“14 iyul gecəsi ortaya qoyulan xalq iradəsini davam etdirmək lazımdır” – FƏRHAD MEHDİYEV

129

Hərbi vəziyyətin elan edilməsinin məqsədi, düşmən təxribatlarının qarşısını almaq, müdafiə və döyüş qabliyyətini riskə atmamaqdır

“Bu yazımda şəxsləri deyil, mövqeləri tənqid edəcəm və sorğulayacam ki, həmin mövqe sahibləri götür-qoy etsinlər. Birincisi, liberalizm pasifist olmaq deyildir. Neo-liberal düşüncəyə sahib olmağa məcbur deyilik”. Hurriyyet.org xəbər verir ki, bu fikirlər beynəlxalq hüquq üzrə professor, politoloq Fərhad Mehdiyevə məxsusdur.

“Liberal-demokrat olaraq da ölkənizin ərazi bötüvlüyünü təmin etmək üçün müharibə tərəfdarı ola bilərsiniz” deyən politoloq bildirib ki, hər halda heç kəs amerikalılardan daha liberal olduğunu düşünmür: “Amma amerikan əsgərləri lazım olmayan yerə belə, ayaqlarını basır. Mən qətiyyən etnik millətçi deyiləm, amma öz dövlətimi və onun ərazi bötüvlüyünü də sonsuz dəstəkləyirəm. İkincisi, İlham Əliyevə qarşı olmaq, onun prezidentliyi dövründə Qarabağ uğrunda aparılan müharibəyə qarşı olmağı tələb etmir. Qarabağ məsələsi bizim millət quruculuğumuzda tarixi məsələdir və hansısa siyasətçi, vəzifə ilə bağlı deyildir. İşğalçılara qarşı müharibə məsələsində döyüşən orduya tam dəstək verilməlidir. Dəstəyiniz YAP-ın sədrinə deyildir, Azərbaycan ordusunadı. Orduya rəhbərlik edən şəxsə isə (prezidentə) bu dəstəkdən daha çox ona qarşı olan bir tələbdir və torpaqların azad edilməsi ilə bağlıdır, məhduddur”.

Fərhad Mehdiyev onu da əlavə edib ki, hərbi vəziyyətlə bağlı alınan tədbirlər legitimdir və zəruridir: “Hökumət tərəfindən sui-istifadə olunacağı məsələsinə gəldikdə isə bu iddia əsassızdır. Bu tədbirləri müharibə dövründə anlayışla qarşılayaq və səbr edək. Hökumət onsuz da istədiyi vaxt, istədiyini edir, bunun üçün onun hansısa qanuna, ya da hərbi vəziyyətə ehtiyacı yoxdur. Hərbi vəziyyətin elan edilməsinin məqsədi, düşmən təxribatlarının qarşısını almaq, müdafiə və döyüş qabliyyətini riskə atmamaqdır”.

Beynəlxalq hüquq üzrə professorun sözlərinə görə, 14 iyul gecəsi ortaya qoyulan xalq iradəsini davam etdirmək lazımdır: “Hansısa ruhdansalıcı, ümidsizlik və şaxsey-vaxsey çağırışlarına yol vermək olmaz. Madam ölkəmizin inkişafını, demokratik olmasını istəyiriksə, onun işğaldan azad olmasını da niyə istəməyək ki?”

Vazeh BƏHRAMOĞLU, Hurriyyet.org