“28 aprel işğalı Azərbaycanı 100 il geri saldı” – MƏHƏMMƏD ƏSƏDULLAZADƏ

159

“Azərbaycanı yenidən Rusiyanın əsarətində görmək istəyənlərlər fürsət gözləyir ki, Rusiya SSRİ-ni bərpa etsin”

“Bu gün ərazilərimizin 20 faizinin işğalda qalması, sovet sisteminin bizə mirasıdır”

“Azərbaycan Cümhuriyyətinin Sovet Rusiyasının 11-ci Qızıl Ordusu tərəfindən işğalından 100 il ötür. Bu işğal Azərbaycanı 100 il geri saldı. Milli Burjuaziya, ziyalılar məhv edildi, ərazilərimizin bir hissəsi Ermənistana verildi. Sonrakı prosesdə Qarabağın işğalı reallaşdı”. Hurriyyet.org xəbər verir ki, bu fikirlər Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri, politoloq Məhəmməd Əsədullazadəyə məxsusdur.

Politoloq hesab edir ki, bu gün ərazilərimizin 20 faizinin işğalda qalması, sovet sisteminin bizə mirasıdır: “Əgər cümhuriyyətimiz işğala məruz qalmasaydı, Zəngəzur, Qarabağ da işğal olunmazdı. 100 il bundan əvvəl sapı özümüzdən olan baltalar Əliheydər Qarayev, Həmid Sultanov, Ayna Sultanova, Çingiz İldırım və digərləri cümhuriyyətin devrilməsində mühüm rol aldılar və Rusiyanın işğalçı ordusunu Bakıda təmtəraqla qarşıladılar. 28 aprel Azərbaycan tarixinin ən qanlı faciəsidir. Təəssüf ki, Azərbaycanı yenidən Rusiyanın əsarətində görmək istəyənlərlər var. Onlar fürsət gözləyir ki, Rusiya SSRİ-ni bərpa etsin. Birmənalı şəkildə həmin şəxslər bu xalqın, dövlətin düşmənləridir. Azərbaycan xalqı heç vaxt öz müstəqilliyini heç bir ölkəyə güzəştə getməyəcək” Rusiyaya meyilli olanlar bilməlidirlər ki, hazırda Rusiyanın tərkibində olan respublikaların əhalisi öz dillərini, mədəniyyətlərini, bir xalq olaraq öz kimliklərini unudur. Bundan əlavə, federasiyanın tərkibindəki respublikaların rəhbərliyi və xüsusi vəzifədə olanlar yalnız ruslar təşkil edir. Rusiya yerli xalqlara inam və etimad etmir. Bu gün bizim müstəqilliyimizə qənim kəsilənlər unutmasınlar ki, Azərbaycanda artıq yeni nəsil yetişib və bu nəsil müstəqillikdən vaz keçməyəcək”.

Müəyyən səbəblərə görə ölkədə ideoloji boşluqların olduğunu vurğulayan Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədrinin sözlərinə görə, Rusiyaya meyilli bəziləri çalışır ki, təhsildə və mədəniyyətdə türkçülüyü unutdursunlar: “Onlar bu xalqın milli birliyinin pozulmasına çalışırlar. Lakin Azərbaycan xalqı artıq tarixdən dərs götürüb. Öz dəyanətliyi ilə yadelli qüvvələrə qarşı birlik nümayiş etdirməyə qadirdir”.

Vazeh BƏHRAMOĞLU, Hurriyyet.org