Əsl xəyanət bu vaqiələri unutmaqdır

816

Məddahlıq əllərindən heç nə gəlməyən, fikri-zikri ancaq qazancın yanında qalan, yaradıcılıqda qısırlığa düşən istedadsız tiplərin xilas kəməridir…

 Yazıçılar ittifaqının rəyasət heyətinin “Linç məhkəməsinə” oxşayan o rüsvayçı iclasında canfəşanlıq edənlərin çoxu dünyasını dəyişib. Törəmələri, qohum-əqrəbaları əməllərindən xəcalət çəkirlər, çəkmirlər bunu bilmirəm.

…20 il keçəcək Azərbaycanda aləm bir-birinə dəyəcək. Vaxtilə Xəlil Rzanın başına oyun açmış irticaçıların biri də gözə dəyməyəcək. Erməni faşistləri Rusiya hərbi hissələrinin köməyi ilə məskənlərimizi yerlə yeksan edib soydaşlarımızı qıranda Azadlıq meydanında Xəlil Rza Ulutürk “Qalx ayağa Vətənim, canım Azərbaycanım!” deyərək hayqıracaq.

…1969-cu ilin martında Xəlil Rzanı az qala dar ağacına göndərən “Vətyənpərvərlərin” biri ölkəni göz qabağında məhvə sürükləyən tribuna lotularının qarşısına çıxmadı.

…Ağır da olsa deməliyəm ki, uzaq 69-cu ilin mart ayında Xəlil Rza, illər boyu büt sayıb qarşılarında hörmətlə baş əydiyi bütün ədəbiyyat əmirlərindən elə zərbələr aldı ki, onun infarkta düşməməsinə məəttəl qaldım.

Əlli il olar ki, Anar ağa bütün üsul-idarələrlə dil tapa-tapa özünə gün ağlayıb. Cəsarəti çatırsa qoy, o məşum iclasların protokollarını çap etdirsin. Qoy camaat kimin riyakar, konformist, kimin isə böhtan, iftira qurbanı olduğunu bilsin. Qoy xalq bilsin ki, indi yağ-bal içində yaşayıb, indiki iqtidara yarınmaqla layiq olmadıqları şahanə güzəranı görənlərin sələfləri kim olub, hansı məzhəbə qulluq ediblər.  Xəlil Rza Ulutürk nə günahın sahibi idi? O əsl türkçü, əsl vətənpərvər idi, doğma dili uğrunda ölməyə hazır idi! Millətçi şeirləri ilə auditoriyaları yerindən oynada bilirdi, hansı yığıncaqda olursa olsun gənclik onu alqışlayırdı, bu da təqvimin qırmızı səhifələrinə şeir yazan rejim yaltaqlarına xoş gəlmirdi.

Xəlil Rza Ulutürkə verilən ittihamlardan biri də onun məşhur əruzşünas filoloq alim Əkrəm Cəfərlə yaxınlığı idi. Ömrünün ən gözəl illərini sürgünlərdə, konslagerlərdə keçirmiş Əkrəm Cəfər vaxtilə pantürkist ittihamı ilə həbs edilmişdi. Həbsdən qayıdandan sonra əməlli gün görmədi, illər boyu yaxşı mənzil üçün yalvarıb yaxardı. Həmişə də harada olsaydı bolşevik diktaturasının günahsız qurbanlarından söhbət açardı. Əlbəttə ki, bu üsuli-idarənin xoşuna gəlməzdi.

Xəlil Rzanın Əkrəm Cəfərlə həmrəy olub hansısa yığıncaqda Əli bəy Hüseynzadə barədə danışmasını da böyük qəbahət saydılar. Onda Moskva irticasının göstərişi əsasında Əli bəy kimi misilsiz insanlara çirkab atanlar öz sələflərinin taleyini yaşadılar. Əli bəy Hüseynzadə türkçülük asimanında gün kimi nur saçır, ona düşmən deyənlərin adları isə birdəfəlik silinib gedib, heç yada da düşmürlər.

…Özlərini xalqın əsl xeyirxahı sayanların Xəlil Rzaya bir iradı da bu idi ki, o, əməlləri ilə “xalqı zərbə altına qoyur, onu bihörmət edir, başını aşağı salır” və i.a. Halbuki bu ittihamları elə onların özlərinə, indi də heç bir şey olmamış kimi arsız-arsız ömür sürən xələflərinə ünvanlamaq lazımdır.

…İllər uzunu Radio və Televiziya komitəsinin xorunda işləyən azərbaycanlı qızlar, gəlinlər muzd müqabilində Bakının düz mərkəzində olan erməni kilsəsinin təntənəli dini mərasimlərində oxuyardılar. Bu heç kimin vecinə deyildi.

Mədəniyyət Nazirliyinin tabeliyində abidələrin elmi –bərpası ilə məşğul olan böyük idarə verdi. Demək olar ki, orada bütün iş icraçıları bənnasından tutmuş daş yonanına, rəngsazına kimi bütün işçilər erməni millətindən idilər. Lap çoxdan Azərbaycanın memarlıq abidələrinin qorunması və bərpası ilə məşğul olan böyük bir qrupun ad və soyadlarını açıb göstərmişdim. Allaha and olsun ki, utandığımdan bu siyahını bir daha açıb ağartmıram. Erməni “ustaları” bərpa pərdəsi altında onlarla bimisl türbəni, somiəni, istehkamı tanınmaz günə salanda Mirzə İbrahimov başda olmaqla tanınmış qələm sahiblərindən heç kim dillənməyib. Yox olmaq təhlükəsi ilə üzləşmiş, bərpa bəhanəsi ilə qəsdən yaman günə qoyulmuş abidələrin siyahılarını verməkdən yorulmuşdum. Ənvər Börüsoy indi vacibdən də vacib məsələləri qaldıra-qaldıra tənha qaldığı kimi, mən bədbaxta da məhəl qoyan yox idi. Ağlım kəsəndən əlli-altmış il ərzində bir dəfə eşitmədim ki, İlyas Əfəndiyev, İmran Qasımov, Rəsul Rza, məxləs üzdə olan neçə-neçə ziyalıdan heç olmasa tək bircəciyi kotanlar altında məhv edilən nekropolların, qədim somiələrin dadına çatsın. Olmayıb belə şey!

Kiçik bir haşiyə

Vaxtilə Azərbaycanın nekropollarında balaca qoyun heykəllərinə, nəfis işlənmiş sənduqələrə, sinə daşlarına tez-tez rast gəlmək olardı. Onların hər biri sənət əsəri idi. İndi onların əksəriyyəti ya sındırılıb, ya da çoxdan oğurlanıb. Ermənilər yaxşı fənd tapmışdılar, lotuları qəbirüstü abidələri diqqətəşayan olan kəndə, qəsəbəyə bir bəhanə ilə gəlib şübhə filan oyatmadan söhbət əsnasında birdən ağızlarından qaçırardılar ki, heç demə o daş fiqurların, sənduqələrin içləri qızılla doludur, alimlər hələ baş sındırırlar, o qızılları daşın içinə necə salıblar. Deyilənə görə bu yaxınlarda xarici mütəxəssislər sizin tərəflərə gəlib xüsusi aparatlarla bu daşları əziyyətsiz filansız kəsib doğrayacaqlar. İki-üç gün keçməmiş küt kolxoz sədri, ya da yerli məmurlar özlərinə gəlməmiş kənd uşaqları əllərinə gürz alıb fiqurları, sənduqələri sındırıb tökürdülər. Birisində qızıl yoxdursa, deməli o birisində olar., deyərək bütün fiqurlar, sənduqələr məhv edilirdi. Mən hələ yerli nadan məmurların gözləri qabağında daş kitabələrin tişələrlə yox edilməsindən danışmıram. Hamı da mal kimi durub baxırdı.

Xəlil Rza Ulutürkə zərbə zərbə ardınca gəlirdi

Yazıçılar ittifaqında təşkil olunmuş “Linç məhkəməsində” Xəlil Rza yazıq illər boyu büt sayıb qarşılarında hörmətlə baş əydiyi ədəbiyyat knyazlarından o gün elə ağır zərbələr almışdı ki, mən onun dözümünə mat-məəttəl qalmışdım. Onun həmin gün infarkt olmaması möcüzə idi. İllər keçəndən sonra bəzi çıxışları oxumaq mənə nəsib olub. Özlərini ziyalı hesab edən bu inkvizitorlar patoloji həzz ala-ala , bir-birləri ilə bəhsə gorərək Xəlili mənən didib parçalayıblar. Anar ağa, gəlsənə vaxtilə üç saat davam etmiş o tükürpədici “Linç məhkəməsindən” ikicə kəlmə danışasan.

…Oğlu Təbriz şəhadətə çatmamışdan əvvəl Xəlil Rzaya ikinci zərbəni vurdular. Yanvar qətlamında həbs edilənlərin, öldürülüb dənizə atılanların, rus cəlladlarının orda-burda qətlə yetirdikləri günahsız insanların sayı-hesabı yox idi. Dəqiq məlumat hələ də məxfi saxlanılır. Xəlil müəllim  Məhəmməd Hatəmi və Seyid Tahir Qarabağı ilə Lefertova zindanına salınmışdı.

Qeyrətli ziyalılar müdafiə komitələri yaradıb məhbuslar üçün təzə-təzə iş görməyə başlamışdılar ki, xəbər yayıldı, AXC rəhbərliyi Xəlil Rza Ulutürkü

öz sıralarından çıxarıb. Bu əsl satqınlıq idi! Xalq hərəkatını gətirib dalana dirəyənlər Moskva irticasına açıqdan-açığa bildirdilər ki, onlar Xəlil Rza ilə nə istəsələr edə bilərlər, onun arxasında duran yoxdur…

Yazını davam etdirmədən istərdim ki, hörmətli qarelərimi bir sirrdən agah edim. Yazıçılar İttifaqlnda ona divan tutulmamışdan əvvəl, pedaqoji institutunda Xəlilin üzərində partiya “məhkəməsi” qurdular. Hər iki yerdə bütün güruha qarşı qorxmadan, çəkinmədən durub kişi sözü deyən rəhmətlik Məmməd Araz olub. Son illərin hürriyyət ab-havasından məst olub ağızlarına gələni danışan salon yakobinçiləri unutmasınlar ki, 1969-cu ildə kommunist ideologiyasının sadiq nigahbanları Rəsul Rzanın, Mirzə İbrahimovun, İmran Qasımovun, İsmayıl Şıxlının, İlyas Əfəndiyevin, Cəlal Məmmədovun, Əli Vəliyevin, Hüseyn Şərifovun, Əhməd Cəmilin və digərlərinin qarşısında durub Xəlil Rzanı müdafiə etmək böyük cəsarət idi. Amma Məmməd Araz sınmadı, axıra qədər dediyində durdu! O, bu əməli ilə bir daha sübut etdi ki, Sabirlər, Cavidlər, Üzeyirlər, Əhməd Cavadlar yurdu əsl kişilərdən xali deyil!

…Məqaləmin əvvəlində Ulu öndərin anım günü ilə əlaqədar olaraq bəzilərinin məddahlıqda əndazədən çıxmalarından ötəri danışmışdım. Təqvimə hesablanmış məddahlıqla qəbahətləri ört-basdır eləmək asandır. Məddahlıq, əllərindən heç nə gəlməyən, fikri-zikri ancaq qazancın yanında qalan, yaradıcılıqda qısırlığa düşən istedadsız tiplərin xilas kəməridir. Anım günü münasibətilə təşkil edilmiş verilişlərin birində Azərbaycan rəssamlarının sərdar-millisi Fərhad Xəlilov da danışdı. Bu ağa da o ki var basıb-bağladı, Ulu öndərin diqqətli olmasından, çox şeylərlə maraqlanmasından, sənət adamlarına xüsusi qayğı göstərməsindən və digər savab işlərindən bəhs etdi. Bütün bunları başa düşdük və bəyəndik də…

Amma bir qərinə (!!) ərzində Fərhad ağa bir dəfə də olsun biz bəndələrin suallarına cavab verməyi özünə sığışdırmayıb. Biz nə demişik? Demişik ki, ikinci dünya müharibəsi zamanı sovet rəssamlarının çəkdikləri plakat və rəngkarlıq işləri muzeylərin bəzəyidir. Müharibədən sonra da istedadlı rəssam və heykəltaraşlar şedevrlər ortaya qoyublar.

Bizdə baş verənlər daha dəhşətli olub, niyə bu xarabada otuz il ərzində bir abırlı plakat da görməmişik?  Realistik üslubda çəkilmiş bir tablo da yoxdur. Bir neçə cılız sərgi təşkil olunanda da ictimaiyyətin heç bundan xəbəri də olmur. İstedadlı rəssamlara, niyə siz bizim qəhrəman ordumuzun şücaətini vəsf edən əsərlər ortaya qoymursunuz, sualını verəndə cavabları bu olur, əvvəla, sifariş yoxdur, ikincisi zəhmət çəkib işləsək də, əsərimizi alan tapılmayacaq. Sovet hakimiyyəti dövründə rəssamlar, heykəltəraşlar hakim üsuli-idarənin ərköyün balaları idilər. Sifariş sifariş üstündən gəlirdi.

…Aləmlər bir-birilərinə dəydi doğma vətəninin ədəbiyyat və tarixini alababat bilən qocalar dünyalarını dəyişdilər, meydan qaldı müxtəlif “izmləri” əllərində bayrağa döndərən lotu-potunun əlində.

…Bəzən bir sərgi də açılanda, gərək özün üçün qorxu duası yazdırıb gedəsən. Mücərrəd, modern tərzdə çəkilmiş eybəcər şəkillərə baxanda adam qorxur. Bunlardan şedevr gözləmək avamlıqdır, normal rəssam kimi işləyə bilmədikləri üçün hər zir-zibili “modern” sözü ilə ört-basdır edirlər.

Az-çox istedadı olanlar da artıq formalaşmış yırtıcı zümrənin sifarişlərini yerinə yetirirlər. Onu görürsən ki, biri vaxtilə qoltuq alverçisi, ya da codar olmuş ulu babasını xanzadə qiyafəsində çəkilməsini istəyir, digəri cah-cəlallı villası üçün antik dövrün eyş-işrətini təsvir edən divar rəsmi sifariş edir.

(Ardı var)

Firuz Haşımov