Əllərini spirtlə dezinfeksiya edən sürücü cərimələndi

591

İmişli sakinindən ölkə başçısına müraciət: “Dedilər ki, heç nə yazmırıq və məndən 300 manat istədilər…”

İmişli rayonu, Otuziki kəndinin sakini Şəmmədov Mirzə İzzət oğlu tərəfindən “Hürriyyət”in redaksiyasına şikayət məktubu daxil olub. Qəzetimiz vasitəsilə Prezident İlham Əliyevə müraciət edən şikayətçinin məktubunu olduğu kimi drc edirik:

“Cənab Prezident!

25 dekabr 2020-ci il tarixində, saat 23:10-da İmişlidən ailəmlə kəndə qayıdırdıq. “Araz” körpüsü üstündə İmişli Dövlət Avtomobil Müfəttişinin əməkdaşları Xalid Əsədov və Əzim adlı polis kapitanı “Mercedes-Benz” markalı, dövlət nömrə nişanı 90 HV 381 olan avtomobilimi saxlatdırdılar. Həyat yoldaşım YAP RT-nının fəalı, Otuziki kənd orta məktəbinin müəlliməsi də maşında idi. Mən və ailəm özümüzü spirtlə dezinfeksiya etmiş, maska vurmuşduq. Soruşdum ki, niyə saxlamısınız? Dedilər ki, “sənədləri təqdim et”. Kobud hərəkətlərinə həyat yoldşaım cavab verdi ki, “Ayıb deyil, cəzası varsa, protokolumuzu yazın, yoxsa qoyun çıxıb gedək, gecədir”. Bunu deyəndə Xalid dedi ki, “bizimlə şöbəyə getməlisiniz, sizdən spirt iyi gəlir”. Bildirdim ki, aparatınızı çıxarıb yoxlayın, mən ümumiyyətlə içki içmirəm.

Onlar bizi hədələdilər ki, maşın şöbəyə getməlidir. Bildirdim ki, “maşını götürün aparın, yoldaşımı aparıb evə qoyum”. Onlar məni həyat yoldaşımın yanında alçaltdılar ki, “hər ikiniz şöbəyə getməlisiniz”. Maşından məni düşürdüb, maşını özləri sürüb şöbəyə apardılar. Şöbədən bacım oğlu Ramilə zəng etdim ki, “gəl bizi İmişli Polis Şöbəsindən evə apar”.

Mən içkili idimsə, niyə protokol yazmadılar?! Mən heç şikayət etməzdim. Amma həyat yoldaşımı da polisə aparmaları məni, eləcə də onu ağrıtdı. Polislər YAP fəallarına, nəsillikcə dövlət adamlarına belə münasibət göstərdilərsə, digər vətəndaşlara qan uddurmurlarmı?

Səhərisi gün getdim RPŞ-yə, maşını istədim. Dedilər ki, heç nə yazmırıq və məndən 300 manat istədilər. Tapıb gətirib verdim Əzimə və heç nə yazmadı. Maşını götürüb evə qayıtdım.

Xalid Əsadovu bir dəfə İmişlidən qovmuşdular, hansı yollasa yenidən rayona qayıtdı. Hər ikisinin fermaları, Bakıda evləri var. Yol polisi nə qədər pul qazanır ki, bunlar belə amansızlıq edirlər. Xalid Əsədovdan çox şikayət olub, amma arxası böyükdür. Ona görə də bildiyini edir.

Sizdən xahiş edirəm, bu yol polislərinin qanunlarımıza hörmətsizlikləri, özbaşınıqları ilə bağlı araşdırma aparılmasına göstəriş verəsiniz”.

Hazırladı: KƏNAN

 

Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.