Ərdoğan: “Qarabağda 30 illik ədalətsizliyə son qoyulmasında ölkəmizin də dəstəyi oldu”

351

Hurriyyet.org xəbər verir ki, Türkiyə Prezidenti R.T.Ərdoğan bugünkü çıxışında Qarabağ məsələsindən bəhs edib: “Dağlıq Qarabağda 30 illik ədalətsizliyin, erməni işğalı sona çatmasında ölkəmizin də dəstəyi oldu, problemin daimi həllinə dair ümidlər ilk dəfə artdı. Hələ dünənə qədər ortada görünməyən, hətta bu məsələdə erməniləri aşkar dəstəkləyən Minsk qrupu həmsədri olan bəzi ölkələrin müqavilə ilə bağlı bəyan elədikləri narahatlıqların heç bir qiyməti yoxdur”.

Ərdoğan Putinlə telefon danışığından bəhs edərək deyib: “Rusiya Prezidenti Vladimir Putin ilə dünən axşam bu məsələləri ətraflı şəkildə müzakirə edə bildik. Həmçinin, bu proses içərisində hansı addımları ata biləcəyimizi müzakirə elədik. İnanıram ki, cənab Putin ilə bu danışıqlarımızla birlikdə, xüsusilə Rusiya-Türkiyə-Azərbaycan olaraq bu proses içərisində regionda sülhü bərqərar etməyin addımlarını atmış oluruq. Bunu daha da genişləndirmək, inkişaf etdirmək imkanımız da var. Bu genişləndirmə, inkişaf etdirmə səylərini də cənab Putinlə müzakirə elədik. Bu üç ölkədən başqa, region ölkələri içərisindən dördüncü, beşinci ölkələri də buna qatmaq üçün buradakı prosesi çox fərqli çıxış vəziyyətinə gətirə bilərik. Nəqliyyatda istər dəmir yolu, istərsə də quru yolu baxımından qərbdən şərqə, şimaldan cənuba nəqliyyat prosesini də həll edəcək və beləliklə, azərbaycanlı qardaşlarımızın da dərhal torpaqlarına qayıtmaq imkanını da təmin eləmiş olacağıq”.

Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyev ilə danışqdığını söyləyib,  Kəlbəcərin azad edilməsi ilə bağlı xalqımızın sevinc hissi keçirdiyini bildirib.

30 ilə yaxın gecikmə ilə olsa da, haqqın bərqərar olduğunu və Qarabağda Azərbaycan bayrağının dalğalanmağa başladığını vurğulayan Ərdoğan deyib: “Hər kəs artıq mövqeyini meydandakı yeni reallığa görə müəyyənləşdirməli, addımlarını buna görə atmalı, prosesə dəstək olmalıdır”.