Ərdoğan Bakıya gəldi – YENİLƏNİB

285

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri başlayıb.

Modern.az xəbər verir ki, qardaş ölkənin dövlət başçısını gətirən təyyarə Heydər Əliyev Beynəlxalq Hava Limanına enib.

Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı və xanımı Əminə Ərdoğanı hava limanında Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Ramiz Həsənov və digər rəsmi şəxslər qarşılayıblar.

***

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana iki günlük səfərə yola düşüb.

Modern.az xəbər verir ki, bu barədə Anadolu Agentliyi məlumat yayıb.

 

Göyərtəsində qardaş ölkənin dövlətinin başçısının olduğu təyyarə Türkiyə vaxtı ilə 13.50-də Ankaradan Bakıya doğru uçub.

Esenboga Beynəlxalq Hava Limanında Ərdoğanı Bakıya vitse-prezident Fuat Oktay, Ankara valisi Vasip Şahin və Ankara Bələdiyyəsinin sədri Mansur Yavaş yola salıb.

Səfər zamanı Türkiyə dövlət başçısını həyat yoldaşı Əminə Ərdoğan, Xarici İşlər naziri Mövlud Çavuşoğlu, Ədalət və İnkişaf Partiyasının (AKP) sözçüsü Ömər Çelik, AKP-nin baş katibinin müavini Mahir Ünal, Türkiyə prezidentinin sözçüsü İbrahim Kalın və Rabitə naziri Fahrettin Altun müşayiət edir.

Türkiyə Prezidenti dekabrın 10-da Bakıda keçiriləcək təntənəli Zəfər paradını izləyəcək.

Ərdoğanın səfəri tarixi torpaqları uzunmüddətli erməni işğalından azad etmək məqsədi ilə 27 sentyabrda başlayan Vətən müharibəsində Azərbaycanın qələbəsinə təsadüf edir.

Səfər zamanı dünya ictimaiyyətini müasir Azərbaycan həqiqətləri barədə daha yaxşı məlumatlandırmaq üçün birgə addımlar barədə müzakirələr aparılacaq. Danışıqların gündəliyinə regional və beynəlxalq məsələlər də daxildir.

İki qardaş ölkə arasında əməkdaşlığın inkişafına kömək edəcək ikitərəfli sənədlərin imzalanması gözlənilir.