Əliağa Vahid haqqında düşüncələr

207

II məqalə

Vahidin qəzəlləri

Hər bir elmdə yazılmamış yerlər, deyilməmiş sözlər, işıqlandırılmamış sahələr və unudulmuş istiqamətlər vardır.     

Ustadı Məhəmməd Füzulidə olduğu kimi Əliağa Vahidin də iki cür qəzəli var: “sadədil zəriflər” və “kamil müdəqqiqlər” üçün. Hər kəs öz payını aparır Vahiddən. Birinci tip qəzəllər sadə və anlaşıqlıdır, asan başa düşülür, onlarda ərəb-fars tərkibləri yoxdu, teyxa azərbaycan türkcəsində yazılıb. Bu qəzəllərin şərhə ehtiyacı olsa da izaha ehtiyacı yoxdur.

(Əvvəli bu linkdə: https://www.hurriyyet.org/xeber/%c9%99liaga-vahid-haqqinda-dusunc%c9%99l%c9%99r/)

Vahid özündən əvvəlki ədəbi- zəmin üzərində yetişmiş bir sənətkardır. Füzuli yaradıcılığının Əliağa Vahidə təsiri daha çox hiss olunur. Bu təsir bəzən açıq bəzən də gizli şəkildə özünü biruzə verir. Açığını deyim ki, bu məsələni araşdırmaq o qədər də asan məsələ deyil. Bu xüsusi tədqiqatın mövzusu ola bilər. Xülasə, mətləbdən uzaqlaşmayaq aşağıdakı iki beytə nəzər yetirək:

Füzulidə:

Həvəsim badeyi-gülgünə o ümmid ilədir,

Ki olam məst, tutam daməni-dilbər küstax.

Vahiddə:

Canana ürək sirrini dəmsiz demək olmur

Hal əhli cəsarətli olunmuş dəm olanda.

Burada Füzuli deyir ki, gül rəngli şəraba (meyə) o ümmid ilə həvəs göstərirəm ki, məst olam, yarın ətəyindən tutmaq küstaxlığını edə biləm.

Füzulinin bu beyti başqa cürə də izah oluna bilər: Ona görə meyə həvəs edirəm ki, məst olam yarımın küstax damənini tuta bilmək cəsarətim ola.

Əliağa Vahidin beytini isə izah etməyə ehtiyac yoxdur. O ki, qaldı “dəm” sözünə o indinin özündə də bərk kefli mənasını verir. Bir az da ədəbi şəklə salsaq “dəm” burada məstliyin çox yüksək səviyyədə olduğuna işarədir. Burada Vahid deyilmiş sözü deyir. Bu yeni fikir deyil, Füzulidən gəlmədir. Amma deyilmiş söz deyilməmiş tərzdə işlənir.

Başqa nümunələrə baxaq:

Füzulidə:

Məndə Məcnundan Füzun aşıqlık istedadı var

Aşıqi-sadiq mənəm, Məcnunun ancaq adı var.

Vahiddə :

Vahid, məni sərdəftəri eşq içrə yazıblar,

Məcnun sözü dillərdə bir əfsanə üçündür.

Füzulidə:

Gər dersə Füzuli ki, gözəllərdə vəfa var,

Aldanma ki, şair sözü əlbəttə yalandır.

Vahiddə:

1. Vahid hər şuxə inandımsa vəfasız çıxdı

Bu gözəllərlə mənim hərşdə divanım ola.

2. Eşq çox dilbəri-bimehrə əsir etdi-bizə

Biri rəhm eyləmədi naləvü-əfqanımıza.

3. Bu qaragözlülərin bircə gözəllikləri-var.

Sevmərəm heç birini əldə gər imkanım ola.

Bu beytlərdə də Füzuli təsiri hiss olunur. Yenə bir-iki beytə diqqət edək.

Füzulidə:

Heyrət, ey büt, surətin gördükdə lal eylər məni

Surəti-halım görən, surət xəyal eylər məni.

Vahiddə:

Yoxsa ey gül yenə gülzaridə hal eyləmisən

Qönçənin bağrını qan, bülbülü lal eyləmisən.

Füzulidə:

Canı canan diləmiş, verməmək olmaz ey dil

Nə niza eyləyəlim, ol nə sənindir nə mənim.

Vahiddə:

Can hanı məndə, məni eşqdir ancaq yaşadan

Onu canan mənə vermişdi, yenə qaytardım.

Vahidin qəzəllərində təkcə məzmun cəhətdən deyil, forma və digər xüsusiyyətdən də Füzuliyə oxşarlıq çoxdur.

Vahid qəzəllərinin xüsusiyyətlərindən biri də sözlərin yerində işlənməsidir. Məsələn zülf sözünün mənalarının əksəriyyəti onun qəzəllərində yerli-yataqlı öz yerində işlədilir. Klassik şerdə saç mənasını verən zülf onun qəzəllərində zəncir, çoxluq, pərişanlıq, əfi-ilan, tor, kəmənd, bayraq və s. mənalarda işlədilir.

Burada fikrimizi bir az da dəqiqləşdirək:

Sən zülfünü aç tök üzünə şanəsi məndən,

Zənciri nişan ver mənə divanəsi məndən.

Bu qara gözlü gözəllər məni divanə kimi,

Zülf zəncirinə bağlar, hərə bir yanə çəkər.

Burada zəncir mənasındadı, əvvəllərdə dəlilərin zəncirə bağlanması olub.

Zülfünə naz ilə hərdəm o pəri şanə çəkər

Könlümü bənd edib ol zülfü-pərişanə çəkər.

Burada zülf pərişanlıq mənasında verilir.

Zülfün qədəri aşıq olan var sənə ey gül

Sən söylə o Məcnunları əfsanəsi məndən.

Burada – çoxluq.

Hərdən götür üzdən gözəlim əfiyi zülfün

Çək zahirə gəncinəni viranəsi məndən.

Bu beytdə isə ilan mənasında işlədilir.

Yadımızdan çıxmamış bir-iki beyti də oxuyaq:

Gülşəni hüsndə zülfirə qoyub xalı siyəh,

Könlümün mürgünü ol damə tərəf danə çəkər.

Burada tor mənasında işlədilir.

Ahəstə yığıb başına öz ləşkəri zülfün

Könlüm evimi etməyə viran yenə gəldi.

Burada qoşun, ordu mənalarında işlədilir.

Əliağa Vahid divanının dil fonduna səyahətimizi davam etdirək. Bir az da baxış keçirək.

“Necə oldu?” rədifli qəzəli xatırlayaq.

Biz bu sözə Şəhriyarın “Heydər babaya salam” əsərində də rast gəlirik; ancaq başqa şəkildə. Fikir verin…

Heç bilmədim gözəllərin nec oldu.

Əliağa Vahid çox vaxt qəzəli bədahətən deyib, oxuyub və onu sonradan yazıb. Şairin qəzəllərinə redaktorların müdaxiləsi barədə giley güzarı və başqa amillər əsas verir ki, biz deyək: bəlkə bu söz əvvəllər elə necoldu şəklində deyilib. Xəyalımıza qüvvət versək burada mübahisəli bir dil məsələsi də yarana bilər. Ancaq biz mübahisə deyil müzakirə üçün bunu qeyd edirik.

Əcəb işə düşdük biz bu qəzələ kitabda baxmaq istədik. Elə bil qeybə çəkilib. Hətta Vahidin 1976-ci il nəşrində də bu qəzəl yoxdur. Yalnız 1964-cü il nəşrində birinci və elə bil axırıncı dəfə nəşr olunub.

Vahidşünaslığın bünövrəsini qoyan Məmməd Nuruoğlunun tərtib etdiyi kitablarda da bu qəzəli tapa bilmədik.

Mərhum alim M.Nuruoğlunun özü qeyd edir ki, Vahidin “şəninə şayan” olmayan qəzəlləri onun külliyatina daxil etməyib. Maraqlıdır nəşrlərin hamısında olan “Mən sevgilim eşqində gərək bülbül olaydım” mətləli qəzələ də M.Nuruoğlunun nəşrlərində rast gəlmirik. Bu iki səbəbdən ola bilər. Ya bu qəzəllər alımin nəzərindən qaçıb ya da onları məqsədəuyğun hesab eləməyib.

Hər iki halda biz buna çox təəssüf edirik.

Yeri gəlmişkən onu da qeyd etmək lazımdır ki, Əliağa Vahidin külliyyatının elmi nəşri yoxdur. Kitablarının heç birində lüğət verilməyib.

“Necə oldu?” rədifli qəzəl haqqında fikrimizi tamamlayaq. Vahid qəzəlində bu ifadə “necə oldu”, “nə təhər oldu”, “necə yola verdiniz”, “hanı”, “haradadı”, “hara getdi” və s. mənaları verir.

Burada Füzulinin “Küstax” rədifli qəzəli yada düşür. Bu qəzəldə də küstax sözü müxtəlif mənalarda – sırtıq, həyasız, abırsız, üzlü, tərbiyəsiz, lovğa və s. mənalarda işlədilir.

Ədəbiyyat alimləri Vahidin qəzəllərində bir sözü belə dəyişməyin mümkünsüzlüyünü nahaq yerə söyləməyiblər. Vahidin qəzəllərində misralardakı sözlər elə seçilib ki, adamı mat qoyur.

Bir beytə nəzər salaq:

Fələyin qəddi bükülmüşsə mən ondan qocayam

Onda ki, yoxdu nə dünya nə fələk mən vardım.

Birinci misrada bükülmüşsə sözünə fikir verin. Burada əyilmişsə sözü də işə yarayardı. Ancaq əyilmə və bükülmə arasında fərqlər var. Qədd-qamət azacıq da əyilə bilər, ikiqat da ola bilər ki, buna əyilmə demək olar. Bükülmə anlayışı isə əyintinin daha çox olduğunu, əyilmənin qat-qat olduğunu bildirir.

Şair demək istəyir ki, fələk o qədər qocalıb ki, qəddi tamam bükülüb, buna baxmayaraq mən ondan da qocayam. Yaranış etibarı ilə fələkdən və dünyadan əvvəl olduğunu bildirir.

Məsələ burasındadır ki, beytdə fələyin qəddindən söhbət gedir. Fələk – göylər deməkdir, asiman deməkdir. Fələklər də qat-qatdı, təbəqə təbəqədi, yəni əyilmiş deyil bükülmüş vəziyyətdədir.

Qəzəl eşqbazlıq deməkdir.

Qəzəl sevgi-məhəbbət deməkdir.

Bu tərifləri biz bu barədə yazan rəhmətliklərin kitablarında oxuyuruq, özümüzdən demirik. Ancaq, məsələ burasındadır ki, formaca qəzəl olub məzmunca qəzəl olmayanları da bu ad sərlövhəsi ilə nəsr etdirirlər. Bu qəzəllər məzmunca tərbiyəvi, əxlaqi-didaktik, nəsihətamiz və divan ədəbiyyatı ənənələrinə uyğun əsərlərdir.

Əliağa Vahidin divanında da belələrinə rast gəlirik.

Vahidin “Yalvarma“ rədifli qəzəlini oxuyaq:

Könül, vəfasız olan nazlı yarə yalvarma…

Bu qəzəl o qədər sadə və gözəldir ki, elə bil şair oturub böyründə və səninlə şirin-şirin söhbət eləyir, nəsihət eləyir. Şair müsibət və bəlalar qarşısında mərdanə dayanmağa çağırır. Digər tərəfdən fəqir-füqəranın ehtiramını saxlamağı tövsiyyə edir, vətən üçün ölməyin şərəfli bir iş olduğunu vurğulayırdı.

Bu qəzəlin birinci beytində bir ifadəyə fikir verək: Nə etibar ona? Mətndə sual işarəsi qoyulmayıb. Dilçilər bu məsələni araşdırmalıdır.

Əliağa Vahidin qəzəllərini oxuyarkən adama elə gəlir ki, güllü çiçəkli bir bağdasan. Bu çiçəklərin ətri səni məst eləyir və istər-istəməz bir əhvalat yadıma düşür. Deyilənlərə görə Əliağa Vahidin bir düz əməlli cib dəftərçəsi də olmazdı. Bu “Şoqərib”i almaq həmişə yadından çıxardı. Qəzəllərini çay kağızına yazardı. Deyərdi ki, qəzəlin kağızı gərək ətirli olsun. Qəribə də olsa fikirləşirəm, bəlkə də o vaxtki çayların ətridi Əliağa Vahidin qəzəllərini belə dadlandıran.

İnsafən demək lazımdır ki, Əliağa Vahidin yaradıcılığı ilə Azərbaycan qəzəli özünün yeni inkişaf mərhələsinə qədəm qoydu. Əliağa Vahid bir örnək qoyub getdi. Qəzəllərin dərindən araşdırılması Azərbaycan dilçiliyi üçün zəngin material verə bilər. Əliağa Vahid öz qəzəllərində Azərbaycan türkcəsinin misilsiz imkanlarını nümayiş etdirə bildi. Qəzəl şeri üçün bu yeni və gözlənilməz idi. Bu bir dönüş idi. XX əsrdə ədəbiyyatımızın digər janrlarında ədəbi dilimizin inkişafı özünü hiss etdirmişdi. Qəzəl şerində isə bu Əliağa Vahidə qismət oldu.

Arif Orucov,

Azərbaycan Texnologiya Universitetinin baş müəllimi