“Əsrin müqaviləsi” bizə nə verdi – ekspert rəqəmləri açıqladı

14

Azərbaycanın neft sektorunda, bütövlükdə tarixində mühüm əhəmiyyət kəsb edən “Əsrin müqaviləsi”nin imzalanmasından 26 il keçir. 1994-cü il sentyabrın 20-də Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Azəri”, “Çıraq” neft yataqlarının və “Günəşli” neft yatağının bir hissəsinin müştərək işlənməsi və hasilatın pay bölgüsü haqqında Saziş – “Əsrin müqaviləsi” imzalanıb. Dəyəri 7,4 milyard dollar olan “Əsrin müqaviləsi”ndə dünyanın 7 ölkəsini (Azərbaycan, ABŞ, Böyük Britaniya, Rusiya, Türkiyə, Norveç və Səudiyyə Ərəbistanı) təmsil edən 11 beynəlxalq neft şirkəti (Amoco, BP, McDermott, UNOCAL, ARDNŞ, Lukoil, Statoil, Türkiyə Petrolları, Pennzoil, Ramco, Delta) iştirak edib.

İlkin hesablamalara görə “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsində çıxarıla bilən neft ehtiyatı 511 milyon ton olsa da, sonralar yeni qiymətləndirmələrə əsasən, neft ehtiyatı 1.072 milyard ton həcmində müəyyən edilib.

“Əsrin müqaviləsi”ndən sonra Azərbaycanın neft sektorunda 19 ölkəni təmsil edən 41 neft şirkəti ilə daha 26 saziş imzalanıb.

1997-ci il noyabrın 7-də “Çıraq” platformasından ilk neft hasil edilib. Hasil olunan nefti dünya bazarına çatdırmaq üçün ilkin mərhələdə Bakı-Novorossiysk kəmərindən istifadə olunub.  1999-cu ildə Supsa limanına Bakıdan neft kəməri çəkilib istifadəyə verilib. 1999-cu ilin dekabrında Azərbaycan nefti ilə doldurulmuş ilk tanker dünya bazarlarına çıxarılıb.

Azərbaycan neftini dünya bazarına çıxaran əsas kəmər – “Bakı-Tiflis-Ceyhan” isə 2005-ci ildə istismara verilib, 2006-cı ildə Türkiyənin Ceyhan limanından Azərbaycan neftinin nəqlinə başlanılıb.

2017-ci il sentyabrın 14-də Bakıda Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənilməsi və hasilatın pay bölgüsü haqqında yeni saziş imzalanıb. Bununla da, “Azəri-Çıraq-Günəşli” blokunun işlənilməsində yeni dövr başlanıb. Sazişi Azərbaycan hökumətinin, SOCAR-ın, BP, “Chevron”, IMPEX, “Statoil”, “ExxonMobil”, “TP”, ITOCHU və “ONGC Videsh” şirkətlərinin rəsmiləri imzalayıblar. Hasilatın Pay Bölgüsü haqqında yenidən işlənmiş və 2050-ci ilə qədər uzadılmış sazişə əsasən, BP fəaliyyətini layihənin operatoru kimi davam etdirir, SOCAR-ın payı 11 faizdən 25 faizə artırılır, mənfəət neftinin isə 75 faizi Azərbaycana qalır. Bu sazişin ardınca 2019-cu ildə “Azəri-Çıraq-Günəşli” yataqlar blokunun müqavilə ərazisində əlavə bir hasilat platformasının tikintisi üzrə razılaşma əldə olunub.

Enerji sahəsi üzrə mütəxəssis, “Neft” Araşdırmalar Mərkəzinin rəhbəri İlham Şaban bildirir ki, hazırda cəmiyyətdə neftə münasibət birmənalı deyil: “Bir çox hallarda ”neft bizə nə verdi ki” deyə sual edirlər. Əslində bu, normaldır: cəmiyyətin hökumətə daim sualı olmalıdır. Belə suallar yoxdursa, demək, gizli saxlanan nəsnələr çoxdur, insanlar məlumatsızdır. İndi arxaya baxmaqla çox şeylərə aydınlıq gətirmək, “Əsrin müqaviləsi”ndən nələr əldə etdiyimizi obyektiv qiymətləndirmək olar”.

interview.az - Neft-Qaz sahəsi üzrə ekspert İlham Şaban: "Azərbaycan müddəti 2050-ci ilədək nəzərdə tutulan yeni neft müqavilələri imzalamağa hazırlaşır"

İlham Şaban: “Hökumət bu gəlirləri də hesablayıb ictimaiyyətə bildirməlidir”

İ.Şabanın sözlərinə görə, AÇG Xəzər dənizində ən böyük hasilata malik neft yataqları blokudur. İndiyədək buradan 516 milyon ton neft hasil olunub: “AÇG-nin Azərbaycanın neft sektorunda yerini müəyyənləşdirmək üçün onu demək kifayətdir ki, 1992-ci ildən indiyə qədər ümumilikdə ölkəmizdə 700  milyon tondan çox neft hasil edilib ki, bunun da 73 faizdən çoxu məhz AÇG blokunun payına düşür. İndiyədək blokdan əldə olunan 172 milyard kubmetr qazın 72,7 faizi neft quyularında lay təzyiqini saxlamaq üçün istifadə edilib. Qalanı pulsuz olaraq Azərbaycana verilib.

AÇG-dən çıxarılıb dünya bazarında satılan 305 milyon ton neft Azərbaycan hökumətinin mənfəət neftidir ki, bu da ümumi hasilatın 59 faizini təşkil edir. Mənfəət neftindəki payımızın xüsusi şəkisi isə 75 faizdir. Bəs niyə bizə cəmi 59 faiz çatıb? Bunun səbəbi neftin hasilat xərcləri ilə bağlıdır. İndiyədək AÇG üzrə 47 milyard 50 milyon dollar xərc çəkilib. Bunun 37,2 milyard dolları kapital, 9,85 milyard dolları istismar xərcləridir. Bu, çoxdur, yoxsa az? Bunu müqayisə ilə müəyyənləşdirmək mümkündür. Xəzərdəki digər yataqda – Qazaxıstanın “Tengiz” yatağında müqavilə sahəsində hasilatın 26 milyondan 38 milyon tona qədər artırılması üçün 48 milyard dollar kapital qoyuluşunun tələb olunacağı gözlənilir. “Kaşaqan” layihəsinin birinci fazası üzrə kapital qoyuluşu isə 56 milyard dollar təşkil etmişdi. Yəni ilk nefti əldə edənə qədər bu həcmdə vəsait xərcləyiblər”.

Blokdan hasil olunan neftin maya dəyərinə gəlincə, İ.Şaban deyir ki, AÇG-dən ümumi hasil edilmiş neft 3,825 milyard barel təşkil edirsə, xərclənən vəsaitləri bu həcmə bölməklə bir barelin konsorsiuma 12,3 barelə başa gəldiyini görmək olar: “Bu, kifayət qədər rəqabətədavamlı göstəricidir. Əvvəl bu rəqəm daha aşağı idi. Belə ki, 2000-2009-cu illərdə xərclərin həcmi 19,85 milyard dollar, 2010-2019-cu illərdə isə 24,76 milyard dollar olub. Yəni son 5 ildə -neftin dünya bazar qiyməti aşağı olduğu vaxtda xərclər 9,95 milyard dollar artıb. Bu, təbii prosesdir. Çünki yataqlar qocaldıqca onlara çəkilən xərclər artır. Bu isə əldə olunan gəlirin azalmasına səbəb olur”.

Ekspert “Əsrin müqaviləsi”ndən əldə etdiklərimizi də hesablayır: “Bu ilin 1 sentyabrına qədər AÇG-dən Dövlət Neft Fonduna 149,2 milyard dollar daxil olub. Bu, dövlətimizin blokdan əldə etdiyi birbaşa mənfəətdir. Digər mənfəət əvəzsiz verilən səmt qazıdır ki, bu da 47 milyard kubmetr təşkil edir. Bir anlıq təsəvvür edək ki, bu həcm olmayaydı və biz onu min kubmetri 150-180 dollara Rusiyadan idxal edəydik…

Üçüncü mənfəət konsorsiumdakı xarici neft şirkətlərinin dövlət büdcəsinə ödədiyi mənfəət vergisidir. Mənfəətin 25 faizni təşkil edən vergilərin ümumi həcmi 17 milyard dollara qədərdir. Nəhayət, daha bir  mənfəət SOCAR-ın əldə etdiyi mənfəətdir. Şirkət 1995-ci ildən 30 iyun 2020-ci il tarixinədək AÇG-dən 14 milyard 188,2 milyon dollar mənfəət əldə edib.

SOCAR “Bakı-Tiflis-Ceyhan”dakı 25 faiz payına uyğun olaraq 2011-ci ildən 2020-ci il 30 iyununadək kəmərlə AÇG neftinin nəqlindən 1 milyard 661,7 milyon dollar qazanıb.

Bundan əlavə, Azərbaycanın özəl və dövlət müəssisələri AÇG üzrə işlərə cəlb olunmaqla da irihəcmli gəlirlər əldə ediblər. Yaxşı olardı ki, hökumət bu gəlirləri də hesablayıb ictimaiyyətə açıqlayardı”.

Yaranmış vəziyyətlə əlaqədar sahibkarlara hansı güzəştlər ediləcək?Pərviz Heydərov yazır... » Sedanews.az

Pərviz Heydərov: “Bu müqavilə olmasa idi, Azərbaycan indikindən15-20 il geridəydi”

İqtisadçı-ekspert Pərviz Heydərovun sözlərinə görə, “Azəri-Çıraq-Günəşli” layihəsi ölkəmizin bugünkü inkişaf səviyyəsini müəyyən edən ən mühüm faktordur: “Bu müqavilə olmasa idi, Azərbaycan indi bu gündəkindən 15-20 il geridəydi. ”Əsrin müqaviləsi” imzalanan illərdə ölkəmiz sosial-iqtisadi cəhətdən çox ağır vəziyyətdə idi, iqtisadiyyat dağılmışdı, idarəetmə institutları yaranmamışdı, dövlət büdcəsinin icrası güclə yerinə yetirilirdi, heç bir maliyyə imkanları yox idi, beynəlxalq maliyyə qurumlarından aşkar asılılıq hökm sürürdü. Xarici investisiyalar ilk dəfə məhz neft-qaz sektorumuza cəlb edildi. Bu da təbii idi, çünki həmin dövrdə qeyri-neft sahələri üzrə bunu təmin etmək çətin idi və ümumiyyətlə, qeyri-mümkün sayılırdı. Ona görə ki, təkrar edirəm, hər şey dağınıq vəziyyətdə idi, qeyri-neft sektoru faktiki iflic duruma düşmüşdü. Kimə demək olardı ki, gəlin buraya pul qoyun. Neft və qaz sektoru isə tez gəlir gətirən sahədir, sərmayə sərf edib təmiz xammal əldə edirsən, özü də elə bir xammal ki, bunu reallaşdırmaq üçün nə bazar axtarmaq gərəkir, nə yüksək keyfiyyət, nə rəqabətqabiliyyətlilik və sair. Pulunu qoy, tez bir zamanda gəlirini götür. Odur ki, “Əsrin müqaviləsi” ilə birinci olaraq, ölkə iqtisadiyyatının məhz neft-qaz sektoruna xarici sərmayələrin cəlbi çox ağıllı və düşünülmüş bir strategiya sayıldı. Bu, ümumən ölkə iqtisadiyyatını, bütövlükdə sosial-iqtisadi vəziyyətimizi böhrandan çıxartmaq və müstəqil Azərbaycanın iqtisadi sistemini yaratmaq məqsədi daşıyırdı. Və hər şey də nəzərdə tutulduğu kimi oldu”.

Ekspert bildirir ki, bu gün Azərbaycan Cənubi Qafqazın ən böyük iqtisadiyyatına malik ölkədir: “Regional güc mərkəzidir, bölgə və onun ətrafı üçün böyük əhəmiyyət daşıyan demək olar, bütün enerji və nəqliyyat layihələrinin müəllifidir, icraçısıdır, sahibidir, ən böyük maliyyə ehtiyatlarına malikdir, özü donor və investisiya yatıran bir dövlətdir. Bu, çox ciddi nəticələrdir. 50 milyard ABŞ dollarından artıq valyuta ehtiyatlarımız vardır. Müharibə vəziyyətində olmasaydıq, 1 milyondan çox qaçqınlarımız olmasa idi, ehtiyatlarımız indi bundan çox idi. Eyni zamanda nəzərə almalıyıq ki, ölkədə nəhng infrastruktur yaradılmışdır, yuxarıda qeyd etdiyim kimi, Azərbaycanın bir çox sahələrdə regional mərkəzə, sözün əsl mənasında paytaxta çevrilməsi üçün böyük layihələr gerçəkləşdirilibdir.

“Əsrin müqaviləsi” hələ bundan sonra da Azərbaycanın inkişafında mühüm rol oynamaqda davam edəcək. Hazırda hasilat enişdədir, “Azəri-Çıraq-Günəşli”, dövlət başçımız demişkən, təbii olaraq özünün tənəzzül dövrünü yaşayır. Lakin neft-qaz sektoru hələ uzun müddət ölkə iqtisadiyyatının lokomotivi sayılacaq, əsas hərəkətverici qüvvəsi olaraq qalacaq. Digər neft və qaz yataqlarımızın da kəşf edilərək istismara hazırlanmasında “Əsrin müqaviləsi”ndən əldə etdiyimiz və etməkdə olduğumuz pullar mühüm rol oynayır”.

Dünya SAKİT,
“Yeni Müsavat”