100 il öncə bu gün güllələnən 43 yaşlı Murtuza bəy

15

 

Zamanının tanınmış ictimai-siyasi xadimi olan Murtuza Axundzadə 1877-ci ildə Quba qəzasın mərkəzində tacir ailəsində anadan olub. O, Qubada sayılıb seçilən, xalqa yaxın ziyalılardan biri idi. Bu səbəbdən də, 1918-ci ildə Azərbaycan Demokratik Cümhuriyyəti qurulanda Quba əhalisi parlamentə üzv olub xalqı təmsil etməyə onu layiq bilmişdi. Murtuza bəy 41 yaşında “Müsavat” fraksiyasının tərkibində Parlamentin 96 üzvündən biri olur. 1919-cu ilin sentyabrında Qubaya səfər edən Məmmədəmin Rəsulzadə M.Axundzadənin evinin önünə toplaşan qubalılara xitab edərək saat yarımlıq nitq söyləmiş, Quba qəzasını Cumhuriyət Parlamentində Murtuza bəylə birgə 6 Millət vəkilinin layiqincə təmsil etdiyini bəyan etmişdi. Siyasi repressiya qurbanlarının tapılıb üzə çıxarılmasında əvəzsiz rolu olan Səfər İbrahimov yazırdı: “Onun parlament iclaslarındakı çıxışları dolğun və mənalıdır. Çıxışlarının birində deyir ki, bu günlərdə Qubada gördüyüm mənzərədən ürəyim fərəhlə doldu. Bütün evlərin eyvanında üçrəngli bayrağımız dalğalanırdı. Amma bunu Bakıda görmürəm”.

Murtuza Axundzadə və xanımı Nəcimə Axundzadənin 9 övladı dünyaya gəlib: Məmmədağa, Ələkbər, Xanım, Mina, Ağaəli, Yusif, Dürsədəf (ikisi körpə ikən vəfat etmişdi). Ən kiçik oğlu Yusif Axundov atası barədə danışırdı: “Atamı az-az görərdik. Gecə-gündüz işləyirdi. Qapıda bütün gün növbə ilə gözətçilər dayanırdı. 1920-ci ilin fevralında o bizi Fətəli xan Xoyskinin vaqonunda Xaçmaza yola saldı. Atamın yanında böyük qardaşımla bacım qaldı. Novruz bayramında atam gəldi. Mənə bayram paltarı da almışdı. Bir gün qalıb qayıtdı. Bu onunla son görüşümüz oldu…”.

1920-ci il aprelin 28-də AXC üzvləri müəyyən şərtlərlə hakimiyəti bolşeviklərə verməyə məcbur oldular. Lakin az sonra məlum oldu ki, onlar heç bir şərtə əməl etməyəcəklər. Cümhuriyyətlə bağlı olan hər kəs ya haçansa yenidən qayıdıb nəyisə dəyişə bilmək üçün gizli yolla Türkiyəyə keçir, ya da Nargin adasında “xalq düşməni” damğası ilə güllələnərək Xəzərin sularına qərq edilirdi.

1992-ci ildə “Xalq qəzeti”nin əməkdaşı Vahid İmanovun aldığı müsahibədə M.Axundzadənin oğlu Yusif bəy söyləmişdi: “Böyük qardaşım Məmmədağa deyirdi ki, atamın dostları onunla müntəzəm əlaqə saxlayır, dönə-dönə təkid edirlər ki, onu Türkiyəyə keçirsinlər. Amma atam qəti etiraz edir. Deyir ki, mən qaçsam, ailəmi, uşaqlarımı incidəcəklər. Qoy məni tutsunlar, bəlkə uşaqlarla işləri olmaz”. Artıq fədakar ata aqibətini bilirdi və bunu gözləyirdi.

İyunun 15-də gecə Murtuza bəyin narahatlıqla “gözlədiyi” qapı zəngi çalınır. Bolşeviklər onu aparmalı olduqlarını deyirlər. Qızı Mina o günü belə xatırlayırdı: “10 yaşındaydım. Saçlarım buruq-buruq idi. Atamı aparmağa gələnlər saçlarımı sığalladılar. Sonra birlikdə evdən çıxdılar. Sonuncu dəfə atamı onda gördüm”. Bundan sonra nəinki övladlarına görüş vermirlər, heç onu gördüm deyən də olmur.

Balaca Yusifin onda 9 yaşı vardı. Qubada babası Hacı Şıxhəsənin yanında, geniş, rahat mülklərində qalırdı. Amma gözü fayton yolundan yığılmazdı, atasını gözləyərdi. Hacı Şıxhəsənin Qubada səkkiz gözlü, böyük ticarət mərkəzi vardı: Yusif bəy xatırlayır: “Babam xeyirxah kişi idi. Tez-tez məsciddə ehsan verər, ziyarətə gedənlərə kömək edər, kasıblara əl tutardı. Xeyir-şər məclislərindən köməyini əsirgəməzdi. Aclıq, qıtlıq illərində babam “biz alverçi deyilik, tacirik, qəndi, çayı camaata həmişəki qiymətə satacağıq” -deyirdi”

Murtuza bəyi apardıqları gündən il yarım sonra Məmmədağaya deyirlər ki, fövqəladə komissiyanın qərarı ilə ataları 1920-ci ilin avqustun 21-də Nargin adasında güllələnib… Onda Murtuza bəyin cəmi 43 yaşı vardı. 1922-ci ildə Murtuza bəyin Bakıdakı mülkünü də müsadirə edirlər və əmlakdan onun övladlarına heçnə verilmir.

Yusif bəy yuxarıda qeyd etdiyim müsahibədə deyir: “Qardaşımla bacım Qubaya qayıtdılar. Ailəmizin narahat günləri artdı… Elə həmin il daha bir zərbə aldıq, babam Hacı Şıxhəsən rəhmətə getdi. Qubada Tuti Bikə küçəsindəki 13 nömrəli ev bizim mülkümüz idi. 1924-cü ildə onu da müsadirə etdilər. Əmlakı daşıyıb apardılar, bizi də evdən çıxardılar. Əynimizdəki paltardan başqa heç nə çatmadı bizə. Babamın evinə getdik, bir müddət nənəmlə qaldıq. Hələ onda nənəmə atamın güllələndiyini deməmişdik. Ölənədək oğlunun yolunu gözlədi”.

Elə həmin ilin payızında baba mülkünü də, ticarət evini də müsadirə etdilər. Doqquz baş ailəyə rahat yatmaq üçün yorğan-döşək də qoymadılar. Artıq o xoşbəxt ailədən əsər qalmamışdı. Çox çətin və ağır günlər yaşayırdılar. Bütün bunlar azmış kimi, qaldıqları ev də 1934-cü ildə başdan-başa yanıb kül oldu. Amma həyat davam edirdi.

Uşaqlar artıq böyümüşdü, özlərini dolandıra bilirdilər. M.Axundzadənin böyük oğlu Məmmədağa ticarətlə məşğul olub, Yusif isə müxtəlif illərdə Qonaqkənd, Xaçmaz, Xızı və Bakıda müəllim, məktəb müdiri işləyib. Demokratiyanın ab-havası duyulanda Yusif bəy atasının günahsız olduğunu təsdiq edən bir sənəd almaq üçün döymədiyi qapı qalmayıb. Çox vaxt da cavab bu olub: “arxivdə atanız haqqında heç bir məlumat yoxdur!”. Axır ki, 72 il sonra köməyinə Səfər İbrahimov çatıb və onun sayəsində Mutuza Axundzadəyə 1992-ci ildə bəraət verildi.

Nargin adası Cümhuriyyət dövründə fəaliyyət göstərən neçə-neçə ziyalımızın və dövlət xadimimizin faciəli sonunun “şahidi olmuş” kimsəsiz bir ada idi o zaman. 72 il ərzində fəxr edə, qürur duya biləcəyimiz insanları bizə “xalq düşmanı” kimi tanıtsalar da, illər sonra o işıqlı insanların xatirəsi yenidən yaddaşlarda yaşayır. Könül istərdi ki, o böyük cəsarət, ürək sahibi olan ziyalılarımızın hamısını “Cümhuriyyət qurucuları fəxri xiyabanı”-nda ziyarət edə biləydik. Tariximizin ən şanlı səhifələrini yazmış bu böyük insanları gələcək nəsillərə daha yaxından, layiq olduqları kimi fəxarətlə tanıda biləydik…

Hurriyyet.org