Əlibəy Hüseynzadənin qızı vəfat etdi

75

Azərbaycanın böyük mütəfəkkiri Əlibəy Hüseynzadənin qızı Feyzavər Alpsar Turan İstanbulda yaşadığı evdə 101 yaşında vəfat edib.

“Report”un yerli bürosu xəbər verir ki, F.Alpsar uzun müddət Alzaymer xəstəliyindən əziyyət çəkirdi.

O, Memar Sinan adına İncəsənət Akademiyasının məzunu olub, çoxsaylı rəsm əsərləri “Şahməran” adlı sərgilərdə nümayiş etdirilib.

Ə.Hüseynzadənin yeganə varisi Azərbaycan Prezidenti İlham Əliyevin 2018-ci il 17 mart tarixli Sərəncamına əsasən “Dostluq” ordeni, Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illiyi münasibətilə “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)” yubiley medalı ilə təltif olunub.

Qeyd edək ki, Feyzavər Alpsar Turan atasının irsinin qorunub saxlanılması üçün 2017-ci ildə Ə.Hüseynzadəyə məxsus 37 təsviri sənət əsərini, 48 fotoşəkli, 53 şəxsi əşyanı, 22 orden, medal və nişanları, eləcə də ipək üzərində çap olunmuş “Həyat” qəzetini Azərbaycan hökumətinə hədiyyə edib.

Bu əsərlərin bir qismi Azərbaycana gətirilib və bərpa edilib. Əsərlər hazırda “İstiqlal” muzeyində qorunub saxlanılır.