2021-ci ildə dünyanı “çox isti qış” gözləyir…

711

Bölgədə ABŞ-Fransa-İran-Almaniya işbirliyinə qarşı Türkiyə-Rusiya-İsrail əməkdaşlığı müstəvisində mübarizə gedəcək

…rus birləşmələri Qarabağa doluşan terrorçu dəstələrin, Ermənistana bağlı olan hər bir erməni yaraqlısının Baydenin inaqurasiyasına kimi təmizlənməsi işini aparacaq, ardınca isə bölgəni Azərbaycan hərbçilərinə təhvil verəcək

Donald Trampın prezidentliyi dönəmində Rusiya–ABŞ rəqabəti görüntüsü yaradılmağa çalışıldığı kimsəyə sirr deyil. Lakin pərdə arxasında Vaşinqton mümkün olası ABŞ-Çin müharibəsində Rusiyanı müttəfiq kimi yanına almaq üçün Moskvanın dağılmasına qarşı idi. ABŞ Rusiyanın Çinin qarşısında dura biləcək qədər güclü, lakin Vaşinqtonun sözünə baxacaq qədər “ağıllı” ortaq olmasına üstünlük verirdi.

Seçkidə uduzdurulan Tampın yerinə gələn Baydenin, yəni artıq Ağ Evin siyasi kursu Rusiyanın parçalanmasına hesablanıb. Odur ki, üzərində “siyasi cərrahiyyə əməliyyatı” aparılacağını anlayan Moskva nicatının Ankaranın yanında səf almaqda olduğunu anlamışdır. Hansı ki, president Putin bir sıra problemlərin, o cümlədən Qarabağ məsələsinin həllində səssizliyini qorudu və regional münaqişələrin həllində Türkiyə ilə birgə addımlamağa qərar verdi.

Bir məqama diqqət yetirməliyik ki, hələ Obama zamanında ABŞ-siyasəti Türkiyəyə təzyiq üçün “kürd dövləti” kartından istifadə yönündə idi. Elə Ankaranı Rusiya və Çin ilə əməkdaşlığa itən faktorlardan biri də bu oldu. Amma iki dövlətin ən yaxın dostluq münasibətlərinin bir addım sonrakı fazası müharibədir. Bu arada, İkinci Dünya müharibəsini xatırlatmaq tam yerinə düşər. Stalin və Hitler bir-birinə hücum etməmək haqda müqavilə imzalanmasının ardından “gözlərini İkinci Dünya müharibəsində açdılar”. Ola bilər ki, Trampın Türkiyə siyasətinə əks olaraq, ABŞ dərin dövlətinin iç qatlarından Moskva və Ankaranı təkləyib, Çinə yaxınlaşdırmaq, gələcəkdə bu üç dövlətin tam yaxınlaşdığı anda təxribatla müharibəyə sürüklənməsi planları qururdu. Tramp xətti Pekini zərərsizləşdirmək üçün “bufer zona” kimi Çinin qarşısına Türk zolağını irəli sürürdü, Rusiya da Çinin qarşısının alınmasına xidmət edəcəkdi.

Bayden administrasiyası ikivariantlı planda – sanksiyalarla Rusiyanı Türkiyənin və Çinin ağuşuna atmaqla, mümkün müharibə masasında parçalanan Moskvanın yanına Türkiyəni də sürükləmək planını işə sala bilər. Bunun üçün ehtiyatda kifayət qədər təxribat planı var ki, bunlardan Türkiyədə rus səfirinin öldürülməsi, Suriya müharibəsində rus qırıcısının vurulması kimi variantlar artıq sınanıb. Ankara bir tərəfdən İngiltərə-Türkiyə layihəsi olan Türkiyənin Mərkəzi Asiyaya və keçmiş Osmanlı torpaqlarına genişlənməsi planı ilə böyüməkdədir. Hansı ki, artıq mediada “Birləşmiş Türk Ştatları” adı da gəzməkdədir. Üstəlik, türk ordusunun Suriyaya yeni əməliyyat üçün enəcəyi, orada Rusiya ilə razılaşacağına dair gümanlar da mövcuddur.

Bəlli ki, qarşılıqlı razılaşmalar ilə Suriya coğrafiyasında razılaşmaar Ankaranı təmin edəcək qədər ərazilərin onun nüfuz dairəsinə daxil olmasına gətirib çıxaracaq. Rusiya atom ölkəsi olsa da, iqtisadi baxımdan çöküş astanasındadır, Ankara ilə razılaşmaqdan başqa yolu yoxdur. Əlbəttə, hələlik güclü dövlət reputasiyasını görüntüdə də olsa saxlamaqla.

Prezident Ərdoğan isə keçmiş Osmanlı coğrafiyasını və Türküstanı islam-türk idealları üzərindən yenidən dizayn etməkdə, birləşdirməkdədir. Artıq kiçik milli dövlətlərin qloballaşma burulğanında sağ qalması mümkün deyil. Sağ qalmaq üçün dövlətlərin qlobal çətir altında birləşməsi hazırkı vəziyyətin diktə etdiyi zərurətdir və bu, qaçılmazdır.

Diqqətçəkicidir ki, ABŞ-ın İsrail ətrafında “Abraham Accord” razılaşması ilə birləşdirməyə çalışdığı, rəsmi Ankaranı tanımaq belə istəməyən ərəb dövlətlərindən Səudiyyə Ərəbistanı İzmir zəlzələsindən 8 gün sonra Türkiyəyə yardım göndərdi. Çünki yalnız qalacaqlarında parçalanıb, yox olacaqlarını anlayırlar. Bunun üçün keçmiş Osmanlıya geri dönüşün, Türkiyənin nüfuz dairəsinə girməyin onlara xilas yolu olduğunun fərqindədirlər. İsrailin bu ərəb ölkələrinə “lokomotiv rolu oynamaq” potensialı sadəcə yoxdur. İngiltərənin yanında yer alan yəhudi birliyi üçün plan Rusiya ərazisində ikinci yəhudi dövləti qurulması idi və bu Türkiyəyə də sərfəli idi. Bu plan baş tutsaydı, Rusiya ərazisində həmin dövlət qurulacaqdı, Fələstin isə Türkiyənin nüfuz dairəsinə qayıdacaqdı.

İsrail Trampın gedişindən sonra Bayden administrasiyasının onlara isti davranmayacağına şübhədən bəslənən narahatçılıqla Türkiyənin həm Yaxın Şərqə, həm Mərkəzi Asiyaya genişlənməsi ilə, bir tərəfdən Rusiya, bir tərəfdən qlobal dünyanın model dövləti Çinlə layihələrdə yer alan Ankaranın regional gücdən qlobal güc olmağa doğru addım-addım yürüdüyün görür. Əlbəttə, ABŞ-da çox güclü lobbisi olan İsrail hətta Bayden administrasiyası ilə məqsədlərinə nail olacaq qədər irəli gedə bilərsə də, ərazi baxımından Afrikada yerləşdiyinə görə, yaşam enerjisi almaq üçün Türkiyənin nüfuz dairəsinə tam daxil olacaq nəhəng məkandan qopa bilməz. Türkiyəyə yaxınlaşmaq, “Mavi Mərmərə” hadisəsindən sonra soyuqlaşan münasibətləri isitməyin ən optimal yolu bunu Azərbaycanın vasitəsilə etməkdir.

Yeri gəlmişkən, keçmiş kadrını seçki prosesindən prezident kimi çıxardan Barak Obama hələ Amerika siyasətindəki son sözünü demədiyinə inanır. Bunun Yaxın Şərq bölgəsi üçün böyük təsirləri ola bilər. Co Baydenin ABŞ-dakı prezident seçkilərindəki yeni başlayan qələbəsi İsrailin sol-mərkəzli siyasi qütb tərəfindən rahatlıq və ümidlə, sağçılar tərəfindən ümidsizlik və qorxu ilə qəbul edilir. Bu mərhələdə Baydenin İsraili və Baş nazir Benyamin Netanyahunun həqiqi dostu kimi təqdim etmək meyli var. Barak Obamanın vitse-prezidenti olan vaxtlarda Baydenin İsrailə qarşı mülayim münasibəti, Obamanın yəhudi dövlətinə soyuq münasibətini və xüsusilə də Netanyahuya qarşı uyuşmazlığını tarazlaşdırdı. Baydenə qarşı mübarizə aparanlar onun yaşı, mümkün zehni pozğunluğuna görə narahatdırlar.

20 yanvar 2021-ci ildə isə Bayden Ağ Evə girəndə İsrail müşahidəçiləri yeni prezidentin mahiyyətcə başqaları, başda Obama tərəfindən ipləri çəkilən kukla olduğu ssenarini izləməli olacaqlar. Keçmiş prezident keçmiş müavinini “fövqəladə prezident” adlandırdı və Bayden özünü Obamanın ortağı etdi. Bu ABŞ-ın İranın nüvə sazişinə qayıtmasına, İsrail-Fələstin problemində dönüş yaratmasına və İsrail-Körfəz münasibətlərinin təcili dayanmasına səbəb ola biləcəyindən, Yaxın Şərq üçün əhəmiyyətli təsirləri ola bilər. Keçmiş prezidentin Netanyahu ilə “hesabı” açıq qalır, çünki İsrail Baş naziri Obamanın flaqmanı olan Yaxın Şərq siyasətinin iki məqamını pozmaq üçün əlindən gələni etdi: İranla nüvə anlaşması və ikidövlətli həll. Odur ki, ABŞ və İsrail arasındakı xüsusi münasibətlərin əbədiliyinə inananlar xoşagəlməz sürprizlə qarşılaşa bilər. Demokratik Partiya əvvəlkindən çox radikal solçuların təsiri altındadır və bu dəyişiklik ABŞ-ın Yaxın Şərq siyasətinə təsir edə bilər.

Ruisya və Ukrayna ərazilərindən bir qismini də içinə çəkəcək yeni İsrail dövlətinin qarşısını alan bu ərazilərdə məskunlaşan, yəhudilərin bir qolu olan sefaradlardır. İranda da yaşayan və çox güclü olan sefaradlar İsrail dövlətinin qurucuları olan aşkenazlarla bir-birinə düşmən mövqedədirlər. Ola bilər ki, İrana qarşı sərgilənən qısqanclığın, onu cəzalandırmaq istəyinin altında da məhz bu səbəb yatır. İngiltərənin yanında yer alan yəhudi faktoru Türkiyənin istədiyi kimi İsrail dövlətinin yerləşdiyi əraziləri Rusiyanın ərazisində qurulacaq yeni dövlətlə dəyişməsinin əlamətlərinə rast gələcəyik. Hansı səbəbdən? Türkiyə həm də islam dünyasının lideri olduğu və bir vaxtlar Osmanlıya daxil olan ərazilərin içində Fələstin də var. Türkiyənin bunu arzulamaması real deyil. Ən azından islam aləminin müqəddəs məkanı olan Qüds şəhəri Ankaraya qayıtmalıdır ki, şübhəsiz, bu halda razılaşma baş tutacaq.

Rusiya ərazisində planları cızılan yeni İsrail dövlətinin həyata vəsiqə qazanmasına “yaşıl işıq” yandırmayan qüvvələrdən biri də İran, safarid yəhudiləridir ki, indiki yerləşdiyi ərazidən Rusiyaya, Azərbaycanla şimaldan qonşuluğa, dolayısı ilə İranla da qonşuluğa İsrail dövlətinin köçürülməsinə heç isti yanaşmırlar. Bu, baş verərsə, indiki İsrail ərazisi tam Türkiyə-Yeni Osmanlı nüfuz dairəsinə keçid edəcək. Türkiyə 3 ekolun – Roma İmperiyası, Osmanlı İmperiyası və Turan Birliyinin sahibi və varisidir.

Son günlər gündəmdən düşməyən digər məsələ rus ordusunun Qarabağa yeridilməsidir. Yeni tarixdə içinə sıxışdırılan Rusiya sərhədlərinə Avropadan yaxınlaşan ABŞ, digər tərəfdən Çinlə mühasirəyə alınır. Çıxış yolu Türkiyəyə, türk-islam xalqlarına söykənmədir. Qarabağda müharibəni yekunlaşdıran sülh bəyannaməsindən sonra Ermənistanın xarici işlər naziri Z.Mnatskanyanın bəyanatından bəlli oldu ki, Rusiyanın vasitəçiliyi ilə Azərbaycan və Ermənistan liderlərinin imzaladığı bəyanat əhəmiyyətli sənəd sayıla bilməz: “Dağlıq Qarabağda sülh prosesi ilə bağlı bütün məsələlər yalnız ATƏT-in Minsk qrupunun həmsədrliyi çərçivəsində müzakirə edilməlidir və Qarabağ ermənilərinin maraqları məhz bu formatda tam nəzərə alınacaqdır”.

Mnatsakanyan vurğulayıb ki, “bu bəyanat atəşkəs rejiminin yaradılmasına, sülhməramlıların Qarabağda yerləşdirilməsinə yönəlib. Bu, Dağlıq Qarabağ münaqişəsinin hərtərəfli həlli sayıla bilməz“. Ermənistan XİN-in məlumatına görə, xarici işlər naziri və ATƏT-in Minsk Qrupuna həmsədrlik edən ölkələrin yüksək vəzifəli nümayəndələri Azərbaycanın Qarabağda başladığı müharibənin planlaşdırılmasında, qurulmasında və aparılmasında Türkiyənin də roluna toxunublar. Mnatsakanyan Ankaranın bu istiqamətdə atdığı bütün addımların əksinə olaraq, Qarabağda aparılan sülhməramlı əməliyyatlarda Türkiyənin hər hansı bir rolunun olmayacağını vurğulayıb.

Ermənistan XİN başçısının sözlərinə görə, “beynəlxalq birlik dərhal Türkiyə-Azərbaycan təcavüzü nəticəsində yaranmış DQR-də humanitar böhranın həlli üçün addımlar atmalıdır”.

İddia edilir ki, həmsöhbətlər ATƏT-in Minsk Qrupu həmsədrlərinin beynəlxalq vasitəçilik mandatına malik yeganə format kimi fəaliyyətinin davamlılığının təmin edilməsinin zəruriliyini vurğulayıblar. Xarici işlər naziri prioritet kimi “DQR”-in statusuna və Qarabağ ermənilərinin tam təhlükəsizliyinə zəmanət verilməsinin zəruriliyini dilə gətirib.

Maraqlıdır ki, Dağlıq Qarabağın ermənilər olan nöqtələrində məhz rus sülhməramlılarının olmasına baxmayaraq, erməni nazir bunun qənaətbəxş olmadığını bildirir. Təsəvvür edin ki, bölgədəki erməni hərbi dəstələrinin rus sülhməramlıları yox, türk sülhməramlıları çıxarsaydı, vəziyyət necə olacaqdı. Bu, həm də Fransız və ABŞ hərbi kontingentinin ATƏT adı altında hərbi müdaxiləsinə yol açardı. Bəhanə isə hazır idi – Ermənistan rəsmən Fransa və ABŞ-dan hərbi müdaxilə istəyə bilərdi. Görünür, indi ifadə olunan narazılıq da qeyri-qənaətbəxş vəziyyətin ABŞ-ın yeni prezidenti Baydenin inaqurasiyasına kimi uzadılmasına və hərbi müdaxilənin də bu zaman gerçəkləşməsinə hesablanırdı. Nəzərə alsaq ki, ABŞ-ın Rusiyaya və Baydenin erməni lobbisinə münasibəti necədir, ATƏT-in sülh yaratma missiyasını bəhanə edib, bölgəyə müdaxilə də real ola bilər.

İndiki mərhələdə Rusiya və Türkiyəyə qarşı ABŞ-Fransa işbirliyi realdır. Türkiyə Rusiya ilə birgə sülhməramlı adı ilə bölgəyə yalnız belə girə bilərdi. Biz ATƏT-in missiyasını bitmiş hesab etsək də, nə Fransa, nə ABŞ, nə Ermənistan-Paşinyan istisna olmaqla- belə hesab etmirlər. Rusiya-Türkiyə birgə missiyasının təxirəsalınmaz addımı erməni silahlılarını bölgədən təmizləməkdir. ABŞ və Fransaya bəhanə verilməməlidir. Rusiya XİN naziri Lavrovun ABŞ və Fransa ilə Moskvada Qarabağ müzakirəsi aparmaları da Putin tərəfindən cavablanacaq, Lavrov tərəfindən deyil.

Son nəticədə Rusiya bölgədən keçən iqtisadi layihələri “əlininin tərsi ilə itməyəcək” və bunlardan yararlanmaq üçün Türkiyə ilə razılaşacaq. Mətbuatda yayımlanan göstəricilərə görə, Rusiyada ÜDM üçüncü rübdə keçən ilin eyni dövrünə nisbətən 3,6 faiz azaldı. İkinci rübdə iqtisadiyyatda daralma 8 faiz oldu. İlk 1/4-də (rübdə) 1,6 faiz böyümə təmin edildi. Analitiklər üçüncü rübdə ÜDM-nin 4,5 faiz azalacağını proqnozlaşdırdılar. Rusiya İqtisadiyyat Nazirliyi 2020-ci ilin tamamında ÜDM-nin 3,9 faiz azalacağını gözləyir. Həmçinin, Rusiyaya tətbiq olunan sanksiyalar effektinin verməkdədir. Bu il ilk dəfə beynəlxalq bazarlardan borc almağa başlayan Rusiya, iki avro istiqrazı ilə 2 milyard borc aldı.

İxrac etdiyi avrobondlara olan tələbin 60 faizinin xarici investorlardan gəldiyini ifadə edən Rusiya Maliyyə Nazirliyi, 1,125 faiz ilə 7 illik avrobond emissiyası ilə 7590 milyon avro və 1,85 faizlə 12 illik 1,25 milyard avro borc aldığını bildirdi (https://www.dunya.com/kuresel-ekonomi/rusya-3uncu-ceyrekte-beklentilerin-altinda-daraldi-haberi-600084). Rəqəmlərə baxsaq, Rusiyanın sürətlə çöküşə getdiyi məlum olur. Buna görə də düşünürəm ki, Türkiyə ATƏT adı altında ABŞ və Fransa birliyinin Qarabağa çökməsinin qarşısını oyun quraraq, elə ATƏT-i təmsil edən Rusiyanı Qarabağa endirməklə aldı. Həm də Rusiya reputasiyasını qorudu. Gərəkirsə Rusiyanın əli ilə erməni silahları Qarabağdan təmizlənəcək, Ermənistanın da taleyini Türkiyə-Rusiya həll edəcək. Rusiyanın – Putinin özü də ən böyük səfirliyi İrəvanın ərazisində olan ABŞ-ın hərbi formada Ermənistanda təmsil olunmasının qəti şəkildə əleyhinədir. O cümlədən də Fransa da. Məhz bu səbəbdən, təcili şəkildə rus birləşmələri Qarabağa doluşan terrorçu dəstələrin, Ermənistana bağlı olan hər bir erməni yaraqlısının Baydenin inaqurasiyasına kimi təmizlənməsi işini aparacaq, ardınca isə bölgəni Azərbaycan hərbçilərinə təhvil verəcək.

Naxçıvan koridoruna gəldikdə isə, yalnız bir magistral zolağından ibarət yol kifayət deyil. Koridorun hazırda Ermənistanda olan Zəngəzurdan keçməsi ermənilər, yaxud Ermənistandakı hansısa qüvvələr tərəfindən hücuma məruz qalmayacağına zəmanət yoxdur. Zəngəzurun da Ermənistana açılan təzminat məsələsi əsasında Azərbaycanın suverenliyinə qaytarılaması koridorun təhlükəsizliyi üçün olmazsa-olmazdır. Türkiyənin qulağının dibində – Yunansıtanda, Egey dənizindəkI adalarda hərbi bazalar quran ABŞ-ın yaxın gələcəkdə ABŞ-Fransa siması ilə Ermənistanda kök salmaması – Türkiyə -Rusiyaya qarşı- hərbi dayaq nöqtəsi yarada bilməməsi üçün Ermənistanın ya Türkiyə-Rusiya arasında bölünməsi, ya da Türkiyənin protektoratlığına verilməsinin masaya gələcəyini düşünürəm. Bölgədə ABŞ-Fransa-İran-Almaniya işbirliyinə qarşı Türkiyə-Rusiya-İsrail əməkdaşlığı müstəvisində mübarizə gedəcək. ABŞ-İran əməkdaşlığı Baydenlə yenidən aktivləşəcək. Qış soyuq fəsil olmasına baxmayaraq, hər zamankından fərqli olaraq 2021-ci ildə “çox isti qış” bizi gözləyir…

Ülviyyə ŞÜKÜROVA