“2021-ci il korrupsiya ilə mübarizə ili elan edilməlidir” – QUBAD İBADOĞLU

723

Qarabağda zəfər qazanan Azərbaycanın korrupsiyaya məğlub olmasına yol verməyə haqqımız çatmır”

“Yola saldığımız ildə itkilərimiz çox olsa da, qazanclarımız da vardır. Ən böyük qazancımız uzun illər işğal altında olan torpaqlarımızın xilaskar ordumuz tərəfindən azad edilməsidir. Bununla da 2020-ci il Azərbaycanın 7 rayonunun və Şuşa şəhərinin, eləcə də Hadrut qəsəbəsinin işğal tarixlərinin sonuncu ili kimi yaddaşlara həkk olundu”. Hurriyyet.org xəbər verir ki, bunu Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının sədri, ABŞ-ın Rutgers Universitetinin professoru Qubad İbadoğlu deyib.

Bunun yaxşı başlanğıc olduğunu vurğulayan ADR Hərəkatının sözlərinə görə, uğurlarımızı çoxaltmaq üçün mübarizəmizi davam etdirməli, arxayınlaşmamalıyıq: “Hesab edirəm ki, Azərbaycanın ərazi bütövlüyünü təminindən sonra ən böyük problemi korrupsiyadır. Korrupsiya ölkəni, iqtisadiyyatı, ən başlıcası da insanları inkişafdan saxlayır, gəlirlərin və sərvətlərin ədalətsiz bölgüsünə, yoxsulluğa və işsizliyə şərait yaradır. Bir neçə ildir ki, korrupsiya ilə qarşılaşmıram, ona görə də özümü ABŞ-da çox rahat və təhlükəsiz hiss edirəm. İnanıram ki, Azərbaycanı da korrupsiyadan xilas etsək, hər kəsin firavan və təhlükəsiz həyatına nail ola biləcəyik. Qarşıdan yeni il gəlir. Fikrimcə, 2021-ci il korrupsiya ilə mübarizə ili elan edilməlidir. 2020-ci ildə müzəffər ordumuz Qarabağı ermənilərdən azad etdiyi kimi 2021-ci ildə də bizlər Azərbaycanı korrupsionerlərdən xilas etməliyik. Gəlin, 2021-ci ili korrupsiyaya qarşı müharibə ili elan edək. Unutmayın ki, bu inkişafımız üçün son şansımızdır. Qarabağda zəfər qazanan Azərbaycanın korrupsiyaya məğlub olmasına yol verməyə haqqımız çatmır”.

Vazeh BƏHRAMOĞLU, Hurriyyet.org