Əlillərin təhsil hüququna “təhsil haqqı” qadağası

225

Bakı Dövlət Universiteti qazidən 4500 manat “hüquq haqqı” tələb edir

Təhsil Nazirliyi ,  Ombudsman , MM , NK BDU -nun “haqqını” Konstitusiyadan üstün sayır

Təhsil hüququ Konstitusiyanın 42-ci maddəsi ilə doğrulanan əsas insan və vətəndaş hüquq və azadlıqlarındandır. Sözügedən Konstitusiya maddəsinin tələbinə görə, maddi vəziyyətdən asılı olmayaraq istedadlı şəxslərin təhsili davam etdirməsinə dövlət zəmanət verir. Əlilliyi olan şəxslərə gəldikdə isə onların təhsil haqqını ödəməkdən azad edilmələri BMT-nin “Əlillərin hüquqları haqqında”  Konvensiyasının 24-cü maddəsi və “Əlilliyi olan şəxslərin hüquqları haqqında” 31.05.2018 tarixli 1153-VQ saylı Azərbaycan Respublikası Qanununun IV fəsli ilə tənzimlənir. Azərbaycan Respublikası Prezidentinin də Qarabağ əlillərinin , 1-ci -2-ci dərəcəli əlilliyi olan şəxslərin övladlarının da təhsil haqqından azad edilmələri haqqında normativ-hüquqi  aktları var. Di gəl, vətəndaşların təhsil almasını həyata keçirən Təhsil Nazirliyinin, insanların hüquqlarının qorunmasına müvəkkil edilən Ombudsman institutunun , hətta qanunverici hakimiyyətin özünün – Milli Məclisin , deyəsən, Konstitusiyadan,  BMT konvensiyasından, qəbul etdikləri qanundan  ya xəbərləri yoxdur, ya da şəxsi (-qərəzlik ) maraqları gözlərini kor , qulaqlarını kar edib, bircə əlillik dərəcələri çatmır. Təsəvvür edin, NK-nın,  BDU -nun “təhsil haqqı” müqaviləsi Prezidentin fərmanından da, qanundan da, ölkədə ən yüksək hüquqi qüvvəyə malik olan Konstitusiyadan da üstün tutulur! (?)

Başına gələn başmaqçı olar, deyiblər . Bu sətirlərin yazarının on ildir ilk təhsilini aldığı Bakı Dövlət Universitetində ( BDU ) ikinci – əlavə hüquq təhsili almasına  qadağa qoyulub. Əvvəlki rəhbərliyin dönəmində “hüquq fakültəsinə növbəti tədris ilində  qəbul olacağı” ,  Naxçıvan Dövlət Universitetinə sənəd vermək hüququ “qadağası” qoyulmuşdusa,  son illərdə yeni rəhbərlik rəsmi şəkildə “təhsil haqqı” tələb edərək konstitusion təhsil hüququna qadağa qoyub. Təhsil haqqı da nə qədər olsa yaxşıdır? 4500 manat! Mən heç  ayda ortalıq 250 manat pensiya alan əlil ayda 400 manat təhsil haqqını necə ödəyə bilər? Heydər Əliyev fondundan təhsil  haqqının ödənilməsi diləyinə BDU NK-nın əlavə təhsil haqqında qaydasına əsasən , təhsil  haqqından azad edilmənin nəzərdə tutulmadığını ,  Təhsil Nazirliyi isə “tələbə krediti”ndən yararlanmağı bildirməklə cavab verib. İndi ,iki ildir,  NK qərarının Prezident fərmanından, qanundan, Konstitusiyadan,  BMT Konvensiyasından üstün ola bilməzliyini nə ali dövlət hakimiyyəti orqanları , nə Ombudsman, nə hüquq – mühafizə orqanları, nə NK-nın özü, nə  Milli Məclis nəinki Təhsil Nazirliyinə və BDU rəhbərliyinə anladır, əksinə, sözügedən qurumların qanunsuz ödəniş tələb edən cavablarını Konstitusiya qanunu kimi təkrarlamaqdan doymurlar.  Ombudsman Aparatının rəhbəri Aydın Səfixanlı 16.12.2020 tarixli məktubla Təhsil Nazirliyinə istinadla  , görün, NK-nın , BDU -nun təhsil haqqı barədə müqaviləsini Konstitusiyadan necə üstün tutur: “…Nazirlər Kabinetinin 06.09.2010 tarixli 163 saylı qərarı ilə təsdiq edilmiş “Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi Qaydası”nın 5.1.2 bəndinə əsasən, təkrar ali təhsil bu təhsili almaq istəyən şəxslərlə təhsil müəssisəsi arasında bağlanmış müqavilələr əsasında həyata keçirilir. Həmin sənədin  8.2 bəndinə əsasən, TƏKRAR ALİ TƏHSİL YALNIZ ÖDƏNİŞLİ ƏSASLARLA HƏYATA KEÇİRİLİR. “ Ombudsman Aparatının cavabı ölkədə əlillərin  insan hüquqlarının hansı səviyyədə olduğunu, gerçəkdə onların tam hüquqsuz durumunu  açıqlayır . Milli Məclis Aparatının iqtisadi və sosial qanunvericilik şöbəsinin müdiri Məhəmməd Bazıqovun 06.11.2020 tarixli cavabı bir qədər “əhatəli” olsa da, təhsil hüququna qadağaya sözügedən NK qaydası ilə haqq qazandırılıb : “ Qaydaların 8.2 bəndinə əsasən, təkrar ali, orta ixtisas və yüksək texniki  peşə təhsili üzrə təhsil YALNIZ ÖDƏNİŞLİ ƏSASLARLA  (DÖVLƏT BÜDCƏSİNDƏN VƏSAİT AYRILMAMAQLA ) həyata keçirilir və müvafiq maliyyə xərcləri kadrın çalışdığı təşkilat və ya kadrın özü tərəfindən ödənilir. “

Bəs MM- in qəbul etdiyi, Prezidentin imzaladığı  31 may 2018 tarixli “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanunun 20-ci maddəsi nə deyir? 20.7 maddəni diqqətə çatdırıb, qalanlarını oxumağı “hüquq məmurları”nın öhdələrinə buraxırıq : “ Əlilliyi olan şəxslərin dövlət peşə təhsili  müəssisələrində ödənişli əsaslarla təhsil aldıqları müddətdə TƏHSİL HAQQI DÖVLƏT BÜDCƏSİNİN VƏSAİTİ HESABINA ÖDƏNİLİR. “

NK-nın qaydasının qanundan üstün olmadığını Konstitusiyanın 149-cu maddəsi doğrulayır. Kim bilməsə də, millət , insan hüquqları  üzrə müvəkkillər  bunu bilməlidir axı!

Məğrur Bədəlsoy

P.S. Qarşı tərəfin mövqeyini əks etdirən 06.11.2020 və 16.12.2020 tarixli “çiçəyi burnunda məktubları əlavə olunur.

 

22960-20