145 yaşlı mətbuatımız 44 günlük Vətən savaşında  – Biz Qazi Qarabağlıyıq!

294

44 günlük Vətən savaşı sürəsincə ölkənin informasiya siyasətinin bütövlükdə düzgün və uğurla aparıldığını demək olar. Gözlərin dikildiyi , ürəklərin döyündüyü Qarabağdan qulaqlar yalnız qələbə sorağı eşitməyə köklənmişdi.  Sentyabrın 27-də 6 kəndimizin işğaldan qurtuluşunu sevinc göz yaşları ilə çatdıran Nigar xanımın danışan ürəyinin səsini  dinlədik.  O səs hələ də qulaqlarım(ız)dadır.  O səs Azərbaycanın səsi oldu, bütün dünyaya ATV ekranından eşitdirildi, göstərildi. Dostlar sevindi  , düşmənlər xar oldu.  Kim nə deyir -desin,  o səs,  o soraq , o qurtuluş on illər öncə Qarabağda başımızdan saldığımız börkümüzün – BAYRAĞIMIZIN qalxması demək idi!  Sonra Azərbaycanın səsi dövlət başçısı, Ali Baş Komandan İlham Əliyevin qələbə saçan dili ilə dünyaya yayıldı və AZƏRBAYCAN DÖVLƏTİNİN SƏSİ AZƏRBAYCAN ORDUSUNUN DƏMİR YUMRUĞUNUN ZƏRBƏLƏRİNDƏN ELƏ GURULDADI Kİ,  İŞĞALÇI ÖLKƏNİN KAPİTULYASİYA AKTINI BELƏ “SİÇAN DEŞİYİNDƏ” İMZALAMASINA NƏDƏN OLDU.

44 günlük zəfər yürüşünün ən uca səsi , sözsüz , 43-cü gün – 8 NOYABR 2020-Cİ İLDƏ ucaldı: ŞUŞA QURTULDU! AY – ULDUZLU ÜÇBOYALI AZƏRBAYCAN BAYRAĞI 28 İL 6 AYDAN SONRA YENİDƏN QALADA DALĞALANDI , AZAN SƏSİ HAVALANDI!  Şuşanın qurtuluşu sorağını verən dilə qurban olmayasan, bəs nə olasan?  Heç bilmirəm, birinci kimə zəng etdim, on illərin qələm-döyüş dostlarım – jurnalistika öyrətmənlərim – müəllimlərim  Kəlbəcər oğlu Şahin, Füzuli oğlu Hacı Zamin,  Şuşa oğlu Hikmət Sabir oğlu , Rövşən Hacıbəyli, Xan Bahadırla sevincimi bölüşdüm. (Sevinc də, ağrı kimidir, bölüşməsən, ürəyin partlaya bilər ) Hikmət bəyin boynuna Şuşadakı evlərində  qonaqlıq borcu qoydum,  Xan Bahadır Bakıdakı evində qonaqlığa çağırıb,  göz yaşlarına boğuldu. Mənim göz yaşlarımı tuta bilmədiyim gün Şuşada Azərbaycan himninin səslənməsi çağı oldu. NƏ XOŞBƏXTDİR “ŞUŞADAYAM”, “ŞUŞA -AZƏRBAYCANDIR” DEYƏN!

Savaş sürdükcə insanlarımızın ekranda ən çox görmək istədiyi , sözsüz, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev idi. Hər çıxışında hansısa bölgəmizin qurtuluşu sorağını verəcəyinə öyrəncəliydik. Eyni zamanda, Prezidentin xarici siyasət məsələləri üzrə köməkçisi Hikmət Hacıyevin  və Müdafiə Nazirliyinin mətbuat xidmətinin işi yüksək səviyyədə təşkil olunmuşdu. Bütövlükdə Mətbuat Şurasının savaş dönəmindəki görəvi , işi dəyər qazandı. Haqlı olaraq, haqsız şayiələrə, saxta-feyk soraqlara meydan verməmək üçün , internetin məhdudlaşdırılması insanları informasiya aclığını doyurmağa alternativ aramağa vadar edirdi. Artıq analitik yazılar arxa plana keçdiyindən,  hamını Qarabağ döyüşlərindən, düşmən cəbhəsində baş verənlərdən informasiya maraqlandırırdı. Tam əminliklə deyə bilərik ki, operativ və obyektiv informasiya qaynağı, hər çağ olduğu kimi, Mehman Əliyevin direktoru olduğu ikidilli “Turan” İnformasiya Agentliyi oldu. Eynulla Fətullayevin  “ rusdilli” “Haqqın. Az” və “türkdilli” “Virtual. Az” saytları da informasiya aclığını qarşılamaqda əhəmiyyətli rol oynadı . “Ayna”, “Yeni Müsavat” , “Lent.az” , “ Hürriyyət” və digər saytları da vurğulamaq olar. Bütövlükdə informasiya savaşında da qalib olduğumuzu deyə bilərik.

Bütöv xalqımız savaşda qalib oldu, şəhid yurdlarımız “QAZİ” adını qazandı. 44 günlük Vətən savaşından 145 yaşlı mətbuatımız da üzüağ çıxdı. Qarabağdan indi virtual yox , real xəbərlər yayılacaq. İnformasiya agentliklərimiz Qarabağdan “qazı-qazı” soraqlar yayacaq dünyaya. Biz artıq QARABAĞDAYIQ, biz artıq QARABAĞLIYIQ!

QAZİ QARABAĞ,  QAZİ AZƏRBAYCAN,  GÖZÜN AYDIN!

Məğrur Bədəlsoy