Ərəstun Oruclu Türkiyə generallarının Bakıya gəlişindən danışdı

135

“….Tərəflər bütün mübahisələri siyasi yollarla çözməyə çalışmalıdır”

Politoloq, “Şərq Qərb” Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclu Azərbaycanın xarici işlər və müdafiə nazirlərinin Ankara səfərinin ardınca dünən Türkiyənin müdafiə naziri Hulusi Akarın rəhbərlik etdiyi böyük nümayəndə heyətinin Bakıya səfərindən danışıb.

Musavat.com xəbər verir ki, politoloq Tovuz istiqamətində Azərbaycana qarşı yeni cəbhənin açılmasının 2 ölkə arasında hərbi-siyasi əməkdaşlığın yeni mərhələsinə təkan verdiyini bildirib. Onun fikrincə, Tovuz döyüşlərinin ardınca Azərbaycan-Türkiyə birgə hərbi təlimləri də bu əməkdaşlığın təməlini qoyub: “Son günlər təlimlərin başa çatmasından sonra nələrin olacağı haqda verilən çoxsaylı sualların cavabı tədricən aydın olur. İiki ölkə arasında əməkdaşlığın intensivləşməsi artıq faktdır. Amma hər şey ilk baxışdan göründüyü qədər sadə və birmənalı deyil. Əvvəla, bu gün Ankaranın böyük bir regionda fəallaşması heç də hamını qane etmir və istər Türkiyənin üzvü olduğu NATO ölkələri (Fransa, Yunanıstan), istər Rusiya, istərsə də digər ölkələr (Misir, BƏƏ və SƏ) buna açıq müqavimət göstərirlər. Bunun nəticəsində Böyük Orta Doğuda yaxın zamanlarda təkcə siyasi deyil, həm də hərbi aktivliyin daha da artacağını proqnozlaşdırmaq olar. Bəs bölgə uğrunda gedən savaşda Ankaranın tərəfdaşları hansı ölkələrdir? Bu siyahıya yüksək ehtimalla ABŞ-ı, İsrailı, Qətəri və Əlcəzairi daxil etmək olar”.

Ə.Oruclu vurğulayıb ki, Cənubi Qafqazda Ankaranın maraqları əsasən Moskva və onun hərbi müttəfiqi olan İrəvanla toqquşur. Onun fikrincə, görünən odur ki, Ərdoğan hökuməti Azərbaycan məsələsində birmənalı mövqedədir və geri çəkilmək fikrində deyil: “Amma Putin hakimiyyətinin də geri çəkilməyə heç bir əsası yoxdur.

Belə ki, indiki mərhələdə Rusiyanın onun üçün həyati əhəmiyyət kəsb edən Yaxın Şərq bölgəsinə yolu Qafqazlardan keçdiyi kimi, onun qarşısını kəsmək üçün də ən optimal məkan elə Cənubi Qafqazdır. Deməli, Rusiya da məqsədinə nail olmaq üçün bölgənin hər 3 ölkəsinə təzyiqlərini davam etdirəcək. Azərbaycana, Ermənistana və Gürcüstana təzyiq üçün isə Kremlin arsenalında olan vasitələr yetərincədir. Amma burda da hər şey ilk baxışdan göründüyü qədər sadə deyil, çünki Cənubi Qafqazda sabitliyin pozulması Rusiyanın daxilində Şimali Qafqaz “detonatorunu” işə sala bilər”.

Politoloq hesab edir ki, mövcud daxili siyasi və sosial-iqtisadi vəziyyətdə də Moskva üçün bu, əlavə destabilizasiya faktoru olardı. Onun sözlərinə görə, digər tərəfdən də seçkilərin ardınca gərginliyə qədəm qoyan Belarus və Kremlin özünün yaratmış olduğu qeyri-sabit Şərqi Ukrayna ilə yanaşı Qafqazda baş verə biləcək təlatümlər Rusiyaya ətrafında qeyri-sabitlik zonasını genişləndirə bilər. Nəticədə Rusiya ərtafında böyük xaos zolağı yarana bilər ki, bu da onun özünün daxili sabitliyinə təsirsiz ötüşə bilməz: “İndi məntiqlə tərəflər mübahisələr və qarşıdurmalar yarada biləcək bütün məsələləri siyasi yollarla çözməyə çalışmalıdılar. Amma bunun üçün siyasi iradə olmalıdır”.

Musavat.com