Ərdoğan və Putin Qarabağ məsələsinin həlli ilə bağlı razılığa gəlib?

426

Nazim Cəfərsoy: “Bugünkü hərbi, siyasi və beynəlxalq tarazlıqlarda atəşkəsin olması mümkün görünmür”

Natiq Cəfərli: “Rusiya və Ermənistan rəsmi şəkildə Türkiyə əsgərinin Qarabağa gəlməsinə razı olmaz”

“Azərbaycanın Qarabağ ərazisində heç bir ölkənin sülhməramlıları ola bilməz, bu, ancaq dövlət sərhədində mümkündür”

Şahin Cəfərli: “Türkiyə əvvəldən Rusiyaya təklif etmişdi ki, bu məsələ yeni formatda, onun da iştirakı ilə çözülsün, lakin Moskva bölgədə Türkiyənin aktiv rolunu qəbul etmək istəmirdi”

Rəsmi Bakı və İrəvan 1992-ci ildən bəri Ermənistanın işğal etdiyi Dağlıq Qarabağ ərazisi və ətraf bölgələrə dair hərtərəfli atəşkəs razılaşması imzalamağa yaxındırlar. Bu barədə İngiltərənin middleeasteye.net saytında yayımlanan və strateq.az-ın tərcümə etdiyi məqalədə deyilir ki, müqavilə Ermənistanın böyük ərazini geri verməsi öhdəliyi ilə bölgədə Türkiyə və Rusiya sülhməramlı missiyasının yerləşdirilməsini nəzərdə tutur. Sayt mənbələrinə istinadən qeyd edir ki, Azərbaycan ordusunun sürətli irəliləməsi Ermənistanı münaqişəni dayandırmaq üçün Türkiyənin dəstəklədiyi, Rusiya vasitəçilik planını nəzərdən keçirməyə məcbur edib.

Belə ki, “Azərbaycanın beynəlxalq səviyyədə tanınmış hissəsi olan, lakin etnik ermənilərin məskunlaşdığı və onların nəzarətində olan anklavda sentyabrın 27-də başlayan döyüşlərdən bəri ən azı min, bəlkə də 5 minə qədər adam öldürülüb” deyən mənbənin sözlərinə görə, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və rusiyalı həmkarı Vladimir Putin noyabrın 7-dəki telefon danışığında razılaşma layihəsinin komponentləri mövzusunda bir anlaşma əldə ediblər. Təfərrüatlar Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu və rusiyalı həmkarı Sergey Lavrov arasında sonrakı telefon danışığında müzakirə edilib. Razılaşma layihəsinə görə, hər iki tərəf atəşkəs şərtlərini qəbul etdikdən sonra dərhal Ermənistan Dağlıq Qarabağ ətrafındakı işğal olunmuş 7 rayonun 5-dən geri çəkiləcək. Atəşkəs şərtlərinə görə, İrəvan qalan 2 bölgədən 15 gün ərzində çıxacaq. Müqavilə layihəsi Bakının bu yaxınlarda ələ keçirdiyi əraziləri tərk etməsini tələb etmir, əksinə, indi qismən Bakının nəzarətində olan ərazidən Azərbaycanın Dağlıq Qarabağa hücumunu dayandıracaq. Hər iki tərəf, ehtimal ki, 2 dəhlizin yaradılmasına razı olacaqlar. Ermənistandan Dağlıq Qarabağa gedən bir yol əvvəllər də İrəvanın bölgəyə girişini təmin edib. Ermənistan bunun müqabilində Naxçıvanın Azərbaycan ərazisini Bakı ilə birləşdirəcək ikinci bir dəhlizin yaradılmasına icazə verəcək. Bundan sonra Türkiyə və Rusiya sülhməramlı qüvvələri atəşkəsi dəstəkləmək üçün ərazidə yerləşdiriləcəklər: “Azərbaycan hökuməti Xankəndi şəhərini sürətlə ələ keçirmək və mülki insan itkisinə səbəb olmaq istəmir, – deyə türk mənbələrindən biri bildirib. Bu razılaşma Azərbaycanın ərazilərinə qanuni tələblərini yerinə yetirilməklə, mümkün humanitar böhranı dayandırır”.

“Qarabağdakı işğal qüvvələri Ermənistana qayıtsalar ilk işləri Paşinyanı yıxmaq, ardınca sülh müqaviləsinə mane olmaq, Ermənistan cəmiyyətini, diasporasını və müttəfiqlərini bizə qarşı yeni müharibəyə səfərbər etmək olacaq”

Beləliklə, “Hürriyyət” xəbər verir ki, mövzu ilə bağlı mövqeyini bölüşən Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin (QAFSAM) sədr müavini, siyasi elmlər üzrə fəlsəfə doktoru Nazim Cəfərsoyun fikrincə, bugünkü hərbi, siyasi və beynəlxalq tarazlıqlarda belə bir atəşkəsin olması mümkün görünmür: “Çox az bir ehtimal, sözdə atəşkəs olsa belə, praktikada işləməsi mümkün və strateji maraqlarımıza da uyğun deyil. Sadəcə, hərbi baxımdan onu deyim ki, Qarabağdakı işğal qüvvələri Ermənistana qayıtsalar ilk işləri Nikol Paşinyanı yıxmaq, ikinci işləri sülh müqaviləsinə mane olmaq, üçüncü işləri hələ də eyforiyadan ayılmamış Ermənistan cəmiyyətini, diasporasını və müttəfiqlərini bizə qarşı yeni müharibəyə səfərbər etmək olacaq. Bu da yeni şəhidlər vermək deməkdir. Bunu Azərbaycan dövləti və ordusu çox yaxşı başa düşür. Elə Paşinyan və onu iqtidara gətirən dərin ağıl da çox yaxşı bilir”. Siyasi elmlər üzrə fəlsəfə doktoru əlavə edib ki, Qarabağdakı işğalçı qüvvələri məhv edilmədən və ya təslim olmadan Ermənistan özünü tam məğlub hesab etməyəcək və normal sülh müqaviləsinə razı olmayacaq: “Bu mənada, yuxarıda qeyd edilən tərzdə bir atəşkəs və razılaşma olması həm Azərbaycanın, həm də Pasinyanın marağına uyğun deyil”.

Nazim Cəfərsoy hesab edir ki, ölkə başçısı İlham Əliyevin strateji kommunikasiya taktikasında ən mühüm məqamlardan biri böyük qələbələrimizi açıqlayarkən, həm də Pasinyanın hakimiyyətdə qalmasını təmin etməkdir: “Ona görə, prezident hər xalqa müraciətində qələbə xəbəri ilə yanaşı, Paşinyana sərt şəkildə hücum edir, ona müxtəlif adlar qoyur. Prezident Paşinyana sərt hücum etdikcə Ermənistan cəmiyyətində onun nüfuzunu artırır, ermənilərin onun qəhrəman kimi görməsini və ətrafında birləşməsini təmin edir. Yəni o ad qoymalar sadecə, xalqın ürəyindən xəbər vermir, həm də planlanmış uğurlu strateji kommunikasiya taktikasıdır. Çünki bizə də sülh müzakirələrini aparmaq üçün elə Paşinyan lazımdır. Xatırladım ki, bu cür strateji kommunikasiya taktikasını ən uğurlu və aktiv formada istifadə edən liderlərin başında Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan gəlir. Ərdoğan bu taktikanı xüsusilə daxili siyasətdə Kılıçdaroğluya qarşı illərdir uğurla istifadə edib”.

“İndi əsas məsələ Ermənistan-Azərbaycan sərhədinin dəqiqləşdirilməsi, sərhəddə Ermənistanın təxribatlarının qarşısının alınmasıdır”

“Hürriyyət”in məlumatına görə, Respublikaçı Alternativ Partiyasının (REAL) icra katibi, politoloq Natiq Cəfərli isə bu qənaətdədir ki, middleeasteye.net saytında yayımlanan məlumatın dəqiqliyi bir qırağa, məntiqi də yoxdur: “Hansı 5 rayon?! Onlardan 4-ü artıq bizdədir, Ağdam isə nəzarət altındadır, istənilən an işğaldan azad edilə bilər. Şuşada Azərbaycan ordusu var, Xocavənd və ərtafında ordumuz strateji yüksəkliklərə nəzarət edir, Laçın yolu nəzarətdədir, Kəlbəcər yolu isə humanitar məqsədlə açıq saxlanılıb. Daha nə 5+2, nə 15 günə 2 rayon?! Bu, məncə, doğru məlumat deyil, daha ötəsi, məntiqi də yoxdur”.

Politoloq bildirib ki, Rusiya və Ermənistan rəsmi şəkildə Türkiyə əsgərinin bölgəyə, yəni Qarabağa gəlməsinə razı olmazlar: “Bəs nə ola bilər?! Fikrimcə, indi əsas məsələ Ermənistan-Azərbaycan sərhədinin dəqiqləşdirilməsi, sərhəddə Ermənistanın təxribatlarının qarşısının alınmasıdır. Rusiya yetərincə Ermənistanı “cəzalandırdı” amma proses başa çatmayıb, indi Ermənistanın mövcudiyyəti məsələsi yaranır. Bunun qarantı rolunu Rusiya oynaya bilər və rəsmi dövlət sərhədinə öz qoşununu Ermənistan tərəfdən yerləşdirə bilər, necə ki, bunu edir. Paralel olaraq da Azərbaycan Türkiyə ilə sərhədlərin birgə qorunması müqaviləsi bağlayır və Azərbaycan tərəfdən Ermənistan sərhədində bizim müzəffər ordumuzla yanaşı, Türkiyə əsgərləri də yerləşirlər. Amma həm Rusiya, həm də Türkiyə əsgəri məhz sərhədin pozulmaması işini, buna nəzarəti öz üzərinə götürürlər. Azərbaycanın Qarabağ ərazisində heç bir ölkənin sülhməramlıları ola bilməz, bu, ancaq dövlət sərhədində mümkündür! O ki, qaldı sülhə, prezident də bunu dəfələrlə deyib, siyasi partiyaların əksəriyyəti də – bəli, biz sülh istəyirik, sülhün zəmanəti sonuncu Ermənistan silahlı əsgərinin torpağımızdan çıxmasıdır, sonra Qarabağda erməni əsilli azərbaycanlılar Bakıda, ölkənin digər yerlərində olduğu kimi dinc yaşayacaqlar. Özlərinə bələdiyyə sədri, yerli özünüidarəetmə orqanı seçəcəklər. Yəni, özəl status məsələsi artıq bitdi! Ancaq Avropa Şurası yerli özünüidarəetmə xartiyasına uyğun idarəetmədə iştirak edəcəklər. Bakı da, Şəki də, Gəncə də, Xankəndi də, Şuşa da özünə mer seçəcək. Yəni, qələbədən sonra ciddi sistem və idarəetmə dəyişiklikləri də olacaq. Prezidentin də islahatların dərinləşəcəyi ilə bağlı dedikləri, məncə, bu istiqamətdə idi”.

“Bu gün bir neçə regionda uğurla müharibə aparmaq, ABŞ-la geopolitik rəqabətə girmək, Türkiyə kimi önəmli regional oyunçunu qarşısına almaq üçün Rusiya yetərli resurslara sahib deyil”

Siyasi şərhçi Şahin Cəfərlinin sözlərinə görə, Türkiyə lap əvvəldən Rusiyaya təklif etmişdi ki, bu məsələ yeni formatda, onun da iştirakı ilə çözülsün: “Lakin Moskva bizim bölgədə Türkiyənin aktiv rolunu qəbul etmək istəmirdi, ən azı zahirən görünən bu idi. Adamın ağlına istər-istəməz komplo teorisi də gəlir ki, bəlkə elə əvvəlcədən razılaşıblar və bütün bunlar həmin razılaşmanın nəticəsidir. Amma hər halda, real informasiyalara inanmağın tərəfdarıyam. Düşünürəm ki, biz Rusiyanı gözümüzdə lazım olandan artıq böyütmüşük. Əvvəlcə Gürcüstan, sonra Ukraynada baş verənlər, açığı, gözümüzü qorxutdu. Amma o dövrdən bəri getdikcə zəifləyən, geriləyən, “qan itirən” bir Rusiya var. Sovetin müxtəlif raket layihələrini tozlu rəflərdən endirib, təzələmək və həyata keçirmək hələ qüdrətli olmaq anlamına gəlmir. Əlbəttə, nəhəng nüvə “derjavası” olan Rusiyanı kiçik görmək, onun imkanlarını görməzdən gəlmək də yanlışdır, amma bu gün bir neçə regionda uğurla müharibə aparmaq, ABŞ-la geopolitik rəqabətə girmək, Türkiyə kimi önəmli regional oyunçunu qarşısına almaq üçün Rusiya yetərli resurslara sahib deyil”. Putinin xəstəliyi barədə söz-söhbətlərin də artdığını vurğulayan siyasi şərhçinin fikrincə, son həftələr Rusiya Dumasına təqdim etdiyi qanun layihələri göstərir ki, o, hakimiyyətin tranzitinə hazırlaşır: “Güman etmək olar ki, Rusiyanın siyasi, hərbi, xüsusi xidmət və biznes elitalarının hakimiyyət – varislik uğrunda örtülü mübarizəsi şiddətlənib, bu da ölkənin xaricdəki problemlərə reaksiyasını və müdaxilə imkanlarını zəiflədən amillərdən biri ola bilər”.

Vazeh BƏHRAMOĞLU