“2015-ci ilin “yaraları” hələ də “sağalmayıb” – AZƏR MEHTİYEV

45

“Sərbəst məzənnəyə keçid mümkün deyildisə, “dırmığın” yoldan götürülməsi vacibdir”

“Dırmıq effekti” yaxud neftin qiymətinin yaratdığı panikanı aradan qaldırmaq olarmı? Məsəl var, deyirlər ki, atalar üçdən deyib. Azərbaycanın böyük həcmlərdə neft ixracına başlamasından bəri bu, artıq üçüncü dəfədir ki, ölkəmiz neft qiymətlərinin kəskin ucuzlaşması ilə üzləşib: 2008-ci ilin ikinci yarısında, 2014-cü ilin ikinci yarısında və indi (təqribən hər 4-5 ildən bir dəfə olmaqla)”. Hurriyyet.org xəbər verir ki, bunu İqtisadi Təşəbbüslərə Yardım Mərkəzinin sədri Azər Mehtiyev deyib.

“Neftin qiymətində baş verə biləcək kəskin azalmalar devalvasiyanı qaçılmaz edə bilər”

A. Mehtiyev qeyd edib ki, böyük neft pulları hesabına dövlət xərcləmələrinin artırılmasına (xərclərin şişirdilməsinə) və kreditlərin miqdarının artmasına yenicə başlanıldığından 2008-2009-cu illərdə neftin qiymətinin aşağı düşməsinin təsirləri əsasən ölkənin neft gəlirlərinin azalması və büdcə xərcləmələrinin azaldılması formasında özünü göstərdi: “Amma 2014-cü ildə durum fərqli idi. Həm əhalinin, həm də biznesin əlində böyük manat kütləsi olmaqla yanaşı, eyni zamanda kreditlərin miqdarı çox böyük idi. Neft gəlirlərinin kəskin azalacağı zaman taleyi birmənalı olaraq belə gəlirlərdən (daha dəqiq ifadə etsək, “neft dollarları”ndan) asılı olan manatın dəyər itirəcəyini bilmək üçün iqtisadçı olmaq vacib deyildi, insanların gözləntiləri daha güclü olur. Beləliklə, 2015-ci ildə Mərkəzi Bank və hökumət iki dəfə devalvasiyaya getməyə məcbur oldu. Mərkəzi Bank sərbəst (yaxud “üzən”) məzənnəyə keçəcəyini bəyan etdi. Amma neftin qiyməti yenidən qalxdı və manatın məzənnəsi yenidən sabitləşdi (yəni sərt tənzimləmə siyasəti bəpa olundu). Burada sərbəst yaxud tənzimlənən məzənnə siyasəti müzakirəsini açmaq niyyətim yoxdur (müzakirə üçün maraqlı mövzu olsa da). Fərz edək ki, “ya zəlzələdən, ya da vəlvələdən” Mərkəzi Bank sərt tənzimlənən məzənnə siyasətini seçməyə məcbur olub. Bu siyasət təkrarlananda anlamaq çətin deyildi ki, manatın taleyi yenə də məhz neftin ölkəyə qazandırdığı dolların kütləsindən asılı olaraq qaldığından neftin qiymətində baş verə biləcək kəskin azalmalar devalvasiyanı qaçılmaz edə bilər. İnsanların və bütövlükdə cəmiyyyətin belə gözləntisi bu dəfə daha yüksək olacaq. Çünki 2015-ci ilin “yaraları” hələ də “sağalmayıb” və unudulmayıb. Bir sözlə, o “dırmığı” yenə ayaqlayacağımız bəlli idi. Deməli, zərbəyə məruz qalmamaq üçün o “dırmıq” yoldan götürülməli idi, amma götürülmədi”.

A.Mehtiyev bildirib ki, indiki situasiya 2014/15-ci illərdə olduğundan bir az fərqlidir: “Amma bu, heç də böyük fərq deyil. Bu fərqin bir hissəsi, sadəcə olaraq, 2015-ci ilin təsirlərinin hələ tam aradan qalxmaması, bir hissəsi o dövrdə qəbul olunan ayrı-ayrı sərt tənzimləyici bəzi qərarların 2019-cu ildə yumşaldılmasına başlanılması, bir hissəsi əhalinin və biznesin ehtiyatlaırnın 2014-cü ildə olduğundan az olması, kreditlərin strukturu və başqa bu kimi amillərlə bağlıdır. Bunlar da olsa-olsa, zərbənin təsirini azaltmaq üçün dırmığın dəstəyinə yumşaq bir şeyin bağlanması effektini verir”.

“Əgər qanunvericilik qaydasında təsbit olunsa ki, devalvasiyaya gediləcəyi təqdirdə…”

Mehtiyev hesab edir ki, əgər sərbəst məzənnəyə keçid mümkün deyildisə, deməli, “dırmığın” yoldan götürülməsi vacibdir: “Bu, mümkün olmayan bir şey də deyil. Manatın məzənnəsi sərt şəkildə tənzimləndiyindən Mərkəzi Bank və hökumət belə siyasətin yarada biləcəyi mənfi təsirləri, xüsusilə mümkün devalvasiyanın ev təsərrüfatlarına və biznesə yaradacağı itkiləri kompensasiya etmək öhdəliyini üzərinə götürməlidir. Aydın məsələdir ki, belə siyasət zamanı devalvasiya Mərkəzi Bankın (və hökumətin) qərarı ilə baş verir və bu da ev təsərrüfatlarını və biznesi ciddi itkilərə məruz qoyur. Əgər qanunvericilik qaydasında təsbit olunsa ki, devalvasiyaya gediləcəyi təqdirdə hökumət bank dövriyyəsində olan bütün əmanət və depozitlərin itirilmiş dəyərini bərpa etmək (yenidən qiymətləndirməklə) öhdəliyi daşıyır, onda neftin qiymətinin aşağı düşməsi heç bir ciddi panika yarada bilməz. Çünki insanlar əmin olardılar ki, hətta devalvasiya olsa belə, onların malik olduqları vəsaitlər dəyər itirməyəcək. Yəni bu halda manatı dollara çevirməyə ehtiyac olmayacaq. Əksinə, belə bir öhdəlik həm də ev təsərrüfatları və biznesi əlində olan ehtiyat vəsaitini nağd formada (“yastıq altında”) saxlamağa yox, banklarda saxlamağa maraqlı edərdi (çünki hökumət əllərdə olan manat kütləsinə zəmanət durmur). Bu da ölkədə nağd manat kütləsinin dövriyyədən kənarda qalmasını azalda bilərdi. Belə bir öhdəliyin hökumət üçün yarada biləcəyi xərc yükü ilə devalvasiya gözləntisinin yaratdığı panikanın ölkə iqtisadiyyatı üçün yaratdığı xərc yükünü müqayisə etmək, məncə, çətin deyil”.

Şamo EMİN, Hurriyyet.org