“Əlimdə monqol-tatarlara aid pullar da var” – Xaçmazda qeyri-adi kolleksiyaçı – VİDEO

117

Kolleksiyalar tarıxın bütün dövrlərində insanlar tərəfindən maraqla qarşılanıb. Çünki kolleksiyada olan əşyalar qeyri- adiliyi, gözəl görünüşü və qədimliyi ilə həmişə seçilib. Xaçmazın Əbilyatağı kənd sakini Cəmil Ələnurovun kolleksiyası da qeyri-adiliyi, daha dogrusu, qədim pul vahidlərinin olması ilə diqqət çəkir.

53 yaşlı Cəmil Ələnurov 20 ildir ki, müxtəlif dövrlərə aid pullar toplayır. Dediyinə görə, onda buna həvəs təsadüf nəticəsində tapdığı metal sikkədən sonra yaranıb.

Hazırda Cəmilin kolleksiyasında Şirvanşahlar dövlətinə, Monqol və Rusiya imperiyalarına aid 70 mis və gümüş sikkələr var. Onlardan ən qədiminin yaşı 800 ildən artıqdır.

Cəmilin bu pulları və digər qədim sikkələri tapdığı yerə gəldikdə, dediyinə görə dəniz kənarına yaxın qumluq ərazilərdir. Həmin ərazilərdə qədim sikkələrin niyə bu qədər çox olmasına gəldikdə, deyilənlərə görə, vaxtilə bu ərazidən İpək yolu keçib.

Dənizkənarı ərazilərdə əsasən küləkli havadan sonra axtarışlar aparan Cəmil sikkələrdən başqa qurğuşun güllələr və müxtəlif əşyalar da tapıb. Demək olar ki, bu əşyaların da 300 ildən artıq yaşı var.

Cəmilin kolleksiyası isə təkcə bu əşyalar və sikkələrlə məhdudlaşmır. Burda Azərbaycan Xalq Cümhuriyyəti və Sovetlər dönəmi, eləcə də müstəqilliyimizi əldə etdikdən sonra dövriyyəyə buraxılan 90 ədəd dəmir pul, eləcə də 100-ə yaxın kağız əskinaslar da var. Dediyinə görə, həmin pulları kənddə yaşayan yaşlı insanlardan, yaxın qohumlardan və dostlardan əldə edib.

Kolleksiyaçı uzun illərdir Xaçmaz Tarix Diyarşünaslıq Museyi ilə də əməkdaşlıq edir. O indiyədək muzeyə 100-ə yaxin sikkə və kağız əskinaslar hədiyyə edib. \\KONKRET