250 YAŞLI  BETHOVEN

90

Harada doğulmasından asılı olmayaraq bütün dahilər bir-birlərinə oxşayır

Lüdviq van Bethoven 250 il bundan əvvəl  – 1770-ci ildə Almaniyanın Bonn şəhərində doğulmuşdu. Dahinin ata-anasının ona çox az aidiyyatı olur. Hərçənd ki, atası da opera müğənnisi idi. Genetik və fizioloqlar iddia edirlər ki,  dahi neçə minillik nəslinin cəmləşdiyi enerjinin təzahürüdür. Amma aydındır ki, hər nəsildə bu cür böyük enerji seli olmur. Bu milyonda bir nəslin payına düşür.

Tək-tək istisnaları nəzərə almasaq, harada doğulmasından asılı olmayaraq bütün dahilər bir-birlərinə oxşayır. Bethoven bu cəhətdən ən parlaq nümunə sayıla bilər. Bethovenin həyatı Motsartın həyatından o qədər də fərqlənmir, əlbəttə bir məqamı nəzərə almasaq. Motsartın cənazəsini qəbiristanlığa qədər müşayiət edən olmamışdı. Buna görə tabutu aparan arabaçı cənazəni hardasa xəndəklərin birinə tullamışdı. Bethoveni isə məzara kimi 20 mindən çox kütbeyin Vyanalı yola salmışdı. Amma həmin adamların heç biri günlərlə yarımac qalan Bethovenə kömək əli tutmamışdı.

Lakin mən bu yazıda dahilərin dahiliyini tədqiq edən əsərlərindən danışmaq istəyirəm. Ümumiyyətlə dahilərin – xüsusilə bəstəkarların öz təsir gücünü, gözəlliyini heç vaxt itirməyən ölməz əsərlərinin sayı o qədər də çox olmur. Doğrudur, şəxsən mən Motsartın 28 operasının, 41 simfoniyasının hamısına qulaq asmamışam. Lakin motsartşünasların təqdim və təsdiq etdikləri kimi bu əsərlərin yalnız dörd-beşini həmişə heyranlıqla dinləməli olursan. Eləcə də Bethovenin bir operası var (“Fidelio”), o qədər də maraqlı deyil. 9 simfoniyasının da üçü şedevr sayılır. Lakin texniki ustalıq tələb edən xüsusiyyətlər musiqinin gözəlliyinə dəlalət edə bilməz. Bu cəhətdən Bethovenin də bir çox əsərləri texniki ustalıq melodik gözəlliklə vəhdət təşkil edir. Amma əksəriyyəti isə o qədər də yox.

Bir çox dahilər kimi və yaxud bir çoxlarından fərqli olaraq Bethovenin  iki gənclik sevgisi uğursuzluqla nəticələnib. Dahinin zəkasında, psixikasında əlbəttə bu dərin iz buraxır və nəticədə ağır ehtiyac içində keçən həyatını da nəzərə alsaq, Bethovenin demək olar bütün əsərləri taleyə qarşı qiyam kimi səslənir. Bethovenin əsərlərinin daha bir xüsusiyyəti eyni bir üsyankar, qəzəb dolu melodiyanın müxtəlif formalarda səslənməsi və təkrarı təsirini bağışlayır. Ümumiyyətlə, onun  “Elizaya” adlı çox məşhur, sehrli bir mahnıya bənzər əsərləri çox azdır. Motsartın məşhur, əlvan gözəlliklərlə dolu 40-cı simfoniyasını Bethovenin misilsiz 5-ci simfoniyası ilə müqayisə etmək olar. Lakin fərq bundadır ki, Motsart hər dəfə dinləyicilərə yeni bir aləm bəxş edir, Bethoven isə bir melodiyanı, həm də insan qəhqəhəsini təsvir edən melodiyanı 40 dəqiqə ərzində hər dəfə gözəl və qüdrətli səslərlə dinləyicilərə təqdim edir.

Yadımdadır, mən ilk dəfə radio verilişləri komitəsində işləyəndə ayda bir dəfə səslənən  “İncəsənət jurnalı” verilişinin başlığına Bethovenin  “Eqmont” uvertürasının bir parçasını səsləndirəndə radio komitəsində hamı heyran qalmışdı. Belə məlum olmuşdu ki, bu boyda müəssisədə bir nəfər də  “Eqmont” uvertürasına qulaq asmamışdır.

Ümumiyyətlə, hətta Azərbaycan musiqişünaslarının zövqü belə, çox aşağıdır. Onların internetə daxil etdikləri musiqilər heç də milli musiqimizn tam gözəlliyini əks etdirmir. Musiqimizin nə qədər inciləri var ki, internetdə yoxdur və əvəzində sızıltılardan ibarət aşağı səviyyəlilər üçün əziz olan “Segah” muğamının onlarla ifası var.

İnternetdəki klassik musiqi konsertlərin demək olar ki, hamısında eyni əsərlər ifa olunur. Onlar əsasən düz seçilib. Məsələn, Listin 20-yə yaxın rapsodiydası var ki, bir rapsodoyası daim səslənir. Eləcə də Baxdan tutmuş Oginskinin “Vətənə əlvida” məşhur valsına qədər bütün əsərlər də.

Bir məsələni də qeyd edim: Bethovenin məşhur  skripka üçün “Kreyser sonatası” da çox ifa olunur və yüksək qiymətləndirilir. Amma mən neçə dəfə qulaq assam da, orada elə bir gözəllik görmədim. Əlbəttə, virtuoz ifaçılıq üslubunu nəzərə almasaq.

Motsartın içində melodiyalar qaynayıb-daşırdı və o istədiyi vaxt oturub barmaqları ilə birbaşa sehrli bir melodiya çala bilərdi.  Bethoven isə kiçik bir melodik parçanı bütöv bir sonata və hətta simfoniyaya çevirə bilmək qüdrətinə malik idi. Məhz bunun nəticəsidir ki, klassik musiqi tarixində Motsart əsərlərinə oxşayan əsərlər istənilən qədərdir, Bethoven şedevrlərinə bənzəyən əsərlərə isə demək olar ki, rast gəlmək olmur. Təsadüfi deyildir ki, Bethoven ömrü boyu Motsarta pərəstiş etmiş, Motsart da Bethovenin gəncliyində improvizə etdiyi ifaçılığına qulaq asıb: “Bu cavan hələ bundan sonra  dünyaya sonra  səs salacaq” demişdi.

Ümumiyyətlə, təbiət də (dahini kar etməkdən də zövq almışdır), cəmiyyət də, hakimiyyətlər də, hətta dostlar və pərəstişkarlar da dahiyə qarşı nəinki biganə, hətta amansız olublar. Bu sanki bir qanundur. Ümumiyyətlə, insanın, fərdin özü üçün dahilik – bədbəxtlikdir. Bethoven dünyada çox az xoşbəxtlik gördü. Amma öz əsərlərinin qüdrətinə və ölməzliyinə əmin idi. Bunun özü  də, əlbəttə, dünyada  kiçik də olsa, bir xoşbəxtlikdir.

                                                                                          Əlisa   NİCAT