200 manatlıq əskinas inflyasiyaya və dolların məzənnəsinin yüksəlməsinə səbəb olacaq

    3

    Vüqar Bayramov: "Dövriyyədə yüksək nominallı əskinasların olması həm psixoloji, həm də iqtisadi baxımdan istehlak bazarına neqativ təsir göstərir"

    Qubad İbadoğlu: "Görün, korrupsiya pulları hesabına nə qədər varlanıblar ki, 100 manatlıq əskinasların çəkisi onlara ağır, həcmi də çox gəlir"

    Nazim Bəydəmirli: "Bu, "kölgə iqtisadiyatına" kömək, korrupsiyanın daha da artmasına, inflyasiyanın sürətlənməsinə stimuldur"

    Xəbər verdiyimiz kimi, artıq Azərbaycanda dövriyyəyə 200 manatlıq əskinas buraxılır. Bu barədə məlumat verən Mərkəzi Bankın sədri Elman Rüstəmov bəyan edib ki, ölkə iqtisadiyyatının dinamik inkişafını, dövriyyədə olan nağd pulun strukturunda baş verən dəyişiklikləri nəzərə alaraq, eləcə də nağd pul sferasında səmərəliliyin yüksəldilməsinin təmin edilməsi məqsədilə yeni 200 manatlıq pul nişanının tədavülə buraxılması barədə qərar qəbul edilib. Qeyd edək ki, yeni pul nişanının dizaynı ABŞ-ın "Crane Currency" şirkəti tərəfindən hazırlanıb. Bu dizayna bir sıra şirkətlərin təqdim etdiyi mütərəqqi mühafizə sistemləri inteqrasiya edilməklə pul nişanı "Giesecke+Devrient" şirkətində istehsal olunub.

    Məlumat üçün bildirək ki, 1992-1996-cı illər ərzində Azərbaycanda 1, 5, 10, 50, 100, 250, 500, 1 000, 10 000, 50 000-lik əskinaslar dövriyyədə olub. Ölkə başçısının müvafiq fərmana uyğun olaraq 2006-cı il yanvarın 1-dən etibarən yeni nəsil pul nişanları dövriyyəyə buraxılıb. Bununla da yeni manata keçid zamanı 1 yeni manat 5000 köhnə manata bərabər tutulub. Məhz o zaman yeni 1, 5, 10, 20, 50, 100-lük əskinaslar dövriyyəyə buraxılıb. Həmin dövrdən manatın ilk devalvasiyasına qədər milli valyutamız ABŞ dolları qarşısında stabil, yüksək məzənnədə olub. Lakin birinci və ardınca ikinci devalvasiyadan sonra manat dollar qarşısında duruş gətirə bilmədiyi üçün bir xeyli zəifləyib. Belə ki, bu gün 1 ABŞ dollarının rəsmi məzənnəsi 1,7000 manat təşkil edir.

    Nəzərinizə çatdıraq ki, iqtisadçı ekspertlərin böyük əksəriyyəti məhz bu qənaətdədir ki, yeni 200 manatlıq pul nişanının tədavülə buraxılmasından sonra ölkədə inflyasiya artacaq və dolların məzənnəsi yenidən yüksələcək. Məsələn, iri nominallı əskinasın dövriyyəyə buraxılmasının bir sıra çatışmazlıqlarının olduğunu vurğulayan İqtisadi və Sosial İnkişaf Mərkəzinin (CESD) sədri, iqtisadçı alim Vüqar Bayramov hesab edir ki, ölkəmiz bu məsələdə 500 avro əskinası olan Avrozona ilə müqayisə oluna bilməz: "Rəsmi açıqlamalara görə, yeni əskinaslar tədavül prosesinin asanlaşmasına və yığımların optimallaşdırılmasına səbəb olacaq. Bunlarla yanaşı, iri nominallı əskinasın dövriyyəyə buraxılmasının bir sıra çatışmamazlıqları var. Ölkəmiz bu məsələdə 500 avro əskinası olan Avrozona ilə müqayisə oluna bilməz. Çünki Avropa Birliyində orta aylıq bizimlə müqayəsədə xeyili yüksəkdir və dünyada yığımların 24 faizə yaxını məhz avro ilə aparılır. Dünyanın ən güclü iqtisadiyyatına malik olan ABŞ-da dövriyyədə olan ən yüksək əskinas 100 dollardır. Birləşmiş Ştatlarda xüsusi hesablaşmalar üçün 1000 dollarlıq əskinaslardan istifadə edilir, amma onlar ümumi dövriyyəyə buraxılmır. Dünyada valyuta ehtiyatlarının 67 faizinin ABŞ valyutası ilə saxlanmasına baxmayaraq, Federal Ehtiyatlar Sistemi əskinasların üzərində rəqəmləri artırmağa tələsmir". Ekspertin sözlərinə görə, Azərbaycanda nağdsız hesablaşmaların stimullaşdırılmasının prioritet olduğu zamanda iri əskinasların dövriyyəyə buraxılması nağdlı hesablaşmaların artmasına səbəb olacaq: "Bu addım pulun alıcılıq qabiliyyətinin azalmasına səbəb ola bilər. Dövriyyədə yüksək nominallı əskinasların olması həm psixoloji, həm də iqtisadi baxımdan istehlak bazarına neqativ təsir göstərir. Bu baxımdan, iri nominallı əskinaslar inflyasiya yaradıcı faktorları gücləndirəcək. Digər tərəfdən, hazırda nağd hesablaşmalarda iri deyil, xırda əskinasların azlığı daha çox müşahidə edilir. Bu baxımdan, Mərkəzi Bankın xırda nominallı əskinasların sayını artırması daha məqsədəuyğun olardı".

    Təxminən, eyni mövqedən çıxış edən iqtisad elmləri doktoru Qubad İbadoğlu isə mövzuya daha sərt reaksiya verərək, 200 manatlıq əskinasların daha çox rüşvət əməliyyatlarına cəlb olunacağını bəyan edib: "100 manatlıq əskinasa xırda tapılmadığı, müəllimin, həkimin 1 aylıq məvacibinə, əksər pensiyaçının təqaüdünə bərabər olan 200 manatlıq əskinas kimə lazımdır? Bu məntiqlə gərək, ABŞ-da 5000, 10000 dollarlıq əskinaslar buraxılaydı. Görün, korrupsiya pulları hesabına nə qədər varlanıblar ki, 100 manatlıq əskinasların çəkisi onlara ağır, həcmi də çox gəlir. Odur ki, 200 manatlıq əskinaslar daha çox rüşvət əməliyyatlarına cəlb olunacaq və ordakı hesablamaların sadələşdirilməsinə xidmət edəcək. 200 manatlıq əskinasın dövriyyəyə buraxılması həmçinin, inflyasiya və deflyasiya gözləntilərini artıracaq".

    Digər iqtisadçı Nemət Əliyev isə meydantv-yə açıqlamasında hazırkı şəraitdə 200 manatlıq əskinasın müsbət və mənfi təsirlərindən danışmağın çətin olduğunu bildirib: "Çünki pul nişanı mübadilə vasitəsi kimi dövriyyəyə buraxılır. Bu addım iqtisadiyyata stimul verə bilməz. İndiki halda yeni əskinaslara ehtiyac yox idi. Buna sərf olunacaq vəsaiti başqa istiqamətlərə yönəltmək daha məqsədəuyğun olardı. Yeni əskinas barədə xəbəri eşidəndə Elman Rüstəmovun Avropada hazırlanan pul əskinaslarından qazanc əldə etməsi yada düşdü, bu haqda mediada informasiyalar yayıldı və hətta Avstriya məhkəməsində araşdrımalar getdi, amma sonradan müəyyən adamlara təzyiqlər nəticəsində iş qapadıldı. Görünür, korrupsiya maraqları daha gücləndiyindən yeni əskinasların dövriyyəyə buraxılması həvəsinə düşüblər". O, qeyd edib ki, yeni əskinas xəbəri insanlarda növbəti devalvasiya narahatlığı doğurub. Ekspertin sözlərinə görə, bu, məzənnənin inzibati vasitələrlə müəyyənləşməsindən irəli gəlir: "Baxmayaraq ki, xarici valyutaya tələbat xeyli dərəcədə artıb və bu tələbatın artması fonunda tələb-təklif qaydaları əsasında manat da dəyərini itirməliydi. Sadəcə, Mərkəzi Bank inzibati resurslar hesabına manatı qoruyur. Halbuki, manatın devalvasiya təhlükəsi var, bəlkə də yeni əskinas onun bir əlamətdir. Düzdür, neftin qiymətinin artmasını sual şəklində qoyacaqsınız, amma bu qalxma milli valyutanı qorumaq dəyərində deyil. Hətta neftin qiyməti 100 dollar olsa da, indiki halda manatın məzənnəsini sabit saxlamaq mümkün deyil. Çünki qeyri-neft sektoru istənilən şəkildə inkişaf etməyib və manatın dayanaqlığını təmin edən şərtlər yoxdur. Ona görə də bu qaydada manatın sabitliyini qoruyub saxlamaq arzuolunan da deyil və bunu tələb-təklifin öhdəsinə buraxmaq lazım idi. 200 manatlıq əskinasın dövriyyəyə buraxılması narahatlıq yaradır, ancaq xarici şərtlər diktə edərsə, bir gecədə 2015-ci ilin dekabrı və fevralındakı olaylar təkrarlana bilər".

    Məsələnin maraqlı tərəfi ondadır ki, ölkənin ən tanınmış, sayılıb-seçilən iqtisadçıları 200 manatlıq pul nişanının dövriyyəyə buraxılmasından sonra inflyasiyanın artacağını və dolların məzənnəsinin yüksələcəyini bildirdikləri halda, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, deputat Vahid Əhmədov modern.az-a açıqlamasında Mərkəzi Bankın həyata keçirdiyi son siyasətin heç bir inflyasiya və devalvasiyadan xəbər vermədiyi deyib: "Çünki Mərkəzi Bank pul kütləsinə lazımi səviyyədə nəzarət mexanizmi həyata keçirir. Neftin qiyməti yüksəkdir, idxal-ixrac əməliyyatlarında müsbət saldo var. Ona görə də manatın devalvasiyasından hələlik söhbət gedə bilməz. Yəni 200 manatlıq əskinasın buraxılması növbəti devalvasiya, pul kütləsinə hər hansı şəkildə təsir səbəbi deyil".

    Bu arada, qeyd edək ki, sabiq millət vəkili, iqtisadçı-ekspert Nazim Bəydəmirli isə mövzu ilə bağlı deputat Vahid Əhmədovdan fərqli mövqe sərgiləyib. Belə ki, o, iri nominallı banknotların dövriyyəyə buraxılmasının yanlış addım olduğunu hesab edir: "Bu, səhvdir, nağdsız ödənişlərin stimullaşdırılmasına zərbədir, "kölgə iqtisadiyatına" köməkdir, korrupsiyanın daha da artmasına, inflyasiyanın sürətlənməsinə stimuldur. Yeganə xeyri ciblərində çox pul gəzdirənlərə, yastıq altına pul yığanlara, ora-bura rüşvət daşıyanlara, pul sayanlara iki dəfə az həcmli vasitələr lazım olmasıdır. Yeganə səbəb Mərkəzi Bankın və ya başqa bir qurumun PR kompaniyası aparmaq istəyinin reallaşdırılmasıdır".

    Gördüyünüz kimi, iqtisadçı ekspertlərin böyük əksəriyyəti 200 manatlıq əskinasın dövriyəyə buraxılmasının manatın növbəti dəfə devalvasiyaya məruz qalmasına səbəb olacağını bəyan edirlər. Bu isə öz növbəsində, əhalinin durumunu bir qədər də ağırlaşdıracaq, ölkədə qida və geyim məhsullarının, o cümlədən xidmət sahələrinin bahalaşmasına, hətta bəlkə də kommunal ödənişlərin artırılmasına gətirib çıxaracaq.

    Vazeh BƏHRAMOĞLU, Hurriyyet.org