Əliyev-Putin-Paşinyan görüşündən nə gözlənilir?

774

Elxan Şahinoğlu: “Ermənistan Dağlıq Qarabağı Azərbaycan ərazisi kimi tanımalı, erməni separatçıları tam tərksilah olunmalı, erməni əhalisi Azərbaycan qanunları ilə yaşamalı və pasportlarımızı qəbul etməlidir”

Qubad İbadoğlu: “Çalışmalıyıq ki, görüşlər dördlük formatında keçirilsin və Türkiyə də tərəflərdən biri olsun”

Məhəmməd Əsədullazadə: “Azərbaycan Moskva görüşündə sərhədlərin delimitasiya və demarkasiyasına nail olacaq, “Mehri dəhlizi”nin açılması razılaşdırılacaq”

Natiq Cəfərli: “Əgər Kreml hərbi kontingetinin sayının artırılması məsələsini qaldırsa, düşünmürəm ki, rəsmi Bakı buna razılıq versin”

Ərəstun Oruclu: “Rusiyanın başlıca vəzifəsi qoşunlarının statusunu rəsmiləşdirmək və digər ölkələrin silahlı qüvvələrinin istənilən keyfiyyətdə regiona yerləşdirilməsinin qarşısını alan sazişin əldə olunmasıdır”

Dünən Azərbaycan, Rusiya və Ermənistan liderləri Moskvada bir araya gəlib. Bu barədə Kremlin mətbuat xidmətinin yaydığı məlumatda deyilir ki, görüş zamanı bir sıra məsələlər, o cümlədən Qarabağla bağlı 10 noyabr bəyanatının həyata keçirilməsi müzakirə olunub. Qeyd edək ki, sözügedən görüşdən öncə Rusiya prezidenti Vladimir Putinin sədrliyi ilə müşavirə keçirilib. Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev, xarici işlər naziri Sergey Lavrov, müdafiə naziri Sergey Şoyqu, Federal Təhlükəsizlik Xidmətinin direktoru Aleksandr Bortnikov və Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkinin iştirak etdiyi müşavirədə Qarabağ və Cənubi Qafqazdakı vəziyyət müzakirə edilib.

Onu da nəzərinizə çatdıraq ki, axar.az-da yer alan informasiyaya görə, Nikol Paşinyanın mətbuat katibi Mane Gevorkyan özünün “facebook” səhifəsində Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Moskva görüşündə danışıqların gündəliyinin iqtisadi xarakter daşıdığını, ərazi məsələləri ilə bağlı hər hansı sənədin imzalanmayacağını bəyan edib.

O bildirib ki, söhbət Ermənistandan Rusiya və İrana, eləcə də Ermənistanın mərkəzi regionlarından Zəngəzur (Sünik) bölgəsinə regional rabitə, beynəlxalq yük daşımalarının açılmasından gedir. Gevorkyan “Mehri dəhlizi” ilə bağlı bəyanatda hər hansı bəndin olmaması haqda Paşinyanın fikrini də təkrarlayıb və qeyd edib ki, həmin ərazilərdə “kommunikasiyaların açılmasından” söhbət gedir.

“Paşinyan və ya qeyrisi erməni cəmiyyətini tədricən Dağlıq Qarabağı Azərbaycan ərazisi kimi qəbul etməyə hazırlamalıdır”

Beləliklə, “Hürriyyət”in məlumatına görə, mövzuya dair fikirlərini bölüşən “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu hesab edir ki, Ermənistan tərəfi “Nikol Paşinyan Moskvada ərazi məsələsiylə bağlı heç bir sənədi imzalamayacaq, yalnız kommunikasiya xətlərinin açılması və regional daşımaçılıq mövzuları müzakirə olacaq” deməklə, cəmiyyəti sakitləşdirmək istəyir ki, Dağlıq Qarabağı Azərbaycan ərazisi kimi tanımayacaq: “Paşinyan Moskva görüşündə əsirlərin və meyitlərin dəyişdirilməsini də müzakirə etmək istəyir. Paşinyan bu məsələ həll olunmadan iqtisadi əlaqələrin bərpasının mümkün olmadığını vurğulayır. Elə bil ki, iqtisadi əlaqələrin bərpası Ermənistana deyil, Azərbaycana lazımdır. Əsirlərə gəldikdə, 10 noyabrdan sonra Azərbaycan hərbçilərinə atəş açanlar terrorçulardır, onlar dəyişdirilə bilməz, dəyişdirilməsi lazım bilinsə, bunun qarşılığında Dağlıq Qarabağda silahlı separatçı qalmamalıdır. Bizim də Moskva görüşündən gözləntilərimiz az deyil. Birincisi, Dağlıq Qarabağdakı erməni separatçıları tam tərksilah olunmalıdırlar. İkincisi, Dağlıq Qarabağın erməni əhalisi Azərbaycan qanunları ilə yaşamalı və pasportlarımızı qəbul etməlidirlər. Üçüncüsü, Laçın dəhlizi 10 noyabr bəyanatına görə, Rusiya hərbçilərinin nəzarətində olsa da, qanunsuz keçidlərin qarşısının alınması məqsədilə Azərbaycan sərhədçiləri Laçın istiqamətində keşik çəkməlidirlər. Dördüncüsü, Ermənistan Azərbaycana qarşı ərazi iddialarından vaz keçib Dağlıq Qarabağı Azərbaycan ərazisi kimi tanımalıdır. Beşincisi, Zəngilanla Naxçıvan arasında dəhliz fəaliyyətə başlamalıdır”.

Politoloqun fikrincə, Ermənistanın baş nazirinin bir görüşlə qeyd olunan tələblərin tamamını yerinə yetirməyəcəyi aydındır, lakin bu halda keçmişdə “Qarabağ Ermənistandır” deyən Paşinyan Moskvadan İrəvana deyil, Qərb ölkələrindən birinə qaçıb sığınacaq istəməlidir: “Buna baxmayaraq, Paşinyan və ya qeyrisi erməni cəmiyyətini tədricən Dağlıq Qarabağı Azərbaycan ərazisi kimi qəbul etməyə hazırlamalıdır. Əks halda Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanımadan bizimlə iqtisadi münasibətləri bərpasını və regional əməkdaşlığa qoşulmasını təsəvvür etmək mümkün deyil”.

“Moskva Türkiyənin Cənubi Qafqazda, o cümlədən Qarabağda varlığını qəbul etmək məcburiyyətində qalıb, ancaq burada möhkəmlənməsini istəmir”

Rusiya prezidenti Vladimir Putinin azərbaycanlı və erməni həmkarıyla Moskva görüşündən bir gün əvvəl Fransa prezidenti Emmanuel Makrona telefon açdığını vurğulayan “Atlas” Araşdırmalar Mərkəzinin rəhbərinin qənaətincə, bu zəng Putinin “digər həmsədrlə məsləhətləşməliyəm” arqumenti ilə bağlı deyil: “Kremlin izahı belədir ki, Fransa Minsk Qrupunun 3 həmsədrindən biridir və Moskva Dağlıq Qarabağ münaqişəsinin həlli gedişi ilə bağlı Parisi məlumatlandırmalıdır. Ona qalsa, Putin gərək üçüncü həmsədr ölkənin paytaxtına – Vaşinqtona da zəng edərdi. Ancaq belə bir zəng olmayıb və bunu təsəvvür etmək çətindir. Putin amerikalı həmkarı Trampa zəng edib onunla Qarabağı müzakirə edərmi? Söhbət yalnız Donald Trampın ölkəsində mövqeyinin zəifləməsi və ya Ağ Evi tərk etməyə hazırlaşmasıyla bağlı deyil. Moskvadakı görüş Amerikada andiçmə mərasimindən sonra keçirilsəydi belə, Putinin Vaşinqtona zəng edib yeni prezident Cozef Baydenlə Qarabağ mövzusunun müzakirəsini təsəvvür etmək mümkün deyil. Bəs onda Putin Makronla niyə Qarabağ mövzusunu daim müzakirə edir? Axı, Fransa Amerika qədər olmasa da, Rusiyaya qarşı müxtəlif sanksiyalarda yer alıb. Görünür, Parisə zənglər heç də Putinin “digər həmsədrlə məsləhətləşməliyəm” arqumenti ilə bağlı deyil. Əsas səbəb Türkiyədir”.

Putinin Suriya və Liviya mövzularında türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla dialoq içində olduğunu deyən politoloqun sözlərinə görə, Türkiyə və Rusiyanın həm Suriya, həm də Liviyada maraqları var və bu maraqların kəsişməməsi üçün Moskva ilə Ankara dialoqa üstünlük verir: “Moskva 44 günlük müharibə zamanı və ondan sonra Türkiyənin Cənubi Qafqazda, o cümlədən Qarabağda da varlığını qəbul etmək məcburiyyətində qalıb. Ancaq Moskva Türkiyənin Cənubi Qafqazda və Qarabağda möhkəmlənməsini də istəmir. Moskva özü buna qarşı açıq şəkildə çıxa bilmədiyinə görə, yanında anti-Türkiyə mövqeyində dayanan Fransanı görmək istəyir, bu məqsədlə Parisə zənglər edilir və guya Qarabağ münaqişəsinin həlli müzakirə edilir. Halbuki, Kreml 10 noyabr bəyanatını hazırlayarkən heç Parislə məsləhətləşməyə ehtiyac duymamışdı. Biz Kremlin bu oyununa getməməliyik. Dövlət başçısı İlham Əliyev açıq deyib ki, masada Türkiyə də olmalıdır. Buna çalışmalı və daim Kremlin diqqətinə çatdırmalıyıq. Fransa müharibə günlərində və ondan sonra sərgilədiyi ermənipərəst mövqeyə görə bizə məsləhət verə bilməz, biz bunu qəbul etməməliyik”.

“10 noyabr bəyanatın 4-cü maddəsinin “Rusiya Federasiyasının sülhməramlı kontingenti erməni silahlı qüvvələrinin çıxarılması ilə paralel şəkildə yerləşdirilir” tələbi icra olunmalıdır”

Hürriyyət” xəbər verir ki, Azərbaycan tərəfindən görüşlə bağlı heç bir açıqlama verilmədiyini, eyni zamanda görüşdən əvvəl Təhlükəsizlik Şurası ilə məsləhətləşmələrin aparılmadığını vurğulayan Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının sədri, ABŞ-ın Rutgers Universitetinin professoru Qubad İbadoğlu ölkənin hakimiyyət və müxalifət cəbhəsində süstlük olduğunu bildirib: “Görünür ki, hər şey ya çox yaxşıdır, ya da çox pis. Təki birincisi olsun! Fikrimcə, çalışmalıyıq ki, görüşlər dördlük formatında keçirilsin və Türkiyə də tərəflərdən biri olsun. Çünki müzakirə olunan məsələlər Türkiyənin də regionda marağı dairəsindədir. Eyni zamanda, Türkiyənin iştirakı qüvvələrin balanslaşdırılması üçün vacibdir. İkincisi, 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın 4-cü maddəsinin “Rusiya Federasiyasının sülhməramlı kontingenti erməni silahlı qüvvələrinin çıxarılması ilə paralel şəkildə yerləşdirilir” tələbi icra olunmalıdır. Üçüncüsü, Ermənistan rəsmilərinin Dağlıq Qarabağa səfərlərinə son qoyulması tələb edilməlidir”.

“Paşinyan anlayır ki, Ermənistanı blokadadan çıxarmaq üçün Moskva görüşü həyati vacib məsələdir”

Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri, Milli Cəbhə Partiyasının sədr müavini, politoloq Məhəmməd Əsədullazadə isə hesab edir ki, Moskvada Vladimir Putinin iştirakı ilə prezident İlham Əliyev və baş nazir Nikol Paşinyanın görüşünün keçirilməsi müharibədən sonra xüsusi əhəmiyyət kəsb edir: “Belə bir görüşün keçirilməsi vacib idi və gündəlikdə dururdu. Çünki 10 noyabr tarixli bəyannamə əsasında müharibənin dayanmasından sonra açıq qalan problemlər üçün tərəflərin görüşü, aydınlıq gətiriləcək nüanslar və razılaşdırılacaq bir çox ciddi məsələlər var. Həmçinin, bəyannamədən irəli gələn öhdəliklərin yerinə yetirilməsi, əsasən nəqliyyat və kommunikasiyaların açılması, Qarabağın müəyyən ərazisində silahlı erməni birləşmələrinin qalması, status məsələsinin qabardılması problem olaraq qalır. Odur ki, Azərbaycan üçün belə bir görüşün keçirilməsi vacib idi. Çünki qeyd edilən problemlər qalır. Hətta prezident İlham Əliyev ötən həftə sülhməramlı qüvvələrin missiyasından narazı olduğunu, silahlı erməni birləşmələrinin çıxarılmaması və Ermənistan rəsmilərinin Qarabağa qanunsuz səfərlərini qeyd etməklə, Moskva görüşündə bu məsələlərin üzərində dayanacağının mesajını verdi”.

Politoloq bildirib ki, Rusiya ilə Azərbaycan Qarabağın müəyyən hissəsində fəaliyyət göstərən Rusiya sülhməramlı qüvvələrinin missiya ilə bağlı əsasnaməni və fəaliyyət proqramını razılaşdırmalıdır: “Rusiyanın bu görüşdə buna getməyəcəyi mümkün variantdır. Ermənistan və Azərbaycan arasında bu kimi görüşlər intensiv şəkildə keçirilə bilər. Bu, sülh müqaviləsinin bağlanması yolunda atılan addımlar olacaq. İlk növbədə, sülh müqaviləsinin imzalanması Ermənistanın atacağı addımlardan asılı olacaq. Moskva görüşündə bu, müzakirə edilməyəcək. Amma Nikol Paşinyanın seçkilərdən sonra buna gedəcəyi mümkün ola bilər. Sülh müqaviləsi üçün Azərbaycanın təklifləri – Qarabağın status məsələsini qabartmamaq və Azərbaycanın ərazi bütövlüyünü tanımaq, kommunikasiyaların açılması, əsirlərin qaytarılması – qəbul edilməlidir. Paşinyan anlayır ki, Ermənistanı blokadadan çıxarmaq üçün Moskva görüşü həyati vacib məsələdir. Azərbaycan isə bu görüşdə sərhədlərin delimitasiya və demarkasiyasına nail olacaq, Ermənistan işğalı altında olan kəndlər qaytarılacaq, “Mehri dəhlizi”nin açılması razılaşdırılacaq. Burada ciddi məsələ erməni silahlı birləşmələrinin çıxarılmasıdır. Moskva bunda maraqlı deyil və çalışır ki, silahlı erməni birləşmələri Qarabağda qalsın”. Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədrinin qənaətincə, Moskva görüşündə Azərbaycan güclü tərəfdir: “Son günlər Türkiyə hərbi təyyarələrinin intensiv şəkildə ölkəmizə gəlməsi, Moskva görüşündə Azərbaycanın mövqeyini gücləndirir. Bu səbəbdən də Rusiya maksimum çalışacaq ki, Azərbaycana güzəştə getsin. Əsasən, Qarabağın statusu ilə bağlı. İkincisi, Azərbaycanı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı və Avrasiya İttifaqına üzv olmağa dəvət edəcək. Tərəflər arasında hər hansı müqavilənin bağlanması gözlənilmir. İlk növbədə, bəyannamədən irəli gələn öhdəliklərin yerinə yetirilməsi aktual olacaq. Şifahi razılaşmalar mümkündür ki, sonradan sənəd halına salınıb, müqavilə bağlansın”.

“Ümid edirəm ki, Putinlə ikitərəfli görüşdə Rusiya “sülhməramlılar”ının suallar yaradan davranışları ilə bağlı məsələ qaldırılacaq, ən azından, Xocalıya qayıdışla bağlı yolların açılması, azərbaycanlıların ora dönməsi qrafiki məsələsi öz həllini tapacaq”

Respublikaçı Alternativ Partiyasının (REAL) icra katibi, politoloq Natiq Cəfərli isə qeyd edib ki, görüşdə Azərbaycana ziyanlı ola biləcək hər hansı bir qərarın, razılaşmanın olması mümkün görünmür: “Prezidentə daxili siyasətlə bağlı onlarla irad-tənqid bildirmək olar, amma Qarabağ məsələsində hansısa ciddi səhvi, güzəşti olmayıb, bu məsələdə İlham Əliyevin mövqeyi aydın, dövlət maraqlarına uyğun və birmənalıdır. Ümid edirəm ki, Putinlə ikitərəfli görüşdə son 2 ayda Rusiya “sülhməramlılar”ının suallar yaradan davranışları ilə bağlı məsələ qaldırılacaq, ən azından, Xocalıya qayıdışla bağlı yolların açılması, azərbaycanlıların ora dönməsi qrafiki məsələsi öz həllini tapacaq. Əgər Kreml hərbi kontingetinin sayının artırılması məsələsini qaldırsa, düşünmürəm ki, rəsmi Bakı buna razılıq versin. Rusiya mənbələrinə görə, əsas 2 məsələ müzakirə olunacaq: Azərbaycan-Ermənistan dövlət sərhədinin dəqiqləşdirilib möhkəmlənməsi və Naxçıvana açılacaq dəhlizlə bağlı detallar. Hər iki məsələdə əlimiz, arqumentlərimiz güclüdür”. Politoloq hesab edir ki, artıq diplomatik “savaşın” yeni mərhələsi başlayıb və bu yolun uğurlu olmasının təməlini Azərbaycan Əsgəri qoyub!

“Rusiya üçün digər önəmli vəzifə Qarabağın statusunun heç olmasa, müzakirə predmetinə çevirən müqavilənin imzalanmasıdır”

Moskva görüşündən gözləntilərinin o qədər də optimist olmadığını vurğulayan siyasi şərhçi Ərəstun Oruclu isə bildirib ki, 2 aydır baş verənlərdə pozitiv dinamika müşahidə olunmur: “Əksinə, biz “sülhməramlı” adı altında ölkəyə yeridilənlərin qondarma rejimin tör-töküntülərini səfərbər edərək, onu reanimasiya etməyə çalışdığını görürük. Məncə, indi Rusiyanın başlıca vəzifəsi öz qoşunlarının statusunu rəsmiləşdirmək və eyni zamanda, digər ölkələrin silahlı qüvvələrinin istənilən keyfiyyətdə regiona yerləşdirilməsinin qarşısını alan hansısa bir sazişin əldə olunmasıdır. Söhbət təxminən, Xəzərin statusu haqda imzalanmış məlum anlaşmadan gedir. Qısaca xatırladım ki, həmin anlaşmaya əsasən Xəzər hövzəsində yerləşməyən ölkələrin dənizin neytral sularında hər hansı fəaliyyəti üçün bütün Xəzəryanı ölkələrin razılığı lazımdır. Bundan başqa, Moskva Qarabağdakı qoşunlarının sayını artırmağa çalışır. Fikrimcə, Rusiya üçün digər önəmli bir vəzifə də Qarabağın statusunun heç olmasa, müzakirə predmetinə çevirən müqavilənin imzalanmasıdır. Əlbəttə, bunlar ehtimallardır, amma eyni zamanda məntiqə söykənən və son iki ayda gördüklərimizdən, araşdırmalarımızdan ortaya çıxan ehtimallardır”.

Vazeh BƏHRAMOĞLU