1 milyonluq saat, xəz mantoyla maşın silmə və Xanpəri ampluası

114

ah, insan necə qudurarmış, xudaya, pərvərdigara? Kim düşünərdi ki, iki il keçəcək, əynində hərbi komuflyaj, çiynində bel çantası gəzdirən Nikol Paşinyan qoluna 1 milyon dollarlıq saat taxacaq.

Amma erməni olanda nə olar, o da insan oğludur, onun da tamahı var və qudurmamaq üçün ona peyvənd vurulmayıb. Hərçənd peyvəndin xeyir yoxdur, insanı əsasən pul qudurdur. Paşinyan baş nazir olub belindəki çantanı pulla doldurmasaydı, sonradan qoluna 1 milyonluq saat taxmazdı, gedib əllərində “yerek dram, hingu dram” deyə-deyə xırdavat satan çinlilərdən “eyni markalı” saat alardı.

Saat vacib aksessuardır. Mütləq qolda bahalı saat olmalıdır və görünməlidir. Həm də elə görünməlidir ki, markası da seçilsin. Siz heç ucuz saat taxan və ya ümumiyyətlə, saat bağlamayan böyük adam görmüsüz? Çox önəmli şeydir saat. Bir də gərək onu heç vaxt itirməyəsən. Hansısa mənasız görüşdə bir saat itirməklə, çox vacib görüşdə saat itirməyin arasında böyük fərq var. İkinci variantda itirdiyin saat vaxtın özü deyil, onu ölçən bahalı əşyadırsa, bu itki adamı daha çox yandırar – xüsusilə də qiyməti 100 min, 200 min, 1 milyondursa.

Hərçənd o bahalıqda saatı itirənlərin bir çoxunun vecinə də olmur. Adam təkcə qol saatına o qədər pul verirsə və asanlıqla itirirsə, demək, arxada yüz elə saatın pulu var. Bu saat Paşinyan da o saatını itirsə, çox qəm eləməz. Yəqin ki, baş nazirdən işi aşan varlı ermənilər artıq onun saatbazlığını bilir və ard-arda ona bahalı saatlar bağışlayırlar.

Bizdə də bahalı əşyalarını itirib və ya məhv edib dilxor olmayan, başqalarına superbahalı hədiyyələr bağışlayan oğlanlar az olmayıb. Məsələn, vaxtilə bu ölkədə 3 min manatlıq, hələ əyinə alınmamış xəz mantonu “Hammer” markalı cipin tozlu kapotunun üstünə silib yerə atan oğlanlar olub. Özü də o, bunu qudurğanlıqdan etməmişdi, kiməsə nervilənib etmişdi. Elə gənclər əsəbi olur, gərək, türkün sözü, onları çıldırtmayasan, hirslənəndə gözlərinə heç nə görünmür, hətta əlinə çəkic götürüb “Hammer”ini əzə də bilərdi. (Allahdan, ingilislər çəkicə “hammer” deyirlər).

İsrarla ad çəkilməsini istəyənlər varsa, məzur tutun, əli çəkicli, altı “Hammer”li adamların adlarını çəkmək sağlamlığa ziyandır. Eləcə onu deyə bilərəm ki, o oğlanın atası BŞİH-də işləyirdi.

İndi bəzilərinin ağlı BŞİH-də işləyərkən şəhərdəki model civilərə “Pejo” markalı avtomobil bağışlayan kişiyə gedəcək. Yox, xəz mantonu şəlpəyə çevirib yerə atan gənc adam qəşəng xanımlara “Pejo” bağışlamağı sevən məmurun oğlu deyil. Onun oğlu başqadır və həmin oğlan da o vaxtlar səxavətli idi. O da qəşəng qızlara bahalı şeylər (ola bilər, lap xəz manto) bağışlamağı sevirmiş, amma o, mantoyla maşın siləcək qədər məsuliyyətsizlik etməyib.

Heyf ki, DTX-nın qaramaskalı, cantaraq əməkdaşı vaxtında gəlib onları tutmadı, kabinetlərdəki seyflərdən nə pul-paralar çıxardı, mənzildən, villadan nə qədər xəz mantolar, qarajlardan neçə-neçə “Hammer” və “Pejo” aşkarlanardı.
Yazılanlara görə, o vaxt Beriyanı basmarlayıb tutanda evində axtarış aparıblar, çoxlu qadın tumuşu, ətir-filan tapılıb. Heç demə, manyak nazir yanına gətirtdiyi zənənlərə alt paltarı və parfüm bağışlamağı boynunun borcu sayırmış. Bir dəfə onu ifşa edən hansısa bir yazıda rast olmuşdum, yazırdılar ki, Beriya 30-cu illərin ortalarında Gürcüstanın rəhbəri olanda gürcü nazirlərin hamısının arvadlarını bircə-bircə yanına gətirdir… kəsəsi, tumuş və ətirlə mükafatlandırıbmış. Belə bir səxavətli yaramaz olub. Axırda tutublar.

Gərək ki, bizdə də tutulan İH başçılarının hansınınsa kabinetindən qırmızı rəngli qadın tuflisi çıxmışdı.

Hazırda xalqın dilində bir sual da dolaşır: “Bəs filankəslər niyə tutulmur?” Adamlar haqlı görünürlər. Amma bu, Xanpəri ampluasıdır. Bilirsiniz, hansı Xanpərini deyirəm? “Müsyo Jordan”dakı Xanpərini. Dərviş Məstəli şah Şəhrəbanu xanımdan soruşur ki, indi necə edim, Parisi dağıdım, yoxsa Jordan ağanın boynunu vurum. Xanpəri deyir, hər ikisini elə, baba dərviş.
İndi onun sözü olmasın, bizim camaat da deyir ki, bütün korrupsionerlər birdən tutulsun. Elə olmaz. Onları növbə ilə tutmasalar, birincisi, türmələrdə yer qalmaz, ikincisi, dövlətin işini kim görər? Bu gedişlə hamısı növbəylə tutulacaq, inşallah.

Hələ Paşinyanı da bilmək olmaz.