“Əmanətlərin azalması aprel-may aylarında da davam edəcək” – SAMİR ƏLİYEV

234

“Böhran dövründə bir qayda olaraq əmanətçilər banklardan əmanətlərini geri çəkməyə başlayırlar. Bu, xüsusilə milli valyutanın məzənnəsi ilə bağlı müzakirələr qızışanda geniş vüsət alır”. Hurriyyet.org xəbər verir ki, bunu iqtisadçı Samir Əliyev deyib.

 “Təkcə mart ayında əmanətlərin həcmi 5% və ya 443 milyon manata qədər azalıb”

S. Əliyevin sözərinə görə, manatın ucuzlaşması riskindən çəkinən əhali milli valyuta olan əmanətlərini banklardan çıxarıb, onu dollara çevirirlər və sonra onu banka yenidən yatırmaq və ya yastıq altına yönəltmək barədə düşünürlər: “Məsələn, təkcə mart ayında əmanətlərin həcmi 5% və ya 443 milyon manata qədər azalıb. Azalmanın 421 milyon manatı milli valyuta əmanətlərinin payına düşüb. Əmanətlərin azalması böyük ehtimalla aprel-may aylarında da davam edəcək. Mart-aprel aylarında azalmanı manatın devalvasiyası qorxusu şərtləndirirdisə, may ayında 4 bankla bağlı verilən qərar əmanət qaçışını davam etdirəcək. Birinci halda, əmanətlərin daha çox dollarlaşması baş verirsə, ikinci halda, banklardan geri çəkilməsi müşahidə edilir”.

“Respondentlərin 65,8%-i əmanətləri heç bir banka qoymayacaqlarını bildiriblər”

“4 bankın bazarı tərk etməsi (ya bağlanmaqla, ya da satılmaqla) əmanətçilərin davranışına necə təsir edəcək? Elə bu məqsədlə sosial şəbəkələr üzərindən fəaliyyəti dayandırılmış 4 bankın (AG bank, Amrahbank, Atabank, NBC bank) əmanətçiləri arasında kiçik bir sorğu keçirmək qərarına gəldik. Bir sutka ərzində sorğuda ümumilikdə 76 nəfər iştirak edib. Respondentlərin 10,5%-i “AGbank”, 26,3%-i “Amrahbank”, 46,1%-i “Atabank”, 17,1%-i isə “NBC bank” müştəriləri olub. Cavab variantlarından aydın olur ki, 4 bankda yerləşdirilmiş əmanətlərin 85,5%-i qorunan, 15%-i qorunmayandır. Sorğuda əsas məqsəd əmanətçilərin əmanətlərinin götürdükdən sonrakı planlarını öyrənmək olub. Cavablardan məlum olur ki, respondentlərin 65,8%-i əmanətləri heç bir banka qoymayacaqlarını bildiriblər. 31,6% respondent digər banka qoyacaqlarını qeyd ediblər. 2,6%-i isə hələ qərar vermədiklərini bildiriblər”,-deyə iqtisadçı qeyd edib.

S. Əliyev onu da diqqətə çatdırıb ki, əmanət qaçışını minimuma endirmək üçün Əmanətlərin Sığortalanması Fondu 1 iyun 2020-ci il tarixindən etibarən milli valyutada olan qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddinin 10%-dən 12%-dək qaldırıb.

Şamo EMİN, Hurriyyet.org