“Əlimizdən gələni edəcəyik ki, bizə göstərilən etimadı doğruldaq”

258
İlham Zəkiyev: “Görmə qabiliyyəti mərhələsini artıq keçmişəm”

Azərbaycanın cüdo üzrə ikiqat paralimpiya, ikiqat dünya və yeddiqat Avropa çempionu, “Bakı-2015” I Avropa Oyunlarının qalibi İlham Zəkiyev “Report”un suallarını cavablandırıb. Həmin müsahibəni oxucularımıza təqdim edirik. 

– Prezident İlham Əliyev sizi şəhid ailələrinin təminatına dəstək məqsədi ilə yaradılan “YAŞAT” Fondunun Himayəçilik Şurasının tərkibinə daxil edib. İşiniz nədən ibarət olacaq?

– Ölkə rəhbərliyi tərəfindən mənə bu etimad göstərilib. Çalışacağıq və əlimizdən gələni edəcəyik ki, bizə göstərilən etimadı doğruldaq. Ölkəmizə xidmət edəcəyik. Hələ xəbəri təzə almışıq. Yaxın zamanda iş prosesi ilə bağlı məlumat verəcəklər.

– Azərbaycan Vətən müharibəsində tarixi qələbə qazandı. Qələbə təəssüratlarınızı bölüşərdiniz…

– Sentyabrın 27-dən xəbərləri oxuyanda sevinc göz yaşlarımı saxlaya bilmirəm. Sevincimi sözlə ifadə etmək çətindir. Amma pis olurdum ki, mən ön cəbhədə – əsgər və zabitlərin yanında deyiləm. Bu, bir qismətdir. Lakin həmin dönəmdə biz də çalışdıq, əlimizdən gələn qədər dəstək olduq. Müharibə davam edəndə ön cəbhədə əsgər və zabitlərimizlə görüşdük, onlara dəstəyimizi bildirdik. Sevincli anlar yaşadıq. Allah Prezidentimizə uzun ömür və can sağlığı versin. Yaşananlar bizə yuxu kimi gəlir. İndilərdə zəng edirəm, Şuşadakı, Füzulidəki və Cəbrayıldakı hərbçilərlə danışıram. Amma bu qələbəni verən Allaha sonsuz həmd olsun. Allah bütün şəhidlərimizə rəhmət eləsin, yaralı qazilərimizə şəfa versin. Onlar qanları və canları ilə şanlı tarix yazıblar. Öz Ordumuzla, millətimizlə fəxr etdim. Prezidentimiz dediyi kimi, biz bir yumruq olduq. Camaatın birliyi, Orduya dəstəyi bizi çox sevindirdir.

– Bu yaxınlarda gözlərini itirən qazimizlə görüşdünüz. Yəqin onu digərlərindən çox siz başa düşə bilərsiniz. Təşəbbüs sizdənmi gəldi?

– Mən maraqlanıram. Qonşuda və ya əlim çatan yerlərdə qazimizin olduğunu eşidəndə, onu ziyarət edirəm. Görmə qabiliyyəti ilə bağlı mərhələni artıq keçmişəm. Yəni, mən artıq çoxdan gözlərimi itirmişəm. Onunla görüşməyi özümə borc bildim ki, öz tövsiyələrimi verib. Novxanı qəsəbəsində belə qazimiz var idi. Cəlilabaddakı İsmayıl Hüseynovun da ünvanını araşdırdım. Hər ikisini ziyarət etdim. Öz dəstəyimizi bildirdik, keçdiyimiz yolla bağlı ona lazım olan məsləhəti verdik. Allah bütün qazilərimizə şəfa versin. Çalışırıq ki, şəhid ailələrini də mütəmadi ziyarət edək, mənəvi və maddi dəstək olaq. Dövlətimiz onlara hərtərəfli qayğı və diqqət göstərir. Amma mənəvi dəstəyə də ehtiyac var. Bütün vətəndaşlara müraciət etmək istəyirəm ki, qonşuda, yaxınlığınızda şəhid ailəsi və ya qazi varsa, gedin onları ziyarət edin və dəstək olun. Onları daim diqqətdə saxlamaq lazımdır.

– Karyeranızla bağlı danışmaq istərdik. Hazırda fiziki durumunuz nə yerdədir və məşqləriniz necə keçir?

– Sağ dirsəyimdə zədə olduğu üçün sentyabrda əməliyyat olundum. Həkim dedi ki, təcili əməliyyat lazımdır. Azərbaycan Cüdo Federasiyasının dəstəyi ilə Türkiyədə əməliyyat olundum. Hazırda reabilitasiya dövrü başa çatır. Yavaş-yavaş məşqlərimi bərpa edirəm. Hədəfimizdə Tokio Yay Paralimpiya Oyunlarıdır. Hazırlaşırıq, lisenziyamızı əldə etmişik. Ölkəmizi layiqincə təmsil etmək və bayrağımızı yüksəltmək istəyirik.

– Paralimpiadaya qədər hansısa yarışda iştirakı düşünürsünüz?

– Növbəti ilin aprelində İngiltərədə, mayında isə Bakıda ənənəvi yarışda iştirak edəcəyəm. Bunlar reytinq xarakterli yarışlardır. Formamızı həmin vaxta qədər tap bərpa etməliyik. Hər zaman hədəfimiz qızıl medaldır. Çalışırıq ki, maksimumu edək. Bəziləri deyir ki, əsas məsələ olimpiadada iştirakdır. Amma məndə elə deyil. Ölkəmi layiqincə təmsil edib, ən yüksək nəticə ilə qayıtmaq istəyirəm.

– Koronavirus təhlükəsindən qoruna bilirsiniz?

– Bu virus idmançılara çox pis təsir edir. Əvvəlki kimi beynəlxalq təlim-məşq toplanışları yoxdur. Çox təhlükəli xəstəlikdir, amma dünyadakı mövcud vəziyyətlə ayaqlaşmaq lazımdır. Sadəcə, özümüzü, yaxınlarımızı qorumalı və qaydalara əməl etməliyik. Özüm hələ yoluxmamışam. Çalışırıq ki, deyilən bütün qaydalara əməl edək.