“Əsas şərtimiz qəbul edənə qədər hərbi əməliyyatları davam etdirməliyik”

123

Məhəmməd Əsədullazadə: “Azərbaycan ABŞ-la diplomatik danışıqlar aparmalı, bu hərbi əməliyyatların Vaşinqtonun geosiyasi maraqlarına cavab verdiyi qeyd edilməlidir”

Elxan Şahinoğlu: “Gərək tələyə düşməyək, çünki atəşkəs elan edib, məsələni yenə də uzatmağa çalışacaqlar”

Xaqani Cəfərli: “Azərbaycan qarşıdakı bir və ya iki həftə ərzində cəbhə xəttində strateji məsələləri həll etməlidir”

“Azərbaycanın xarici işlər nazirinin Moskvaya getməsi mümkün olsa da, orada hər hansısa bir öhdəliyin götürülməsi qəbuledilməzdir”

Bugünlərdə Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və düşmən Ermənistanın xarici işlər naziri Zohrab Mnatsakanyanla telefon danışığı olub. Telefon danışığı zamanı Dağlıq Qarabağdakı vəziyyət müzakirə edilib və Lavrov tərəfləri sülhə, silahlı mübarizədən çəkinməyə çağırıb. Belə ki, genişmiqyaslı hərbi əməliyyatlardan narahat olduğunu dilə gətirən Lavrov tərəflərə Rusiyanın Moskva platformasının danışıqlar üçün hazır olduğu da bildirilib. O, həmçinin Azərbaycan və Ermənistanın danışıqlar masasına qayıtmalı olduğunu da vurğulayıb.

Qardaş Türkiyədən Minsk Qrupunun həmsədr ölkələrinin prezidentlərinin bəyanatına sərt reaksiya…

Lavrovun açıqlamasından bir qədər sonra isə ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrinin rəhbərləri – ABŞ, Fransa və Rusiya prezidentləri Qarabağ münaqişəsi ilə bağlı birgə bəyanat qəbul ediblər. Nə qədər gülməli səslənsə də, onlar atəşi dərhal dayandırmağı tələb ediblər: “Biz ölənlər barədə təəssüflənirik və həlak olanların, yaralananların ailələrinə öz başsağlığımızı çatdırırıq. Hər iki tərəfin silahlı qüvvələrindən atəşi dərhal dayandırmağı tələb edirik. Həmçinin, Azərbaycan və Ermənistan rəhbərlərindən dərhal üzərlərinə götürdükləri öhdəliklər əsasında heç bir tələb irəli sürmədən ATƏT-in Minsk Qrupunun vasitəçiliyi ilə danışıqları bərpa etməyə çağırırıq”.

Bu arada, nəzərinizə çatdıraq ki, artıq qardaş Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya, ABŞ və Fransa prezidentlərinin Dağlıq Qarabağla bağlı bəyanatına münasibət bildirib. O, həmkarları Vladimir Putin, Donald Tramp və Emmanuel Makrona xəbərdarlıq ünvanlayıb: “Bu quldur dövlətə dəstək verənlərə xəbərdarlıq edirəm. Qarabağın işğalını görməzdən gələn iki üzlü ölkələrin müraciətləri bizim üçün əhəmiyyət kəsb etmir”. Ərdoğan onu da əlavə edib ki, bölgədə dayanıqlı sülhün yolu ermənilərin işğal etdikləri hər qarış Azərbaycan torpağından geri çəkilməyindən keçir. Türkiyə prezidenti eyni zamanda, hər üç ölkə liderlərinin Dağlıq Qarabağ problemini artıq müzakirə etdiyini, ancaq bunun heç bir nəticəyə gətirib çıxarmadığını xatırladıb.

Təxminən, eyni məzmunlu açıqlama ilə çıxış edən Türkiyənin milli müdafiə naziri Hulusi Akar isə qeyd edib ki, Dağlıq Qarabağla bağlı edilən atəşkəs çağırışları səmimi deyil: “İllərdir Azərbaycanın Dağlıq Qarabağdakı haqlı mövqeyinə həll tapmayanların atəşkəs çağırışları səmimi olmadığı kimi, inandırıcı da deyil. Can qardaşlarımızın haqlı davasında, öz torpaqlarını geri almaq uğrunda apardığı mübarizədə sonuna qədər yanında olacağıq”. Qardaş ölkənin xarici işlər naziri Mövlud Çavuşoğlu isə rusiyalı həmkarı Sergey Lavrovla telefon danışığında bəyan edib ki, Ermənistan ordusu Azərbaycanın işğal altında olan ərazilərini tərk etməyənə qədər atəşkəsin mənası yoxdur: “Bu gün atəşkəsə nail olunsa da, işğal olunmuş ərazilər təmizlənməsə, münaqişə yenidən başlayacaq”.

“Azərbaycan hərbi əməliyyatları dayandırmamalıdır”

Beləliklə, “Hürriyyət” xəbər verir ki, mövzu ilə bağlı fikirlərini bölüşən Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri, Milli Cəbhə Partiyasının sədr müavini, politoloq Məhəmməd Əsədullazadənin qənaətincə, öhdəliyi ilk növbədə Ermənistan götürməli və əraziləri boşaltmalıdır: “Minsk Qrupunun həmsədr ölkələri ABŞ, Rusiya və Fransa dövlət başçıları birgə bəyanatla atəşkəsi dərhal dayandırmağı və qeyd şərtsiz danışıqların bərpa edilməsini tələb ediblər. Bəyanatda tərəflərin öhdəlik götürülməsini qeyd edilib. Halbuki, öhdəliyi ilk növbədə Ermənistan götürməli və əraziləri boşaltmalıdır. Aydın şəkildə görünür ki, birgə bəyanatın verilməsində Fransa prezidenti Emmanuel Makron əsas rol oynayıb. Minsk Qrupu ilk növbədə Ermənistandan Azərbaycanın işğal olunmuş ərazilərdən çıxarılmasını tələb etməlidir. Minsk formatı Azərbaycanın təhlükəsizlik maraqlarını təhdid edərək, birbaşa Azərbaycana öz ərazilərinin bərpasının qarşısını alır”. Politoloq hesab edir ki, Azərbaycan ABŞ-la diplomatik danışıqlar aparmalı, bu hərbi əməliyyatların Vaşinqtonun geosiyasi maraqlarına cavab verdiyi qeyd edilməlidir: “Çünki regionda geopolitik yerdəyişmələr var. Fransa prezidenti Makron Türkiyə faktoruna görə, konkret Azərbaycana düşmən mövqeyində olaraq çalışır ki, Türkiyənin Cənubi Qafqazda apardığı siyasətin qarşısını alsın. Rusiya da dolayı yolla verdiyi açıqlamada Qarabağa Yaxın Şərqdən muzdluların gəldiyini bəyan etdi. Verilən bu açıqlama Azərbaycana qarşı yönəlib. Azərbaycan hərbi əməliyyatları dayandırmamalıdır. Fransanın Azərbaycana təzyiqləri sıfırdır. Rusiya da bir müddət ciddi təzyiqlər etməyəcək. Araz boyu ərazilər, Kəlbəcər və Ağdərə alınmalıdır ki, masada əlimiz tam güclənsin”.

“Atəşi dayandırmağı tələb edən ABŞ, Fransa və Rusiya gərək, vaxtilə BMT-nin 4 qətnaməsinin yerinə yetirilməsini təmin edərdilər”

Mövzu ilə bağlı “Hürriyyət”ə açıqlama verən “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu isə bildirdi ki, Rusiya, ABŞ və Fransa prezidentlərinin bəyanatına rəğmən, hərbi əməliyyatlar dayandırıla bilməz: “Biz artıq hərbi əməliyyatları məntiqi sonluqla yekunlaşdırmalıyıq. Hərbi əməliyyatlar o həddə qədər davam etdirilməlidir ki, Ermənistan bizim əsas şərtimizi qəbul etsin. Yəni qoşunlarını Azərbaycanın işğal altındakı torpaqlarından çıxarsın. Atəşi dərhal dayandırmağı tələb edən 3 dövlət – ABŞ, Fransa və Rusiya gərək, vaxtilə BMT-nin 4 qətnaməsinin yerinə yetirilməsini təmin edərdilər. İndi də gec deyil. Lakin bunu etmək istəmirlər, deyirlər ki, yalnız atəşi dayandırın. Belə bir vəziyyətdə biz atəşkəsə razılaşa bilmərik”. Bundan sonra da çoxlu bəyanatların, zənglərin olacağını vurğulayan politoloq qeyd etdi ki, bunları normal qarşılamaq lazımdır: “Amma bütün bunlara baxmayaraq, biz öz işimizi davam etdirməliyik. Heç kəs hələlik bizə mane olmur. Odur ki, torpaqlarımızı işğaldan azad edib Ermənistanı sülhə məcbur etməliyik”.

Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Azərbaycan və Ermənistanın danışıqlar masasına qayıtmasına yönəlik açıqlamasına gəlincə, “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri hesab edir ki, Moskvada baş tutması planlaşdırılan görüş bizim maraqlarımıza cavab vermir: “Lakin belə bir görüş olacaqsa, o zaman Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov prezident İlham Əliyevin fikrini orda da təkrarlamalıdır. Bildiyiniz kimi, Ermənistan tərəfi məntiqsiz 7 şərt irəli sürüb, biz isə bir şərt irəli sürürük. O da Azərbaycanın işğal olunmuş ərazilərindən düşmən qoşunlarının çıxarılmasıdır. Əgər qarşı tərəf bununla razılaşmayacaqsa, onda təbii ki, döyüşlər davam edəcək. Amma biz gərək tələyə düşməyək. Çünki atəşkəs elan edib, məsələni yenə də uzatmağa çalışacaqlar. Son 4 ildə bunun iki dəfə gördük. Ona görə də artıq siyasətimizi müəyyənləşdirmişik. Bizə olan diplomatik təzyiqləri də strateji müttəfiqimiz Türkiyə çox asanlıqla neytrallaşdıracaq”. Elxan Şahinoğlu onu da əlavə etdi ki, əgər Rusiya prosesə müdaxilə edərsə, o zaman Azərbaycan və Türkiyə ilə münasibətləri gərginləşdirmiş olacaq: “Rusiya məntiqlə yanaşsa, gərək Dağlıq Qarabağa görə Azərbaycan və Türkiyəyə düşmən olmasın. Çünki hər iki dövlətlə strateji tərəfdaşlıq münasibətləri var. Və hələ də proseslərə qarışmır. Ona görə də Rusiya hələlik bizə mane olmur”.

“Həmsədr ölkələrin prezidentləri tərəfindən atəşi dayandırmaq istiqamətində edilən son bəyanat məhz Fransanın təşəbbüsü ilə ortaya gəlmiş sənəddir”

Politoloq Xaqani Cəfərli isə “Hürriyyət”ə açıqlamasında bildirdi ki, dünya nizamı böyük dövlətlərin təmsil olunduğu BMT-nin Təhlükəsizlik Şurası tərəfindən tənzimlənir: “Bildiyiniz kimi, Təhlükəsizlik Şurasının 5 daimi üzvü o dövlətlərdir ki, onların şuranın istənilən təklifinə, sənədinə veto qoymaq hüququ var. Həmin 5 dövlətdən 3-ü – ABŞ, Fransa və Rusiya isə ATƏT-in Minsk Qrupunun həmsədrləridir. Fikrimcə, bu ölkələr tərəfindən atəşi dayandırmaq istiqamətində edilən son bəyanat məhz Fransanın təşəbbüsü ilə ortaya gəlmiş sənəddir. Məlumunuzdur ki, bundan öncə Fransa prezidenti Makron həm Rusiya, həm də ABŞ prezidenti ilə ayrı-ayrılıqda telefon əlaqəsi yaradıb və onları Azərbaycanın Qarabağda əks hücumu dayandırmasına çağırış etməyə sövq etmişdi. Odur ki, ortalığa çıxan bəyanat Fransanın təşəbbüsüylə gündəmə gələn bir sənəddir. Hesab edirəm ki, Azərbaycan hələlik bu çağırışa diqqət verməməli, ordumuz hərbi əməliyyatları davam etdirməlidir. Çünki qeyd etdiyim kimi, bu bəyanat Fransanın təşəbbüsü ilə ortalığa çıxıb. Niyə? Ona görə ki, qarşıda Fransada prezident seçkiləri gəlir. Bu səbəbdən də Makron Fransadakı erməni icmasının dəstəyini almaq üçün bu məsələdə çox fəallıq edir. Onun rəqibləri də bir qayda olaraq, belə fəallıq edirlər ki, erməni seçicilərin səslərini alsınlar”.

“Nə qədər ki, məsələlər daha da gərginləşməyib, hər hansısa bir qadağalar, sanksiyalar, təhdidlər gündəmə gəlməyib, belə bir ortamda Azərbaycan çox qısa müddətdə problemi həll etmək məcburiyyətindədir”

Buna görə də Azərbaycanın bu kimi çağırışlara diqqət etməməsinin vacibliyini vurğulayan politoloq hesab edir ki, eyni zamanda beynəlxalq aləmdə baş verənləri də diqqətdən kənarda qoymaq olmaz: “Çünki həmin dövlətlər həm də BMT-də söz sahibi olan ölkələrdir. Odur ki, onların sözlərinə sona kimi qulaq asmamaq olmaz. Müəyyən bir müddətdən sonra artıq həmin çağırışlara qulaq asmaq məcburiyyətində qalacağıq. Ona görə də nə qədər ki, məsələlər daha da gərginləşməyib, hər hansısa bir qadağalar, sanksiyalar, təhdidlər gündəmə gəlməyib, belə bir ortamda Azərbaycan çox qısa bir müddətdə problemi həll etmək məcburiyyətindədir. Yəni Azərbaycanın siyasi və ordu rəhbərliyi, ümumiyyətlə hər kəs bilməlidir ki, bizim aylarla vaxtımız yoxdur. Bir neçə həftə, bəlkə də bir neçə gün əl-qolumuz açıq olacaq. Sonradan həm Türkiyəni, həm də bizi hərbi əməliyyatlardan çəkindirmək üçün güclü təzyiqlər başlayacaq. Bu səbəbdən də qarşıdakı bir və ya iki həftə ərzində Azərbaycan cəbhə xəttində strateji məsələləri həll etməlidir. Yoxsa, sonra bu məsələlər həddindən artıq çətin ola bilər. Ona görə də nə qədər ki, beynəlxalq təzyiq güclənməyib, eyni zamanda bu prosesə təsir edə biləcək dövlətlərin daha vacib işləri var, bu fürsətdən istifadə edib Azərbaycan öz məqsədlərinə nail olmalıdır. Bildiyiniz kimi, hazırda bütün ölkə cəmiyyətinin, eləcə də xaricdəki soydaşlarımızın bu prosesə çox ciddi dəstəyi var. Odur ki, Azərbaycan dövləti bu dəstəyi layiqincə qiymətləndirib qısa müddətdə qarşısında duran problemləri həll etməlidir”.

“Rusiyanın birbaşa rəhbərliyi ilə aparılan danışıqlar heç bir nəticə verə bilməz”

Sergey Lavrovun münaqişə tərəflərini Moskvada görüşə dəvət etməsinə gəlincə, Xaqani Cəfərlinin sözlərinə görə, Rusiyanın birbaşa rəhbərliyi ilə aparılan danışıqlar heç bir nəticə verə bilməz: “Həm də bu danışıqlar yalnız ATƏT-in Minsk Qrupu çərçivəsində baş verdikdə hüququn məcrasına qayıtmış olar. Çünki bildiyiniz kimi, Qarabağ münaqişəsinin həlli ilə bağlı yeganə beynəlxalq qurum Minsk Qrupudur. Ondan kənardakılar yalnız fərdi, özəl təşəbbüslərdir. Ona görə də fikrimcə, Azərbaycan görüşdə iştirak etsə belə, öz üzərinə heç bir öhdəlik götürməməlidir. Çünki Rusiya heç bir zəmanət verə bilməz ki, Ermənistan öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirəcək. Odur ki, yalnız Minsk Qrupunun həmsədrlərinin iştirakı və BMT-nin qətnamələrinin icrasının təmin ediləcəyi ilə bağlı öhdəliklər ortalıqda olduqda, Azərbaycan hər hansısa bir anlaşmanı imzalamalıdır. Əks halda, həm beynəlxalq hüququn bizə verdiyi üstünlüyü itirmiş olarıq, həm də düçmənin diplomatik qələbə qazanmasına imkan yaratmış olarıq. Bu səbəbdən də Azərbaycan xarici işlər nazirinin Moskvaya getməsi mümkün olsa da, orada hər hansısa bir öhdəliyin götürülməsi qəbuledilməzdir”.

“Azərbaycan ordusu qarşıdakı günlərdə mümkün olmayanları belə, etmək məcburiyyətindədir”

Politoloq onu da əlavə etdi ki, əks hücum əməliyyatından sonra həm döyüş meydanında, həm də danışıqlar masasında Azərbaycanın mövqeyi xeyli dərəcədə güclənib: “Bununla da artıq Azərbaycan apardığı döyüş əməliyyatlarının mahiyyətini bütün tərəfdaşlarına izah etməlidir. Belə ki, Azərbaycan xalqının heç bir şərtlər çərçivəsində, hətta 50 il sonra belə, torpaqlarının işğalı ilə barışmayacağı bir daha diqqətə çatdırılmalıdır. Və bu döyüşlər də onun bir sübutu kimi ortalığa qoyulmalıdır. Digər tərəfdən, bildiyiniz kimi, bu günə qədər təzyiqlər əsasən Azərbaycana edilirdi və bizi güzəştə getməyə razı salmağa çalışırdılar. Məsələn, Rusiyanın 5 rayon təklifi vardı ki, bunun da müqabilində Azərbaycan Ermənistanın təkliflərini qəbul etməyə sövq edilirdi. Fikrimcə, bundan sonra Azərbaycana belə alçaldıcı təkliflər edilməyəcək. Yəni daha əvvəlki kimi, Azərbaycanın qarşısına aşağılayıcı şəkildə bu cür təkliflər qoyulmayacaq. Odur ki, biz döyüş meydanında nə qədər güclü olsaq, danışıqlar masasında da bir o qədər güclü olacağıq. Ona görə də Azərbaycan ordusu qarşıdakı günlərdə hətta, mümkün olmayanları belə, etmək məcburiyyətindədir. Çünki gec-tez bu məsələlər diplomatik danışıqlar stoluna dönəcək. Ona qədər isə biz işğal altındakı ərazilərimizin mühüm bir hissəsini geri almaq məcburiyyətindəyik. Bizim başqa yolumuz yoxdur!”

Vazeh BƏHRAMOĞLU