Ermənistan Putinə qarşı – əgər sənədin bir sözünü belə yerinə yetirməsələr…

81

Əgər kimsə düşünürsə ki, imzalanmış üçtərəfli sənədin hər hansı bəndi yerinə yetirilməzsə, Rusiya sülhməramlıları orada qala, yeni savaşa imkan verməyə bilər, zənnimcə, yanılır

Birbaşa mətləbə keçək. Ermənistanın diz çökdürülmüş ordusunun dekabrın 1-dək Azərbaycanın işğal olunmuş üç rayonundan çıxarılması ilə bağlı üzərinə götürdüyü öhdəliyi yerinə yetirməyəcəyi barədə narahatlığın ciddi əsası yoxdur. Əlbəttə, Azərbaycan xalqında, yurd-yuva həsrəti ilə illərdir ürəkləri qubar olmuş məcburi köçkünlərdə belə narahatlığın səbəbi var. Düşmən xislətini dəyişməyib, əvvəlki kimi hiyləğər və məkrlidir. Amma diqqət edin, yalnız hiyləğırdir, yalnız məkrlidir.  Bundan o tərəfə Ermənistan da, onun ordusu da heç nədir. Boş qazandırlar, danqıldayırlar indi.

O səbəbdən diqqət etsəniz, Ermənistanda da, xüsusilə Qarabağda qalmış bir ovuc erməni də bu kimi iddialardan elə bizimkilər qədər narahatdırlar. Çünki öhdəliyin yerinə yetirilməməsi yeni savaşa meydan vermək deməkdir. Bu isə yarımcan Ermənistan üçün özünə ölüm fərmanı vermək deməkdir!

Əgər kimsə düşünürsə ki, imzalanmış üçtərəfli sənədin hər hansı bəndi yerinə yetirilməzsə, Rusiya sülhməramlıları orada qala, yeni savaşa imkan verməyə bilər, zənnimcə, yanılır. Üçtərəfli sazişdəki maddələr bir-birinə bağlıdır, biri yerinə yetirilməzsə, başqa bir bəndin icrası qeyri-mümkündür.  O halda avtomatik Rusiya sülhməramlıları da Qarabağda qala bilməz. Bu baxımdan, “ermənilər rayonlardan çıxmayacaq”, “bəzi başıpozuq erməni hərbi birləşmələri 3 rayonu tərk etməmək üçün hətta sülhməramlılara müqavimət göstərməyə başlayıb” kimi iddialar bundan sonra da nə Azərbaycan Ordusunun iradəsini, nə Prezident İlham Əliyevin əzmini qıra bilər. Daha keçdi yalançı danışıqlarda bizim əsəblərlə oynadıqları günlər…

Hələ ermənilər döyüş meydanında qalan yüzlərlə meyitlərini toplamayıblar. Bunlar kimə və necə müqavimət göstərə bilərlər axı? Bunlar nəyə və kimə arxayın olub imzalanmış sənədi geri oxuda bilərlər?

Ermənistan vətəndaş müharibəsi astanasındadır. Nikol Paşinyan hakimiyyətini qorumaq üçün ona sadiq beş-on silahlını da İrəvana çağırıb. Erməni ordusunun bel sütunu dağıdılıb, erməni cəmiyyəti darmadağındır- bir-birlərini qırırlar, ittiham edirlər, bağırırlar, dərin depressiya və ruh düşgünlüyü içərisindədirlər.  Nə edəcəklərini, bundan sonra necə toparlanacaqlarının yolunu tapmayan ölkənin daha “naz etmək” kimi lüksu yoxdur. Ermənilər Qarabağda indi Rusiya sülhməramlılarının qanadı altında belə bundan sonra nə edəcəklərini bilmirlər, tam bir ümidsizlik, müəmma içərisində qalıblar.

Neçə gündür Paşinyanı devirməkdən danışırlar, söyürlər, “xain, get!” deyirlər Amma fikir verin, heç kim irəli çıxıb “mən bundan sonrakı məsuliyyəti üzərimə götürürəm” demir. Niyə? Çünki indi Ermənistanda vəziyyət müharibə günlərindən də ağırdır. İndi bir neçə ay əvvələdək xəstə ideyalarla yaşayan millət əslində, ölüb, o toplumu Azərbaycan Ordusu elə əzib, elə məhv edib ki, bu zibil mirasa heç kim yiyə durmaq istəməz.  Paşinyanı da ürəkli edən elə bu səbəbdir. Paşinyan bilir ki, özünün ifadə etdiyi kimi, “divar dibində ulayanlar” vəziyyəti dəyişə, sənədə müqavimət göstərmək gücündə deyillər, lap keşiş Qaragenin bacısı oğlu hakimiyyətə gəlsə də, Ermənistanı bu ağır durumdan asanlıqla çıxara bilməyəcək.

İlk növbədə erməni xalqı məğlubiyyətini Paşinyan kimi qəbul etməlidir. Razıyıq, Azərbaycan Ordusunun Ermənistana və işğalçı ermənilərə vurduğu zərbəni “bir batman balla” da yemək olmaz. Amma bu məğlubiyyəti də, gerçəkliyi də “yeməlidirlər”. Nə qədər gec deyil, əllərində qalan o çürük ölkəni də məhv etməyiblər, küçədən yığışıb ağıllanmalı, Ter-Petrosyanın dəqiqliklə ifadə etdiyi “bir qarış torpaq da vermərik…” kimi sarsaq yuxulardan ayılıb özlərinə yığışmalıdırlar.

Ermənistanın üçtərəfli müqaviləyə qarşı hər hansı mümkün addımı isə bizə qarşı olmayacaq. Bu, Ermənistanın Rusiyaya qarşı öz ağıllarınca müqaviməti olacaq. Bizi zatən düşmən bilirlər, indi o sıraya Rusiyanı və onun prezidenti Vladimir Putinin də adını yazıblar. “Rossiya-24” kanalında ötən gecə keçirilən müzakirədə də bunu rusiyalı ekspertlər açıq dilə gətirdilər. Dedilər ki, Ermənistandakı mitinqlərdə Rusiya “asıb-kəsilir”, “bizi satdı” kimi qanmaz ittihamlar irəli sürürlər. Elə həmin kanalda yenə ötən gecə “Kreml. Putin” proqramında Rusiya prezidentinin üçtərəfli sənədi imzalanması mərasimi zamanı ”bunu mən yazmışam, nəyini oxuyum?” replikası Ermənistanın bir daha belinin qırılması deməkdir. Bu, reallıq hissini itirərək öz sahibinin əlində ona tərəf çəmkirən(hürən) ağılsız millətə açıq mesajdır.

Ermənilər nəinki o razılaşmanın bir bəndini, hətta bir sözünü belə icra etməsə, bu ilk növbədə Rusiyaya qarşı, onun prezidentinə qarşı çıxmaq demək olacaq. Azərbaycan belə bir vəziyyətdə nə edəcəyini dəqiq bilir. Ermənilər isə Putinin imzasına “kəllə atacaq” qədər ağıllarını itiriblərsə, vay onların halına, nə xoş Azərbaycan Ordusuna…

Nazim SABİROĞLU,
Musavat.com