“190 manat birdəfəlik ödəmənin verildiyi iddia olunan 600 min işsiz hardan tapılıb?” – QUBAD İBADOĞLU

96

“Ölkə əhalisi  birdəfəlik yardıma uyğun gəlməyənlərdən 177 min 664 nəfər azdır”

 “Bildiyiniz kimi,  190 manat birdəfəlik yardım 18 yaşınadək uşaqlar, sahibkarlara, muzdlu işçilərə, aylıq müavinət alanlara, ünvanlı sosial yardım alanlara, sahibkarlara, torpaq payı olanlara, subsidiya alanlara,  məcburi köçkünlərə, hərbiçilərə, məhbuslara, tələbələrə, pensiyaçılara verilmir. Bəs, belə olanda bu yardım kimlərə verilir? Onun verildiyi iddia olunan 600 min işsiz hardan tapılıb?” Hurriyyet.org xəbər verir ki, bunu Azərbaycan Demokratiya və Rifah Hərəkatının sədri, iqtisadçı alim Qubad İbadoğlu deyib.

Q. İbadoğlu Azərbaycanda 190 manatı almağa uyğun gəlməyənlərin siyahısını qeyd edib:

“2 239 100  yaşı 15-dən az olan uşaqlar;

1 700 000 kənd təsərrüfatında çalışanlar;

1 570 000 muzdlu işçilər;

1 277 800  pensiyaçılar;

972  000 fərdi və kiçik sahibkarlar;

620  000 əlilliyi olan şəxslər;

496 557 çörək pulu alan məcburi köçkünlər;

400 400 sosial müavinət alanlar;

374 500 hərbiçilər;

340 000 ünvanlı sosial yardım alanlar;

295 700 prezident təqadçüsü olanlar;

176 723  tələbələr;

48 978  Qarabağ müharibəsi iştirakçısıları;

21 800  məhbuslar.

Cəmi:  10 237 858 nəfər.

Ölkə əhalisinin sayı: 10 060 194 nəfər.

Fərq: -177 664  nəfər.

Beləliklə ölkə əhalisi  birdəfəlik yardıma uyğun gəlməyənlərdən 177 664 nəfər azdır”.

“Tətbiq edilən məhdudlaşdırıcı normalar birdəfəlik ödənişlə bağlı manipulyasiya imkanlarını çoxaldıb”

Q. İbadoğlunun sözlərinə görə, bu siyahıda olan  1 nəfər eyni zamanda başqa kateqoriyaya da uyğun gələ bilər: “Amma onların sayı milyonlarla deyil, çox olsa, on  minlərlədir.   Hələ mən siyahıya avtomobili və  ya əmlakı olanları daxil etmədim. Bildiyiniz kimi, onlara da birdəfəlik yardım verilmir. Göründüyü kimi, bu siyahı da göstərir ki, tətbiq edilən məhdudlaşdırıcı normalar birdəfəlik ödənişlə bağlı manipulyasiya imkanlarını çoxaldıb”.

Şamo EMİN, Hurriyyet.org