“200 ildən sonra gerçəkdən müstəqil oluruq”

390

Dilavər Əzimli: “Türkiyənin hərbi-siyasi gücü Azərbaycana daimi gəlib”

“Üçüncü Qarabağ savaşı diplomatik müstəvidə olacaq və Azərbaycan-Türkiyə qalib gələcək”

“…Rusiya bununla təkcə bizə zərbə vurmadı, həm də Borçalının bir hissəsini ayırıb, Ermənistana verdi”

Bu günlərdə Azərbaycanda əsas gündəm türk ordusunun Qarabağa yeridilməsidir. Hansı ki, bununla Cənubi Qafqazda və ümumiyyətlə Qafqaz regionunda ciddi siyasi dəyişikliklərin olacağı gözləniləndir. Bütöv Azərbaycan Ocaqlarının (BAO) başqan müavini, İrəvan Türk Cümhuriyyətinin qurucularından biri, tarixçi alim Dilavər Əzimli ilə bu barədə fikir mübadiləsi apardıq.

– Dilavər bəy, türk ordusunun Qarabağa gəlməsini hərbi-siyasi baxımdan necə qiymətləndirirsiniz? Ümumiyyətlə, bu məsələ Qarabağdan başqa, regiondan hansı dəyişikliklərlə nəticələnəcək?

– Neçə illərdir ki, daxil olduğum təşkilatda bu barədə mübarizə aparırdıq. Mübarizə mətbuat seqmentində gedirdi. 10 il bundan əvvəl mən bu barədə ilk dəfə mətbuata yazanda buna ötəri baxmışdılar. Yolbayımız Əbülfəz Elçibəy çıxışlarının birində qeyd etdi ki, təhlükəsizliyimizin qarantı yalnız Türkiyənin burada hərbi bazalarının yerləşdirilməsi ola bilər. Hətta yerini də göstərdi – Zaqatala, Balakən ərazisi. Elçibəy deyirdi ki, bizim üçün şimaldan daimi təhlükə var. Rusiyanın bizə qarşı məqsədlərini bilirik, zülmlə çıxarmışıq o qoşunları, qayıda bilər.

O zaman bu çıxış o qədər də ictimai dəstək almadı. Bu, gələcəyə hesablanmışdı. Mən isə yazımda konfederasiya məsələsini də yazdım ki, biz Türkiyə ilə konfederasiya ittifaqına girməliyik. O zaman adamlar dedi ki, bir qardaşdan qurtarıb, o bir qardaşa sığınacağıq. O zaman anlada bilmədim ki, biz bir millətik, böyük, balaca söhbəti yoxdur. Əksinə, bizdən oraya gedən insanlar – Əli bəy Hüseynzadə, Əhməd Ağaoğlu Anadoluya türkçülüyü yayıblar. İndi vəziyyət dəyişdi. Bütöv Azərbaycan Ocaqlarının türk hərbi bazaları və konfederasiya ilə bağlı Türkiyə hərbi ekspertlərinin, siyasilərinin də iştirak etdiyi iclasları internetlə yayımlandı. 200 ildir ki, torpaqlarımız Rusiya işğalında olub. İndi isə türk ordusunun Qarabağa gəlməsiylə bağlı sevincimin həddi-hüdudu yoxdur. Azərbaycan deyilən coğrafiyanın həcmi 410 min kv. km-dir. Anadolu, Osmanlı dövlətləri eyni oğuz boylarından nəşət alıb, eyni xalqıq. Daha sonra sərhədlər cızılıb.

1925-ci ildə İran adlı qondarma dövlət yaratdılar. Tarixdə 3-cü dəfə fars şovinistlərini hakimiyyətə gətirdilər. Azərbaycanın 280 min kv.km-i hazırkı İran ərazisindədir. Biz Rusiya çarlıq dönəmindən 1918-ci il Cümhuriyyət dövrünə adlayanda 130 min kv.km ərazi qalmışdı. İrəvan xanlığı – 9 min kv.km, Dərbənd xanlığı – 7 min kv.km, Zəngəzur, Göyçə, Dərələyəz, Dilican, Gürcüstana verilən Borçalı -27 min kv.km ərazi əlimizdən alındı. 1920-91-ci illərdən sonra ərazimiz 86,6 kv.km-ə düşmüşdü. Biz əslində Rusiya ilə döyüşdük. 1988-94-cü ilin sonunda, “Gülüstan” və “Türkmənçay” kapitulyasiyası ilə başlanan prosesdə Azərbaycan tarixi coğrafiyasının 80%-ni itirmişdi. 30 il müddətində dünyanın, ATƏT-in, BMT-nin bizə münasibətini gördük. Elçibəy Türkiyənin ATƏT-in Minsk qrupunda olmasını şərt qoymuşdu. O, devriləndən sonra Türkiyə həll prosesindən kənarda qaldı.

Bu müddət ərzində Türkiyədə çox güclü proseslər getdi. Türkiyəni FETO şəbəkəsi əhatə etmişdi. Bizdəki FETO, Rusiya, Avropa, İran şəbəkəsi kimi Türkiyə də bu xain şəbəkə ilə əhatə edilmişdi. 1960-cı illərdə Nihal Atsızın bir məqaləsni oxumuşdum ki, gələcəkdə Avropapərəstlər Türkiyəyə böyük zərbə vuracaq. 60-cı illərdə Türkiyədə baş verən dövlət çevrilişləri bunun əsasını qoyurdu, fanatik Avropapərəstlər dövlətə sızırdı. Onlar Avropadan, ABŞ-dan asılı Türkiyə dövləti görmək istəyirdilər.

FETO bu gün Azərbaycanda və Orta Asiyada da var. Sifətlərini dəyişirlər. Onlar “5-ci kolon”dan daha təhlükəlidir.

Türkiyənin regional gücdən qlobal gücə çevriləcəyini demişdim. Türkiyə Suriyada tətbiq etdiyi sistemi Qarabağda tətbiq etdi. Hamıya bəyan etdi ki, mənsiz iş görə bilməzsiniz. Türkiyə ordusunun Qarabağa girməsi Qafqaza girməsidir. 200 ildən sonra gerçəkdən müstəqil oluruq. Türkiyənin gücü mənim dövlətimin gücü deməkdir. “Bir millət, iki dövlət” tezliklə “bir millət bir dövlət”ə çevriləcək. Bu “qızıl alma”dır. Çoxları anlamır ki, qızıl almanın mərkəzi Azərbaycandır. Azərbaycan gec-tez birləşəcək. Bir dəfə fars şovinistlərinə müraciət etdm ki, Hegelin belə bir sözü var: “Dünyanı idarə etmək istəyirsinizsə, onu türklərə verin”. Sizin söykəndiyiniz Nizamülmülk yazır ki, ədalətin bərpa olunmağını istəyirsinizsə, dövləti türklərə verin. İrandakı 40 milyon türkə ana dil azadlığı verin.

Qondarma yaradılmış Ermənistan dövləti də məhvə məhkumdur. Bu, tarixi zərurətdir. Türkiyənin hərbi-siyasi gücü buraya əbədilik gəlib. Rusiya Türkiyəyə möhtacdır. Rusiyanı güclü sanksiyalar gözləyir. Buna dözmək üçün ruslar Türkiyənin yanında yer almalıdır. Biz qardaşlarımızla bir yerdə tam qələbəyə doğru gedirik. Türkiyə Qafqaza əbədilik gəlib, əminəm ki, qardaşımız ölkəmizdə 2-3 baza ilə təmsil olunacaq, ya Ağdamda, ya Balakəndə, ya Naxçıvanda. Ermənistada iki rus bazası var, bizim də buna ixtiyarımız var. Monitorinq adı ilə gəlişin ardı hərbi bazalar olacaq.

– Azərbaycanın itirilmiş ərazilərinin qaytarılmasının hüquqi müstəvidə yolları nədir?

– Bizim Azərbaycan Cümhuriyyəti ensklopediyası var. 2004 -cü ildən bu Qarabağ savaşına qədər tarix institutu ermənilərin ideoloji bazasını yerlə-yeksan etmək üçün xeyli iş gördü. 100-dən artıq kitab çıxdı. “İrəvan xanlığı” 8 dilə, “Real Azərbaycan” tarix kitabı 8 dilə tərcümə edildi, dünyaya yayıldı. Konranslar keçirildi. Erməni işğalçılarının yeridilməsi, rus işğalı haqda Hindistandan, Britaniyadan, ABŞ, Fransadan güclü arxivlər gətirildi. Yüzlərlə elmi monoqrafiyalar işləndi, erməni cəbhəsi yarıldı. Bu gün prezident İlham Əliyev “Kürəkçay” müqaviləsini istinad gətirdi. Yəni Qarabağıın Rusiya tabeçiliyinə keçməsi İbrahim xanla Rusiya arasında imzalanıb. Ermənilərin orada adı yoxdur. Osmanlı parçalanan vaxt tək idik. 1918-ci ildə də tək idik. Azərbaycanın qalan ərazisini xilas etmək üçün dövlət başçılarımız İrəvandan əl çəkməyə məcbur oldular. İrəvanı bizdən Avropa, ABŞ, Rusiya aldı. 1918-ci ildə ermənilərə hərbi dəstək olduğu üçün bizim ərazilərimizi ələ keçirdilər. Gürcüstan isə keçmiş Tiflis quberniyasına daxil edilmiş Borçalı, Qarayazı, Sığnaq mahallarını Azərbaycana qaytarmaqdan boyun qaçırdı. Azərbaycan o torpaqlarını istəyirdi. Bizim Albaniyanın son şəhəri Tiflis idi. Gürcüstan Tiflisi götürmüşdü, qalan əraziləri qaytarmalı idi. Gürcü silahlı qüvvələri alman qüvvələri ilə birgə 1918-ci il iyunda Borçalıya daxil oldular. Almanlar onları müdafiə edirdilər. İyunun 14-də Azərbaycan Cümhuriyyətinin xarici işlər naziri Borçalıya və digər ərazilərə birləşmiş gürcü-alman hərbi birləşmələrinin yerləşdirilməsinə qarşı nota verdi. Sərhəd məsələsinin siyasi yolla həll olunmasını təklif etdi. Gürcüstan buna razılıq vemədi. Avropalı dəstəkçilərin təsiri ilə. Mübahisənin həlli üçün İstanbulda konfrans keçirildi. Amma faydasız oldu. Paris sülh konfransına göndərilən nümayəndə bunun həllni tələb etdi və Parisə xəritə və sənəd göndərdi. O vaxtkı sənədlərə görə AXC-yə Bakı quberniyası – Bakı, Şamaxı, Göyçay, Quba, Lənkəran qəzaları; Yelizavetpol quberniyası – Gəncə, Cavanşir, Nuxa, Ərəş, Şuşa, Cəbrayıl, Zəngəzur, Qazax qəzaları; İrəvan quberniyası-Naxçıvan, Şərur-Dərələyəz, Sürməli, Yeni Bəyazid, Eçmiədzin, Aleksandropol qəzaları; Tiflis quberniyası-Borçalı, Tiflis, Sığnaq qəzalarının bir hissəsi; Dağıstan mahalının Kür və Samur nahiyələrinin bir hissəsini əhatə edən ərazilər, Dərbənd şəhəri, Qaytaran və Tabasaran qəzasının bir hissəsi aid idi. Lakin Osmanlı qüvvələrini Cənubi Qarsdan çıxaran kimi ermənilər ərazi iddiaları ilə Gürcüstanla da apardıqları ərazi müharibələri nəticəsində Borçalı mahalının Loru-Pəmbək ərazisini zəbt etdilər. Ermənilər  tarixi ərazilərimizə iddialarının genişləndirmək üçün Qarabağ, Zəngəzurda soyqırım keçirdilər.

1919-cu ilin aprelində Tiflisdə çağırılan konfrans da effektli olmadı. AXC-nin ərazisi 114 min kv.km idi, bolşevik işğalı ilə ərazilrimiz daha da azaldıldı.

Loru-Pəmbək məsələsində gəldikdə isə, Rusiya bununla təkcə bizə zərbə vurmadı, həm də Borçalının bir hissəsini ayırıb, Ermənistana verdi. Bir hissəsi də Gürcüstanda qaldı. Məqsəd daim Gurcüstanla Ermənistan arasında münaqişə yaratmaq idi. Baxmayaraq ki, SSRİ 70-illərə qədər bu iki ölkədən Türkiyəyə qarşı istifadə edirdi. Gürcü millətçilərini də Trabzona qarşı iddialarla Türkiyəyə qarşı qızışdırırdı.

– İndi Loru-Pəmbək mahalına ermənilərin iddia etmək haqqı varmı?

– Heç bir haqqı yoxdur.

– O halda bu ərazi məsələsini beynəlxalq hüquq müstəvisində neəc qaldırmaq lazımdır?

– İlk öncə daxildə iş aparılmalıdır. Türkiyəylə bir yerdə konfrans çağırılmalıdır. Türkiyəylə bağlı ərazi iddiası məsələsi qaldırılmalıdır. İrəvan və ətrafının qeyri-qanuni ermənilərə verilməsi gündəmə gətirilməlidir. Çünki Qars müqaviləsi Azərbaycanın sərhədlər məsələsini möhkəməndirdikdən sonra başlayan proseslərdə SSRİ-nin Türkiyəyə qarşı yeritdiyi siyasət nəticəsində bizim aramızı kəsmək üçün Zəngəzur, Göyçənin bizdən alınıb, ermənilərə verilməsinin qeyri-qanuni olduğu təsbit edildi. Azərbaycanda Dağlıq Qarabağ Muxatar Vilayətinin yaradılması da qeyri-qanuni idi. Bu, Türkiyəylə bir yerdə qaldırılıb, beynəlxalq səviyyəyə çıxarılmalıdır. İsmayıl Musayevin bir kitabı var- Zəngəzur və Naxçıvandan bəzi ərazilərinin Ermənistana verilməsi ilə bağlı. ABŞ, Avropa, Türkiyə, Rusiyanın arxiv sənədləri əsasında hazırlanmış materiallar var. Biz iddiaları qaldıranda bu sənədlərin əsasında qaldırmalıyıq. SSRİ bütün qaydaları pozaraq bizim ərazilərimizi əlimizdən aldı. Biz Gürcüstanla bir yerdə Borçalının Ermənistana verilməsi barədə işləməliyik. Gürcüstanla Ermənistan arasında da SSRİ ərazi münaqişəsi yaradıb.

– Gürcüstan da Ermənistana qarşı ərazi iddiası qaldırmalıdırmı?

– Borçalının çox hissəsi Gürcüstandadır, amma Dağ Borçalının Ermənistana verilməsi qeyri-qanunidir. Biz Gürcüstanla müttəfiq ölkəyik. Qarabağ müharibəsində də bu özünü göstərdi. Biz Gürcüstanla bu məsələdə əməkdaşlıq etməliyik. Ermənistan isə ölkə kimi yox olacaq. Üçüncü Qarabağ savaşı diplomatik müstəvidə olacaq və Azərbaycan-Türkiyə qalib gələcək.

Ülviyyə ŞÜKÜROVA