13 yeniyetməni zorlayıb öldürən pedofili ələ verən medal – Rusiyada edam olunan sonuncu cani

14

“Mən Fişerəm, haqqımda çox eşitmisiniz. Siz çox şanslısınız, çünki məni həbs etdiyinizə görə dövlət sizi mükafatlandıracaq. Buyurun, qandalları qoluma taxın…”

Özünə verdiyi Fişer təxəllüsü adı altında 13 nəfər yeniyetmə oğlanı zorlayıb, sonra isə xüsusi amansızlıqla qətlə yetirən Sergey Qolovkin saxlanılanda milis əməkdaşlarına məhz bu cür müraciət edib və heç bir müqavimət göstərməyib.

1986-1992-ci illərdə bir-birinin ardınca baş verən 13 qətl hadisəsi SSRİ-nin, sonra isə Rusiyanın hüquq-mühafizə orqanları rəhbərlərinin ciddi narahatlığına səbəb olub. Cinayət hadisələrinin oxşarlığı, eyni üslub, eyni motiv, cinayət hədəfinin eyni yaş qrupu, əvvəlcə zorlanma, sonra isə qətl faktı cinayətin eyni adam tərəfindən törədilməsini düşünməyə əsas verib və həmin pedofil manyakın izi peşəkarlıqla itirməsi milis əməkdaşlarını çətin vəziyyətə salıb.

Sergey Qolovkin 1959-cu ildə Moskva şəhərində anadan olub. Atası içki düşkünü olduğundan anası ilə ayrılıb. Anasının himayəsində böyüyən Sergey Qolovkin uşaqlıqda bir neçə dəfə yoluxucu xəstəliklər keçirib. Üzündə tez-tez sızanaqlar, çopurlar yaranıb. Məktəb yoldaşları onunla yaxınlıq etməyiblər, bəziləri üçün isə Sergey istehza obyektinə çevrilib. O, dərsdən sonra hər hansı bir sinif tədbirinə, gəzintiyə, bayram şənliklərinə qoşulmaq istəyəndə həmyaşıdları buna imkan verməyiblər, təkid etdiyinə görə isə, Sergey bir neçə dəfə yoldaşları tərəfindən döyülüb. Özünə qapanan və bütün əyləncələrdən məhrum olan Sergey sinifdə ən yaxşı oxuyan şagirdlərdən biri sayılıb.

Sergey Qolovkin məktəbi bitrdikdən sonra Timiryazev adına Kənd Təsərrüfatı Akademiyasına daxil olub. Tələbəlik illərində də o, dost əhatəsində özünə yer tapa bilməyib. O cümlədən həmyaşıdı olan tələbə qızlar da onu yaxına buraxmayıblar. Bu cür münasibət Sergeydə aqressiv hisslər yaradıb. Ona elə gəlib ki, insan istədiyinə nail olmaq üçün yalnız zorakılığa əl atmalıdır, həmcinin cinsi aktlar da aqressiya üzərində qurulmalıdır. Ən başlıcası isə Sergeydə yeniyetmə oğlan uşaqlarına qarşı vəhşi ehtiras yaranıb.

Öz “bioloji tələbatını” ödəmək üçün Sergey Qolovkin birinci dəfə 1986-cı ildə cinayət törədib. Həmin vaxt o, 1 saylı Moskva atçılıq zavodunda zootexnik işləyib. Moskva ətrafında yerli sakinlərin tez-tez gəzintidə olduğu meşə massivində Sergey Qolovkin 15 yaşlı Andrey Pavlovla tanış olub. Özünü Fişer adı ilə təqdim edib. 5-10 dəqiqəlik söhbətdən sonra Fişer bıçaqla onu qorxudaraq meşənin dərinliyinə aparıb, zorladıqdan sonra 15 yaşlı məktəblini doğrayıb, daha sonra isə meyitin ayrı-ayrı hissələrini yaxınlıqdakı gölə atıb.

Bu hadisə Sergey Qolovkinin psixoloji durumuna yetərincə “sakitlik” gətirib və o, növbəti hədəfini seçməyə başlayıb. Elə həmin il, 1986-cı ilin avqust ayında 12 yaşlı Andrey Qulyayev Fişerin qurbanına çevrilib.

1988-ci ildə Sergey Qolovkin “Vaz-2103” markalı maşın alıb. Avtomobili ona nümunəvi işçi olduğuna görə çalışdığı atçılıq zavodunda növbədənkənar veriblər. Şəxsi avtomobilə sahib olduğu ilk günü Fişer 14 yaşlı Viktor Naskoviçlə “qeyd” edib.
Sergey Qolovkinə qaraj üçün sahə də ayrılıb. O, dəmir qarajın altında kiçik bir emalatxana düzəltdirib. Amma sonralar həmin yeraltı yerdən başqa məqsədlər üçün istifadə edib. Fişer “emalatxanada” 7 nəfər yeniyetməni zorlayıb, qətlə yetirib. Qeyd edək ki, Sergey Qolovkinin qarajı Rusiya Federasiyasının birinci prezidenti Boris Yeltsinin bağ evinin 400-500 addımlığında yerləşib.

Sergey Qolovkin qurbanlarını ələ keçirmək üçün məktəblərin ətrafında daha çox görünüb.

Növbəti “əməliyyat”ını uğurla həyata keçirdikdən sonra hüquq-mühafizə orqanlarının əməkdaşları yoxa çıxmış 15 yaşlı oğlanın oxuduğu məktəbdə sorğu-sual aparıblar. Şagirdlərdən biri Fişerin hədəf seçdiyi oğlanla söhbətini xatırlayıb.
Əməliyyatçılar Sergey Qolovkinin xarici görnüşünü təxmini müəyyənləşdiriblər. Əməliyyat-axtarış tədbirləri gücləndirilib. Cinayətin açılması üçün eyni vaxtda 28 əməliyyat qrupu işləyib. Cinayət hadisələri əsasən Moskvanın Odinstovo rayonunda baş verdiyi üçün bu rayonun ərazisinə 300-dən artıq əlavə milis qüvvəsi cəlb edilib.

Bütün cəhdlərə baxmayaraq, uzun müddət cinayətkarın izinə düşmək mümkün olmayıb. Nəhayət, ərazidə yerləşən məktəblərin birinin 9 sinif şagirdi Nikitanın ipucu verməsi milislərin köməyinə çatıb. Həmin şagird Sergey Qolovkinin uşaqlarla söhbətini xatırladıb, qeyd edib ki, tanımadığı həmin adam tez-tez məktəbin həyətinə gəlib, uşaqları özünə cəlb etmək üçün maraqlı mövzulardan söhbət açıb və məktəbli onu da vurğulayıb ki, tanımadığı adam onlara Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinindən (VDNX) aldığı gümüş medalı da göstərib.

Bəli, Fişer məhz belə yollarla gələcək qurbanlarını ələ keçirib.

Əməliyyatçılar təcili olaraq sərgidən gümüş medal alanların siyahısını çıxarıblar. Odintsovo rayonu ərazisində yaşayan mükafıtçılar nəzarətə götürülüb. O cümlədən Sergey Qolovkinin də iş və yaşayış yeri müəyyənləşdirilib. Onun şəklini məktəblilər tanıdıqdan sonra həbs üçün xüsusi əməliyyat hazırlanıb. 1992-ci ilin oktyabrında Sergey Qolovkin Odintsovo rayonunun ərazisindən avtomobili ilə çıxanda milis onun maşınının qarşısını kəsib.

Sergey Qolovkinin haqqında cinayət işi açılıb və 95 cilddən ibarət istintaq materialları toplanıb. İstintaq zamanı Fişer törətdiyi bütün cinayətləri etiraf edib. Qarajında və mənzilində axtarış aparılan zaman zorlanıb öldürülmüş uşaqların bədən üzvləri, saçları aşkar olunub.

1994-cü ildə istintaqın materialları məhkəməyə verilib. Məhkəmə qapalı keçirilib. Sergey Qolovkin ən ağır cəzaya , ölüm hökmünə məhkum edilib. Məhkəmədən sonra o, yuxarı instansiyalara cəzasının yumşaldılması ilə bağlı müraciətlər yazıb. Fişer həmçinin əfv olunması üçün Rusiya prezidenti Boris Yeltsinə də məktub ünvanlayıb. Prezident məktuba imtina dərkənarı qoyub.

1996-cı ildə pedofil manyak haqqında hökm icra olunub. Bu Rusiya Federasiyasında sonuncu ölüm hökmü olub./musavat.com/