Ərdoğanın çıxışı zamanı İsrailin BMT-dəki səfiri iclas zalını tərk elədi

81
Turkish President Recep Tayyip Erdogan at the Presidential palace in Ankara, Turkey, on July 9, 2018. MUST CREDIT: Bloomberg photo by Arif Akdogan.

Hurriyyet.org xəbər verir ki, Türkiyə Prezidenti R.T.Ərdoğanın BMT-nin Baş Assembleyasına xitab elədiyi çıxışında İsraili tənqid elədiyi zaman İsrailin BMT-dəki səfiri salonu tərk edib.

“Anadolu Agentliyi”nin verdiyi xəbərə görə, BMT-nin 75-ci Baş Assembleyasının iclasında videokörpü vasitəsi ilə iştirak edən Prezident Ərdoğan İsrailin Fələstinə qarşı “təzyiq, zorakılıq və təhdid siyasətindən” danışarkən İsrailin BMT-dəki daimi nümayəndəsi Gilad Erdan iclas zalını tərk edib.

Ərdoğan çıxışı zamanı deyib: “Üç böyük dinin müqəddəs məkanı olan Qüdsün məhrəminə uzanana kirli əl getdikcə cürətlənməkdədir. Fələstin xalqı İsrailin bütün təzyiq, zorakılıq və qorxutma siyasətinə yarım əsrdən artıq müddətdir ki, sinə gərməkdədir. “Əsrin Müqaviləsi” adı altında Fələstinə qəbul etdirmək istədikləri təslimiyyət sənədi rədd edildikdən sonra, İsrail indi də əlbir olduğu tərəflərin yardımı ilə qalanı içəridən fəth eləmək cəhdlərini sürətləndirib.

Türkiyə olaraq Fələstin xalqının razı olmadığı heç bir planı dəstəkləməyəcəyik. Bəzi bölgə ölkələrinin bu oyuna ortaq olması İsrailin beynəlxalq parametrləri aşındırma səylərinə xidmət eləmələrindən başqa bir məna daşımır. Birləşmiş Millətlər qərarlarının və beynəlxalq hüququn ziddinə Qüdsdə səfirlik açmaq niyyətini bəyan edən ölkələr bu davranışları ilə sadəcə münaqişənin daha da mürəkkəbləşməsinə xidmət edirlər. Fələstin məsələsi ancaq 1967-ci il sərhədləri əsasında, paytaxtı Şərqi Qüds olan müstəqil, suveren və coğrafi davamlılıq içərisində bir Fələstin dövlətinin qurulması ilə həll oluna bilər. Bunun xaricindəki həll axtarışları bihudədir, birtərəflidir, əsalətsizdir”.