1937-ci il olayları və Mir Cəfər Bağırov – II HİSSƏ

    6

    Qondarma məhkəmə prosesinə yenidən baxış…

    Çoxsaylı arxiv sənədləri və saysız-hesabsız dəlil-sübutlar birmənalı şəkildə təsdiq edib ki, Azərbaycan respublikasının və ümumiyyətlə Azərbaycan xalqının 1937-1938-ci illər repressiyalarındakı insan itkisi əhali sayını və nisbətini nəzərə aldıqda başqa xalqların itkilərindən az olub. Bunun üçün 1936-cı ilin yanvarın 1-dən 1938-ci ilin iyul ayının 1-nə kimi 00447 №-li əmr əsasında həbs olunan və güllələnən vətəndaşların milli tərkibi haqqında statistik məlumata baxmaq kifayət edir. (Statistika məlumatı Mir Cəfər Bağırov saytında var – F.B.) O vaxt SSRİ-nin bütün ərazisində adamlar arasında ən qorxuncluğu və iyrəncliyi ilə populyar olan “troyka” – “üçlük”lər yaradılmışdı.

    (Əvvəli bu linkdə: https://www.hurriyyet.org/xeber/1937-ci_il_olaylari_ve_mir_cefer_bagirov)

    Başqa bir fırıldaqçı şahid Mirzə Hüseyn oğlu Hüseynov 1912-ci ildə İranda yoxsul kəndli ailəsində anadan olmuş, 1918-ci ildə ailəsi ilə Bakıya köçmüşdür. Bakıda Xalq Təsərrüfatı İnstitutunun hüquq fakültəsində təhsil almış, iş yoldaşı Mehmandarovu döyərək ona ağır xəsarət yetirdiyinə görə SSRİ DTİ yanında xüsusi yığıncağın qərarı ilə 5 il müddətinə həbs düşərgəsinə göndərilmişdir. Düşərgədən qayıtdıqdan sonra da dələduzluqla məşğul olmuş, ömrü boyu əxlaqsızlıqla yaşamışdır. Vəkil işlədiyi vaxt Bakıda “çəp Mirzə” ləğəbi ilə məşhur olmuş, işi məhkəməyə düşənlərdən küllü miqdarda pul qoparır, işi uda bilməyəndə qaçıb ilim – ilim gizlənirdi. Bakıda məşhur ruhanilərdən birinin bacısı qızı ilə evlənməsinə görə həmişə yalandan “Ətağa haqqı”, – deyə and içərmiş.

    Şəhərdə Rudenkonun kadrı kimi tanınan Mirzə Hüseynov məhkəmə prosesində bir çox epizodlar üzrə dəfələrlə çıxış edərək yalan ifadələr vermişdir. Həmin dövrdə Rudenko yalançı şahidin qondarma məhkəmə prosesində göstərdiyi “xidmətlərə” görə onun məhkumluğunun üstündən götürülməsi haqqında sərəncam vermişdir.

    Şahid Musa Lətif oğlu Şıxıyev gənc partiya işçisi olmuş və cavan yaşlarından rəhbər vəzifələrdə çalışmışdır. Mir Cəfər Bağırov onu 27 yaşı tamam olmamış Azərbaycan K(b)P MK-da məsul işə təyin etmişdi. M. Şıxıyev rəhbər partiya aparatında iki il işlədikdən sonra respublikanın ən böyük pambıqçılıq rayonlarından olan Qasım İsmayılov rayonuna rəhbər partiya işinə göndərilmişdir. O, burada rayon partiya komitəsinin birinci katibi kimi işə başlayanda heç 29 yaşı yox idi. Lakin onun işlədiyi müddətdə yuxarı təşkilatlara yazılan şikayət və ərizələrin, verilən siqnalların ardı – arası kəsilməmişdi. Qasım İsmayılov rayonu zəhmətkeşlərinin məktub və teleqramlarının yoxlanması üçün komissiyalar göndərilmiş, birinci katibin tabeçiliyində olan işçilərin pambıqçılığın inkişafının qarşısını alan əməlləri aşkar edilmiş və bu sahədəki ziyankar fəaliyyətləri müəyyən olunmuşdur.

    Bu yoxlama zamanı həm də məlum olmuşdur ki, M. Şıxıyev respublikada iki əllə ilk dəfə pambıq yığmaq təşəbbüsünün və hərəkatının pionerləri olan gənc pambıqçı Bəsti Bağırova və Manya Kərimovanı irəli sürdükləri nəcib təşəbbüsə görə

    gözümçıxdıya salmış, partiya sıralarına yaxın buraxmamış və müxtəlif bəhanələrlə onları ləkələyərək məhkəmə məsuliyyətinə cəlb etmək istəmişdir.

    Azərbaycan K(b)P MK-sı yoxlamalar apartdırmış, günahkarlaı məsuliyyətə cəlb etdirmişdir. Şıxıyev uzun illərdən sonra 1955-ci ilin sonunda qondarma Bakı məhkəməsinin qurulmasına 3 ay qalmış SSRİ Ali Məhkəməsi hərbi kollegiyasının sədri Çeptsovun qəbul etdiyi müstəqil qərara əsasən həbsdən azad edilmiş və şahid qismində dindirilmişdir. Lakin Şıxıyev ifadə verərkən müstəntiqləri aldatmış, özünün əleyhinə olan əsl həqiqəti tamamilə gizlətmiş və uzun müddət həbsdə olmasının səbəbini Mir Cəfər Bağırovun ona bəslədiyi şəxsi düşmənçılikdə gördüyünü vurğulamışdır. Düşmənçiliyin səbəbi də guya Bağırov Kirovabada gedərkən yolüstü Goranboyda olmuş, birinci katibin kabinetinə girərkən divarda öz portretini görməmişdir.

    Qeyd etməliyik ki, bu uydurma və əsl həqiqət həmişəlik gizli qala bilməmişdir. Əsl həqiqət gec də olsa elə Şıxıyev tərəfindən aşkara çıxarılmışdır.

    Rudenko – Çeptsov cütlüyünün müəyyən edib bəyəndiyi yalançı şahidlərdən biri də Ağa İslam oğlu Quliyevdir. Lerik rayonunun Kələxan kəndindən olan Ağa Quliyev Mir Cəfər Bağırovun bir çox yüksək vəzifələrə qoyduğu adamlardan biri idi. Amma Ağa Quliyev partiyanın, dövlətin, şəxsən Mir Cəfər Bağırovun ona bəslədikləri yüksək etimadı doğrultmamış, müxtəlif cinayət əməllərinə görə üst – üstə 32 il həbs cəzasına məhkum olunmuşdur. Bütün bunlara baxmayaraq Quliyev 1950 – 1951-ci illərdə ölkədə kiçik kolxozların birləşdirilməsi ilə əlaqədar olaraq Lerik rayonunda həyata keçirilən tədbirlərə görə Mir Cəfər Bağırovu şəxsi düşməni hesab etmişdir…

    Keçən əsrin otuzuncu illərində neft sənayesində işləmiş Muxtar Fətəli də Bakı məhkəməsində şahidlik etmişdir. O da törətdiyi əməllərə görə məhkəmə məsuliyyətinə cəlb olunmuş və 1956-cı ildə sürgündən qaytarılmışdır. Məşhur geoloq alim və yazıçı Manaf Süleymanov vaxtilə onunla bir mədəndə çalışmış, köhnə neftçini yaxından tanıya bilmişdir. Müəllif sonralar çap etdirdiyi memuarlarda Fətəli ilə əlaqədar həqiqətləri belə təsvir etmişdir:

    “Otuz üçüncü ilə qədər iranlı bolşevik fəhlələrin çoxu ermənilərlə birləşmişdilər. Usta Muxtar Fətəli Mərkəzi Komitənin katibi Levon Mirzoyanla çox yaxınlıq edirdi. Bir sözü iki olmazdı. Harda aş, orda baş idi… Mir Cəfər Bağırov birinci katib gələndən sonra bunlar tənəzzülə uğradılar.”…

    “…Cəzalandırılmış Muxtar Fətəliyə bir də on yeddi il sonra, indiki Şəhriyar klubunda Mir Cəfər Bağırov mühakimə olunanda rast gəldim. Sürgündən qayıtmışdı. Fasilə vaxtı səhnəyə çıxıb, o baş, bu başa gəzib bərkdən qışqırırdı: “Kül başuva, Bağırov ! Daş başuva, Bağırov !Mir Cəfərə eşitdirirdi.” (M.Süleymanov – Son bahara çatdıq – 1996, səh. 79 – 80).

    Sifarişli Bakı məhkəməsində Mir Cəfər Bağırova qarşı uydurma ittihamlarla çıxış edənlər arasında Əhməd Hacı Nadir oğlu Orucov da olmuşdur. Əhməd Orucov Mir Cəfər Bağırovun uşaqlıq dostu idi. Quba şəhərinin aşağı hissəsindəki bir məhəllədə yaşamışdılar, eyni məktəbdə oxumuşdular. Mir Cəfərin atası Mir Abbas kişi ilə Əhmədin atası Hacı Nadir kişi arasında böyük qonşuluq əlaqələri, dostluq münasibətləri olmuşdur. Mir Abbas kişinin uşaqları Hacı Nadir kişinin uşaqları ilə bacı – qardaş kimi dolanmışdılar, xeyirdə – şərdə həmişə bir yerdə olmuşdular. 1920-ci ildən sonra Əhməd Orucovla Mir Cəfər Bağırovun əlaqələri zəifləmiş, və bir – birindən ayrı düşmüdülər.Bakı məhkəməsinə hazırlıq görülən vaxtlar Əhməd Orucov Qudyalçayın sağ sahilindəki “Güllə atan” deyilən ərazidə Stalin adına küçənin Orconikidze küçəsi ilə kəsişdiyi tində yerləşən 3 nömrəli bir mərtəbəli binada yaşayırdı. 1918-ci ilin yazında Amazapsın quldur dəstəsinin Qubada törətdiyi qanlı faciələrdən, evləri yandırıldıqdan sonra Orucovlar ailəsi burada yurd salmışdılar. Eyni səbəblərə görə Bağırovlar ailəsi də şəhərin yuxarı hissəsinə kömüşdülər. Əhməd kişi uşaqlarının Qubanın ondan uzaq sahələrində yaşadıqlarından bu iki otaqlı mənzildə tək qalmışdı. Ailə arasında baş verən hansısa söz – söhbətə görə doğmaları ondan uzaq düşmüşdülər. Təqaüdə çıxandan sonra tam tənha bir həyat yaşayırdı.Yaşının ahıl çağları olsa da sağlam və gümrah idi. Bakıda universitetdə oxuyan Fazil Məmmədov Qubaya gələrkən vaxtı olanda Əhməd kişinin yanına gedər, onunla söhbətləşərdi. 1954-cü ilin yayında 21 yaşlı Fazil Məmmədov yaşı 60-ı keçmiş Əhməd Orucovu görməyə gedərkən onun qonaqlarına rast gəlir. Üstündə müxtəlif yeməklərlə və cürbəcür içki qabları ilə dolu olan mizin arxasında Əhməd kişi 4 qonaqla söhbət edirdi. Fazili görən kimi Əhməd kişi sanki bir an tutuldu, sonra özünü əla alıb qonaqların Sibirdən gəldiklərini dedi. Deyilənə görə oradakı qohumlarının uşaqları 30 – 35 yaşlı, mədəni, cazibədar və görkəmli gənclər idilər. Fazil Məmmədov çox oturmur, – “Sonra gələrəm”, – deyib

    Əhməd kişini qonaqlarla buraxıb gedir. Bir neçə gün doğma kəndləri Amsarda qalıb Bakıya qayıdan vaxt yenə Əhməd kişiyə dəyməyə gedir. Bu dəfə həmin qonaqların ikisi orada idi. Yenə də mizin üstü yeməklərlə dolu idi. Həm qonaqların çox qalması, həm də təqaüddə olan adamın bu məclisləri necə qurması tələbə Fazil Məmmədovu şübhələndirir. 1955-ci ilin qışında və yayında yenə Əhməd kişinin evində həmin qonaqlarla rastlaşan Fazil Məmmədova Əhməd kişi qonaqların Sibirdən deyil, Moskvadan olduqlarını deyir.

    1956-cı ilin aprel ayında Əhməd kişi Bakıya çağırılaraq məhkəmədə şahidlik edəndə hər şey Fazil Məmmədova aydın olur. Məlum olur ki, Rudenkonun müstəntiqləri və Moskvadan gəlmiş çekistlər Əhməd kişini ələ alıb yalançı şahidə çevirmək üçün nə az, nə çox düz iki il zəhmət çəkiblər. Onlar bu müddət ərzində Əhməd kişini maddi cəhətdən tam təmin etmiş, Bakı məhkəməsinə hazırlamışlar.

    Köhnə partiya işçisi, tanınmış ictimai xadim Əlövsət Məmmədşah oğlu Baxışovun dediklərindən: “Qubadan çağırılmış adamlarla birgə məhkəmə zalında əyləşmişdim. Rudenko Mir Cəfər Bağırovun gənclik illərində Qubada yaşayarkən törətdiyi hansısa qanunsuz hərəkətlərdən danışdı. Bu çıxışla əlaqədar olaraq zala şahid Əhməd Orucov dəvət olundu. O yan qapıdan içəri keçib iki – üç addım atan kimi yerində donub qaldı. Rudenko soruşdu: Şahid Orucov, sizə nə oldu, yaxına gəlin. Orucov özünü tamam itirmişdi. O, Mir Cəfər Bağırovu görən kimi özünü pis hiss etmiş və nitqini itirmişdi. Rudenko və Çeptsov nə qədər çalışsalar da o ifadə verə bilmədi. Sonra o çökməyə başladı. Onu dərhal zaldan çıxardılar.”

    İndi həmin günün səhəri Əhməd Orucovun şahid qismində dindirilməsi barədə Quba şəhərindən məhkəməyə çağırılmış Azərbaycan KP Xudat və Quba rayon komitələrinin birinci katibi işləmiş Məmmədmusa Tahirovun dediklərinə diqqət edin:

    “Mən Mir Cəfər Bağırovu sonuncu dəfə onun məhkəməsində gördüm. İştirak etdiyim məhkəmə iclaslarının bütün gedişi beynimə həkk olunub. Qubadan şahid qismində dindirilən Əhməd Orucov Rudenkonun “Siz Bağırovlar ailəsi haqqında nə bilirsiniz ?” sualına cavab verərkən o, elə ağzını açarkən Mir Cəfərin böyük qardaşı Mir Musa barədə təhqirli söz işlətdi. Mir Cəfər Bağırov onun üzünə baxdı. Orucovun nitqi qurudu. Rudenkonun dəfələrlə “Davam edin !” deyib təkid etməsinə baxmayaraq o, daha danışa bilmədi. Məhkəmə iclasında fasilə elan olundu.

    Məhkəmənin gedişində Rudenko bir neçə dəfə Mir Cəfər Bağırova müraciət edərkən “Vətəndaş Bağırov, özünüzdə cəsarət tapın və boynunuza alın ki, siz Azərbaycan xalqının düşmənisiniz”, – ifadəsini işlətdi.

    Axırda Mir Cəfər Bağırov Rudenkonun üzünə nifrətlə baxıb çox təmkinlə cavab verdi:

    – Siz öz cəsarətinizin qayğısına qalın. Mən heç vaxt öz xalqımın düşməni olmamışam. Lakin siz bütün bunları öz ağalarınıza düşmən əməli kimi təqdim edə bilərsiniz.

    Mir Cəfər Bağırov başqalarından fərqli olaraq məhkəmədə özünü axıra qədər mərdanə apardı. (R. Əhmədov – Mir Cəfər Bağırov xatirələrdə – 2006, səh. 273)

    Teyyub Qurban “Mir Cəfər Bağırov fenomeninin saxtalaşdırılması davam edir” məqaləsində yazmışdı: “Azərbaycan tarixində ilk dəfə olaraq, xalqın rəhbəri məhkəmə iclasında xalqın düşməninə çevrilirdi. Yalançı şahidlər meydan sulayırdı. Onlar robot kimi görünən canlı anonim məktublara bənzəyirdilər. Milli mənliyi və kişiliyi olmayan simasızlar dünən kölgəsinə səcdə etdikləri əyilməz insana ağına – bozuna baxmadan böhtanlar yağdırırdılar. Azərbaycanın inzibati orqanlarına soxulmuş bu oyunbazlar ərz edirdilər ki, “çoxları axşamlar teatrlara gedirdi, Mir Cəfər Bağırov isə həbsxanaya adam döyməyə”. Kimlər idi Bağırov məhkəməsinin yalançı şahidləri ? Hansı yuvanın quşları idilər ? Dil – dil ötənlərin nitqi məhkəmə iclasından sonra niyə tutuldu ? İstintaq materiallarında şahid kimi adları çəkilən Manuçarov, Baqdasarov, Sevoyan, Saakyan, Qasparyan, Yegizarov, Lazerev, Dudiyev, Xaldıbanov, Milov, Ziyalov, Xentov, Aksyonov – Şerbitski və başqalarının ünvanları kimə bəllidir ?

    Füzuli Baratov, AJB üzvü