2021-ci il Azərbaycan iqtisadiyyatı üçün nə vəd edir? – PROQNOZ

660

Dünyanı ağuşuna alan koronavirus hökumətlərin qərar qəbulunda çevikliyini, siyasətçiləri və iqtisadiyyatı sınağa çəkir.

Bəs, 2020-ci ildə iqtisadi çətinliklərlə üzləşən Azərbaycanın 2021-ci iqtisadiyyatı üçün nə vəd olunur?

“Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsi haqqında” qanun layihəsi barədə (birinci oxunuş) danışan maliyyə naziri Samir Şərifov bildirib ki, sona çatan 2020-ci il Azərbaycan tarixində müstəsna il kimi qalacaq. Çünki 2020-ci ildə Azərbaycan Ordusu Ermənistanın hərbi təcavüzünə son qoyub. Bu şanlı zəfərin təmin olunması üçün həyatlarını qurban vermiş şəhidləri böyük ehtiramla anırıq. Onların uğrunda şəhid olduqları vətən torpaqlarının yenidən qurulması bu gün qarşımızda duran ən ümdə məsələdir.  Bu məqsədlə gələn ilin dövlət büdcəsindən 2,2 milyard manat vəsait ayrılması nəzərdə tutulub. 

Nazir bildirib ki, ordumuza da əlavə vəsaitin ayrılması nəzərdə tutulur. Ümumilikdə, müdafiə xərclərinin cəmi 4,6 milyard manata yaxınlaşır. 

Nazir diqqətə çatdırıb ki, 2020-ci ildə pandemiyanın insanlara təsirinin ardan qaldırılması üçün genişmiqyaslı tədbirlər həyata keçirilib. 2021-ci ildə də işğaldan azad olunmuş ərazilərimizdə həyata keçiriləcək mühüm işlər var. 

Nəzərinizə çatdıraq ki. 2021-ci ildə dövlət büdcəsinin gəlirləri 24 milyard 327 milyon manat məbləğində proqnozlaşdırılır.

Mövzuyla bağlı iqtisadçı-eksperti Razi Abasbəyli Hurriyyet.org-a açıqlamasında bildirib ki, ən azı 2021-ci ilin birinci yarısına kimi ölkəmiz üçün ürəkaçan iqtisadi mənzərənin olmayacağını deyib:

“Əslində, Azərbaycanın 2021-ci il üçün qəbul edilmiş dövlət büdcəsinin təsnifatına diqqət edəndə bəzi suallar ortaya çıxır. Çünki, faktiki olaraq bu gün Azərbaycan neftinin qiymətinin müəyyən edilməsi fonunda bu məsələ bir az tərəddüdlər yaradır. Bilirsiniz ki, neftin qiymətinin hansı həddə olacağı ilə bağlı dünya səviyyəsində müzakirələr aparılır. Hazırda, Böyük Britaniyada  pandemiyanın ikinci dalğasının olacağı ilə bağlı məlumatlar var. Bir sıra ölkələrdə məhudiyyətlər həyata keçirilir. Eyni zamanda, ölkələrdə hava nəqliyyatı dayanmış vəziyyətdədir. Azərbaycan neftinin də əsasən hava nəqliyyatında istifadə edilməsini nəzərə alsaq, neftin qiymətinin aşağı olacağını proqnozlaşdırmaq olar. Bundan başqa, bir sıra ölkələr arasında iqtisadi münasibətlərin bərpa edilməsi və yenidən formalaşması üçün müəyyən qədər zaman alacaq. Əlbəttə ki, bu hərəkətsizliyin bərpa edilməsi ilə bağlı hələki, nikbin proqnozlar ortalıqda deyil. Nikbin proqnozlar olmadığına görə, neftin də qiyməti yüksək olmayacaq. Faktiki olaraq, Azərbaycanın 2021-ci il üçün büdcə xərcləri 12 milyard dollardır. Gəlirləri isə 7 milyard dollardır. Ortalıqda 5 milyard dollarlıq kəsr meydana gəlir. 5 milyard dolların hansı gəlirlər hesabına bərpa ediləcəyi sual altındadır. Neft fonduna transferlərlə bağlı da bir sıra tərəddülər var. Düşünürəm ki, ölkəmizin qeyri-neft sektorunun vəziyyəti ağırdır. Bu sektordan proqnozlaşdırılan gəlirlər ötən ilin sonunda aşağı salınıb. Böyük ehtimalla, bu ilin sonunda da aşağı salınacaq. Hətta, Gömrük Komitəsinin üzərinə qoyulmuş plan səviyyəsi 4-7 faiz həcmində aşağı salınıb. Proqnozlara əsasən deyə bilərik ki, 2021-ci il Azərbaycan iqtisadiyyatı üçün çətin il ola bilər. Dövlətin xərcləri kifayət qədər yüksəkdir və daha da arta bilər. Pandemiya dövründə təkcə iqtisadiyyat dayanmır, eyni zamanda müəyyən qədər də olsa vətəndaşlara sosial yardımlar göstərilir. Bundan başqa, müharibədən çıxmış dövlət olaraq bərpa-təmir işləri, azad olunmuş ərazilərdə yenidənqurma işləri və məskunlaşmanın həyata keçirilməsi üçün böyük vəsaitlər tələb olunur. Allah şəhidlərimizə rəhmət eləsin. Şəhid ailələrinə qayğı göstərilməsi qanunvericilikdə nəzərdə tutulub. Onların həm sosial təminatı, işlə təmin edilmələri, mənzil şəraitlərinin yaxşılaşdırılması – bütün bunlar kifayət qədər vəsait tələb edir. Şəhid ailələrinin mənzil şəraitləri ən qısa zamanda həllini tapmalıdır. Bunlar təxirə salınacaq xərclər deyil. Dövlət tez bir zamanda bunları həyata keçirməlidir. Güman edirəm ki, bütün bu xərcləri nəzərə alanda ən azı 2021-ci ilin birinci yarısına kimi ölkəmiz üçün ürəkaçan iqtisadi mənzərənin olmayacağına əsas verir”.

YƏHYA