“Əsl jurnalistlər hələ də kölgədədir”

120

Mətanət Əzimova: “Mətbuatda sərbəstlik bir qədər çox olmalıdır, jurnalist düşündüyü kimi yazmalıdır, kiminsə diqtəsi ilə yox”

“Azərbaycanda baş verən məhz bu “topxana harayı” təkcə mənim yox, bir çox insanların jurnalist olmağına səbəb oldu. Müxtəlif illərdə qəzetlərdə yazım yayımlansa da, peşəkar jurnalistikaya məhz bu hadisədən sonra gəlmişəm. Radioya gəlməyimə qaldıqda isə, hərbi-vətənpərvərlik mövzusunda müsabiqə keçirildi və orda mən qalib olduğum üçün radioda çalışdım”.

Bu fikirləri Azərbaycan radiosunda “Ünvanınız Azərbaycandır” verilişinin aparıcısı, əməkdar jurnalist Mətanət Əzimova “Hürriyyət”ə müsahibəsində səsləndirib. O, jurnalistin sərbəst və düşündüyü kimi yazmalı olduğunu deyib. Müsahibəni oxucularımıza təqdim edirik:

– Mətanət xanım, necə oldu ki, jurnalist olmağa qərar verdiniz, bu sizin uşaqlıq arzunuz idi, yoxsa…

– Uşaqlıq vaxtlarımda jurnalistikanın nə olduğunu bilmirdim. Amma romantik və yaradıcı bir insan idim. Nağılları çox sevirdim. Mənə elə gəlirdi ki, nağıllar həqiqətdir. Zaman keçdikcə təxminən 7-8 yaşımda jurnalistika aləmi ilə tanış olmağa başlamışam. Artıq o yaşdan “jurnalist” sözü mənim diqqətimi çəkib. Atamdan jurnalistin nə demək olduğunu soruşdum. Atam həm evdə, həm də məktəbdə müəllimlik fəaliyyəti göstərirdi. O, mənə “jurnalist” sözüylə yuxarı siniflərdə təhsil aldığım zaman tanış olacağımıb bildirdi. Lakin mən atamdan təkidlə “jurnalist” sözünün nə demək olduğunu öyrənməyə çalışdım.  Həmin vaxtdan mən jurnalist olmağı qərara aldım.

– Niyə məhz radio jurnalistikasını seçidiniz?

– Mən jurnalistika fəaliyyətinə radio jurnalistikasından gəlməmişəm. İlk dəfə Azərbaycan televiziyasında “Xəbərlər” proqramından başlamışam. İctima-siyasi proqramlarda iştirak etmişəm. Amma fəaliyyətimə birinci kursdan başlamışam. Həmin vaxtlar valideynlərim radio və televiziyada işləməyimə icazə vermirdi. Çünki mən Bakı Dövlət Universitetində filologiya fakültəsində təhsil alırdım. Onlar məni filologiya üzrə alim kimi görmək istəyirdi. Mən universitetimi bitirdikdən sonra, aspiranturaya daxil olmalı idim. Buna baxmayaraq, düşünüdüm ki, həm valideynlərimin, həm öz arzularımı yerinə yetirim.

Ali təhsil aldığım illərdə “Topxana harayı” dünyaya yayıldı. Həmin illərdə ermənilər Şuşanın Topxana meşəsində ağacları kəsməklə bütün Azərbaycanı ayağa qaldırdı. O söz Bakı Dövlət Universitetinin auditoriyalarında bomba kimi düşdü. Bir andaca auditoriyalarımızı tərk etdik. Baxmayaraq ki, o vaxtlar Sovet hökümətinin “dəmir qanunları” hökmran idi.  Amma hər şeyi gözə alıb, meydanlara axışdıq. Azərbaycanda baş verən məhz bu “Topxana harayı” təkcə mənim yox, bir çox insanların jurnalist olmağına səbəb oldu. Müxtəlif illərdə qəzetlərdə yazım yayımlansa da, peşəkar jurnalistikaya məhz bu hadisədən sonra gəlmişəm.

Radioya gəlməyimə qaldıqda isə, hərbi-vətənpərvərlik mövzusunda müsabiqə keçirildi və orda mən qalib olduğum üçün radioda çalışdım. Həmin vaxtlar da hərbi-vətənpərvərlik mövzusuna ehtiyac çox idi. Mən həm televiziyada həm radioda çıxış edirdim. Hərbi mövzu məni tamamən radioya çəkdi.

-Sizcə, radio jurnalistikasına gəlmək üçün ilk olaraq qəzetdə fəaliyyət göstərmək lazımdırmı?

– Hərçənd ki, artıq belə bir qaydalar götürülüb. Radio və televiziyaya gələn insanın ilk növbədə qələmi yazı üzərində sınanmalı idi. Həmin yazıda qəzet və ya jurnalda əksini tapmalıydı. On yaşım olanda yazılarım qəzetdə çıxırdı. “Azərbaycan”, “Ədəbiyyat”, “Mübarizə”, “İncəsənət” kimi qəzetlərdə böyük məqalələrlə çıxış etmişəm. Eyni zamanda, radio və televiziyada fəaliyyət göstərmişəm. Lakin hərbi-vətənpərvərlik mövzusuna görə, rəhbərlik tərəfindən radioya tələb olunmuşam.

– Jurnalistikanın bugünkü durumunu necə qiymətləndirirsiniz?

– Jurnalistikanın mənzərədən görünən tərəfinə baxsaq, sevindirici deyil. Bu, mənim fikrimdir. Belə başa düşürəm ki, əsl jurnalistlər hələ də kölgədədir və hələ də tam ortalığa çıxa bilməyib. Amma ortalıqda olanlar, az da olsa var. Yəni peşəkar jurnalistikamız tam kökdən düşməyib.

– Bəs sizin üçün “əlçatmaz” saydığınız jurnalist olubmu?

– Əlçatmaz jurnalist yoxdur, mənim üçün əlçatmaz fikir sahibləri var. Hansı ki, onların ifadə etdiyi fikirləri ürəyimdən keçirsəm də, mən onları ifadə edə bilmirəm. Bu baxımdan, mənim üçün əlçatmaz qələm sahibləri var.

– Nə vaxtsa elə olub ki, hansısa redaksiyaya yazı təqdim etmisiniz, geri qaytarıblar?

-O qədər yazılarım geri qaytarılıb ki… Kimisi biganəlik, kiminəsə mövzu çatmayıb. Amma ruhdan düşməmişəm. O mövzu üzərində təkrar işləmişəm ki, qəbul olunsun. Təbii, qəbul olunmayan mövzularım da olub. O vaxt da, indi də belə hallarla rastlaşıram. Hər halda qəbul olunan mövzular var və mən o mövzularla meydandayam.

-Mətbuatımızın gələcəyini necə görürsünüz?

-Bir qədər sərbəstlik çox olmalıdır. Jurnalist düşündüyü kimi yazmalıdır. Kiminsə diqtəsi ilə yazmamalıdır. Düşünürəm ki, bu, cinayətdir. Mənim özümü çox mövzu maraqlandırır. Amma fikirimi daha çox hərbi-vətənpərvərlik mövzularına yönəltmişəm. Bu o demək deyil ki, mən şoudan yaza bilmərəm və yaxud da şou verlişləri apara bilmərəm. Şükürlər olsun ki, çox geniş diapozana malikəm. Çünki imtahan verərkən, bu sınaqlardan keçib gəlmişəm. Jurnalist sərbəst olmalıdır, həm də həqiqətən jurnalist olmalıdır. O adı sevdiyi üçün yox, həqiqətən jurnalist olmalıdır.

– “İnternet jurnalistikası”, “onlayn media” anlayışları günümüzün ən məşhur ifadələridir, hansı ki, bir çox qəzetləri sıradan çıxarıb. İnformasiya bolluğu şəraitində bizi nə gözləyir?

-Nə qədər bol olsa da, yaxşı yazılar həmişə diqqətdə olur. Bilirsiniz ki, dünyada başımızın üstündə “ələk” fırlanır. Yaxşı və pisi “ələyir”. İnsanlarında diqqətində imtahanlardan keçənlər dayanır. Nə qədər bol olsa da, yaxşı jurnalist həmişə parlaya bilir. Yaxşı yazılar fərqlənir və diqqəti çəkir.

– Uzun illərdir ki, diaspora sahəsinə həsr olunan verlişə aparıcılıq edirsiniz. Sizcə, Dövlət Diaspora Komitəsi tərəfindən xarici ölkələrdə yaşayan azərbaycanlıların hüquqlarının müdafiəsi istiqamətində yetərli addımlar atılır?

-Onların hüquqlarının müdafiəsi istiqamətində əvvəlki rəhbərlikdən fərqli olaraq, bugünki komitənin rəhbərliyi çox yaxşı addımlar atır. Həmişə onların yanında olmaqla, fikirlərini Azərbaycana yönəltmək istiqamətində çox yaxşı işlər görülür. Onların hüquqlarının müdafiəsi yönündə də az işlər görülməyib. Əvvəl ki, illərdə bu sahədə çox az işlər görülürdü. Hazırda Diaspora Komitəsiylə dövlət qurumları bu istiqaqmətdə birgə işləyir. Amma tam olaraq, hələ ki istədiyimiz nəticə yoxdur. Nisbətən var.

-Xaricdəki azərbaycanlıların yaşadıqları ölkələrdə ictimai-siyasi proseslərdə aktiv iştirakını təmin etmək də bu gün aktual mövzulardan biridir. Bununla əlaqədar mövcud mənzərə necədir?

-Mənim fikrimcə, xaricdəki azərbaycanlılar yaşadıqları ölkələrdə ictimai-siyasi proseslərdə aktiv iştirak edir. Aprel döyüşlərində də bunu müşahidə edirdim. Onlar hadisələrə bizdən əvvəl çıxırdı. İnformasiya savaşında aktiv iştirak edirlər.

-Erməni lobbisinə qarşı mübarizəyə də toxunmaq istərdik. Azərbaycan diasporunun erməni lobbisinin fəaliyyətinə qarşı hansı addımlar atmasını vacib hesab edirsiniz?

-Bilirsiniz ki, hansısa xalqın tarixi Vətəni, torpağı və bayrağı yoxdursa, onun lobbiçiliyə ehtiyacı var. Buna görə də erməni lobbiçiliyi güclüdür. Nə desək də bunu inkar etmək olmaz. Amma bizim buna ehtiyacımız olmadığından, lobbi və diaspora yaratmamışıq. Baxmayaraq ki, diasporamızın tarixi yeddinci əsrdən başlasa da, biz ancaq simamızla əks olunmuşuq. Lakin o işin əsl mahiyyətini yaratmamışıq. Bu gün isə bu sahədə çox actual işlər görülür və möhkəm təməllər qoyulur. Bu baxımdan da xaricdə işimizi möhkəmlədəcəyik. Çünki bugünki hadisələr bizə dərs verdi. Xüsusən də Dağlıq Qarabağ məsələsi… Çünki lobbiçiliyin gücünü gördük. Bizim gənclər də bu sahəyə çox maraq göstəririr. Noyabrın 12-də “Ünvanımız Azərbaycandır” radio proqamının 12 yaşı tamam olacaq. Artıq 12 ildir diaspora sahəsinə həsr olunmuş verlişə aparıcılıq edirəm. Bu illər ərzində gənclərin verlişə olan marağını hiss edirəm. Bu verliş günümüzdə aktual mövzuya həsr olunduğuna görə uzunömürlü oldu. Jurnalist olaraq, bu mövzunu qoydum və etiraz olunmadı. Bu verliş Azərbaycanda diaspora fəaliyyətinin inkişafına bir töhfədir. Diaspora Komitəsiylə müxtəlif layihələr həyata keçiririk. Bu verlişin ortaya çıxması, xaricdə yaşayan soydaşlarımız üçün yenilik oldu. Ümumiyyətlə, lobbiçiliklə bağlı belə verliş olmayıb. İlk dəfə biz bu layihəni təqdim etmişik. Bu baxımdan artıq on iki ildir verliş radioda yayımlanır. Velişin ərsəyə gəlməsində rəhbərlik tərəfindən də dəstək alıram.

YƏHYA