“Ən tezi 4 aya, ən uzağı 1 ilə Qarabağ azad olunacaq”

375

Sərdar  Cəlaloğlu: “Ərazilərimizi işğaldan azad etməyə başlayanda erməni-rus birləşmələri bizim qarşımızda dura bilməyəcək

“Bu məsələ Rusiyanın bizə qarşı 300 illik aqressiv siyasətinin yeni dövrdəki təzahürüdür…”

Müsahibimiz Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğludur. Onunla müsahibəmizdə son vaxtlar regionda baş verən siyasi proseslər ətrafında fikir mübadiləsi apardıq.

– Sərdar bəy, mətbuatda Rusiyanın Ermənistanı müharibəyə hazırlaması haqda iddialar yer alıb. İndiki vəziyyətdə müharibə ehtimalını real hesab edirsiniz?

– Əvvəlcə onu deyim ki, bu məsələ indi gündəmdə deyil. Yəni Rusiya Ermənistanı indi müharibəyə hazırlamır, uzun illərdir ki, bu işi aparır. Hələ sovet dönəmindən Ermənistanı Azərbaycan xalqına qarşı müharibəyə hazırlayıb. Bu proses heç vaxt ara verməyib. Rusiya Ermənistan ordusunu silahla təchiz edib. Ermənistan ordu rəhbərliyini rus generalları müəyyənləşdirib. Eləcə də Ermənistan ordusunu rus ordusu təkmilləşdirib və təlim keçməkdə, müharibəyə hazırlamaqdadır.

Son vaxtlarda Rusiyanın Ermənistan silahlı qüvvələrinin müharibəyə hazırlaması onunla bağlıdır ki, rus mətbuatında da yayılan məlumatlarda rusların özləri də Azərbaycan-Türkiyə ordusunun Qarabağın azad edilməsini tezliklə həyata keçirəcəklərini qəbul edirlər. Əslinə baxsaq, Rusiya Ermənistanı hansı müharibəyə hazırlayır? İşğalçılığa qarşı Azərbaycan ordusunun edəcəyi müharibəyə duruş gətirməsi üçün hazırlayır. Birmənalı şəkildə deyə bilərəm ki, biz ərazilərimizi işğaldan azad etməyə başlayanda erməni-rus birləşmələri bizim qarşımızda dura bilməyəcək.

– Belə çıxır ki, Türkiyə Azərbaycanın köməyinə gəlməsəydi, ruslar ermənilərə bu köməkliklərini etiraf etməyəcəkdilər…

– Təbii ki. Əgər Türk-Azərbaycan hərbi birləşmələri Azərbaycan ərazilərinin işğaldan azad edilməsində səs-küy qaldırmasaydılar, ruslar etiraf etməyəcəkdilər. Son günlər on mindən artıq türk quru qoşunları Azərbaycan ordusuna təlim keçməsəydi, nə ruslar açıq şəkildə bizə təsir etməyə çalışmazdılar, nə də erməni ordusunu açıq şəkildə hazırlaşdırardılar. Təbii ki, burada türk faktorunun önəmli rolu var. Həm də bu məlumatların yayılmasında Azərbaycan xalqının gözünü qorxutmaq cəhdi var.

– Psixoloji təzyiqdən söhbət gedir?

– Məsələn, rus mətbuatında yazılır ki, Azərbaycan Qarabağ müharibəsinə başlasa, bir dövlət kimi yox olacaq. Azərbaycan xalqına hədə-qorxu gələn cəfəng bəyanatlar verirlər. Məqsəd də bizi işğal olunmuş torpaqların azad edilməsi fikrindən yayındırmaqdır. Belə şeylərin heç birinin əhəmiyyəti yoxdur. Türkiyə-Azərbaycan birliyi, eləcə də Pakistan da bu məsələyə qoşulacağı təqdirdə nə Rusiyanın, nə Ermənistanın bizə qarşı durmaq gücü yoxdur. Rusiya birbaşa Ermənistanın tərəfində hərbi əməliyyatlara qoşulacaqsa, biz Rusiyayla müharibə etməliyik.

– İki həftə əvvəl Rusiyanın Ermənistana 400 ton silah göndərməsi haqda informasiyalar yayıldı. Hansı ki, Şoyqu Bakıya gələndə daşınan yükün taxta-şalban olduğunu bildirdi, Prezidentlə görüşdə də bu məsələni belə təqdim etdi. Sizcə, müharibə haqda iddialar buradan qaynaqlana bilərmi?

– Rusiya birinci dəfə deyil ki, beynəlxalq hüquqa zidd olaraq, həm də münaqişənin həllində vasitəçi olaraq Ermənistanı silahla təmin edir. Hətta neçə müddət əvvəl Ermənistana bir milyard dollar məbləğində pulsuz silah vermişdi. Eləcə də Ermənistanın bizə qarşı istifadə etdiyi bütün müasir silahları Rusiya verib. Şoyqunun Azərbaycana səfəri ərəfəsində Ermənistana döyüş təyyarələrinin verilməsi gündəmdə idi. Faktiki olaraq Rusiya həmişə Ermənistanı bizə qarşı silahlandırıb. Həm hərbi, həm iqtisadi cəhətdən Rusiya Ermənistandan bizə qarşı silah kimi istifadə edib. Bu məsələ də Rusiyanın bizə qarşı 300 illik aqressiv siyasətinin yeni dövrdəki təzahürüdür. Təəccüblü heç bir şey  yoxdur.

– Azərbaycanın yeni xarici işlər naziri Ceyhun Bayramovun Moskvaya səfərini izlədik. Necə düşünürsünüz, Rusiyanın Ermənistanı müharibəyə hazırlaşdırması Ceyhun Bayramovun Kremlin maraqlarına cavab verməyən mövqe ortaya qoymasından irəli gələ bilər?

– Azərbaycan dövlətinin bir siyasəti var. Ceyhun Bayramov yalnız dövlətin siyasətini çatdıra bilər və onu nə qədər bacarıqla aparıb, bu, özünü göstərə bilər. Azərbaycan Rusiyanın 400 ton silah verməsiylə bağlı etiraz etmişdi. Açıq şəkildə Rusiyanın iradəsinin əksinə olaraq Türkiyənin burada hərbi təlimləri keçirildi. İndi də Türkiyə ilə çox ciddi şəkildə hərbi-strateji əməkdaşlıq yeni müstəviyə çıxarılıb. Təbii ki, bu da Rusiyanı narazı salır. Rusiya Azərbaycana qarşı müxtəlif təzyiqlərdən istifadə edir. Azərbaycan dövlətinin Qarabağ məsələsi ilə bağlı ümumi mövqeyinin 180 dərəcə dəyişməsi Rusiyanı narahat edir. Ceyhun Bayramov dedi ki, bu məsələnin həlli ilə bağlı Minsk qrupunun fəaliyyətindən imtina etmək lazımdır. Çünki Ceyhun Bayramov orada dedi ki, “biz boş danışıqlarla bundan sonra vaxtı uduzmaq fikrində deyilik. Əgər doğrudan da siz bu problemi həll etmək istəyirsinizsə, ermənilərə deyin əraziləri boşaltsınlar. Bunun başqa alternativi yoxdur”. Lavrov isə əvvəli illərdəki kimi heç bir nəticəsi olmayan danışıqların uzadılması və bizim torpaqların yenə də işğal altında qalmasını təklif edib. Ona görə də dövlətimiz bu məsələni birdəfəlik həll edəcək. Baxın, Türkiyə əvvəldən bir əraziyə girərkən belə bir fraza işlədir, “ansızın girəcəyik”, yəni qəflətən girəcəyik. Hulusi Akar da Şoyqu buraya gələndə Türkiyə dövlətinin maraqlarını ifadə edərək dedi ki, “Türkiyə ansızın Qarabağa girəcək”. Yəni bu bütün dünyaya xəbərdarlıqdır.

– Bu, işğalda ən fəal rolu oynayan Rusiyaya qarşı mesajdır?

– Təbii, işğalda ən fəal rolu oynayan Rusiyaya, Ermənistana, İrana, Amerikaya verilmiş mesajdır ki, Türkiyə Qarabağa girəcək və 30 ildir işğalda olan torpaqların azad olunması əməliyyatında Azərbaycan hərbi qüvvələri ilə birgə iştirak edəcək.

– Bəs Yunanıstanı Türkiyəyə qarşı qızışdırmaqla onun başını qatmaq, Qarabağın azad olunmasından yayındırmaq məqsədi daşıyırmı?

– Türkiyəyə əsrin əvvəllərində 35 dövlət hücum etmişdi, amma yenə də Azərbaycanı unutmadı. Osmanlı ordusunu Nuru Paşanın komandanlığı altında Azərbaycana göndərib rus-erməni birliklərinin törətdiyi qırğının qarşısını aldı və Bakını azad etdi. Türkiyənin başı nə qədər qarışıq olsa da Azərbaycanı unutmayıb, unuda da bilməz. Bir-iki dövlət indi Türkiyə ilə yola getmir, amma əsrin əvvəllərində 35 dövlət Türkiyənin ərazisini zəbt etmişdi. Atatürkün başçılığı altında o işğalçıları məğlub etdi, eyni zamanda müharibənin getdiyi vaxtda Türkiyənin bütün ordusu Qafqaza gəldi və bizi xilas etdi.

Türkiyə indi əsrin əvvəllərindəki vaxtdan xeyli güclüdür. Həm də təkcə Türkiyə yox, Pakistan da, Türkiyə ilə strateji müttəfiq olan ərəb ölkələri bizim yanımızdadır. Eləcə də Türk Birliyinə daxil olan Qazaxıstan bizim yanımızdadır. Son Tovuz döyüşlərində ermənilər KTMT-yə müraciət etsələr də, Qazaxıstan onlara dəstək verilməsinə mane oldu. Qazaxıstan imkan vermədi ki, bu məsələ heç müzakirəyə çıxarılsın. Nə Qazaxıstan, nə Qırğızıstan bu məsələdə Rusiyanın tərəfində olmadı.

– Amma Rusiyanın həmin 400 tonluq silah daşınmasında Qazaxıstanın hava məkanından istifadə olundu…

– Ola bilsin ki, o silahlar başqa yük adı ilə keçirilib. Gərək bizim xüsusi kəşfiyyat orqanlarımız Rusiyanın bu hərəkətindən xəbər tutardı, Qazaxıstanı xəbərdar edərdi, Qazaxıstan da bunun qarşısını alardı. Amma hansı ölkəyə yükün daşınması haqda ola bilər ki, Qazaxıstana başqa bir marşrut göstərilib. Amma Ermənistana gətirilib.

– Yəni Qazaxıstanın xəbəri olmayıb?

– Ola bilər ki, olmayıb. Eyni zamanda gərək Azərbaycan hökuməti xəbərdar edərdi ki, sənin ərazindən belə bir silah keçirilir. Serbiyadan Ermənistana silah gətirilmişdi. Gürcüstan ərazisindən istifadə edilmişdi. Moldavanın ərazisindən istifadə edilmişdi. Bununla bağlı hər iki ölkədə ciddi proseslər oldu. Yəni Azərbaycan hökumətinin xüsusi kəşfiyyat orqanları Rusiyanın Ermənistana göndərdiyi silah ötürülməsinin üstünü açmalı idi. Keçən bütün marşrutlar haqda bu dövlətlər xəbərdar edilməli idi. Qazaxıstan nə bilsin ki, o yükdə silah var.

– Bəs Paşinyanın 100 minlik könüllülər ordusu qurmaq bəyanatı haqda nə düşünürsünüz?

– Mən neçə illər bundan əvvəl bu ideyanı Azərbaycan hökumətinə təklif etmişdim ki, dövlət ehtiyatda olan hərbçilərdən ordu yığmalıdır. Hətta son Tovuz döyüşlərindən sonra İlham Əliyevə açıq müraciət etdim ki, təcili könüllülərdən ibarət ordu yaradılsın, bu ordunun tamamən müstəqil rəhbərliyi olsun, xüsusi qaydada hazırlansın və biz Dağlıq Qarabağın işğaldan azad edilməsində bu qeyri-rəsmi ordudan istifadə edək. Amma Azərbaycan hökuməti bizim təkliflərimizin çoxunu qulaqardına vurdu və yaxud risk etmədi. Həmin bu ideyanı Ermənistan qəbul etdi və indi həyata keçirir. Çünki könüllülərdən ibarət ordunu heç kim qınamayacaq. Amma rəsmi ordu dövlət adına fəaliyyət göstərir, bu ordu ilə isə partizan hərəkatı yaratmaq olmur. İllərlə Azərbaycan hökumətinə deyirdik ki, partizan ordusu yaratmaq lazımdır, başqa prinsiplərlə təşkil olunmalıdır, başqa prinsiplərlə də fəaliyyət göstərməlidir. Amma ermənilər bu ideyanı qəbul etdilər və həyata keçirirlər.

– Sizcə, Paşinyanın məqsədi nədir?

– Paşinyan bilir ki, Qarabağ müharibəsini uduzacaqlar və müharibə Ermənistan ərazisinə keçəcək. Buna görə də ölkəsini müdafiəyə hazırlayır. O, könüllü ordunu da hazırlamaqla öz müdafiə güclərini iki-üç qata qaldırmaq istəyirlər ki, müqavimət göstərə bilsinlər.

– Yəni Paşinyan deyə bilər ki, bu xalqın özünü müdafiə qüvvələridir və işğalı davam etdirmək üçün bu ad altında “Vaqner”çilərdən istifadə edə bilər?

– “Vaqner”çi də ola bilər, Rusiyadan, Fransadan gətirilmiş muzdlulardan da istifadə edə bilər. Təbii ki, bu müharibədir, biz də könüllülərdən istifadə etməliyik. Qardaş xalqları çağırmalıyıq ki, bizə dəstək versinlər. Pakistana, Əfqanıstana çağırış etməliyik. Başqa yolumuz yoxdur. Amma mən hesab edirəm ki, biz ərazilərimizi işğaldan azad etməyə başlayan zaman Rusiya bu proseslərə qoşulmayacaq. Çünki Rusiyanın bu prosesə qoşulması ilk öncə beynəlxalq hüquqa ziddir. Belə çıxacaq ki, Rusiya bizim ərazilərimizin işğal olunmasında iştirakçıdır. İkincisi, Rusiya Türkiyə və Pakistanla üz-üzə gələcək. Rusiya bu ağır-sosial-iqtisadi durumda Ukrayna ilə müharibə aparır, Belarusda müharibə şəraitindədir, Çin torpaq iddiaları edir, Yaponiya öz torpaqlarını qaytarmaq istəyir, Putin hakimiyyətinə qarşı çox böyük narazılıq var, o, Ermənistanın xətrinə dünyanın ən nəhəng orduları ilə vuruşmayacaq. Dağlıq Qarabağ azad olunanda Rusiya ermənilərin tərəfində durmayacaq, ən azından müqavimət göstərməyəcək.

– Mətbuatda Türkiyə ilə Azərbaycanın pərdəarxası danışıqlar apardığı bildirilir. İddialara görə, bir aydan sonra hansısa qərar ortaya qoyulacaq. Bu qərara konfederasiya qərarı, yaxud Türkiyə-Azərbaycan hərbi ittifaqı ola bilər?

– Mənim məlumatıma görə, həmçinin hadisələrin analizindən belə bir qənaətə gəlirəm ki, 4 ay – bir il ərzində Qarabağın azad edilməsi əməliyyatına başlanacaq. Yəni ən azı 4 aydan, ən uzağı 1 il intervalında Qarabağ azad olunacaq.

– Bəs bu danışıqlar birbaşa nəyə hesablanıb?

– Qarabağın azad olunması əməliyyatı üçün sadəcə quru qoşunlarını götürüb yola çıxmaq olmaz. Burada beynəlxalq müzakirələr aparılmalıdır, müdaxilə edə biləcək dövlətlər neytrallaşdırmalıdır. Ən azı aparılacaq müharibə ilə bağlı izahatlar verilməlidir, təchizatlar olunmalıdır. Hərbi sursat-ərzaq ehtiyatı toplanmalıdır. Orduya əlavə ehtiyatda olan çağırışçılar cəlb olunmalıdır. Bunlar ciddi işlərdir. Böyük müharibəyə böyük işlər görüləndən sonra başlaya bilərik. Ona görə də bu məsələlərin gizli şəkildə aparılması təbiidir.

– Ola bilər ki, Türkiyə ilə həbi ittifaqın rəsmiləşdirilməsi bu müddətin sonunda ortaya qoyulsun?

– Ola bilsin ki, daha tez olacaq. Rusiya Belarusla bağlı belə bir qərarı qəbul edib. Türkiyədə ildirim sürəti ilə Azərbaycan hərbi qüvvələrinin birləşdirilməsi qərarı verilsin. Bir komandanlığa tabe olunsun. Sonra bizə heç kim bir söz deyə bilməz. Türk ordusu Qarabağda döyüşürsə, bizim ordu da gedib Liviyada döyüşəcək. Bir ordu olacaqsa, bir-birinin ölkələrini maraqlarını qoruyacaq.

Ülviyyə ŞÜKÜROVA