Bərbərxana və gözəllik salonları açıldı: qiymətlər, müştəri məmnuniyyəti… – REPORTAJ

63

Dünyanı pandemiyadan, epidemiyadan, virusdan, xəstəlikdən gözəllik xilas edəcək. Gözəlliyi də cilalamaq xüsusi peşəkarlıq tələb edir. Koronavirusla uğurlu mübarizə aparan dövlətimiz əhali arasında virusa yoluxma sürəti, xəstələrin sağalma dinamikasını nəzərə alaraq, tətbiq edilən bir sıra məhdudiyyətlərin yumşaldılmasına dair qərar verdi. Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına əsasən, 4 may 2020-ci il 00:00 tarixindən etibarən ölkədə bərbərxanalar, gözəllik salonları və kosmetik xidmətlər üzrə fəaliyyət bərpa olundu. Artıq bu gündən gözəllik salonları və bərbərxanalar xüsusi tələblərə əməl etmək şərtilə yenidən fəaliyyətə başladılar.

Hurriyyet.org-un məlumatına görə, Publika.az gigiyena şərtlərinə əməl olunub-olunmadığını öyrənmək məqsədilə sözügedən məkanlara üz tutdu. Görüb çəkdiklərimizi “maskasız” təqdim edirik.

İlk daxil olduğumuz məkan Kid’s studiodur. Bu da təsadüfi deyil. Pandemiya günlərində uşaqların gigiyenası hər bir valideyn kimi məni də çox narahat edir. Studionun bərbəri Rüstəm usta iş başındadır. Usta deyir ki, bizdə növbə problemi heç vaxt yaşanmır. Çünki karantindən öncə də qeydiyyat onlayn şəkildə həyata keçirilirdi. İstifadə etdiyim bütün alətlər, qayçılar, daraqlar hər balaca müştərimizdən sonra dezinfeksiya olunur. Hətta çalışdığım otağın künc-bucağı da təmizlənir.

– Gün ərzində yanınıza öskürək, burun axması müşahidə olunan uşaqlar gətiriblər?

-Xeyr, hələ ki belə bir hal baş verməyib.

– Baş versə, nə edərsiniz?

– Təbii ki, valideynə izah edərik ki, uşaq sağalmadan nə onu, nə də özümüzü belə bir riskə ata bilmərik.

“Nərmin” art studionun həkim kosmetoloqu Aygün Əliyeva da müştərilər arasındakı zaman fasiləsinə artıq ikiqat həssaslıqla yanaşdıqlarını deyir.

– Əvvəllər müştərilər bir-birinin ardınca xidmətlərimizdən faydalanırdılar. Lakin artıq alətlərin təmizlənməsi, otaqların havalandırılmasına 30 dəqiqə zaman ayırırıq. Hətta infeksion prosedurlar gerçəkləşdirdiyimiz müştərilərdən sonra 2 saat fasilə veririk. Doğrudur, uzun müddət çalışmadıq, qazancımızdan qaldıq. Müştərilərimizin çoxu da ilk gün qəbul edə bilmədiyimizə görə inciyirlər. Amma hamımız anlamalıyıq ki, bu, bütövlükdə ölkə əhalisinin sağlamlığı naminədir. Hər birimiz öz məsuliyyətimizi dərk etsək, yoluxma halları da günbəgün azalacaq.

– Siz həkim kosmetoloqsunuz. Xüsusi həssasiyyət göstərirsiniz. Bəs digər ustalar lazımi qədər maarifləniblərmi?

– Təbii ki, fəaliyyətimizin bərpa olunacağı ilə bağlı xəbərdarlıq ediləndə, şərtlərlə də hamımız tanış olduq. Hər kəs steril şəraitdə çalışmağa məcburdur.

– Müştərilərə xidmət arasında qoyulan zaman fasiləsi iş saatına təsir etdi?

– Xeyr, iş günümüz yenə eyni vaxtda bitəcək. Doğrudur, qazancımız azalır, əsas odur ki, vicdanlı və daha həssas çalışaq. Bilirsiniz, karantin müddətində könüllü həkim olaraq koronavirus mərkəzlərində çalışdım. “Belə bir virus yoxdur” deyən etinasız insanlara inanmayın. Bu virusun xarakteristikası, fəsadları elmə tam məlum deyil. Odur ki, gigiyena şərtlərinə maksimum riayət olunmalıdır.

– Bəs qiymətlərdə artım gözlənilirmi?

– Xeyr. Onsuz da xalqımız ağır zamandan keçir. Bu günlərdə xidmətlərimizin qiymətini artırmaq vicdanlı addım sayılmaz.

Hazırda trend sayılan barber şoplardan birində çalışan Aygün Qurbanova isə yalnız kişilərə xidmət göstərir .

– Adətən gözəllik salonlarında kişi ustaların çalışdığının şahidi olmuşuq. Amma qadın bərbərlə ilk dəfə rastlaşıram.

-Bu, nsanın xarakterinə əsla təsir etmir. Əksinə özümü çox güvənli və rahat hiss edirəm. Müştərilərlə qarşılıqlı münasibətimiz də yaxşıdır.

– Pandemiya şəraitində işə başlamağa ehtiyat etdiniz?

– Heç də. Steril şərtlərə əməl etdikdən sonra heç bir təhlükə ola bilməz.

– Bəs gələn müştərilər arasında öskürək, burun axması halı ilə rastlaşdınız?

– Məkanımıza həm də azyaşlı müştərilər gəlir. İkiqat diqqətliyik. Bu gün rastlamadıq. Ümid edirəm ki, heç qarşılaşmarıq.

– Aygün xanım, gözləmə otağında sıxlıq müşahidə olunur?

– Xeyr. Biz həmişə onlayn qeydiyyat sistemi ilə çalışmışıq. Hətta baxmayaraq ki, uzun müddət bütün salonlar fəaliyyətini dayandırdı və insanların bərbər tələbatı daha çox artdı, yenə də təmizlik və dezinfeksiya şərtlərinə əməl edirik.

Daxil olduğumuz növbəti məkan Yeni Yasamal ərazisində fəaliyyət göstərən “Mələk” studio oldu. Gözəllik məkanının sahibəsi Rəşidə xanım bildirdi ki, karantin dövründə studio da digər məkanlar kimi fəaliyyət dayanmışdı. Bütün çalışanlarımız bu müddət ərzində gəlirləri olmadı. Artıq işə bağlamışıq, bütün şərtlərə birmənalı şəkildə əməl olunur.

Məkanda əlcək və maskada çalışan ustaların, həmçinin müştərilərin birdəfəlik önlüklərdən istifadəsinin şahidi olduq.

“Miss Lazer” epilyasiya mərkəzinə də baş çəkdik. Çünki uzun müddətli karantin rejimindən sonra xanımların ən çox müraciət etdikləri prosedur epilyasiyadır. Məkanda sakitlik hökm sürürdü. Zalda cəmi bir nəfər öz növbəsini gözləyirdi. Otaqlarda da xüsusi təmizlik, hər müştəridən sonra yenilənən birdəfəlik salfet örtüklər, lazer mütəxəssisinin həssas münasibətini müşahidə etdik.

Baxımlı xanımlarımız bəzəkli dırnaqları üçün də darıxıblar. Lakin görünən fakt olur ki, pandemiya qorxusu rəngbərəng dırnaq sevdasını üstələyib. Çünki kosmetik xidmət göstərən məkanlar hələ ki, mürgü rejimindədir. “Ella” gözəllik salonunun manikür və pedikür ustası Zahirə xanım deyir ki, məsafə və gigiyenik şərtlər dırnaqla işləyən ustaların daim əməl etdiyi ayinlər olub.

-Maska və əlcək işimin əsas tərkib hissəsidir. O ki, qaldı məsafəyə bildiyiniz kimi müştəri ilə ən azı metr yarım aralığımız olur. Bir fərq var, artıq müştərilərimdən də maska taxmaqlarını xahiş edirəm.

-Bəs qiymətlərdə artım müşahidə olunur?

-Xeyr. Bu haqsızlıq olardı axı… Qiymətlərdə dəyişiklik yoxdur.

Bu günlük gözəl müşahidələrmizdən məmnun qaldıq. Ümid edək ki, gözəllik sektorunda çalışan soydaşlarımız karantin dövrününü son saniyəsinədək qoyulan şərtlərə əməl edəcəklər.

Leyla Sarabi

Fotolar: Ceyhun Rəhimov