2021-ci ilin dövlət büdcəsi devalvasiyadan xəbər verir

855

Natiq Cəfərli: “Gələn il hökumət büdcə kəsrinin bir hissəsini maliyyələşdirmək üçün daxili borclanmaya gedəcək”

Qubad İbadoğlu: “Qeyri-neft sektorunun gəlirləri ən yaxşı halda cari xərclərin 64,7 faizinə bəs edəcək”

İlqar Məmmədov: “Artıq devalvasiyanın mümkünlüyünə dair daha konkret ehtimal qurmaq mümkündür”

Bugünlərdə 2021-ci il dövlət və icmal büdcənin layihələri ölkə başçısı tərəfindən parlamentə təqdim olunub. Qeyd edək ki, növbəti ilin dövlət büdcəsi layihəsinin əsas xüsusiyyətlərindən biri 2020-ci ildə erməni işğalçılarına qarşı zəfər qazandığımız Vətən müharibəsi nəticəsində işğaldan azad olunan ərazilərdə bərpa və yenidənqurma işlərinin aparılması, sosial-iqtisadi, enerji, kommunal, nəqliyyat infrastrukturunun yaradılması, öz doğma yurdlarına qayıdan vətəndaşlarımızın yaşayışı və işgüzar fəaliyyəti üçün şəraitin təşkil edilməsi kimi şərəfli və məsuliyyətli vəzifələrin icrası üçün maliyyə təminatının yaradılmasıdır.

Nəzərinizə çatdıraq ki, 2021-ci il icmal büdcəsinin gəlirləri 23828,1 milyon manat proqnozlaşdırılıb. Bu isə 2020-ci illə müqayisədə 1465,1 milyon manat və ya 6,6 faiz çoxdur. İcmal büdcənin xərcləri 31163,4 milyon manat olacaqdır ki, bu da 2020-ci illə müqayisədə 855,1 milyon manat və ya 2,8 faiz çoxdur. 2021-ci ilin icmal büdcəsinin kəsiri 7335,3 milyon manat təşkil etməklə 2020-ci illə müqayisədə 610,1 milyon manat və ya 7,7 faiz azdır. Kəsir proqnozlaşdırılan ÜDM-in 9,7 faizinə bərabər olacaqdır ki, bu da 2020-ci illə müqayisədə 1,4 faiz-bənd azdır. Gəlin ilin dövlət büdcəsinin gəlirləri isə 25427,0 milyon manat nəzərdə tutulur ki, bu da ÜDM-in 33,6 faizi həcmində olmaqla, 2020-ci ilin proqnozu ilə müqayisədə 1303,0 milyon manat və yaxud 5,4 faiz, 2019-cu ilin icra göstəriciləri ilə müqayisədə 1208,9 milyon manat və yaxud 5,0 faiz çoxdur. 2021-ci il dövlət büdcəsinin xərcləri 28543,0 milyon manat (ÜDM-də xüsusi çəkisi 37,7 faiz) proqnozlaşdırılır ki, bu da 2020-ci ilə nisbətən 1050,8 milyon manat və ya 3,8 faiz, 2019-cu ilin icra göstəriciləri ilə müqayisədə isə 4117,1 milyon manat və ya 16,9 faiz çoxdur. Növbəti ilin dövlət büdcəsinin xərclərinin strukturuna daxil olan cari xərclərə ümumi xərclərin 63,1 faizi həcmində və ya 18014,0 milyon manat , əsaslı xərclərə 29,2 faizi həcmində və ya 8330,3 milyon manat, dövlət borcuna xidmətlə bağlı xərclərə 7,7 faizi həcmində və ya 2198,8 milyon manat vəsait yönəldiləcəkdir.

Onu da bildirək ki, 2021-ci il üçün dövlət büdcəsinin sosialyönlü xərcləri (büdcə xərclərinin iqtisadi təsnifatına uyğun olaraq əməyin ödənişi, pensiya və müavinətlər, dərman, sarğı ləvazimatları və materiallarının, ərzaq məhsullarının alınması xərclərinin cəmi) 11111,9 milyon manat məbləğində proqnozlaşdırılıb ki, bu da 2020-ci illə müqayisədə 563,8 milyon manat və ya 5,3 faiz çoxdur. 2021-ci ildə dövlət büdcəsi kəsirinin yuxarı həddi 3116,0 milyon manat məbləğində nəzərdə tutulur. 2021-ci ildə dövlət büdcəsi kəsirinin ÜDM-ə nisbəti 4,1 faiz təşkil edəcəkdir ki, bu da 2020-ci illə müqayisədə 0,6 faiz-bənd azdır. Kəsirin maliyyələşdirilməsi özəlləşdirmədən daxilolmalar, daxili və xarici borclanma, 2021-ci ilin 1 yanvar tarixinə dövlət büdcəsinin vahid xəzinə hesabının qalığı hesabına həyata keçiriləcəkdir.

“2020-ci il kiçik-orta sahibkarları dizi üstə qoyub, onların özünə gəlməsi üçün böyük maliyyə dəstəyi lazımdır ki, o da 2021-ci il büdcəsində görünmür”

Beləliklə, “Hürriyyət“in məlumatına görə, mövzu ilə bağlı fikirlərini bölüşən Respublikaçı Alternativ Partiyasının (REAL) icra katibi, iqtisadçı ekspert Natiq Cəfərli isə 2021-ci ildə qeyri-neft sektoru üzrə dövlət büdcəsinin gəlirlərinin 11,851 milyard manat nəzərdə tutulduğunu vurğulayıb: “Məlumata görə, gəlirlərin 48,7%-ni və yaxud 5 674 milyon manatını vergi orqanlarının xətti ilə daxilolmalar, 33,5%-ni və yaxud 3 900 milyon manatını gömrük orqanlarının xətti ilə daxilolmalar, 7,6%-ni və yaxud 880 milyon manatını dövlət borcu və zəmanəti üzrə öhdəliklərin Təminat Fondundan transfert, 2,1 %-ni və ya 250 milyon manatını Azərbaycan Mərkəzi Bankının mənfəətindən ayırmalar, 8,1%-ni və yaxud 947 milyon manatını isə digər gəlirlər təşkil edəcək. Bu, proqnozdur, həyata keçməsi üçün iqtisadi aktivlik də bərpa olunmalıdır, bu isə çox çətin məsələdir. 2020-ci il kiçik-orta sahibkarları dizi üstə qoyub, onların özünə gəlməsi üçün böyük maliyyə dəstəyi lazımdır ki, o da 2021-ci il büdcəsində görünmür”. Neft Fondundan büdcəyə transfertin dəyişmədiyini deyən iqtisadçı ekspertin sözlərinə görə, bu, o deməkdir ki, büdcənin neftdən asılılığı azalmır, azalması üçün institusional heç bir ciddi addım atılmır: “Büdcə kəsrinin həcmini və başqa dolayı parametrləri nəzərə alsaq, 2021-ci il büdcəsindən devalvasiya “qoxusu” gəlir. Ola bilər ki, bu addımı bu il yox, gələn ilin fevral-mart aylarında atsınlar. Dövlət büdcəsindən işğaldan azad edilmiş ərazilərimiz üçün 2,2 mlrd manat vəsait ayrılacaq. Az məbləğ deyil, ictimai nəzarət, şəffaflıq olsa, xeyli iş görmək olar. 2021-ci ildə Azərbaycan büdcədən 2,2 mlrd. manat ayırıb xarici borc (o cümlədən 466,27 milyon manatı faiz ödənişləri) qaytaracaq. Gələn il büdcə kəsrinin bir hissəsini maliyyələşdirmək üçün Azərbaycan 2 milyard manatlıq dövlət istiqrazı yerləşdirməyi planlaşdırır. Bu da elə əlavə borclanmaq deməkdir”.

“Banklar yenə ancaq istehlak kreditinə yüklənəcəklər, biznes kreditləri yaddan çıxacaq, real iqtisadiyyata yatırım azalacaq”

REAL-ın icra katibi qeyd edib ki, istənilən ölkədə büdcə müzakirəsi ən vacib hadisə olur, maraq qrupları, lobbilər, siyasi təşkilatlar, partiyalar, QHT-lər aktiv şəkildə müzakirələrə qatılırlar: “Bizdə hökumətin ciddi büdcə müzakirəsinə marağı yoxdur. Bunu bildik, cəmiyyətin də marağını görmürük, əsas narahatlığı bu yaradır. Gələn il hökumət büdcə kəsrinin bir hissəsini maliyyələşdirmək üçün daxili borclanmaya gedəcək – 2 mlrd. daxildən borc yığmağı düşünür. Dövlətin borc kağızlarını kim alacaq? Banklar. Banklar 2 mlrd. manat istiqraza, bir xeyli manatla vəsait də dollar alıb-satmağa sərf edəcəksə, bəs krediti hansı vəsaitlə verəcək?! Deməli, yenə ancaq istehlak kreditinə yüklənəcəklər, biznes kreditləri yaddan çıxacaq, real iqtisadiyyata yatırım azalacaq. Banklar biznes krediti verməyəndə iş yerləri açılmır, iş yerləri açılmayanda iqtisadi artım zəifləyir, iqtisadi artım zəifləyəndə insanların alıcılıq qabiliyyəti düşür və kasıblıq artır. Ölkənin 2021-ci il büdcəsi iqtisadi modeli daha da primitivləşdirdi. Neft Fondundan 12,2 mlrd., neft sektorundan vergi kimi isə 1 mlrd. manatdan çox vəsait gəlir büdcəyə, bunun yarısı maaş-təqaüdlərə, yarısı təmir-tikintiyə gedir, maaş-təqaüdə gedən pul gedir marketlərlərə – marketlər vergi verir, adı da olur qeyri-neft sektorunun vergisi, eyni qaydada təmir-tikintiyə gedən pul müəyyən iqtisadi aktivklik yaradır, şirkətlər pul qazanıb ondan vergi verir. Onun da adını qeyri-neft sektorundan vergi daxil olması qoyurlar. Yəni, bizdə qeyri-neft sektorunun vergi daxil olmaları da neft “qoxur””

“Büdcəyə neft pulları transfert edilmədiyi halda qeyri-neft sektorunun hazırkı potensialı ilə ən vacib xərclərin hər 3 manatdan 1 manatı kəsirdə qalacaq”

“Hürriyyət” xəbər verir ki, uzun illərdir Azərbaycanda dövlət büdcəsinin daha çox neft pulları hesabına formalaşdığını deyən Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının sədri, ABŞ-ın Rutgers Universitetinin professoru Qubad İbadoğlunun fikrincə, neftsiz büdcəmiz dövlətin cari xərclərini belə, tam ödəmir: “Belə ki, 2021-ci ildə dövlət cari xərclərə ümumi xərclərin 63,1 faizi və ya 18,01 milyard manat vəsait ayrılacaq. Gələn il üzrə proqnozlaşdırılan dövlət büdcəsinin gəlirlərinin 45,8 faizi və ya 11,65 milyard manatı qeyri-neft sektorunun payına düşəcək. Beləliklə də qeyri-neft sektorunun gəlirləri ən yaxşı halda cari xərclərin 64,7 faizinə bəs edəcək. Bu isə o deməkdir ki, büdcəyə neft pulları transfert edilmədiyi halda qeyri-neft sektorunun hazırkı potensialı ilə ən vacib xərclərin (idarəetmə, əmək haqqı, sosial müavinət və sairə) hər 3 manatdan 1 manatı kəsirdə qalacaq. Bildiyiniz kimi, büdcə yalnız cari xərclərdən ibarət deyildir. Gələn ilin büdcəsinin 29,2 faizi və ya 8,3 milyard manatı əsaslı xərclərə, 7,7 faizi və ya 2,2 milyard manatı övlət borcuna xidmətlə bağlı xərclərə yönəldiləcəkdir. Başqa ölkələrlə müqayisəyə gəlincə, neft gəlirləri çıxılarkən büdcə mövqeyimiz xeyli zəifləyir”.

“Manatın məzənnəsinin ucuzlaşdırılacağı haqda çox ciddi və rəqəmlərə əsaslanan ehtimal qurmaq olar”

Respublikaçı Alternativ Partiyasının (REAL) sədri İlqar Məmmədov isə bu qənaətdədir ki, artıq devalvasiyanın mümkünlüyünə dair daha konkret ehtimal qurmaq mümkündür: “Dərc olunan büdcə layihəsi buna imkan verir. 2018-ci il avqustun 24-də prezidentin təsdiq etdiyi “Dövlət borcunun idarə edilməsinə dair orta və uzun müddət üçün Strategiya”ya əsasən, həm 2020, həm də 2021-ci ildə xarici borcun ödənilməsinə dövlət ildə 1.2 milyard dollar xərcləməlidir. 2020 və 2021-ci ilin büdcələrində bu məqsəd üçün müvafiq olaraq 1.6 milyard və 2.2 milyard manat nəzərdə tutulur. Aydındır ki, 2020-ci ildə 1.2 miyard dolları ödəmək üçün hökumətə 1.6 milyard manat lazım idisə, 2021-ci ildə buna 2.2 milyard manat lazım olacaqsa, deməli manatın məzənnəsinin ucuzlaşdırılacağı haqda çox ciddi və rəqəmlərə əsaslanan ehtimal qurmaq olar”.

Vazeh BƏHRAMOĞLU