəstə çiçək qoymaqla təsəlli tapdım. Bu üç şəxsiyyət milli təhsilimiz üçün nələr etməmişlər, məktəb quruculuğunda ömürlərini əritmişlər. Hər üç pedaqoqun müəllimi professor Əhməd Seyidovu məzarı Qazaxda uyuyur. Görünür şairləri, yazıçıları, musiqiçiləri və alimləri yetişdirən müəllimlər (qoy, orta məktəb müəllimi olsun) və pedqoqlar ikinci, üçüncü dərəcəli təbəqə sayılır ki, dünyalarını dəyişəndə heç bir hökumət rəsmisi ya xəbər tutmur (inandırıcı görünmür), ya da maraqlanmaq sərf etmir və: “Axı, kimdir bu şəxs? Yazıçı, şair, aktyor, oxuyan deyil ki? Bəlkə hansısa məmurun qohumudur?” Və sair ətürpədici suallar pedaqoqların taleyinə ünvanlanır.
Pedaqoqlara qarşı belə ədalətsiz, subyektiv, hansısa mənəvi – ruhi dəyərə qarşı laqeydsizliyi göstərən, əlbəttə, kiçik, ortabab vəzifə məmurlarıdır. Mən yaşım müqabilində bu haqsızlığın şahidi olmuşam. Ad çəkməyəcəyəm, ötən əsrin 70-ci illərində iki görkəmli pedaqoqumuz, uzun illər dərs demiş, universitet rektoru işləmiş professoru bir partiya funksioneri 30-40 il öz doğma İnstitutundan məhrumla vidalaşmağa razılıq vermədi, onları yaşadıqları mənzillərindən dəfn üçün apardılar, halbuki, fəxri xiyabana layiq idilər. Həmin partiya funksionerlərin nə adı qalıb, nə də vəzifə şöhrəti. Məzarı da bəlli deyil. Lakin O iki pedaqoq – professorun isə elmi irsi yaşayır, yetirmələrinin yaddaşlarındadır. Necə ki, filosof Avrelin Mark uzaqgörənliklə demişdir: “Vaxtilə şöhrəti göylərə qaldırılan nə qədər adamlar artıq büsbütün unudulmuşdur, yaddaşdan silinmişdir, hələ onları mədh edənlərin gör nə qədərinin adı çoxdan qəbrdə yatır”.
Pedaqoqlar tarixin yaddaşında dəfn olunur…
02.10.2020
Allahverdi Eminov