“2021-Cİ İLDƏ TƏMAS XƏTTİNDƏ CİDDİ DƏYİŞİKLİKLƏR OLACAQ”

3

Elxan Şahinoğlu: "Rusiya-Türkiyə münasibətlərinin gərginləşməsi fonunda Moskvadan Cənubi Qafqazdakı forpostu Ermənistana dəstək vədi gəlib"

"Kreml elə siyasət yürütmək istəyir ki, Ermənistan Azərbaycan torpaqlarının işğalını davam etdirsin, istədiyi zaman atəşkəsi pozsun, Azərbaycan isə bunun qarşılığını verə bilməsin"

Zaur Məmmədov: "Region ətrafında baş verən beynəlxalq proseslər, geosiyasi vəziyyətin dəyişməsi Dağlıq Qarabağ münaqişəsinin yatmış haldan açıq fazaya keçməsinə gətirib çıxaracaq"

Türkiyə Suriyada olduğu kimi, Cənubi Qafqaza da diqqəti artıracaq. Belə bir iddia ilə erməni ekspert Ayk Qabrielyan çıxış edib. Bu barədə publika.az-da yer alan informasiyaya görə, düşmən ölkənin eksperti bildirib ki, rəsmi Ankara bu siyasətini xüsusilə Dağlıq Qarabağ münaqişəsindən istifadə edərək həyata keçirəcək. Qabrielyanın fikrincə, Türkiyə bu məsələlərdə Rusiya ilə danışıqlar aparmağın lazım olduğunu bilir: "Buna görə də Rusiyanı öz planlarına daxil etmək istiqamətində sistematik olaraq işləyir. Mən Ərdoğan və Çavuşoğlunun bəyanatlarını nəzərdə tuturam. Onlarda qeyd edilir ki, Moskvanın istəyindən asılı olaraq, Qarabağ münaqişəsi həll edilə bilər".

Onun sözlərinə görə, Cənubi Qafqazda Rusiya və Türkiyənin əməkdaşlıq ssenariləri müxtəlifdir. Belə ki, iddiaya görə, münaqişə ocağını alovlayıb, ərazilərin Azərbaycana qaytarılmasını təmin edə və bölgəyə birgə sülhməramlı qüvvələr yerləşdirə bilərlər: "Ərdoğan və Putin bu ssenarini həyata keçirmək üçün tələsirlər. Çünki onların hakimiyyətdən getməsindən sonra Türkiyə və Rusiya münasibətlərinin necə olacağı dəqiq deyil". Erməni ekspert onu da qeyd edib ki, İrəvan Cənubi Qafqazda Rusiya və Türkiyənin "Astana prosesi"ni yaratmasına hazır olmalıdır: "Bu Minsk Qrupu formatına zidd olacaq və onlar göstərəcəklər ki, Suriyada olduğu kimi müxtəlif regionlarda münaqişələri yalnız region ölkələri həll edə bilər".

"Belə çıxır ki, Ermənistan müxtəlif istiqamətlərdən atəşkəsi pozaraq Azərbaycan hərbçilərini hədəf götürəcək, biz isə buna qarşılıq verə bilməyəcəyik"

Картинки по запросу "Elxan Şahinoğlu"

Beləliklə, "Hürriyyət" xəbər verir ki, mövzu ilə bağlı fikirlərini bölüşən "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlunun sözlərinə görə, Rusiya-Türkiyə münasibətlərinin gərginləşməsi və Suriyada iki dövlətin toqquşma ehtimalının artması fonunda rəsmi Moskvadan Cənubi Qafqazdakı forpostu Ermənistana dəstək vədi gəlib: "Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin bəyan edib ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) hərbçiləri Ermənistan-Azərbaycan sərhədində yerləşdirilə bilər. Aydındır ki, səfir Kremlin təlimatıyla bu açıqlamanı verib. Rusiya səfiri bunu belə izah edib ki, Ermənistan və Rusiyanın təhlükəsizlik sahəsində əməkdaşlığı Ermənistan və Azərbaycan sərhədində sabitliyi təmin edə bilər. Ermənistan-Azərbaycan sərhədində vəziyyətin gərginləşməsindən danışan səfir deyib: "Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı vəziyyətin mənfi ssenariyə doğru inkişaf etməməsi, eskalasiyanın baş verməməsində əhəmiyyətli rol oynayır, buna zəmanət verir. Bu, vacib və güclü təhlükəsizlik yastığıdır. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı çərçivəsində Rusiya-Ermənistan ikitərəfli təhlükəsizlik əməkdaşlığı da mövcuddur. Düşünürəm ki, bu amillər sabitliyi və barışı təmin etmək üçün kifayət qədər əhəmiyyətlidir". Rusiyalı diplomatın bu açıqlaması birbaşa Azərbaycanın əleyhinədir. Belə çıxır ki, Ermənistan müxtəlif istiqamətlərdən atəşkəsi pozaraq Azərbaycan hərbçilərini hədəf götürəcək, biz isə buna qarşılıq verə bilməyəcəyik. Çünki sərhədin o biri tərəfində rusiyalı hərbçilər olacaq".

"KTMT-nin Rusiyadan başqa heç bir üzvü Azərbaycanla üz-üzə qalmaq istəmir, Qazaxıstan, Qırğızıstan və Belarus hərbçilərini Ermənistan-Azərbaycan sərhədinə göndərməyəcək"

"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri hesab edir ki, Rusiya Suriyadakı siyasətini eynilə Cənubi Qafqazda həyata keçirir: "Rusiya Suriyada Bəşər Əsəd rejimini qoruyur, hərbçilərini əməliyyatlara yönəldir, hərbi aviasiyası İdlibi bombalayır ki, Türkiyə bunun qarşılığını verməsin. Türkiyə Rusiya hərbçiləri ilə Suriyada toqquşmaq istəmir. Ancaq Türkiyə şəhidlərinin intiqamını da yerdə qoymayaraq Əsəd rejiminə zərbələr endirir. Rusiya Cənubi Qafqazda da elə bir siyasət yürütmək istəyir ki, Ermənistan Azərbaycan torpaqlarının işğalını davam etdirsin, istədiyi zaman atəşkəsi pozsun, Azərbaycan isə bunun qarşılığını verə bilməsin. Bu arada, Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriroryan İrəvanda olan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibi Stanislav Zasyaya deyib ki, Dağlıq Qarabağ münaqişəsinin həllində təşkilatdan dəstək gözləyir. İrəvanın ümidi onadır ki, Azərbaycanla münaqişə olacağı təqdirdə təşkilat Ermənistanı əməli şəkildə dəstəkləsin. Təşkilatın Rusiyadan başqa heç bir üzvü Azərbaycanla üz-üzə qalmaq istəmir, Qazaxıstan, Qırğızıstan və Belarusun rəhbərlikləri öz hərbçilərini Ermənistan-Azərbaycan sərhədinə göndərməyəcəklər. Hərbçilərini Ermənistan-Azərbaycan sərhədinə göndərə biləcək tək ölkə Rusiyadır".

"Cənubi Qafqazda baş verənlər yalnız Türkiyənin arzu və istəklərindən asılı deyil, burada Rusiya faktoru çox önəmlidir"

Картинки по запросу "Zaur Məmmədov"

Məsələ ilə əlaqədar "Hürriyyət"ə açıqlama verən Prezident yanında Dövlət İdarəçilik Akademiyasının müəllimi, Bakı Politoloqlar Klubunun rəhbəri Zaur Məmmədov isə bildirdi ki, erməni ekspert Ayk Qabrielyanın fikirləri onun uydurması və fantaziyasından başqa bir şey deyil: "Birincisi, bu gün Türkiyənin Cənubi Qafqazla, konkret olaraq Qarabağla bağlı planı yoxdur. Düzdür, Türkiyə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir. Məhz bu səbəbdən də işğalçı Ermənistana qarşı bütün tribunalardan istifadə edir. Lakin hazırda Türkiyə üçün Suriya və Liviyada baş verənlər prioritet təşkil edir. Cənubi Qafqazda baş verənlər isə yalnız Türkiyənin arzu və istəklərindən asılı deyil. Belə ki, burada Rusiya faktoru çox önəmlidir. Bundan başqa, bir sıra erməni ekspertləri Rusiya və Ermənistan münasibətlərinin bu ilə qədər düzəlməsindən istifadə edərək, əslində rus-türk koalisiyasının müştərək halda Cənubi Qafqazda fəaliyyət göstərməsindən narahatlıq nümayiş etdirirlər. Onların fikrincə, guya bölgəyə birgə sülhməramlı qüvvələr yerləşdirilə bilər. Təbii ki, bu, Rusiyanın maraqlarına cavab vermədiyindən Kreml bölgəyə Türkiyə sülhməramlılarının gəlməsinə izn verməyəcək. Onsuzda bölgədə Rusiya hərbçiləri var. Ermənistanda Rusiya hərbçiləri olmasa belə, Kreml Cənubi Qafqazda kifayət qədər ciddi faktordur".

"Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi yeganə haldır ki, Rusiya-Azərbaycan münasibətlərinə də xələl gətirir"

Bakı Politoloqlar Klubunun rəhbəri hesab edir ki, mövcud şəraitdə Türkiyə hərbçilərinin Azərbaycanın işğal edilmiş ərazilərində yerləşdirilməsi ilə bağlı səsləndirilən fikirlər tamamilə absurddur: "İndiki halda, yəni Suriya ətrafında vəziyyətin gərginləşməsindən sonra belə bir fikirlərlə çıxış etmək qeyri-məntiqi səslənir. Hər halda Ermənistan coğrafi mövqeyinə görə Rusiya üçün vacib ölkədir. Belə ki, Türkiyə ilə Asiyanın sərhədində, daha dəqiq desək, müsəlman və türk ölkələrinin qovuşmasında yerləşən Ermənistanın Rusiya üçün geocoğrafi əhəmiyyəti var. Dağlıq Qarabağ münaqişəsinin həll edilməsinə gəlincə, bu gün Rusiya-Azərbaycan münasibətləri Rusiya-Türkiyə münasibətlərindən qat-qat yaxşı vəziyyətdədir. Belə ki, Rusiya ilə Azərbaycan arasında qarşılıqlı anlaşma, bir-birini başa düşmə mövcuddur. Sadəcə olaraq, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi yeganə haldır ki, Rusiya-Azərbaycan münasibətlərinə də xələl gətirir. Odur ki, hər bir halda vəziyyətin dəyişməyəcəyi, istər Qərbin, istərsə də Rusiyanın status-kvonu saxlayacağı məlum məsələdir. Lakin təbii ki, region ətrafında baş verən beynəlxalq proseslər, geosiyasi vəziyyətin dəyişməsi mütləq şəkildə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin də yatmış haldan, laten fazadan yenidən açıq fazaya keçməsinə gətirib çıxaracaq. Düşünürəm ki, 2021-ci ildə təmas xəttində çox ciddi dəyişikliklər olacaq".

Vazeh BƏHRAMOĞLU, Hurriyyet.org