“Əslində, “partlayış”ı ondan gözləmək lazımdı”

105

Elmar Baxşıyev rəhbərliyin qarşılarına qoyduğu tələbdən söz açdı

“Qəbələ” yeni mövsümə büdcəsi daha da azaldığından, AFFA-ya maddi dəstəklə bağlı rəsmi müraciət etməli oldu və buna müsbət cavab aldı. Əyalət təmsilçisi transfer bazarında fəal olsa da, yeni mövsümdə ilk 3 turdan sonra hələ ki qələbə üzünə həsrət qalan 2 komandadan biridi. Hesabında 2 xal olan “Qəbələ” bunu evdə heç-heçələrlə qazanıb. Sonuncu hesabat turunun açılış matçında “Keşlə”ylə qolsuz bərabərliklə oldu və sport.24-dən olan həmkarımız bu görüşdən sonra “Qəbələ”nin baş məşqçisi Elmar Baxşıyevlə söhbətləşib.

– İlk 3 turdan sonra komandanın oyunundan razı qaldığınızı demisiniz. Ancaq fakt budur ki, hələ də qələbə yoxdu. Bunun əsas səbəbini nədə görürsünüz? Ümumiyyətlə, nəticə baxımından belə gedişatı gözləyirdiniz?

– Çətin olacağını hamı bilirdi. Komandaya yeni oyunçular qoşulub. Hansılar ki, çempionat başlayanda bunu ediblər. Ən vacibi, onlar da uzun müddət futboldan uzaq qalıblar. Buna görə kondisiyaları hələ tam formada deyil. Həm də komandaya yeni gəldiklərindən, hələ ona uyğunlaşmayıblar.

– Bunun yoluna qoyulması təxminən nə qədər zaman kəsiyi alar?

– Hər oyun keçdikcə görürük ki, daha yaxşı oluruq. Məşqdən məşqə, oyundan oyuna o fərqi hiss edirik.

– Əsas işlərinizdən biri transfer çalışmalarıdı. Burda da maddi duruma görə “yorğanını ayağına görə uzatmalısan”. Bu mənada yay transfer çalışmalarından nə dərəcədə razı qaldınız? Bu proses nə dərəcədə ürəyinizcə oldu?

– Əlbəttə, biz də istəyərik transferi həyata keçirəndə, bunu ürəklə edək, heç bir sıxıntı hiss eləməyək. Ancaq büdcəmizə uyğun transfer eləmişik. Yeni futbolçularımızın hamısı istədiyim, bəyəndiyim oyunçulardı. İnanıram ki, getdikcə faydaları dəyəcək.

– Bəs, gedənlərin yeri görünürmü? İmkan olsaydı, kimi və ya kimləri qaytarmaq istərdiniz, yoxsa o kitabı bağlayıb bir kənara qoymusuz?

– Yox, elə bağlamışam. Ümidliyəm ki, bu futbolçular gedənlərin yerini layiqincə dolduracaqlar.

– Yeni legionerlərinizdən albaniyalı mərkəz müdafiəçisi Yurgen Qoxa diqqətimi çəkib, standart vəziyyətlərdə fəal iştirak edir, başla yaxşı oynayır. Bir də son transferiniz Rafael Utriqi qeyd edərdim ki, ondan “partlayış” gözləmək olar…

– Əslində, “partlayış”ı Stefan Vukçeviçdən gözləmək lazımdı.

– Onun haqda Xorvatiya mətbuatında çox yazırlar ki, “Qəbələ” bu transferdən qabağa düşdü. Ancaq  xorvatiyalı mərkəz yarımmüdafiəçiniz hələ ki xüsusi fərqlənmir…

– Gənc, perspektivli futbolçudu. Öz oyununu tapandan sonra hücumda daha da rəngarəng olacağıq. İki mərkəz müdafiəçisi transfer etmişik. İkisi də təcrübəli futbolçudu. Əlbəttə. yeni gələndə müəyyən çətinlik olmalıdı. Amma hiss olunur ki, bir-birini tamamlamağa çalışırlar. Rafaelə gəlincə, hücumda hər bir mövqedə oynaya biləcək futbolçudu. Braziliyada öz klubunda hücumun mərkəzində də oynayıb. Amma yarımmüdafiənin cinahlarında çıxış edəndən daha effektivdi.

– Cinah müdafiəçilərinizə toxunmaq istərdim. Vaxtilə Yusif Nəbiyev solda, Amin Seydiyev sağda oynayırdı. Amin komandadan gedib, Yusif hələ pandemiayadan qabaq əsas heyətdə yerini itirib. İndi müdafiənin cinahlarında əslində, dayaq yarımmüdafiəçiləri olan Qismət Alıyevlə İdris İnqilablı çıxış edir. Bu, nə dərəcədə effekt verir?

– Sərəncamımızda olan futbolçulardan maksumum istifadə editik. İndiki durumda həm İdris, həm də Qismət müdafiədə də, hücuma qoşulanda da böyük iş görür. İkisindən də klub olaraq razıyıq. Bizim sistemə uyğun indiki durumda hələlik Qismətlə İdris münasibdi. Yusifə gəlincə, onda geriləmə ona görə oldu ki, qolundan əməliyyat keçirdi. Buna görə hazırkı durumunu normal qarşılamaq lazımdı, çünki uzun müddət futboldan kənar qalıb. Ümid edirik ki, Nəbiyev də yavaş-yavaş formasını bərpa eləməklə, komandaya faydası dəyəcək.

– Keçən mövsüm heyətdə qalanlardan Merab Qiqauri ilə Rövlan Muradov əsas işlək mexanizmlər idilər. Ancaq indi ikisi də sönük təsir bağışlayır. Onlar da pandemiyanın qurbanı olublar?

– Ola bilər, sizə belə görünür. Ancaq Merabla Rövlan istədiyimiz futbolu göstərməyə çalışırlar. İkisi də əsas heyət oyunçularımızdı.

– Böyük ümidlərlə “Qəbələ”yə qaytarılan, yenidən kapitan olan Cavid Hüseynova nə qədər vaxt lazımdı ki, əsas heyətdə yer alsın? Hələ ki sonradan buraxılaraq çox az meydanda olur…

– Sırf hazırkı durumla götürsək, əlbəttə, biz də istəyirik ki, Cavid 90 dəqiqə meydanda olsun. Ancaq indiki vəziyyətdə nə qədər maksimum hazırdırsa, o qədər ona şans veririk.

– “Qəbələ”nin yetirməsi olan Kamal Mirzəyev hələ əvəzedicilərdə məşqçi işlədiyimiz vaxtdı tanıyırsınız. O, son 1 ildə Qətərdə legioner həyatı yaşadı. Kamalın oyununu izləmişdinizmi və hansı planda diqqətinizi çəkdi ki, onun da qaytarılmasına qərar verdiniz?

– Kamal orda klubunda mütəmadi oynayıb. Son dəfə martda pandemiyaya görə çempionat dayandırılanda da 5 ay futbolsuz qalıb. Əlbəttə, rahat danışa bilərik ki, futbolçu niyə formada deyil. Ancaq onu da nəzərə almaq lazımdı ki, uzun müddət futboldan kənar qalıblar. Adi bir həftə futbolu, məşqləri buraxırsan, sonradan yenidən bərpa olunmaq üçün 10 gün vaxt lazım olur. Amma indiki durumda 5 ay futbolsuz qalan oyunçuya formasını bərpa etmək üçün bir az vaxt lazımdı ki, həmin kondisiyaları qaytarsın.

– Koronavirusdan söz düşmüşkən, bu xof futbolçuların üzərində qalıbmı ki, birdən yoluxarıq?

– Bildiyiniz kimi, reqlamentə uyğun oyundan qabaq həftədə bir dəfə test verilməlidi. Çalışırıq müəyyən dərəcədə komandanı virusdan qoruyaq. Psixoloji yanaşmadan daha çox tibbi tərəfdən qorumağa çalışırıq. Əlbəttə, məşq prosesində məsafə saxlamaq çətindi, çünki futbol kontakt çox olan idman növüdü. Ancaq yenə də həkimin məsləhətləriylə çalışırıq ki, komanda bu məsələdə bir az ehtiyatlı olsun.

– “Qəbələ”nin ildən-ilə nə qədər maddi sıxıntıları olsa da, sərəncamınızda futbolçu az deyil, əksinə, xeyli çoxdu. Burda əsas söhbət kəmiyyət-keyfiyyət məsələsindən gedir. Bir sıra futbolçular ehtiyat oyunçular skamyasının daimi sakinidi, nadir hallarda meydana çıxırlar. Belə vəziyyətdə onları saxlamağa nə dərəcədə lüzum var? Hər halda, artıq xərcdi…

– Keçən mövsümdə elə oyunlarımız var idi ki, zədə, cəza problemlərimiz olurdu. Nəticədə 12-13 futbolçuyla qalırdıq. Akademiyamızın yetirmələridi, çempionat da uzundu, Hamıdan istifadə edəcəyik, hamıya şans veririk. Kim özünü məşqlərdə yaxşı tərəfdən göstərirsə, onun üzərində dayanırıq.

– Klub rəhbərliyi bu mövsüm qarşınıza hansı məqsəd qoyub? Hazırkı komandanın potensialını hansı yerlər üçün görürsünüz?

– Rəhbərlik tərəfindən komandanı formalaşdırmaq tələb olunmuşdu. Əsas məsələ buna nail olmaqdı. Oyun baxımından istədiyimizi məşq prosesində, oyunda meydançada futbolçulardan görürəm. İstədiklərimi nümayiş etdirməyə çalışırlar – hansısa oyunda alınır, hansındasa yox.

– Bilmək olar Elmar Baxşıyevin görmək istədiyi futbol hansıdı?

– İstədiyimiz futbol odur ki, hücumda olaq, dominant futbol oynayaq, top itkisindən sonra həmin zonalara pressinq edək.

– Şəxsi fikrim belədi ki, keçən mövsümkü “Qəbələ” daha baxımlı futbol oynayırdı. Bəlkə bu, dirijorluq bacarığı ilə seçilən Fernan Lopes kimi legionerin olmasıyla bağlı idi?

– Bu komandaya görə də bir az ümidliyik. Sadəcə, yeni gələnlər çox gec qoşuldular. Hətta Rafael “Sabah”la oyuna 1 gün qalmış bizə gəldi. Vaxt bizi də sıxır, ancaq getdikcə daha yaxşı olacağıq.