Ərini öldürən Rəna Sofiyevanı ifşa edən ifadələri: “Ərim onun anasını söydü”- TƏFƏRRÜAT

327

Bakıda ərini xüsusi amansızlıqla qətlə yetirməkdə təqsirləndirilən Rəna Sofiyevanın cinayət işi üzrə məhkəmə araşdırması davam edir.

Musavat.com xəbər verir ki, R.Sofiyevanın cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə araşdırılır.

İstintaq materiallarından da görünür ki, R.Sofiyeva dindirilən zaman fərqli ifadələr verərək, məsuliyyətdən yayınmaq istəyib. Amma ziddiyyətli fikirləri ilə özünü ələ verib.

İlk ifadəsində həyat yoldaşı Arazın bir neçə dəfə banklardan kreditə pul götürdüyünü, amma nə üçün götürdüyünü bilmədiyini deyib.

R.Sofiyeva ərinin ona məxsus qızıl qolbağı satdığını, borcunu verdiyini deyib.
O, ilk ifadəsində hadisə günü baş verənləri belə danışıb: “Ofisdə olanda Araz, atası Knyaz və qardaşı Ayaz gəlib məni işdən götürdülər. Evdə olanda kimsə zəng edib Arazı futbola çağırdı.
Gecə saat 12-yə qalmış gəldi. Həmin vaxtı mən, anam və oğlum evdə idik. Araz hamama çimməyə getdi, mən də evdə olan qarpız və yemişi doğrayıb, stolun üzərinə qoydum və yatmağa getdim. Gecə oyananda evdə iki nəfər gördüm. Araz o adamlara dedi ki, mənə nə edirsiniz edin, amma arvad-uşağa dəyməyin.
Otaq qaranlıq idi, Arazın qarşısında oturan şəxs mənə “səsini çıxarma, gəl otur” dedi. Həmin şəxslər rus dilində danışırdılar. Arazla üzbəüz oturan şəxs dedi ki, “axı sən bilirsən ki, borc götürmüsən, pulu qaytarmaq lazımdır”. Araz mənə dedi ki, pulu gətirim. Mən satdığımız maşının pulunu iki gün əvvəl ofisdən evə gətirmişdim. Həmin pulu gətirib, Araza verdim. Pulu verən kimi Arazın qarşısında oturan şəxsin tapşırığı ilə evdəki telefonları da gətirib, ona verdim. Onlar telefonları götürüb Arazdan pulun qalanını nə vaxt verəcəyini soruşdular.
Bu sözdən sonra Araz əsəbiləşib “nə istəyirsən məndən olanım budur, artıq yoxumdu”- dedi, həmin şəxs də “sənə demişəm axı sakit ol, yoxsa ikinizi də kəsərəm”,-deyə cavab verdi.
Araz onun anasını söydü. Onlar Araza hücum çəkdilər. Qaranlıq olduğu üçün hansının əlində bıçaq olduğunu görmədim. Araza zərbələr vuranda onların qarşısını almaq istədikdə sol qolum kəsildi. Mən qışqıranda həmin şəxslərdən biri sifətimə yumruq vurdu, zərbənin təsirindən huşumu itirdim. Sonrasını xatırlamıram.
Bir də anamın qışqırıq səsinə özümə gəldim və Arazın oturaqlı vəziyyətdə divanda qanın içində olduğunu gördüm. Tez yataq otağına qaçıb, oğlumun yerində olmadığını, blokda qışqırdığını gördüm. Daha sonra qardaşıma, təcili tibbi yardıma zəng etdim”.

İlk başda özünü şübhəli aparmayan Sofiyeva suallara cavabında Arazla ər-arvad kimi yaxşı münasibətlərinin olduğunu deyib.
Amma işin ilginc tərəfi budur ki, Sofiyeva istintaqda Arazın dostu ilə münasibətdə olduğunu, bunu mərhum ərinin bildiyini bildirib. Sofiyeva söyləyib ki, buna görə əri ilə arasında mübahisə olsa da boşanmayıblar.

Növbəti dəfə dindirilən Sofiyeva bu dəfə əlavə olaraq, ərinin Emin və ya Emil adlı şəxsə borcunun olduğunu söyləyib.

R.Sofiyeva digər ifadəsində huşunun özünə gəlməsindən sonra blokda qışqıranın anası olduğunu deyib.
Daha sonrakı ifadəsində də ziddiyyət olub. Sofiyeva bu dəfə huşu özünə gəldikdən sonra oğlunun yatağında yatmış vəziyyətdə olduğunu deyib.

Rəna Sofiyeva qarışıq və ziddiyyətli ifadələrində ərinin borclu olduğu şəxslərin adını fərqli deyib. Həmçinin ərinin nə qədər borclu olması ilə bağlı suallara cavab olaraq da fərqli rəqəmlər söyləyib.
İstintaq zamanı Rəna Sofiyevanın yalanını 14 yaşlı oğlu da açıb. Oğlu oyanan zaman anasının atasının üstündə olduğunu, atasını qanın içində gördüyünü deyib.

Rəna Sofiyeva tibb bacısı ilə danışığında fərqli ifadələr səsləndirib. Tibb bacısına isə ərinin blokda kimlərlərləsə mübahisə etdiyini bildirib.

Qeyd edək ki, yuxarıda qeyd edilən hadisə ötən il iyulun 7-də, gecə saat 03:00-da Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində baş verib. Həmin ünvanda yaşayan Araz Sofiyev evində həyat yoldaşı Rəna Sofiyeva tərəfindən öldürülüb. İstintaq zamanı məlum olub ki, cinayəti törədən Rəna Sofiyeva daha sonra özünə də xəsarət yetirib.

Ona xəstəxanada tibbi yardım göstərilib. Rəna Sofiyeva ilkin istintaqa verdiyi izahatında göstərib ki, hadisə baş verən günü iki naməlum şəxs onların evinə basqın edib. Həmin şəxslərə Araz Sofiyevin pul borcu olub. Onlar ev sahiblərinə bıçaqla xəsarət yetiriblər. Nəticədə Araz Sofiyev aldığı xəsarətlərdən həyatını itirib. Qadının bildirdiyinə görə, naməlum şəxslər evdən 4 800 ABŞ dolları aparıb və evdən çıxarkən ona da bıçaqla xəsarət yetiriblər.

İlkin Muradov
Musavat.com