ƏLİYEV-PAŞİNYAN GÖRÜŞÜ GÖZLƏNİLİR? – “Mümkün tarixlərdən biri 11 yanvardır”

303

Rusiya mətbuatı yaxın günlərdə Moskvada Azərbaycan, Ermənistan və Rusiya liderlərinin iştirakı ilə üçtərəfli görüşün keçirləcəyi barədə xəbər yayıb.

“AzPolitika.info” info xəbər verir ki, bu barədə “İnferfaks” agentliyi diplomatik mənbələrə istinadən məlumat verir. Mənbə bildirib ki, belə bir görüş yeni il tətillərindən sonra baş tuta bilər, mümkün tarixlərdən biri – 11 yanvardır.

Bu görüş baş tutarsa, təxminən 11 aydan sonra İlham Əliyev və Nikol Paşinyanın ilk təması olacaq. Xatırladaq ki, Azərbaycan və Ermənistan rəhbərləri sonuncu dəfə 2020-ci ilin fevral ayının 15-də Münhen Təhlükəsizlik Konfransı çərçivəsində təşkil olunan debat zamanı bir araya gəliblər.

Rusiya mətbuatının tirajladığı məlumatda görüşün Moskvada prezident Vladimir Putinin iştirakı ilə keçiriləcəyi qeyd olunur. Liderlər bundan əvvəl də Rusiya rəhbərinin təşəbbüsü ilə eyni məkanda bir araya gəliblər. Amma müzakirələr nəticə verməyib.

44 günlük müharibədən qısa müddət sonra İlham Əliyevlə Paşinyan arasında belə bir görüşün keçirilməsinin hansı zərurətdən irəli gəlməsi maraq doğurur. Ermənistanda ağır siyasi böhran davam edir, bu ərəfədə onun həm psixoloji, həm də siyasi cəhətdən Əliyevin qarşısına çıxmağa hazır olub-olmaması ortaya suallar çıxarır.

Ermənistan müharibədə böyük məğlubiyyətlə üzləşsə də, Azərbaycanın ərazi bütövlüyünü tanımaqdan imtina edib. Habelə rəsmi İrəvan Qarabağdakı separatçılara siyasi dəstəyini davam etdirir. Azərbaycan müharibənin başa çatdığını, Dağlıq Qarabağa hər hansı status verilməyəcəyini bəyan edib. Bununla yanaşı hazırda Azərbaycanla Ermənistan arasında sərhədlərin delimitasiyası və demarkasiyası prosesi davam etdirilir. Son olaraq Naxçıvan MR-ə məxsus Kərki və Zəngəzurun Şurnux kəndinin sovet inzibati ərazi bölgüsünə uyğun olaraq Azərbaycanın nəzarətinə qaytarıldığı bildirilir. Onu da xatırladaq ki, Azərbaycan lideri regionda altı tərəfli – Türkiyə, Rusiya, Azərbaycan, İran, Gürcüstan və Ermənistan arasında əməkdaşlıq təşəbbüsü ilə çıxış edib. Ermənistanın baş naziri də Təhlükəszilik Şurasının iclasında Türkiyə və Azərbaycanla münasibətlərin yaxşılaşdırılmasının vacibliyindən danışıb. 10 noyabrda imzalanmış üçtərəfli razılaşmada bütün kommunikasiyaların açılması barədə öhdəliklər qeyd olunub.

Hazırda Azərbaycan Dağlıq Qarabağın sülhməramlıların cavabdehlik zonasından erməni hərbi birləşmələrinin çıxarılmasını və Ağdərə üzərindən keçən Kəlbəcər yolunun açılmasını tələb edir.

Göründüyü kimi müzakirə olunası xeyli məsələlər var, onların bəziləri üzrə ortaq yanaşmalar da mövcuddur. Moskva görüşü baş tutarsa, orada hansı mövzuların prioritet olacağını isə zaman göstərəcək.