“2020-ci ilin tarixə Rusiyanın mühakimə və çöküş ili kimi düşəcəyinə heç bir şübhə ola bilməz” – XAQANİ CƏFƏRLİ

210

“Bütün bu məhkəmə prosesləri Rusiyanın residivist dövlət imicini yaratmaqla bərabər çox ağır siyasi, hüquqi, iqtisadi və mənəvi nəticələr doğuracaq”

“Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev “Arqumentı i faktı” nəşrinə müsahibəsində Qərbi rəngli inqilab hazırlamaqda ittiham edib. Patruşevin sözlərinə görə, Qərbin aparıcı siyasi texnoloqlarının bütün diqqəti Rusiya üzərində cəmləşib, bu fəaliyyəti isə Dövlət Departamenti, Beynəlxalq İnkişaf Agentliyi, Xarici Əlaqələr Şurası və nüfuzlu qeyri-hökumət təşkilatları əlaqələndirir”. Hurriyyet.org xəbər verir ki, bu fikirlər politoloq Xaqani Cəfərliyə məxsusdur.

Rusiyadakı avtoritar rejimin boz kardinalı, postsovet məkanında demokratikləşmə proseslərinin qarşısının alınmasında əsas yönəldici şəxs olan Patruşevin narahatlığının səbəblərinə toxunan politoloq qeyd edib ki, ABŞ Respublikaçılar Partiyasının Konqresdəki təmsilçilərindən 150 nəfərin daxil olduğu Respublika Tədqiqat Komitəsinin hazırladığı 120 səhifəlik “Amerikanın güclənməsi və Qlobal Təhdidlərə Qarşı Mübarizə” adlı hesabatda Rusiyanın terroru maliyyələşdirən dövlət kimi tanınması təklif edilir: “Konqresə təqdim olunan hesabatda Amerikanın daha təcavüzkar qlobal düşmənlərinin qarşısının alınması üçün Rusiyanın terroru maliyyələşdirən dövlət kimi tanınmasından əlavə daha 140 təklif yer alıb. Hesabat müəllifləri Rusiyanın SWIFT bank sistemindən kənarlaşdırılmasını, neft-qaz layihələrinin həyata keçirilməsində yer alan şirkətlərə, keçmiş sovet respublikalarında Kreml sahibinin təbliğatını aparanlara və ABŞ tərəfdaşlarına qarşı çıxış edənlərə, o cümlədən Gürcüstanın keçmiş baş naziri Bidzina İvanişvili və Ukraynada Putinin ən yaxın adamı hesab olunan Viktor Medvedçuka sanksiya tətbiq edilməsini, Kremllə əlaqəli oliqarxlarla bağlı hesabat hazırlamaq barədə Dövlət Departamentinə göstəriş verilməsini təklif edirlər. Bu hesabatın qəbul olunacağı və qaninvericilik aktına çevriləcəyi ehtimalı çox yüksəkdir. Əgər bu hesabat qanunvericilik aktına çevrilərsə Rusiyanı necə bir fəlakətli günlər gözlədiyini təsvir etmək çətin deyil. Ancaq bu hesabat qanunvericilik aktına çevrilməsə belə, 2020-ci ilin tarixə Rusiyanın mühakimə və çöküş ili kimi düşəcəyinə heç bir şübhə ola bilməz. Şərti adı Haaqa Məhkəməsi olan BMT-nin ali məhkəmə orqanı Beynəlxalq Ədalət Məhkəməsi Ukraynanın Rusiyaya qarşı iddiasını icraata qəbul edib. Rusiyanı Ukrayna ərazisində terror aktları törətməkdə ittiham edən məhkəmə iddiasını rəsmi Kiyev 2017-ci ilin yanvarında qaldırmışdı. Ümumilikdə 17500 səhifədən, 29 cilddən ibarət məhkəmə iddasında Kiyev Moskvanı Ukrayna ərazsində bir sıra terror aktlarının həyata keçirilməsində iştirakda ittiham edir. 90 kq çəkisi olan məhkəmə iddiasında Kiyev Beynəlxalq Ədalət Məhkəməsindən Ukrayna ərazisində terror aktı törətmiş və ya törədənləri müdafiə edən bütün silahlı birlərşmələrin ölkə ərazsindən dərhal çıxarılmasının təmin edilməsi, terrorizmi maliyyələşdirməkdə ittiham etdiyi Sergey Şoyqu, Vladimir Jirinovski, Sergey Mironov və Gennadi Zyüqanovun cinayət təqibinə başlanılması, eləcə də MH17 sərnişin təyyarəsinin məhv edilməsi başda olmaqla bütün terror aktlarına görə kompensasiyanın ödənilməsi öz əksini tapıb”.

Xaqani Cəfərli bildirib ki, 2017-ci ilin yanvarında rəsmi adı “Ukrayna Rusiyaya qarşı” məhkəmə iddiası qaldırıldığı zaman əksəriyyət bu iddianın icrata qəbul olunacağına inanmırdı, ancaq bu gözləntilərin əksinə olaraq Putin Rusiyası artıq Haaqa Məhkəməsində terrorizmi maliyyələşdirmək iddaisı üzrə qaldırılan məhkəmə prosesinə cəlb olunub: “Haaqa Məhkəməsinin qərarlarının məcburi icraat mexanizmi olmasa da bu məhkəmə prosesinin Rusiyanın onsuz da bərbad olan imicinə ölümcül zərbə vuracağı, siyasi, iqtisadi və mədəni təcridini dərinləşdirəcəyi şəksizdir. Ukraynanın Rusiyaya qarşı iddiası əsasında başlayacaq məhkəmə prosesindən başqa Moskva Haaqada daha bir məhkəmə prosesində ittiham olunacaq. Söhbət 2014-cü ildə 298 nəfər ölmünə səbəb olan “Malaysia Airlines”ə məxsus MH17 sərnişin təyyarəsinin Ukrayna səmasında vurulması ilə bağlı məhkəmə prosesinin başlamasından gedir. Məlum olduğu kimi, 17 iyul 2014-cü ildə Amsterdamdan Kuala-Lumpura uçan, göyərtisində 10 ölkədən olan 298 nəfərin olduğu Boeing təyyarəsi rusiyayönümlü separatçıların nəzarəti altında olan Donetsk vilayətinin səmasında vuruldu. Bundan sonra 298 nəfərin ölümünə səbəb olan bu olayın araşdırılması üçün Avstraliya, Belçika, Niderland, Ukrayna və Malaysianın təmsilçilərindən ibarət birgə beynəlxalq istintaq qrupu yaradıldı. Rusiya ilk gündən bu istintaq qrupunun fəaliyyətini əngəlləməyə və qarşısını almağa çalışsa da, sonda istəyinə nail ola bilmədi. Beynəlxalq İstintaq Qrupu isə uzun müddətli araşdırmalardan sərnişin təyyarəsinin Rusiya silahlı qüvvələrinə aid 53-ü zenit-raket briqadasına məxsus “BUK” zenit-raket kompleksindən atılan raketlə vurulduğunu müəyyən edərək 298 nəfərin ölümünə səbəb olduğuna görə Rusiya vətəndaşları İqor Qirkin (Strelkov), Sergey Dubinski, Oleq Pulatov və Ukrayna vətəndaşı Leonid Xarçenkoya ittiham irəli sürüb. Haqqa dairə məhkəməsində bu ittihamın araşdırılması üzə məhkəmə prosesinin ilk mərhələsi bu ayın 8-də başladı. Məhkəmə prosesinin iyulun 3-nə kimi davam edəcək birinci mərhələsi hazırlıq xarakteri daşıyacaq. İttihamın mahiyyəti üzə ikinci mərhələnin avqustun 31-də başlayacağı və noyabrın 13-nə kimi davam edəcəyi nəzərdə tutulub. Müşahidəçilər bu məhkəmə prosesinin Rusiyanın mühakimə prosesi kimi dəyərləndirirlər. Çünki Beynəlxalq İstintaq Qrupu “BUK” zenit-raket kompleksinin Rusiya ərazsiindən Ukrayna ərazisinə rəsmi Moskvanın razılığı olmadan keçirilməsini istisna edir. Aydın görünür ki, 298 nəfəri ölümünə görə cinayət ittihamı bir neçə nəfərə verilsə də, siyasi-mənəvi ittiham Rusiyaya yönəlib”.

Politoloqun sözlərinə görə, YUKOS neft şirkətinin səhmdarlarının Rusiyaya qarşı irəli sürdükləri iddia üzrə də məhkəmə prosesi isə sonuncu mərhələsindədir: “Bu ilin fevralında Niderland Dövlət Apellyasiya Məhkəməsi Moskvanın etirazlarını rədd edərək Haaqa Beynəlxalq Arbitraj Məhkəməsinin YUKOS neft şirkətinin səhmdarlarının Rusiyaya qarşı 50 milyard dollarlıq iddiasını təmin edən üç qərarını qüvvədə saxladı. Rusiya məhkəmənin bu qərarını Niderland Ali Məhkəməsinə daşımaq və milli qanunvericiliyi dəyişməklə 50 milyard dolları ödəməkdən yayınmağa çalışır. Ancaq YUKOS-un səhmdarları da geri çəkilmək niyyətində deyillər. Onlar 1958-ci il Nyu-York konvensiyasına istinad edərək Rusiyanın xaricdəki mal və mülkünün müsadirə olunmasına nail olmaq niyyətindədirlər. Qeyd edək ki, söhbət 1958-ci ildə Nyu-Yorkda qəbul edilmiş BMT-nin Beynəlxalq Ticarət Komissiaysı tərəfindən qəbul olunmuş Xarici arbitraj qərarlarının tanınma və məcburetmə Konvensiyasından gedir. Bu Konvensiya YUKOS-un səhmdarlarına bütün dünya boyu Rusiyanın mal-mülkünə qarşı iddia qaldırmaq və müsadirə etdirmək imkanı verir. Moskvada bir çoxları YUKOS-un səhmdarları ilə anlaşmanın yaranmış vəziyyətdən yeganə çıxış yolu hesab edirlər. Bundan başqa, Rusiyanın adı Avropada Rusiya Baş Kəşfiyyat İdarəsinin (hazırda Baş Qərargahın Baş İdarəsi adlanır) xəfiyyələri tərəfindən həyata keçirilmiş bir neçə sui-qəsd hadisələri ilə bağlı istintaq işlərində də hallanacaq. Xüsusilə Londonda Rusiya xüsusi xidmət orqanlarının keçmiş zabiti Sergey Skripalın və qızının zəhlənməsi, bu olay nəticəsində bir nəhər Birləşmiş Krallıq vətəndaşının ölməsi faktı ilə bağlı istintaq yekunlşmaq üzrədir. Məlum olduğu kimi bu sui-qəsdlərin Rusiya BKİ-nin xəfiyyələri Aleksandr Petrov və Ruslan Boşirovun tərətdiyi irəli bağlı Skotland Yard polis qərargahının əlində təkzibedilməz sübutlar var. Qərb mediasında yer alan məlumatlara görə, Skotland Yardın əlində bu sui-qəsdlərin Rusiya hakim dairələrinin dayandığı ilə bağlı məlumatlar da var. Bu və digət sui-qəsdlərlə bağlı istintaq işlərinin məhkəmə salonlarına daşınaraq Rusiyanın məhkəmə proseslərinə cəlb olunacağı gün çox yaxındır. Rusiyanın qaz nəhəngi “Qazprom” şirkəti ötən ilin dekbarında Ukraynanın “Naftoqaz” şirkəti ilə Stokholm Beynəlxalq Arbitraj Məhkəməsində mübahisəni uduzdub Ukraynan tərəfinən təxminin 3 milyard dollar ödəmək məcburiyyətində qaldı. İndi isə məlum olur ki, Polşa da “Qazprom”a qarşı Stokholm Beynəlxalq Arbitraj Məhkəməsində dava açmağa hazırlaşır. Türkiyənin də eyni yolla gedəcəyi istisna edilmir. Hazırda Türkiyənin “Qazprom”a 2 milyard dollar borcu yaranıb və Ankara bunu ödəmək istəmir. Hətta Ankara “Qazprom”dan kompensasiya ala biləcəyini də düşünür. Rusiya hakimiyyətinin iki önəmli təmsilçisi, xarici işlər naziri Sergey Lavrov və müdafiə naziri Sergey Şoyqunun Türkiyəyə rəsmi səfərlərinin son anda təxrə salınmasının səbəblərindən biri də budur. Bütün bu məhkəmə prosesləri Rusiyanın residivist dövlət imicini yaratmaqla bərabər çox ağır siyasi, hüquqi, iqtisadi və mənəvi nəticələr doğuracaq”.

Vazeh BƏHRAMOĞLU, Hurriyyet.org