Əməkdar artist: “Düşməni gülə-gülə məhv edirəm” – MÜSAHİBƏ

87

Sənət aləmində pisliklərə də tuş gəlib, paxıllıqlara da. Amma heç vaxt pisliyə pisliklə cavab verməyib. Həmin adamlara da sözünü çatdırıb…

Əməkdar artist, aktrisa Nahidə Orucovanın Yenicag.az-a müsahibəsini təqdim edirik:

– Karantin müddətində imicinizdə dəyişiklik var, bir qədər çəki almısız elə bil, amma yaraşır…

– Hə, yavaş-yavaş özümə gəlirəm. Saçlarım uzanıb, bir qədər də çəkim artıb. Heç vaxt dəb arxasınca qaçmamışam. Nə yaraşabsa, onu geyinnmişəm. Səhnə adamı hər zaman göz oxşamalıdır. Bunu nəzərə alıram.

– Yaradıcılıqda hansı yeniliklər var?

– Hələ ki, bağdayam, dincəlirəm, immunitet yığıram.

– Səhnə fəaliyyətiniz dönəmində heç olubmu ürəyinizcə olmayan roldan imtina edərsiz?

– Olub ki, rejissor hansısa rolu verib, demişəm o biri rolu daha gözəl oynayardım. Amma buna baxmayaraq, yenə həmin rola təsdiqlənmişəm.

– Bəs rejissora öz istəyinizi bildirməmisiz?

– Demişəm. Rəhmətlik rejissor Yusif Əkbərin hazırladığı “Qızıl toy” tamaşasında əvvəlcə Zuzu rolunda oynamışam. Çox da ürəyimcə olub. Bu, yaşı ötmüş bir qız obrazıdır. Amma sonradan eyni tamaşada mənə ana obrazını verdilər. Oynamaq istəmədim, amma rejissorun təkidi ilə razılaşdım.

– Niyə oynamaq istəmirdiz ki?

– Deyirdim, cavanam, canım hələ suludur. Amma yaşı ötmüş Zuzunu oynamaq istəyirdim, yenə də istəyirəm. Ballı ana obrazını məndən əvvəl böyük sənətkarımız Nəsibə Zeynalova və Emma Məlikova oynamışdı. Oynadım, məndə də yaxşı alındı.

 

– Hər zaman sənət adamları arasında paxıllıq, qısqanclıq olub və bu gün də davam edir. Çoxmu qarşılaşmısız belə hallarla?

– Dəfələrlə. Həmişə olub. Tamaşa başlayan zaman kimsə kiminsə paltarını cırıb, qəsdən ayaqqabısına şüşə atıb, paltarını boyayıb ki, korlansın və s…

– Olubmu, sizin rolunuzu başqasına veriblər…

– Çox olur rol bölgüsündə kiminsə rolunu kiməsə veriblər. Məndə də olub. Amma mənə verilən rolun öhdəsindən həmişə artıqlaması ilə gəlmişəm. Sənət aləmi elədir ki, bu meydan, bu şeytan, istedadın varsa, uğun qazanacaqsan.

– Sizə pislik edənlərə reaksiyanız necə olur, qarşılıq verirsinizmi, qisas alırsızmı həmin adamdan?

– Xərçəng bürcündənəm və bürcümə uyğun olaraq sülhsevərəm, ilanla da yola gedənəm. Pislik etmək çətin deiyl, bir anın içində mümkündür. Amma belə bir söz var, düşməni gülə-gülə məhv etmək. Mən həmin adamın yanından gülə-gülə keçirəm və fırlana-fırlana qayıdıb sözümü də çatdırıram. Yəni ki, ay adam, elə bilmə xəbərsizəm, hər şeyi bilirəm. Ona sübut edirəm ki, sən sənsən, mən də mən. Mənim reaksiyam, cavabım belə olur.