“Ərdoğan Azərbaycana görə Rusiya ilə münasibətləri pozmağa da hazırdır” – politoloq

225

 

Türkiyənin Azərbaycana görə Rusiya ilə münasibətlərinin soyuya biləcəyinə dair ehtimallar səsləndirilir. Əlbəttə, bu, səbəbsiz deyil. Belə ki, iyulun 12-dən başlayaraq ermənilərin cəbhənin Tovuz rayonu istiqamətində törətdiyi təxribatlar nəticəsində 4 gün davam edən döyüşlərdə və ondan sonrakı proseslərdə qardaş Türkiyə ölkəmizə tam dəstək verdi.

Doğrudur, bu proseslərdə Ermənistanın havadarı Rusiya səssiz göründü. Amma hər kəsə bəllidir ki, Kreml köləsinə çevirdiyi təcavüzkar ölkəni son anda müdafiə edəcək. Bunu rəsmi Ankara da, Bakı da bilməmiş deyil. Türkiyə-Rusiya münasibətlərinin hazırda hansı mərhələdə olduğu da hər kəsə maraqlıdır.

Siyasi şərhçi Əhəd Məmmədli gec və ya tez iki ölkə arasında savaşın ola biləcəyini  düşünür: “Türkiyə və Rusiya arasında artıq neçə ildir ki, dünyanın bir neçə yerində qeyri-rəsmi şəkildə ”qaynar savaş” gedir. Bir neçə il bundan əvvəl rus qırıcısının vurulması ilə başlayan bu savaş getdikcə coğrafiyasını genişləndirir. Rusiya-Ermənistan hərbi təlimlərinə cavab olaraq keçirilən Türkiyə-Azərbaycan təlimləri də “qaynar savaş”ın bu dəfə Cənubi Qafqazda təzahürüdür. Tovuz hadisələri də dolayısı ilə Türkiyə-Rusiya savaşının uzantıları idi. Yəni deməyim odur ki, lokal səviyyədə “isti savaş” gedirsə, deməli, böyük anlamda “soyuq müharibə” artıq başlayıb. Dövlətlər arasında “soyuq müharibə” lokal səviyyədə toqquşmalarla başlayır. Vaxtı ilə ABŞ və SSRİ arasında “soyuq müharibə” gedirdi. Bu qarşıdurma dünyanın hər yerində lokal müstəvidə müharibələrlə müşahidə edilirdi. Yavaş-yavaş eyni proses Türkiyə ilə Rusiya arasında da gedir. Düzdür, Türkiyə-Rusiya arasında soyuq müharibə hələ təzə başlayıb, rəsmi şəkildə deyil və daha kiçik siyasi-coğrafi diapazonu təşkil edir. Amma bu qarşıdurma get-gedə genişlənməkdədir və iqtisadi-hərbi müstəviyə keçməkdədir. Fikrimcə, gec-tez Türkiyə ilə Rusiya arasında bu lokal toqquşmalar böyük müharibəyə gətirib çıxaracaq. Son əsrlərə baxsaq, dünyada bir-biriylə ən çox müharibə edən Türkiyə ilə Rusiya olub. Tarixdə ilk dəfədir ki, Türkiyə ilə Azərbaycan bu səviyyədə irimiqyaslı hərbi təlimlər keçirirlər. Genişmiqyaslı hərbi təlimlər Azərbaycanın bir neçə regionunda keçirilir. Bu həm də Türkiyə hərbi bazasının Azərbaycanda yerləşdirilməsinə başlanğıcdır. Türkiyə ilə Rusiya dünyanın bir neçə bölgəsində üz-üzədirlər. Yaxın Şərq, Şimali Afrika, indi də Cənubi Qafqaz… Son Azərbaycan-Ermənistan çatışmasını Türkiyə Cənubi Qafqazda maraqlarına hücum kimi qiymətləndirdi və bu işi ermənilərin başını aşan hadisə kimi dəyərləndirdi. Yəni ermənilərin başı üçün deyil Türkiyənin maraqlarına hücum etmək. Bəs kimin başı üçündür? Konkret Tovuzdakı hadisələrə baxsaq, Rusiya, Fransa, Birləşmiş Ərəb Əmirlikləri üçün ola bilər… Rusiya regionda Türkiyənin tarixi rəqibidir.

Əhəd Məmmədli: “Azərbaycan üçün bircə çıxış yolu qalır, o da hərbi ...

Əhəd Məmmədli: “Tovuz hadisələri də dolayısı ilə Türkiyə-Rusiya savaşının uzantıları idi”

Fransa və Birləşmiş Ərəb Əmirlikləri Türkiyənin Ərəb coğrafiyasında məqsədyönlü addımlarını dayandırmaq üçün erməniləri pulun müqabilində bu provokasiyaya çəkə bilərlər. Ermənistanda (Qərbi Azərbaycan) dislokasiyada olan rus generalitetini də pulun hesabına bu prosesə cəlb edə bilərlər. Zatən sınanmış metoddur. Birləşmiş Ərəb Əmirlikləri pulunun gücünə ermənilərdən əvvəl Əsədlə Haftarı da rus muzdlularını istifadə edərək, Türkiyəyə tərəf hürdürüb. Tovuz döyüşləri başlayan kimi BƏƏ və Fransa versiyası Türkiyə mediasında səsləndirilmişdi. Bu versiyanın güclü tərəfi kimi hələlik Moskvanın İrəvanın ondan gözlədiyi dəstəyi verməməsini görə bilərik. Yəni ermənilər ruslardan xəbərsiz ərəblərdən pul alıb işə başlayıblar. BƏƏ eyni şeyi İdlibdə də etmək istəyib. Para müqabilində Əsədi yenidən Ankaranın üstünə salmaq istəyib. Bunu o vaxt bilən Moskva Əsədə çox qəzəblənmişdi. Eyni metodu Birləşmiş Əmirliklər ermənilərlə də edə və bunu bilən Moskva vassalı İrəvana çox qəzəblənə bilər. Bunun səbəbi kimi də ermənilərin Azərbaycanla çatışmada gözlədiyi dəstəyi Moskva diplomatik və digər arenalarda onlara hələlik verməz. Düzdür, Moskvanın özünü bu cür aparması onun oyunu da ola bilər. Bununla ruslar Bakının səbrini yoxlamış olarlar. Bakının da hələlik bu qədər səbirli və təmkinli olması Moskvanın oyununa getmək istəməməsindən irəli gələ bilər. Hər halda proseslərin gedişatı onu göstərir ki, gec-tez türk qurdu ilə rus ayısı üz-üzə gələcəklər və bu ölüm-dirim savaşında Türküstan, Qafqaz, Yaxın Şərq, Şimali Afrikanın taleyi həll ediləcək. Rusiyada tatar (türk) köklü Rürikovlar sülaləsini alman (german) köklü Romanovlar sülaləsi əvəzləyəndən sonra Peterburq özünü 3-cü Roma elan etdi və bütün Avropa monarxiyalarının dəstəyini arxasına aldı. Osmanlıdan Bizansın intiqamını almağa qalxdı. İstanbulun (İslambul) Tsarqrada çevrilməsi rus xalqını kölə edən alman Romanovların fiks-ideyasına çevrildi. Tarixin ironiyası da elə gətirdi ki, əsrlərdir rusları kölə edən alman Romanovlardan rusların qisasısını türk (çuvaş) Lenin aldı… Türk (Tatar-Qazax) Qızıl Ordanın qalıqları üstündə qurulan Rusiyadan indi də keçmişin intiqamını almaq özünü Qızıl Ordanın da, Böyük Moğolların da, Səlcukların da, Osmanlının da varisi elan etmiş Türkiyənin və bütün Türk-İslam dünyasının boynunun borcu və vaxtıdır”.

Mən də koronavirusdan sonra dünyanın dəyişəcəyini düşünürdüm ...

Elxan Şahinoğlu: “Rusiya yenidən Türkiyə ilə münasibətləri əvvəlki normal axarına qaytaracaq”

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlunun fikirləri də diqqətçəkəndir: “Türkiyə fəal şəkildə Azərbaycana hərbi dəstək verir. Bu, Ermənistanı ciddi narahat edir. İşğalçı ölkə panika içindədir. Ermənistan hakimiyyətinin bu vəziyyətdə əsas istəyi Rusiyanın Türkiyəyə qarşı sərt ultimatum verməsidir. Ermənistan istəyir ki, Rusiya Türkiyəni hədələsin. Ancaq hazırda bu baş vermir və bu halda Ermənistanı daha çox narahat etməyə başlayıb. Kreml Azərbaycan-Türkiyə birgə hərbi təlimlərini diqqətlə izləyir. Ancaq Rusiyanın hakimiyyət dairələri bu təlimlərə qarşı heç bir bəyanat verməyiblər. Kremldə anlayırlar ki, birgə hərbi təlimlərə qarşı bəyanat versələr, bu, Moskvanın həm Türkiyə, həm də Azərbaycanla münasibətlərinə zərər verəcək. Rusiya Ermənistanın tələsinə düşmək istəmir. Kreml Ermənistana görə Azərbaycan və Türkiyə ilə münasibətləri gərginləşdirmək istəmir. Çünki, Kremldə anlayırlar ki, Türkiyə ilə Azərbaycanın birgə hərbi təlimləri Rusiyaya qarşı deyil, Ermənistanın işğalçı siyasətinə qarşıdır. Rusiyanın Türkiyə ilə ortaq iqtisadi və enerji layihələri mövcuddur. Türkiyə ilə iqtisadi və ticarət əlaqələrinin genişləndirilməsi Rusiya üçün vacibdir.

Rusiya Türkiyədə atom elektrik stansiyası inşa edir. Türkiyə Rusiya hərbi texnikasının alıcılarından biridir, gələcəkdə C-400 raketlərinin birgə istehsalı nəzərdə tutulub. Ona görə də Kreml bütün bu layihələri Ermənistana görə təhlükə altına atmaq istəmir. Əsas sual budur: Azərbaycan Türkiyə ilə birgə işğal altındakı torpaqları azad etmək əməliyyatına başlayarsa, Kremlin reaksiyası necə olacaq? Azərbaycan və Türkiyənin Ermənistana hücum etmək planı yoxdur. Əsas məqsəd Azərbaycanın işğal altındakı rayonlarını azad etməkdir. Rusiya Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Ona görə də Azərbaycan ordusu Dağlıq Qarabağ ətrafındakı rayonların azad edilməsi əməliyyatına başlasa, Rusiyanın buna mane olmaq üçün arqumenti olmayacaq. Rusiyanın Gürcüstan və Ukrayna ilə sərhədi olduğuna görə Cənubi Osetiya, Abxaziya və Donbasdakı münaqişələrdə birbaşa iştirak etmiş, separatçılara dəstək vermişdi. Rusiyanın Dağlıq Qarabağla sərhədi yoxdur. Rusiya keçmişdə olduğu kimi Azərbaycanın hərbi əməliyyatını diplomatik təzyiq yolu ilə dayandırmağa çalışacaq. Buna baxmayaraq, hərbi əməliyyat zamanı Türkiyə Azərbaycan ordusuna ən azı logistik dəstək verəcək. Rusiya buna da mane ola bilməyəcək. Türkiyənin Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğan Azərbaycan torpaqlarının işğaldan azad edilməsi üçün bir müddət Rusiya ilə münasibətləri gərginləşdirməyə hazırdır. Bu, bir dəfə baş verib. Azərbaycan torpaqlarının azad olunması əməliyyatı tamamlanan kimi Rusiya yenidən Türkiyə ilə münasibətləri əvvəlki normal axarına qaytaracaq”.“Yeni Müsavat”