“1962-ci ildə Qromıko yalan danışırdı, indi isə Şoyqu” – ELXAN ŞAHİNOĞLU

204

“Göründüyü kimi, yalnız adlar dəyişir, o zaman SSRİ idi, indi Rusiya, Kremlin siyasəti isə yerində qalır”

“Sergey Şoyqunun “Rusiya Ermənistana hərbi yük daşımayıb, inşaat texnikası göndərib” açıqlaması 1962-ci ildə baş verən olayda Kremlin bənzər “izahına” bənzəyir”. Hurriyyet.org xəbər verir ki, bunu “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib.

Politoloqun sözlərinə görə, ABŞ kəşfiyyatı həmin vaxt, yəni 1962-ci ilin oktyabr ayında müəyyənləşdirir ki, SSRİ Kubada nüvə başlığı daşıya bilən raketlər yerləşdirməyə başlayıb: “ABŞ-ın prezidenti Con Kennedi məsələni aydınlaşdırmaq üçün SSRİ-nin xarici işlər naziri Andrey Qromıkonu Ağ Evdə danışıqlara dəvət edir. Kennedi məlum yüklər barədə soruşduqda Qromıkonun cavabı eyni ilə Sergey Şoyqunun cavabına bənzəyir: “Biz Kubaya sadəcə müdafiə məqsədli silahlar göndərmişik”. Kennedi Qromıkonu qapıdan yola saldıqdan sonra əsəbi şəkildə “əclaf üzümə yalan söylədi” ifadəsini işlətdi. Qromıko həqiqətən yalan danışırdı. Tarixə “Karib böhranı” kimi düşən hadisə SSRİ-nin Kubada uzaq və orta mənzilli raketlərin yerləşdirilməsiylə əlaqəli idi. Göründüyü kimi, yalnız adlar dəyişir, o zaman SSRİ idi, indi Rusiya, o zaman Qromıko yalan danışırdı, indi isə Şoyqu, Kremlin siyasəti isə yerində qalır”.

Vazeh BƏHRAMOĞLU, Hurriyyet.org